Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-504/2024 07.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbinə dair mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, müddətə görə zaminliyə xitam verilməsi X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, cavabdeh Zamin iştirakı ilə, İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin (ASC-nin) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2023-ci il tarixli, 2(049)-4036/2023 saylı qətnaməsindən (hakim Muradağa Qasımov) cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı, ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Dəmir Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ********* №-li 10 fevral 2015-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 36 ay müddətinə illik 24% dərəcəsi ilə 5 100 ABŞ dollar məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh kredit verilərkən Zamin ilə xx.xx.2015-ci il tarixli, ZM-190007572 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borclananla birlikdə cavabdehlik daşıyır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 14 aprel 2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit restrukzisiya edilmişdir. Borclanan kreditor qarşısındaki kredit öhdəliyinin qalığı konverstasiya edilməklə (1 ABŞ dolları=1.40 AZN) 4133.09 manat borca çevrilmişdir. Restruktizasiya edilmiş kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borclanan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditindən iistifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ var. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********589 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Sadalanlara əsasən cavabdehlərdən müştrərək qaydada xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 6550.29 manat təşkil edir. Bundan 2060.65 manat əsas borc, 1568.85 manat faiz, 2612.23manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 308.56 manat faiz borcu və ödədikləri 30 manat dövlət rüsumunu tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2023-ci il tarixli, 2(049)-4036/2023 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2060.65 manat əsas borc, 1568.85 manat faiz, 200 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 308.56 manat faiz borcu, cəmi 4138.06 manatın tutulub alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməsi və onlardan müştərək qaydada alınaraq, LPO »DəmirBank» ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Zamin apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə hansı səbəbdən işi iki ilə yaxın dayandırılmasını qərarında qeyd etməmiş və bu hala qiymət verməmişdir. Bunda nbaşqa, cavabdeh Zamin ilə Bank arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin sonradan sözügedən kredit müqaviləsinin 14 aprel 2017-ci il tarixdə restrukturizasiya olması ilə bağlı cavabdeh heç bir müqaviləyə və ya əlavə sazişə imza etməmişdir. Yəni kreditin restrukturizasiya olması cavabdehlə yazılı razılaşdırılmamışdır. Bundanbaşqa, cavabdehlə iddiaçı Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2018-ci ildə bitmişdir. İddiaçı həmin işlə bağlı artıq qeyd olunan tarixdən bir il müddətində iddia ilə məhkəməyə müraciət etməli idi. Yəni iddiaçı xx.xx.2019-cü il tarixə kimi müvafiq iddia ilə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı, 2021-ci ildə məhkəmə müraciət etmişdir. Bu hal isə mülki qanunvericiliyin tələbini pozulmasıdır. Məhkəmə isə bu hala hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə tərəf kimi cavabdehə heç bir bildiriş və ya SMS göndərməmişdir. Cavabdeh qətnamə qəbul ediləndən sonra həmin işdən xəbər tutmuşdur. Bundan başqa, məhkəmə 2021-ci ildə dayandırdığı işi 2023-cü ilin son aylarında təzələyib, işə tələsik baxaraq əsasız qətnamə qəbul etmişdir. Əsas borc üzrə tələb olunan məbləğ 2060.65 manat olduğu halda, faiz borcu üzrə 1568.85 manat qət edərkən, məhkəmə məbləğlər arasında belə ciddi uyğunsuzluq olduğu halda, buna diqqət etməmiş, iş üzrə müvafiq ekspertiza təyin etməmişdir. Qətnamədən aydın görünür ki,məhkəmə hazırkı iş üzrə çox ciddi maddi və prosessual hüquq normalarını pozmaqla qeyri-müəyyən səbəblərə görə tələsik qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdeh Zamin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh izahatında apellyasiya şikayətini dəqiqləşdirərək, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız özünə aid hissədə mübahisələndirdiyini bildirmişdir. İddiaçının nümayəndəsi və Cavabdeh apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi məhkəməyə ərizə göndərərək, iş çoxluğunun nəzərə alınaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh məhkəmədə iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsi və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdehlərdən yalnız Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirərək, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni özünə aid hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız cavabdeh Zamin münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin cavabdeh Zamin münasibətdə ləğvi üçün əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdə olan "Dəmir Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ********* №-li 10 fevral 2015-cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə şəxsi məqsədləri üçün 36 ay müddətinə illik 24% dərəcəsi ilə 5 100 ABŞ dollar məbləğində kredit verilmişdir. İşdəki iddiaçının Zamin ilə xx.xx.2015-ci il tarixli, ZM-190007572 saylı Zaminlik müqaviləsindən görünür ki, Zamin ilə həmin müqavilə borcun təminatı olaraq Cavabdeh kredit verilərkən bağlanmışdır. İşdəki 14 aprel 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit restrukzisiya edilmiş, borclanan kreditor qarşısındaki kredit öhdəliyinin qalığı konverstasiya edilməklə (1 ABŞ dolları=1.40 AZN) 4133.09 manat borca çevrilmişdir. Restruktizasiya edilmiş kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. İşdəki maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 6550.29 manat təşkil edir. Bundan 2060.65 manat əsas borc, 1568.85 manat faiz, 2612.23manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 308.56 manat faiz borcu yaranmışdır. İş materiallarında olan və cavabdehlərə ünvanlanmış bildirişdən və pretenziyadan görünür ki, banka olan kredit borcunun ödənilməsi zəruriliyi barədə onlar rəsmi qaydada xəbərdar edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsaslarını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh (borc alan) iddiaçı (kreditor) ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, kreditorun həmin şəxsə qarşı öhdəliklərin icrasının təmin olunmasından ibarət tələbi qanuni və əsaslı olmuşdur. Borc alan həmçinin zaminliklə təmin olunmuş kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən, zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla belə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin müəyyən olunan hallarına əsasən tərəflər arasında sonuncu müqavilə olan 14 aprel 2017-ci il tarixli kredit müqaviləsinin müddəti 14 avqust 2018-ci il tarixdə başa çatmış, kreditor borcluya, eyni zamanda zaminə qarşı iddianı 20 avqust 2021-ci il tarixdə məhkəməyə vermişdir. Beləliklə kreditor zaminə qarşı kredit müqaviləsinin bitdiyi tarixdən 1 il ərzində iddia sürməli olduğu halda, 3 il keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etmiş və bununla da qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Odur ki, iddiaçı zaminə qarşı tələb hüququnu itirdiyindən, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə cavabdeh Zamin aid hissədə ləğv olunaraq, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə cavabdeh Zamin aid hissədə ləğv edilməli, Zaminliyinə xitam verilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi 15 (on beş) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutularaq, Zamin ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti 5000 manatdan azdır, buna görə də, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2023-ci il tarixli, 2(049)-4036/2023 saylı qətnaməsi cavabdeh Zamin aid hissədə ləğv olunsun və iddia tələbi ona aid hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi 15 (on beş) manat məbləğində pul vəsaiti ləğv prosessində olan İddiaçı ASC-dən tutularaq, Zamin ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-504/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-504/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver