Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-512/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(057)2170/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 8000 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 1600 manat, vəkilə ödənilən 150 manat və 118 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi X4 izahatında göstərmişdir ki, Cavabdeh iddiaçıdan 11 iyun 2021-ci ildə 8000 manat borc pul almış, həmin məbləğin 16 ay müddətində qaytarmasına söz verməsinə baxmayaraq aldığı pulu qaytarmamışdır. Eyni zamanda cavabdeh iddiaçıdan aldığı pulu iki ildir özündə saxlayır və həmin məqsədlə əldən çıxmış fayda kimi iddiaçıya hər il 800 manat olmaqla, 1600 manat pul ödəməlidir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək aldığı pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh aldığı puldan heç bir məbləği qaytarmamış və həmçinin cavabdehin qeyd etdiyi kimi pulu Səadətdən deyil, İddiaçı almışdır. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında göstərmişdir ki, 2021-ci ilin yayında Səadət adlı qadından əvvəlcə 1500 manat və daha sonra isə 2500 manat pul almış və həmin pulun üzərində ona əlavə olaraq 16 ay müddətində 4000 manat da qaytarmalı olması barədə onunla razılaşmışdır. Səadət həmin pulun Almasa məxsus olduğunu bildirmiş və ikinci dəfə, yəni 2500 manatı alanda sonuncu ona 8000 manat pul alması barədə qəbz yazdırmışdır. Lakin ondan 4000 manat almışdır. Əlavə olaraq ona yazdırılmış 4000 manat isə faizdir. Maddi imkanı olmadığı üçün pulu qaytara bilməmiş, lakin aldığı puldan iki ay ərzində 600 manat qaytarmışdır. Göstərilənlərə əsasən ona qarşı qaldırılmış iddianın 4000 manat hissədə təmin edilməsi, qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı. Salyan Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(057)2170/2022 saylı qətnaməsi ilə (hakim A.Səmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 8000 manat, vəkilə ödənilən hüquqi yardıma görə 50 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 98,95 manat alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Salyan Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(057)2170/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçıdan xx.xx.2021-ci il tarixdə 4000 manat pulu borc almışdır. İddia ərizəsində isə guya iddiaçıya 8000 manat borclu olduğu göstərilmişdir. Əslində isə iddiaçıdan 2500 manat və 1500 manat olmaqla cəmi 4000 manat borc almışdır. Hal-hazırda da iddiaçıya olan 4000 manat borcunu ödəməyə hazırdır. Lakin iddiaçı borc məbləğini şişirdərək həqiqətə uyğun olmayan miqdarda ondan pul tələb edir. Göstərilənlərə əsasən Salyan Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin 2(057)2170/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməlidir. İş materiallarında olan (i.v.10) Cavabdeh tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli qəbzdə Cavabdeh aşağıdakı məzminda qeyd etmişdir: “ Mən Əsgərov X3 Almazdan 8000 min manat pul götürdüm”. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəlliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442- ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İşin bu cür halında, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunmasına dair gəldiyi nəticəni qanuni hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, iş materialları ilə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları arardırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İstinad edilən Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(057)2170/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən məbləğ dörd min manat olmaqla, yəni Mülki Prosessual Məcəlləsinin 402.1ci maddəsində nəzərdə tutulan beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384, 385, 392, və 402.1ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(057)2170/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-512/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-512/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver