Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-518/2024 26.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair Füzuli Rayon Məhkəməsinin 2(064)2052/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" ASC kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 avqust 2019-cu il tarixli, BPM**********13 №-li kredit müqaviləsi üzrə ödənilməmiş nəğd kredit üzrə 3.012,55 manat əsas borc, 0,03 manat faiz borcu olmaqla, cəmi 3.012,58 manat məbləğində kredit borcunun, ödənilmiş 50,13 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə X4 arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, BPM**********13 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3.700 manat məbləğində nəğd kredit verilmişdir. X114 dekabr 2020- ci il tarixdə vəfat etmişdir. Füzuli rayon Notariat ofisi tərəfindən verilmiş 30 iyun 2023- cü il tarixli, 279 nömrəli məktub və 15 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh1 və Cavabdeh2 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “İmişli” filialı tərəfindən təqdim edilmiş 28 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş nəğd kredit üzrə 3.012,55 manat əsas, 0,03 manat faiz olmaqla, cəmi 3.012,58 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də,cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 2(064)2052/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qətnaməsi (Hakim: Yaşar Həşimov) ilə, iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh1 973,39 manat və Cavabdeh2 486,69 manatın tutulması, iş üzrə ödənilmiş 50,17 manat dövlət rüsumunun (24.35 x 2/3 = 16,23) 16,23 manatı Cavabdeh1, (24.35 x 1/3 = 8,12) 8,12 manatı Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, qalan 25,82 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 442, 739 və 1306-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 Füzuli Rayon Məhkəməsinin 2(064)2052/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-3cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, kollegiya iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri həddində Füzuli Rayon Məhkəməsinin 2(064)2052/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1306.1-ci maddəsinə əsasən, Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Füzuli Rayon Məhkəməsinin 2(064)2052/2023 saylı, 28 noyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, BPM**********13 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Q.Namazova 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3.700 manat məbləğində kredit verilməsi işin mübahisəsiz halıdır. İş materiallarından da görünür ki, borclu Q.Namazov 14 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müqavilə üzrə borclu Q.Namazovun vəfat etdiyi tarixə banka 3.012,55 manat əsas, 0,03 manat faiz olmaqla, cəmi 3.012,58 manat borcu qalmışdır. Füzuli rayon notariat ofisi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mərhum Q.Namazovun qanun üzrə vərəsəsi olan Cavabdeh1 2/3 hissədə və Cavabdeh2 1/3 hissədə mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Miras əmlak isə 1.460,09 manatdan ibarətdir. Kollegiya qeyd edir ki, borclunun ölümü halında, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Belə ki, Mülki Məcəllənin 1306.1ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə olan halda, cavabdeh vərəsələrin məsuliyyətləri qəbul etdikləri mirasın həcmi ilə məhdudlaşmalı və Cavabdeh1 (1.460,09 manatın 2/3 hissəsi 973,39) 973,39 manat, Cavabdeh2 (1.460,09 manatın 1/3 hissəsi 486,69) 486,69 manat hissədə məsuliyyət daşımalıdır. İddiaçı apelyasiya şikayətinin dəlillərində mirasın vərəsələr tərəfindən hansı həcmdə qəbul edilmədyini və buna görə də həmin məsələnin icra mərhələsində mümkün ola biləcəyəni göstərsə də öz dəlilinin hüquqi əsası kimi sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında işə baxır və yekun məhkəmə aktı qəbul edir. İddia tərəfinin təqdim etdiyi 15 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən isə görünür ki, mərhum Q.Namazovun qanun üzrə vərəsəsi olan Cavabdeh1 2/3 hissədə və Cavabdeh2 1/3 hissədə mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Miras əmlak isə 1.460,09 manatdan ibarətdir. Ona görə də birinci instansiya məhkəməsi tərəfin təqdim etdiyi sübut əsasında, yəni 1.460,09 manat həcmində mirasın qəbul edilmiş hissəsində vərəsələrin məsuliyyət məsələsini həll etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları müəyyənləşdirmiş, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin 2(064)2052/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)2052/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-518/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-518/2024
26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver