Məhkəmə qərarları › İş №2(106)-515/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-515/2025

07.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-515/2025 07.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cinayət əməli nəticəsində avtomobilə və sağlamlığa vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(017)-952/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək , MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cinayət əməli nəticəsində avtomobilə və sağlamlığa vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtoqəza nəticəsində “VAZ 21214” minik markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 3220 manat məbləğində maddi zərərin əvəzinin alınaraq İddiaçı2, sağlamlığa vurduğu zərərin əvəzi olaraq 22051,49 manat məbləğində zərərin əvəzinin alınaraq İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ağcabədi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(017)-952/2024 saylı (Hakim: Etibar Quliyev) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh alınaraq sağlamlığa vurulmuş zərərə görə çəkilmiş xərclərin əvəzini təşkil edən 3663,49 manat məbləğində pulun İddiaçı1, avtomobilə vurulmuş zərərə görə isə 420 manat məbləğində pulun İddiaçı2 verilməsi, Cavabdeh dövlət rüsumuna görə 60,83 manat məbləğində pulun alınaraq Dövlət büdcəsinə ödənilməsi, Cavabdeh 50 manat məbləğində ekspertiza xərcinin alınaraq, Az. MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı1 apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları xx.xx.2025-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinə daxil olmuş, 2(106)515/2025 saylı nömrə verilərək, Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasında apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Ağcabədi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(017)- 952/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 361.1.5-ci maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən apelyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası Ağcabədi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(017)- 952/2024 saylı qətnaməsindən İddiaçı1 vermiş olduğu apelyasiya şikayətinin apelyasiya icraatı üçün prosessual əsasların olub-olmamasını müəyyən edərkən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikasının MPM-ə Əlavə 2-lə apellyasiya şikayətinin forması müəyyənləşdirilmişdir. Apellyasiya şikayəti həmin formaya uyğun tərtib edilməlidir. Formanın 6cı və 7-ci hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki apellyasiya şikayətində həmin qrafalar silinmiş, ümumiyyətlə həmin normaların pozuntusunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqe ifadə edilməmişdir. Bundan başqa MPM-ə əlavə edilmiş 2 saylı Əlavəyə əsasən apelyasiya şikayəti tərtib edilməsi formasının 8-ci hissəsində Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, 9-cu hissəsində Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, 10-cu hissəsində Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, 11-ci hissəsində Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər göstərilməlidir. Hazırki apellyasiya şikayətində isə yenə də həmin qrafalar silinmiş, göstərilən hissələrlə bağlı dəlillər iddiaçı tərəfindən apelyasiya şikayətinə əlavə edilməmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericiliyin tələbinə görə, daxil olan apellyasiya şikayətinin surəti qarşı tərəfə göndərilir ki, qarşı tərəfin həmin şikayətin dəlillərinə öz münasibətini bildirə bilsin və özünün məhkəmədə müdafiə hüququnu təmin edə bilsin. Lakin tərtib olunan apellyasiya şikayəti üzrə dəlillər əsaslandırılmamış, maddi və prosessual hüquq normaları yuxarıda qeyd edildiyi kimi göstərilməmişdir. Qeyd olunan halı birinci instansiya məhkəməsi nəzərə almayaraq apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya qeyd edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və hüquqi qiymət verilməsi üçün mülki iş, iş materialı ilə birlikdə Ağcabədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. 363.4-ci maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. 365-ci maddəsinə əsasən apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş materialı Ağcabədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ağcabədi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(017)-952/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar