Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-506/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsinə dair Masallı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(050)-3129/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları BD324293 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz 200 minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində 7E-2756 reyestr nömrəli, 26 fevral 2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh2 “Mercedes Benz 200 minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. Cavabdeh1 müraciəti əsasında Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş 24 sentyabr 2024-cü il tarixli rəydən görünür ki, Mercedes Benz 200 minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərriki ilə bağlı araşdırma aparılmış, avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmiş-nömrəsiz olması barədə qeyd aparılması məqsədəmüvafiq hesab edilmişdir. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı onun əmisi oğlu, Cavabdeh1 isə onun həmkəndlisidir. Ariz maşın almaq istəmişdir. Cəsarətin isə Qasımlı kəndindən olan bir şəxsdən inək aldığını və pulunu vermədiyinə görə 1500 manat borcu olmuşdur. Həmin şəxs Cəsarətdən pulunu qaytarmamasına görə şikayət etmiş və pulunu tələb etmişdir. Cəsarətə pul lazım olduğundan maşını satmaq istəmişdir. Maşın satılarkən o, Cəsarət Ariz və Cəsarətin anası ilə birlikdə olmuşlar. Akif maşını almaq üçün Cəsarətə 4000 manat pulu onun yanında vermişdir. Sonra birlikdə Asan xidmətə gedib Akifə Cavabdeh2 etibarnamə vermişdir. Bundan başqa Cəsarət dəfələrlə belə hərəkətlər etmiş və bir neçə səxsi aldatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4000 manat borc pulun və 60 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Ərkivan qəsəbə sakinləri X1 və oğulluğu Cavabdeh1 baş etibarnamə ilə 2024-cü ilin fevral ayında “Mercedes Benz 200” minik **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobili 4000 (dörd min) manata almışdır. Cavabdeh maşının mühərriki benzin olduğundan dizel adı ilə onları aldadıb. Onu aldatdığına görə öz iradını bildirmiş və maşını sənədləşdirib adına keçirə bilmədiyini bildirmişdir. O, isə bildirmişdir ki, şikayət etməsin, özü məsələni həll edəcəkdir. xx.xx.2024-cü il tarixdə ona verilmiş etibarnaməni ləğv etdirmişlər və Masallı RPŞ-yə, 102 zəng mərkəzinə zəng etdirib maşını Masallı RPŞ-yə gətirməyini bildirmişlər. Ona bildirmişlər ki, həmin etibarnamə ləğv edilib, maşın sahibinə verilməlidir. Cavabdehlər tərəfindən aldadıldığını bilib Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Çünki o, pul verib maşın almışdır. Cavabdehlər isə onu aldadaraq sonradan maşını onun əlindən alıblar. Hazırda cavabdehlərdən pulunu tələb edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edərək göstərmişlər ki, 2024-cü ilin fevral ayında idarə etdiyi “Mercedes Benz 200” minik **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili şifahi razılaşma ilə baş etibarnamə əsasında İddiaçı 5500 (beş min beş yüz) manata satmışdır. İddiaçı həmin pulun 2300 manatını ona nağd ödəmiş, qalan 3200 manatını isə 3 ay müddətində ödəyəcəyinə söz vermişdir. Lakin, İddiaçı müxtəlif bəhanələrlə 3200 manat pulu verməmişdir. Ona şər-böhtan ataraq pulu vermək istəmədiyi üçün, ona verdiyi etibarnaməni ləğv etdirmiş və avtomaşını Masallı rayon Polis Şöbəsinin duracağında saxlatdırmışdır. Avtomaşının qalan 3200 manat pulunu ödədikdən sonra gəlib avtomaşını apara bilər. O, yalan danışır, ona şər atır, pulu verməməkdən ötrü əsassız bəhanələr irəli sürür. İddiaçı Astara rayonu İcra və Probasiya şöbəsinin müdiri vəzifəsində işləyən Rauf Məmmədova və vəkil Nicat Hüseynova arxayınlaşaraq, ona qarşı şər böhtan atır. Onlara qarşı pul tələbi barədə iddia ərizəsinə qəti olaraq etiraz edir və həmin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Masallı Rayon Məhkəməsinin 2(050)-3129/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Coşqun Abdullayev) iddianın təmin edilməsi, İddiaçı “Mercedes Benz 200” minik **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 4000 (dörd min) manat pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməsi, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3, 366.4, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 567, 650, 144.1, 407.2, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə avtomobilin mühərrik nömrəsinin silinməsi-nömrəsiz hesab edilməsi məqsədəmüvafiq hesab edilməsinə dair rəy verilmişdir. İşin halları ilə tam sübuta yetirilmişdir ki, iddiaçı avtomobili aldığı zaman avtomobilin mühərrikinin dəyişdirilməsindən məlumatı olmamış, ona bu barədə lazimi məlumat verilməmişdir. Cavabdeh bu barədə bilsə də, bu barədə iddiaçıya məlumat verməməsi onu göstərir ki, o özü də avtomobilin başqa şəxsin adına keçirilməsinin qeyri-mümkün olduğunu əvvəlcədən bilmiş, razılaşdıqları pulun alınması və avtomobili doğurdan da satmaq niyyəti ilə qarşı tərəfə verdiyi görüntüsünü yaratmaq üçün avtomobilin üzərində sərəncam verilməsi hüququnu nəzərdə tutulan etibarnaməni anasının adından iddiaçıya verilməsinə nail olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddiaçının avtomobili 4000 manata aldığını və avtomobilin dəyərinin qarşı tərəfə tam şəkildə ödənilməsini sübut edir. Bu halda etiraz edən cavabdehlərin pulun ona tam şəkildə ödənilmədiyini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmək vəzifəsi yaranmışdır ki, o qeyd edilən sübutları təqdim edə bilməmişdir. Əksinə işin faktiki halları cavabdehin dediyi məlumatların həqiqətə uyğun olmadığını göstərmişdir. Belə olan halda cavabdehlər heç bir hüquqi əsas olmadan əsassız varlanmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində heç bir sübuta istinad etmədən 4000 manat pulun ondan tutulmasını qət etmişdir. Məhkəmə sübut kimi hansı iddiaçının izahatına və bir də hadisə yerində olmayan şahid ifadəsinə istinad etmişdir. Bunların heç biri mötəbər sübut deyildir. Mülki Məcəllənin müvafiq maddəsində qeyd edilir ki, pul mübahisələrində 3000 manatdan yuxarı məbləğlər mütləq şəkildə yazılı olmalıdır. Məhkəmə işin faktiki hallarını qətiyyən araşdırmamışdır. İddiaçı bildirir ki, guya avtomobili rəsmiləşdirə bilməmişdir. Bu barədə məhkəmə iclasında iddiaçıdan sübutunu təqdim etməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Yəni iddiaçı məhkəməyə bilərəkdən yalan danışır. İddiaçı avtomobili heç vaxt rəsmiləşdirmək üçün harasa aparmamışdır. Ümumiyyətlə iş üzrə sübut edilən tərəf odu ki, iddiaçıdan 2300 manat pul almışdır. Bu işin mübahisəsiz halıdır. Onun iddiaçıdan 4000 manat pul alması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Yerdə qalan 1700 manat pulu məhkəmə heç bir sübuta istinad etmədən kəsmişdir. Ən əsas məsələ 4000 manat pulun haradan gəlməsidir, bu halı da məhkəmə qətnaməsində əsaslandıra bilməmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-3129/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin 2300 manat məbləğində ondan tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(050)-3129/2024 saylı qətnaməsininqanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Mülki Məcəlləsi 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Mülki Prosessual Məcəllənin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tutulmalı olan pul məbləği hissəsində dəyişdirilməlidir. Mülki prosesdə hər iki tərəfin iddialarını və mövqelərini əsaslandırmaq üçün sübutetmə və etiraf etmə mühüm rol oynayır. Bu mexanizmlər məhkəmənin hadisələrin obyektiv həqiqətini aşkar edib ədalətli qərar qəbul etməsində əsas yer tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipi məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək- Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.
2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Apellyasiya şikayətində Cavabdeh1 qeyd etmişdir ki, iş üzrə sübut edilən hal odur ki, o, iddiaçıdan 2300 manat pul almışdır. Onun iddiaçıdan 4000 manat pul alması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Yerdə qalan 1700 manat pulu məhkəmə heç bir sübuta istinad etmədən tutmuşdur. Ən əsas məsələ 4000 manat pulun haradan gəlməsidir, bu halı məhkəmə qətnaməsində əsaslandıra bilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə nəticəyə gəlmişdir ki, iş materiallarında cavabdehin iddiaçıdan 4000 manat pul almasına dair mötəbər və təkzibolunmaz sübutlar mövcud deyil. Birinci instansiya məhkəməsi iddiaçı ilə şahid arasında qohumluq münasibətləri olduğu və ifadənin işdə olan digər sübutlarla təsdiqlənmədiyi halda sübut kimi qəbul etmiş və iddia tələbi tam təmin etmişdir. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə şahid ifadəsi sübutlardan biri kimi qəbul edilsə də, onun etibarlılığına məhkəmə tərəfindən hərtərəfli və obyektiv yanaşılmalıdır. Kollegiya şahid ifadəsinin mötəbərliyini aşağıdakı əsaslara görə şübhə altına almışdır: 1.Əvvəla, Şahid iddiaçı ilə qohumluq əlaqəsi mövcuddur;
2. Şahidin ifadəsi digər sübutlarla birgə təsdiq olunmur. Bu yanaşma sübutların sərbəst qiymətləndirilməsi prinsipinə əsaslanır. Məhkəmə hər bir sübutu digər sübutlarla birlikdə qiymətləndirərək, onun inandırıcılıq dərəcəsini müəyyənləşdirməlidir. Əgər şahidin ifadəsi obyektiv sübutlarla təsdiq olunmursa, onun əsas kimi qəbul edilməməsi qanunauyğundur. Mülki işlər üzrə işdə iştirak edən şəxslər sübut edilməli olan hallar barəsində müxtəlif xarakterli izahatlar verirlər. Əgər şəxs öz izahatında sübut edilməsi vəzifəsi qarşı tərəfin üzərinə düşən faktı təsdiq edirsə, belə izahat etiraf adlanır. Başqa sözlə, şəxs etiraf etmə yolu ilə qarşı tərəfin sübut etməli olduğu faktları təsdiq edir. Qeyd etmək lazımdır ki, şəxsin öz izahatında hər hansı faktı etiraf etməsini, iddia tələbinin etiraf edilməsi ilə eyniləşdirmək olmaz. Etiraf həm yazılı formada həm də şifahi formada ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh1 borcu 2300 manat həddində etiraf etmişdir. Kollegiya cavabdehin 2300 manat alması barədə etirafını səmimi və inandırıcı hesab edirsə, bu hal iddianın etiraf edilən həddə təmin edilməsi üçün əsasdır. Lakin qalan 1700 manat pulun alınması barədə mötəbər sübut təqdim olunmadığından, məhkəmənin həmin məbləği cavabdehlərdən tutaraq iddiaçıya verilməsini qət etməsi hüquqi və faktiki əsaslardan məhrumdur. Məhkəmə yalnız işdə olan sübutlara əsaslanaraq qərar qəbul etməlidir. Kollegiyanın qənaətində qeyd etdiyi kimi, iş materiallarında 4000 manatın alınmasına dair təkzibolunmaz sübut yoxdur. Əgər bir məhkəmə iddia edilən faktı sübutsuz qəbul edirsə, bu, mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi tələblərinin pozulması deməkdir. Beləliklə, Kollegiya aşağıdakı nəticəyə gəlir: - İddiaçı tərəfindən əlavə 1700 manatın ödənildiyinə dair sübut təqdim edilmədiyi üçün bu məbləğin iddiaçıya verilməsi əsassızdır. - Şahid ifadəsi hazırki işdə mötəbər və digər sübutlarla təsdiq edilən sübut kimi qəbul edilmir. Belə ki, sübutlar ayrı-ayrılıqda deyil, digər sübutlarla qiymətləndirilməlidir. Məhkəmə sübutların qarşılıqlı əlaqəsini nəzərə almalıdır. -Cavabdehin 2300 manat alması barədə etirafı səmimi və inandırıcı hesab edildiyindən, yalnız həmin məbləğə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi 4000 (dörd min) manat pulun tutulması hissəsində dəyişdirilməli, iddiadan tutulmalı olan məbləğ 2300 manat həddində müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.3, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-3129/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə (tutulmalı olan pul məbləği hissəsində) dəyişdirilsin. İddiaçı xeyrinə tutulmalı olan pul məbləği 2300 (iki min üç yüz) manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.