Məhkəmə qərarları › İş №2(106)-500/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-500/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-500/2024 30.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(073)-1596/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Cəlilabad Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(073)-1596/2023 saylı qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddia qismən təmin edilərək Cavabdeh 6761 (altı min yeddi yüz altmış bir) manat 05 (beş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200 (iki yüz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 36728,49 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200,20 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, Cəlilabad rayonu Kazımabad kəndində yaşayır. Cavabdeh da onun doğma əmisi oğlu olmaqla, həmkəndlisidir. Cavabdeh kartof məsulunun əkib, becərib satmaqla, təsərrüfat işləri ilə məşğul olur. 2014-cü ildə Cavabdeh ona müraciət edərək evinin çıxarışı olduğundan onun evini girov qoyub, bankdan pul götürməsini, aylıq ödənişlərini özü edəcəyini bildirmişdir. Əmioğlu olduqları üçün Cavabdeh inanıb, onunla razılaşmışdır. 11 sentyabr 2014-cü il tarixdə o, Cəlilabad rayonu Kazımabad kəndində yerləşən özünə məxsus fərdi yaşayış evini girov qoyaraq "xxxx" ASC-dən 19000 manat məbləğində kredit götürüb Cavabdeh vermişdir. Cavabdeh Bankın ödənişlərini bir müddət ödəmiş və sonradan ödəniş etməmişdir. Bundan sonra o, cavabdehdən Banka olan ödənişləri ödəməsini tələb etmiş, lakin Cavabdeh götürdüyü krediti ödəyəcəyi barədə vədlər versə də, müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmışdır. Hətta bu barədə aralarında dava-dalaş da olmuşdur. Sonradan Cavabdeh götürdüyü kredit borcunu 2023-cü ilin iyun ayına kimi tam ödəyəcəyi barədə notarial qaydada ərizə versə də, yenə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. O, məcburiyyət qarşısında qalıb Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək ləğv prosesində olan "xxxx" ASC-dən borcu barədə arayış verilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının öhdəliyinə görə üçüncü bir şəxsin birgə məsuliyyət daşıması ilə bağlı Mülki Məcəllənin normalarının tələbinə görə, kreditor ilə borclu arasında yazılı formada zaminlik müqaviləsi bağlanmalıdır. Lakin göründüyü kimi, onunla Zaminbank arasında əsas borclu İddiaçı pul öhdəliyinə görə Bank qarşısında zamin durmağı barədə hər hansı müqavilə bağlanmamışdır. Belə olan halda, iddiaçının götürdüyü kreditə görə onu Bank qarşısında borclu kimi təqdim etməsi, həmin borcun ödənilməməsinə görə onun məsuliyyət daşımağını iddia etməsi tamamilə əsassızdır. Azərbaycan Respublikasının qanunvericiliyi başqa bir şəxs üçün öz adından kredit götürmək və kreditə görə həmin şəxsin məsuliyyət daşımasını müəyyən edən forma və qayda müəyyənləşdirməmişdir. Faktiki vəziyyət isə ondan ibarətdir ki, əslində o, İddiaçı heç vaxt borca pul almamış, notarial qaydada verdiyi ərizəni isə Cəlilabad Rayon Məhkəməsinin icraatında olan cinayət işi ilə bağlı məcburiyyət qarşısında qaldığına görə yazmışdır. Belə bir ərizənin olması onun başqa bir şəxsin hansısa bank qarşısında kredit borcuna görə məsuliyyət daşımağına əsas ola bilməz. Cavabdeh məhkəyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, onun apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri ilə bağlı məhkməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Cəlilabad Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(073)- 1596/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli **********174 sayl borc öhdəliyinin olub-olmaması barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə 13690,76 manat əsas, 12783,38 manat faiz, 10254,35 manat cərimə borcu olmaqla, ümumilikdə 36728,49 manat məbləğində borc öhdəliyi mövcuddur. Bundan başqa, işdə olan Cavabdeh notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, əmisi oğlu İddiaçı onun xahişi ilə 2014-cü ildə evini girov qoyub, "xxxx" ASC-dən 19000 manat kredit götürüb ona vermişdir. İddiaçıla razılaşmalarına əsasən o, 19000 manat krediti faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürsə də, bir müddət ödəmiş, lakin tam ödəyib qurtara bilməmişdir. Bildirir ki, İddiaçı banka olan borcunu 2023-cü ilin iyun ayına kimi tam ödəyəcəkdir, əks təqdirdə qanunla məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan hesabdan çıxarışlardan görünür ki, İddiaçı banka olan borcundan müxtəlif tarixlərdə olmaqla, ümumilikdə 12238,98 manat ödənilmişdir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, Cavabdeh 2014-cü ildə İddiaçı 19000 manat borc pul almış, həmin borc məbləğinin 12238,98 manatını "xxxx" ASC-yə ödəmiş, lakin 6761,05 manat məbləğində borcu qalmışdır. Habelə məhkəmə qeyd etmişdir ki, İddiaçı və Cavabdeh arasında cavabdehin iddiaçıdan götürmüş olduğu 19000 manat pul məbləğinin faiz və cərimələrinin ödənilməsi barədə hər hansı razılaşma mövcud deyildir, digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, götürülən borc məbləğinin 12238.98 manatını ödəmişdir və həmin məbləğə görə cavabdehdən əlavə pul tələb edilməsi qanunsuz və əsassızdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, apellyasiya şikayətini yalnız cavabdeh vermişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.2 və 6.3-cü maddələrinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. MM-in 324.1, 324.2 və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan başqa, MM-in 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Kollegiya qeyd edir ki, MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, Cavabdeh 29 noyabr 2022-ci il tarixli ərizəyə əsasən iddiaçı ilə birtərəfli əqd bağlamışdır. Cavabdeh həmin ərizənin onun tərəfindən yazılmasını mübahisələndirmir. O, yalnız həmin ərizənin Cəlilabad Rayon Məhkəməsinin icraatında olan cinayət işi ilə bağlı məcburiyyət qarşısında qaldığına görə yazdığını etirazının əsası kimi göstərmiş, lakin qeyd edilən dəlilini sübuta yetirməmişdir. Hətta ərizənin mötəbərliliyini hazırkı icraat daxilində apellyasiya şikayətinin dəlili qismində mübahisələndirsə də, cavabdeh məhkəmə iclasında gələrək sözügedən ərizə üzrə əvvəlki ödənişlərin edilməsi zərurəti və digər hallar üzrə izahatını verməmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal və əsassız dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(073)-1596/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(073)-1596/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar