Məhkəmə qərarları › İş №2(106)-516/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-516/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-516/2023 20.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X9, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh X5 qarşı borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(022)-1121/2022 saylı qətnaməsindən cavabdeh X4 nümayəndəsi X15 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra mətndə İddiaçı QSC BOKT) cavabdeh X5 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 15605.74 ABŞ dolları əsas borc, 3050.91 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 18656.67 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 185.15 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-SE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” minik markalı avtomibilə (buraxılış ili 2013, Ban- KMHST81CDDU172439 rəngi-ağ) yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC BOKT-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2105-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçirilmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2105-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X12 edilməsi agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilən dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X12 edilməsi agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-nin problemli aktivlərin satın alınması ilə borclu şəxs Cavabdeh dair sənədlər S-A VK-1869 saylı 10 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASCnin Sənaye filialı ilə Cavabdeh arasında 23 iyul 2013-cü il tarixdə 01145 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə 60 ay müddətinə 25356 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” minik markalı avtomibili (Buraxılış ili 2013, ban-KMHST81CDDU172439, rəngi ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 23 iyul 2013-cü il tarixli AA seriyalı 094222 nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank nəqliyyat vasitəsinin alınması üçün borcalana 25356 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh bank qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş və cavabdehin hazırda banka olan borcu 15605.74 ABŞ dolları əsas borc, 3050.91 ABŞ dolları faiz borcu, ümumilikdə isə 18656.67 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş, lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin vəkili Vəkil Akif oğlu iddianın əsassız olduğunu bildirib, rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X15 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmiş, mövqeyini iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Biləsuvar Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(022)-1221/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh İddiaçı QSC BOKT-nın xeyrinə əsas borc qismində 15605.74 ABŞ dolları, faiz borcu qismində 3050.91 ABŞ dolları, ümumilikdə 18656.67 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında məzənnə üzrə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 185.15 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan **-SE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” minik markalı avtomibilə (buraxılış ili 2013, ban - KMHST81CDDU172439, rəngi ağ) yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC BOKT-nın hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "X12 Edilməsi Agentliyi" MMC-nin direktoru Süleyman Bəkirov heç bir hüququ olmadan, etibarnamə təqdim etmədən və ümumiyyətlə "xxxx" QSC BOKT ilə heç bir təmsilçilik və iddia ərizəsini imzalamaq kimi bir səlahiyyəti olmadan Biləsuvar rayonu, Nərimanabad kəndində qeydiyyatda olan Cavabdeh 15605.74 ABŞ dolları əsas borc, 3050.91 ABŞ dolları faiz borcu ümumilikdə 18656.67 ABŞ doilan məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **- SE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe” markalı minik avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin "xxxx" ASC-nin hesabına ödənilməsini, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması üçün iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsi isə "X12 Edilməsi Agentliyi" MMC-nin direktoru Süleyman Bəkirovun heç bir hüququ olmadan, etibarnamə təqdim etmədən və ümumiyyətcə "xxxx" QSC BOKT ilə heç bir təmsilçilik və iddia ərizəsini imzalamaq kimi bir səlahiyyət almadan imzaladığı və Biləsuvar Rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsini icraata qəbul edərək, məhkəmə prosesində Cavabdeh iştirakını təmin etmədən iddia ərizəsinə əvvəlcə hazırlıq, daha sonra isə baxış iclasları keçirərək hüququ olmayan şəxs tərəfindən imzalanaraq məhkəməyə verilmiş iddia ərizəsini tam təmin etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-855/2021 saylı 30 sentyabr 2021-d il tarixli qətnaməsindən narazı olduqları üçün cavabdeh olaraq qətnamənin ləğv edilməsi məqsədi ilə tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məlum olmuşdur ki, iddia ərizəsini imzalyan "X12 Edilməsi Agentliyi" MMC-nin direktoru Süleyman Bəkirov "xxxx" QSC BOKT işçisi olmasını təsdiq edən hər hansı sənədi iddia ərizəsinə əlavə etmədiyi üçün və əlavə olaraq buna müvafiq səlahiyyətlər verilmiş etibarnaməsi olmadan Cavabdeh məhkəməyə vermiş və Biləsuvar Rayon Məhkəməsi tərəfindən qanunvericilik aktlarının tələbləri ayaqlar altına atılmaqla, taplanıb qeyd olunan iddia əsasında qanunsuz məhkəmə qətnaməsi qəbul edilmişdir. Yəni iddia ərizəsi hüququ olmayan şəxs tərəfindən verilərək imza edilmiş və bu səbəbdən apellyasiya şikayətləri təmin olunaraq, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-855/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şirvan Apellyaisya Məhkəməsinin 2(106)-1666/2022 saylı 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə məhz "X12 Edilməsi Agentliyi" MMC-nin direktoru Süleyman Bəkirov tərəfindən heç bir hüququ olmadan "xxxx" QSC BOKT-nın adından Cavabdeh qarşı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra 08 sentyabr 2022-ci il tarixdə "xxxx" QSC BOKT tərəfindən bir daha eyni məzmunlu iddia ərizəsi ile məhkəməyə müraciət edilmişdir və Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1121/2022 saylı 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilərək, Cavabdeh iddiaçı "AqrarKredit” QSC BOKT-nın xeyrinə əsas borc qismində 15605.74 ABŞ dolları, faiz borcu qismində 3050.91 ABŞ dolları, ümumilikdə 18656.67 ABŞ dolları məbləğində kredit borcunun (ödəniş anında məzənnə üzrə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 185.15 manat pul vəsaitinin ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-SE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” markalı minik avtomibilinə (Buraxılış ili 2013, ban - KMHST81CDDU172439, rəngi ağ) yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC BOKT-nin hesabına ödənilməsi qət edilmişdir. Hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 1121/2022 saylı 30 noyabr 2022-ci il tarixli qətnaməsi həm maddi həmdə prosesual normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli və iddia ərizəsinin təmin olunmaması barədə müvafiq məhkəmə aktı qəbul edilməlidir. İlk növbədə onu qeyd etmək lazımdır ki, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə nəzər yetirdikdə məlum olur ki, iddia ərizəsi "xxxx" QSC BOKT-nın X14 birinci müavini Yusub Vəliyev tərəfindən imzalanıb. Lakin iddia ərizəsinə "xxxx" QSC BOKT-nın X14 birinci müavini Yusub Vəliyevin “Aqrarkredit" QSC BOKT-nın adından iddia ərizəsini imzalamaq səlahiyyətinin olubolmamasını təsdiq edən hər hansı bir sənəd əlavə edilməyib. İddia ərizəsinə əlavə edilmiş 29 mart 2021-ci il tarixli etibarnamədə onun iddia ərizələrini imzalamaq hüququnun olması qeyd edilsədə, iddia ərizəsinə onun həqiqətən "xxxx" QSC BOKT-nın X14 birinci müavini olmasını və ya onun həqiqətəndə hüquqi şəxsin işçisi olmasını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Bu o deməkdir ki, iddia ərizəsi kredit müqaviləsi üzrə tərəf olmayan şəxs tərəfindən verilərək imzalanıb. Yəni bu hal heç bir halda iddia ərizəsinin qanunla müəyyənləşdirilmiş qaydada verilməsi kimi qəbul edilə bilməzdi. Biləsuvar Rayon Məhkəməsinin bu halları nəzərə almadan iddia ərizəsini icraata qəbul edib qətnamə çıxarması Azərbaycan Respublikası Mülki Prosesual qanunvericiliyinin kobud pozuntusu kimi qəbul edilib ləğv edilməlidir. Yuxarıda qeyd etdiyi prosesual pozuntulardan başqa hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1121/2022 saylı 30 noyabr 2022-ci il tarixli qətnaməsi həmçinin iddia müddətinin keçməsi ilə əlaqədar olaraq ləğv edilməli və iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-855/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv edilib, iddia ərizəsi baxılmamış saxlandıqdan sonra "xxxx" QSC BOKT Cavabdeh qarşı yeni iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflərindən Biləsuvar Rayon Məhkəməsində iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddia ərizəsinin rəd edilməsi barədə vəsatətlə hakimə müraciət edilsədə, vəsatət heç bir qanuni əsaslandırma olmadan rədd edilmişdir. Belə ki, yuxarıdada qeyd edildiyi kimi Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 855/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğvi üçün əsas səbəb məhz iddia ərizəsinin hüququ olmayan şəxs tərəfindən verilərək imzalanması olmuşdur. Şirvan Apellyaisya Məhkəməsinin 2(106)-1666/2022 saylı 06 sentyabr 2022-ci il tarixli qərardadından aydın olur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-855/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin çıxarılması üçün verilmiş iddia ərizəsi buna heç bir hüququ olmayan şəxs tərəfindən imzalanmış və məhkəməyə verilmişdir. Bu hal isə heç bir halda iddia müddətinin kəsilməsi kimi qəbul edilməli deyil. İş üzrə tərəf olmayan şəxsin və ya səlahiyyəti olmayan şəxsin cavabdehə qarşı iddia qaldırması və həmin iddiaya məhkəmədə baxılması dövrü iddia müddətinin baxımının nə kəsilməsi, nədəki dayandırılması kimi qiymətləndirilməməlidir. Bundan başqa bu hal iddia müddətinin axımının kəsilməsi və dayandırılması hallarının nizamlayan və hazırda qüvvədə olan qanunvericiliyin tələblərinədə uyğun plaraqda qiymətləndirilədə bilməz. Əlavə olaraq, "xxxx" QSC BOKT hüquqi şəxs olmaqla onun hüquq departamenti fəaliyyət göstərir və belə bir səhv etməklə iddia ərizəsinin məhkəməyə verilməsi və iddia ərizəsinin məhkəmə tərəfindən icraata qəbul edilərək iddia ərizəsinə məhkəmədə baxılması dövrü heç bir halda iddia müddətinin kəsilməsi kimi qiymətləndirilməməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirib təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi X16 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən aşağıdakılar müəyyən olunur: Kreditor "xxxx" ASC-nin Sənaye filialı ilə borc alan Cavabdeh arasında 23 iyul 2013cü il tarixində bağlanmış 01145 nömrəli krdedit müqaviləsindən görünür ki, kreditor tərəfindən borc alana nəqliyyat vasitəsinin alınması məqsədilə illik faiz dərəcəsi 18% müəyyən olunmaqla və 60 ay müddətinə qaytarılması şərtilə 25356 ABŞ dolları məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə kreditdən məqsədli təyinatına uyğun istifadə edilərək, müqavilədə nəzərdə tutulmuş müddətdə və şərtlər daxilində qaytarılması, müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir; Kredit müqaviləsinə əlavə olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən borc alan almış olduğu krediti 23 avqust 2013-cü il tarixindən başlayaraq hər ay 643.88 ABŞ dolları məbləğində ödənişlər etməklə 23 iyul 2018-ci il tarixinədək qaytarmalı idi; 2 avqust 2013-cü il tarixli kassa məxaric orderinə əsasən kreditor kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, borc alana 25356 ABŞ dolları məbləğində kredit vermişdir; İpoteka saxlayan "xxxx" ASC-nin Sənaye filialı ilə ipoteka qoyan Cavabdeh arasında 23 iyul 2013-cü il tarixində bağlanmış 1145 nömrəli ipoteka müqaviləsindən görünür ki, eyni tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə “HYUNDAİ SANTAFE” minik markalı avtomibili (Buraxılış ili 2013, ban - KMHST81CDDU172439, rəngi ağ) ipoteka ilə yüklü edilmişdir; İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 23 iyul 2013-cü il tarixli AA № 094222 nömrəli çıxarışa əsasən “HYUNDAİ SANTAFE” minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" ASC-nin Sənaye filialı qarşısında ipoteka yüklülüyü Dövlət qeydiyyatına alınmışdır; 19 dekabr 2017-ci il tarixli hesabdan çıxarışa əsasən borc alan tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş 30 noyabr 2015-ci ildə edilmişdir; 1 yanvar 2017-ci il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə Cavabdeh yerinə yetirilməmiş kredit öhdəliyi 15605.74 ABŞ dolları əsas borc, 3050.91 ABŞ dolları faiz borcu təşkil edir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2105-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçirilmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2105-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X12 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. İş materiallarına əlavə edilmiş “X12 Edilməsi Agentliyi” MMC tərəfindən borc alan Cavabdeh 04 iyun 2021-ci ildə ünvanlanmış bildirişlə yuxarıda qeyd olunan hallar diqqətinə çatdırılmaqla, 23 iyul 2013-cü il tarixli 01145 nömrəli krdedit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmədə iddia qaldırılacağı diqqətinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş “X12 Edilməsi Agentliyi” MMC tərəfindən DİN BDYPİnə 10 iyun 2021-ci ildə göndərilmiş və həmin tarixdə ünvan üzrə qeydiyyatdan keçmiş ərizədən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydiyyata alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-nin problemli aktivlərin satın alınması ilə borclu şəxs Cavabdeh dair sənədlər S-A VK-1869 saylı 10 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə əmtəəşynaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli 9/5193 saylı ekspert rəyinə əsasən “HYUNDAİ SANTAFE” minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə qiyməti təxminə 33000 manat, likvid dəyəri isə 31000 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir; 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir; 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması hissədə araşdıran kollegiya qeyd edir ki, həmin dəlillər əsassız olmaqla, iş materialları ilə təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydliyyatı idarəsi tərəfindən verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən İddiaçıQSC BOKT-nın qanuni təmsilçisi X6r. Məhkəməyə təqdim olunmuş iddia ərizəsi İddiaçıQSC BOKT-nın idarə heyətinin sədri X7 tərəfindən 29 mart 2021-ci ildə verilmiş və 3 il müddətində qüvvəsini saxlayacaq etibarnamə əsasında təşkilatın idarə heyəti sədrinin birinci müavini X11 tərəfindən imzalanmışdır. Etibarnamədə təşkilatın adından verilən iddia ərizələrinin imzalanması səlahiyyəti də sonuncuya verilmişdir. İddiaçıQSC BOKT-nın idarə heyətinin sədri Məmməd Musayevin 15 mart 2021-ci il tarixli 15/Ş saylı əmrinə əsasən X11 15 mart 2021-ci il tarixindən yenidən 4 il müddətinə təşkilatın idarə heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli südüyü əsas borc və əsas borca müqavilə müddəti ərzində hesablanan faiz borcu hissədə tələbi qanuni və əsaslı olmuşdur. Burada həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına münasibətdə o da, nəzərə alınmalıdır ki, kreditor tərəfindən borc alana yaranmış kredit borcunun ödənilməsinə dair bildiriş müqavilə müddəti (23 iyul 2018) bitəndən sonra, yəni 04 iyun 2021-ci il tarixində göndərilmişdir, iddia ərizəsi ilə 01 yanvar 2017-ci il tarixinə mövcud kredit öhdəliyinin icrası tələbi irəli sürülmüşdür. Kredit müqaviləsi üzrə iddia müddətinin tətbiq olunmalı olduğu halda, əsassız olaraq tətbiq olunmamasından ibarət apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya həmin dəlili də, əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır; 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir; 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında 23 iyul 2013cü il tarixində bağlanmış 01145 nömrəli krdedit müqaviləsi üzrə öhdəliklərin icrası üçün müəyyənləşdirilmiş müddət 23 iyul 2018-ci il tarixində bitir. Belə olan halda kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı 23 iyul 2021-ci il tarixindən sonra veriləcək tələb üzrə üç illik iddia müddətinin tətbiqi üçün əsas yaranmış olacaqdı. Lakin İddiaçı QSC BOKT Cavabdeh qarşı ilk dəfə Biləsuvar Rayon Məhkəməsinə 12 iyul 2021-ci il tarixində, iddia müddətinin bitməsinə 11 gün qalmış müraciət etmiş və məhkəmənin 2(022)-855/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sonradan iddiaçı 09 sentyabr 2022-ci il tarixində poçta təqdim etməklə (iddianın baxılmamış saxlanılmasına dair qərardadın qəbul edildiyi tarixdən 3 gün sonra) hazırki iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. İddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyindən, hazırki iş üzrə iddiaçı tərəfindən iddianın baxılmamış saxlanmasına dair qərardadın qanuni qüvvəyə minməsi gözlənilmədən 3 gün müddətində yenidən iddianın verilməsini və bununla iddia müddətinin ötürülməməsini nəzərə alan birinci instansiya məhkəməsi mübahisə üzrə iddia müddətini tətbiq etməməkdə haqlı olmuş, maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Nəqədərki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldilmişdir və qətnamənin əsaslılığı tam olaraq yoxlanılır, kollegiya tutmanın Cavabdeh mülkiyyətində olan **-SE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” minik markalı avtomibilə (buraxılış ili 2013, Ban-KMHST81CDDU172439 rəngi-ağ) yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC BOKT-nın hesabına ödənilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə təftiş edərək, hesab edir ki, həmin hissədə də qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur, 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir, 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir, 317.1-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər, 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər; 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə təmin edilir; 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər; 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur; 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir; 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır; 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur; 11.3-cü maddəsinə əsasən ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Kollegiya iş materiallarını sadalanan qanunvericilik aktı normaları baxımından tədqiq edərək belə nəticəyə gəlir ki, tutmanın ipoteka predmetinə yönəldilməsini istisna edən hər hansı bir hal iş materialları ilə müəyyən olunmur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində bütün mühüm zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmiş və ipoteka müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Sonrakı mərhələdə isə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmış, cavabdehlərə də bununla bağlı müvafiq bildirişlər verilmişdir. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tutmanı ipoteka predmetinə yönəltməklə yanaşı, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməli idi. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun : 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 1.0.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Odur ki, mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ipoteka predmeti olan minik avtomobilinin likvid qiymətinin müəyyən edilməsinə dair ekspert rəyi mötəbər sübut kimi qəbul olunaraq, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 31000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh X4 nümayəndəsi X9 apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(022)-1121/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə ilə tutmanın yönəldildiyi ipoteka predmeti olan **-SE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTAFE” minik markalı avtomibilin (buraxılış ili 2013, ban - KMHST81CDDU172439, rəngi ağ) açıq hərracdan satış qiyməti (likvid) 31000 (otuz bir min) manat müəyyən edilsin. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci cavabdeh X1 tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar