Məhkəmə qərarları › İş №2(106)-508/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-508/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-508/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Masallı rayonun Mahmudavar Bələdiyyəsinin nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Masallı rayonun Mahmudavar Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-2545/2024 saylı, 18 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2545/2024 saylı, 18 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ellara Abbasova), iddianın təmin edilməsi, İddiaçı ilə mərhum X6 arasında bağlanmış 25 fevral 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Mahmudavar bələdiyyəsinə məxsus olan 0,70 ha torpaq sahəsindən çıxarılması, ödənilməli dövlət rüsumunun məbləği – 100 manatın Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı ilə mərhum X6 arasında olan 25 fevral 2015-ci il tarixli icarə müqaviləsinin icrasına xitam verilməsi və Cavabdeh torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək İddiaçı ilə mərhum X6 arasında olan 25 fevral 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və Cavabdeh torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçınə məxsus olan 0,70 ha torpaq sahəsi cavabdehin atası İlyas Fərəcova icarəyə verilmişdir. Cavabdeh icarə müqaviləsinin şərtlərinə əməl etməmiş, dəfələrlə icarə müqaviləsi ilə bağlı yeni icarə müqaviləsindən irəli gələn tələbləri yerinə yetirmək üçün onunla söhbətlər aparılmış, lakin heç bir nəticəsi olmamışdır. Sonradan torpağı icarəyə götürən İlyas Fərəcov vəfat etmişdir. Oğlu hazırkı cavabdeh atasına vaxtı ilə verilmiş icarə torpaq sahəsini buraxmır və öz məqsədi üçün istifadə edir. Odur ki, İddiaçı ilə cavabdeh arasında olan icarə müqaviləsinin icrasına xitam verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz verilmiş və etirazda göstərilmişdir ki, iddiaçı icarə haqqı tələbi ilə bağlı onlara göndərdiyini iddia etdiyi məktubların surətlərini iş materiallarına əlavə etmiş, lakin həmin məktubların göndərilməsini təsdiq edən hər hansı sənəd, o cümlədən poçt qəbzi, bildirişi, xəbərnamə və ya digər hər hansı sənədi əlavə etməmişdir. İcarə haqqı atası tərəfindən ödənilmişdir. Bu belə olmasaydı, sağlığında ona qarşı tələb irəli sürülərdi. Buna baxmayaraq atasının ruhuna hörmətsizlik olmasın deyə, tələb olunan icarə borcunu o ödəmişdir. Əgər iddiaçı icarə borcuna görə müqaviləni ləğv edib torpağı geri almaq istəyirsə, icarə borcu ödənildiyindən borc yoxdur. Bu isə tələbin əsasının olmamasını göstərir. Məhkəmə Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən etirazın nəzərə alınmaması qənaətinə gəlir. İddiaçı Masallı rayonunun Mahmudavar Bələdiyyəsinin nümayəndəsi, bələdiyyə sədri X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onunla X6 arasında 15 il müddətinə 25 fevral 2015-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İlyas Fərəcov ona torpaq sahəsindən istifadəyə görə illik 95 manat icarə haqqı ödəməli idi. Lakin onun tərəfindən icarə müqaviləsinin şərtləri kobud şəkildə pozulmuş, 2015-ci ildən etibarən 9 il ərzində icarə haqqı ödənilməmişdir. Həmçinin icarə müqaviləsində nəzərdə tutulmadığı halda torpaq sahəsi digər şəxslərin istifadəsinə verilmişdir. Bu barədə polisə şikayət edilmiş və araşdırılma aparılmışdır. Bundan əlavə icarə müqaviləsi üzrə yaranmış icarə haqqı borcunun ödənilməsi üçün qarşı tərəfə bildiriş ünvanlanmış, həmçinin qeyri rəsmi qaydada tanışları vasitəsilə xəbər göndərmişdir. Bütün bunlara baxmayaraq qarşı tərəf müqavilə üzrə öhdəliklərini icra etməməklə tərəflər arasında müqavilə münasibətlərinin davam etdirilməsi üçün heç bir addım atmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddiası tam əsaslıdır və təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında bildirdi ki, X6 onun atasıdır. O, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Atası tərəfindən icarə haqqı vaxtı-vaxtında ödənilmişdir. Atasının müqavilə üzrə hər hansı borcu olmamışdır. Lakin qarşı tərəfin borc iddiasına əsasən təkrarən 665 manat məbləğində icarə haqqına dair ödəniş etmişdir. Həmçinin iddiaçı tərəf izahatında icarə haqqlarının ödənilməməsinə görə onlara xəbərdarlıq bildirişlərinin göndərilməsini iddia etdə də, belə bildirişlər göndərilməmişdir. Bundan əlavə bildirişlərin göndərilməsinə dair xəbərnamə və ya hər hansı qaimə iş materiallarında mövcud deyildir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırda cavabdeh tərəfindən 665 manat məbləğində icarə haqqı ödənilmişdir. Bu halda hesab edir ki, iddia üzrə əsas aradan qalxmışdır. Müqavilə münasibətlərinin davam etdirilməsi üçün heç bir maneə və ya hüquq pozuntusu yoxdur. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsivəkili Vəkil1 vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının 15 oktyabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş X1 əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlər bələdiyyə iclaslarında həll edilir. Bələdiyyə ilə bağlı hər hansı qanunvericilik aktında bələdiyyə sədrinin bələdiyyə iclasından kənar bələdiyyə torpağının barəsində sərəncam verməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Hazırkı işdə isə icarə müqaviləsinin predmeti olan torpaqla bağlı cavabdehə qarşı iddia tələbi irəli sürülməsinə dair bələdiyyə iclasının qərarı yoxdur. Halbuki torpaq bələdiyyə sədrinin şəxsi torpağı deyil, bələdiyyənin torpağıdır və həmin torpaqla bağlı məhkəmədə iddia qaldırılması üçün də iştirak edən bələdiyyə üzvlərinin yarıdan çoxunun iradəsini əks etdirən iclasın qərarı olmalıdır. Bütün qeyd olunanlar iddia ərizəsinin forma və məzmununa riayət edilməməsini göstərir. Azərbaycan Respublikası MPM-nın 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi qaytarılmalı olduğu halda təəssüf ki, icraata qəbul edilmişdi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsivəkili İslamov X5 Rayon Məhkəməsinin 2(050)-2545/2024 saylı, 18 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı Masallı rayonun Mahmudavar Bələdiyyəsinin nümayəndəsi X4 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-2545/2024 saylı, 18 noyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-2545/2024 saylı, 18 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçı tərəfindən təqdim edilmiş sübutların iddianın təmin olunması üçün kifayət etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsivəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq norması pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. İddiaçı Masallı rayonun Mahmudavar Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi (iddia daha sonra dəqiqləşdirilərək icarə müqaviləsinin ləğvi və torpaq sahəsindən çıxarılma kimi qeyd olunmuşdur) tələbinə dair iddia ərizəsinin mahiyyətindən müəyyən olunur ki, İddiaçınə məxsus olan 0,70 ha torpaq sahəsi cavabdehin atası İlyas Fərəcova icarəyə verilmişdir. Cavabdeh icarə müqaviləsinin şərtlərinə əməl etməmiş, dəfələrlə icarə müqaviləsi ilə bağlı yeni icarə müqaviləsindən irəli gələn tələbləri yerinə yetirmək üçün onunla söhbətlər aparılmış, lakin heç bir nəticəsi olmamışdır. Sonradan torpağı icarəyə götürən İlyas Fərəcov vəfat etmişdir. Oğlu hazırkı cavabdeh atasına vaxtı ilə verilmiş icarə torpaq sahəsini buraxmır və öz məqsədi üçün istifadə edir. Odur ki, İddiaçı ilə cavabdeh arasında olan icarə müqaviləsinin icrasına xitam verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasınınh 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir fiziki və ya hüquqi şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsindən ötrü məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Bu hüququn realizə edilməsindən ötrü məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməklə məhkəməyə müraciət edilməli, əgər iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğundursa (iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmalı, o cümlədən səlahiyyətli şəxs tərəfindən imzanmalı) icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir. Bununla da şəxsin məhkəmə müdafiəsi hüququ başlanmış olur. Hazırkı tələbdən göründüyü kimi iddia ərizəsi İddiaçı sədri Kamal Ağayev tərəfindən imzalanmaqla icarə müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin İ hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsinin İ hissəsinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinin 6-ci bəndinə görə bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin İ və İİ hissələrinə görə Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 4-cü hissəsində göstərilmişdir ki, Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən görünür ki, ümumi istifadədə olan torpaq sahələri bələdiyyə torpaqları hesab olunur. İddiaçı cavabdehin mərhum atası ilə bağlanmış icarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulması əsası ilə həmin müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bələdiyyə kollegial orqan olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sərəncam, ondan sahiblik və istifadə ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Cavabdehin icarə müqaviləsi əsasında istifadəsini mübahisələndirdiyi torpaq sahəsi bələdiyyənin ümumi mülkiyyətində olan torpaq sahəsi olmaqla, icarə müqaviləsinin şərtlərinin pozulması bələdiyyənin mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Həmin hüququn bərpasından ötrü məhkəməyə müraciət edilmişdir. Bələdiyyə icarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulması əsası ilə həmin müqavilənin ləğvi məqsədi ilə məhkəməyə müraciət etməsinin təmin edilməsindən ötrü bu məsələ bələdiyyə üzvlərinin yığıncağında müzakirə edilməli, qəbul edilmiş qərara uyğun olaraq məhkəməyə müraciət etməli idi. Göründüyü kimi bələdiyyə sədrinin bələdiyyənin təmsil etmək səlahiyyəti yoxdur. Belə olan halda İddiaçı sədri Kamal Ağayev məhkəməyə müraciət etmədən öncə, İddiaçı ümüumi yığıncağnın qərarı ilə səlahiyyət almalı daha sonra isə bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində sahiblik, istifadə və sərancam vermək hüququnun başqa şəxslər tərəfindən hazırkı iddia üzrə Cavabdeh tərəfindən pozulmasının qarşısının alınması üçün məhkəmədə iddia qaldıra bilərdi. Lakin İddiaçı sədri Kamal Ağayev bələdiyyə üzvlərinin ümumi yığıncağında torpaq sahəsi üzərində bələdiyyənin sahiblik və istifadə hüququnun bərpasından ötrü məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmədən, yəni ona belə bir səlahiyyət verilmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, hazırki iddiada vətəndaşın bələdiyyəyə müraciətindən sonra İddiaçı sədri tərəfindən qaldırılmış, lakin bu müraciət İddiaçı ümumi yığıncağında müzakirəyə çıxarılmamış və bələdiyyə tərəfindən məhkəməyə müraciət edilməsindən ötrü bələdiyyə sədrinə belə bir səlahiyyət verilməmişdir. Halbuki bələdiyyə torpaqlarının sahiblik, istifadəsi və onun barəsində sərəncam verilməsinə dair məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında qəbul edilmiş qərarlara əsasən həll edilir ki, bu da həmin məsələlər üzrə bələdiyyə üzvlərinin ümumi yığıncağının keçirilməsini və iclasın nəticəsində bələdiyyə sədrinə müvafiq məsələlərin həll edilməsindən ötrü ona səlahiyyət verilməsini zəruri edir. Əks halda bu bələdiyyə sədrinin qanunsuz hərəkətlərin edilməsinə rəvac verilməsinə şərait yaratmaqla yanaşı hüquqda nihilizmin yaranmasına da səbəb olar. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 31 mart 2011-ci il tarixli qərarının 1-ci bəndinsə qeyd edilmişdir ki, məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. Mülki Prosessual Məcəllənin 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini prosessual hüquq normalarının pozulması ilə icraata qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən Masallı Rayon Məhkəməsinin 2(050)- 2545/2024 saylı, 18 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2545/2024 saylı, 18 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Masallı rayonun Mahmudavar Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Masallı rayonun Mahmudavar Bələdiyyəsinə izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar