Məhkəmə qərarları › İş №2(106)-519/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-519/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-519/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, e-2(053)-968/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları 14 iyun 2024-cü il tarixli “cinayət işinin rədd edilməsi barədə” qərardan görünür ki, yetkinlik yaşına çatmayan X2 əməlində cinayət tərkibi olmadığından toplanmış HK-1/39 nömrəli təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə yetkinlik yaşına çatmayan X3 barəsində inzibati tədbir görülməsi məsələsinə baxılmasından ötrü qərarın surəti Biləcəri st. XPŞyə təqdim edilməsi qərara alınmışdır. Həmçinin qərarla müəyyən olunmuşdur ki, 20 may 2024-cü il tarixdə, saat 17:08 radələrində 6013 saylı Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən EŞ2-018 saylı surətli sərnişin qatarı Bakı şəhəri, Nərimanov rayonu Keşlə dəmir yolu stansiyasının ərazisində hərəkətdə olarkən qatarın “Q-9” vaqonunun “T-3” qapısının şüşəsinə kənardan yetkinlik yaşına çatmayan xx.xx.2009cu il təvəlludlü X3 tərəfindən kiçik ölçülü daş atılmış və nəticədə qatara 3001,58 AZN (üç min bir manat əlli səkkiz qəpik) məbləğində maddi ziyan dəymişdir. 24 may 2024-cü il tarixli EŞ2-018 qatarına dəymiş ziyanın aradan qaldırılması haqqında arayışdan görünür ki, EŞ2-018 nömrəli qatara 3001,58 manat ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, ADY-yə vurulmuş 3001,58 manat məbləğində zərər və 51 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3052,58 manat məbləğində pulun yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndəsi Cavabdeh tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı-Xırdalan-Sumqayıt istiqamətinin Keşlə stansiyasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus EŞ2-018 nömrəli, 6013 saylı qatar hərəkətdə olan zaman sürətli elektrik qatarının Q-9 vaqonunun T-3 qapısına kənardan daş atılması nəticəsində qatarın sol qapısında olan şüşə hissəsi əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində ADY-yə 3001,58 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X7 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsində araşdırma aparılmışdır. Biləcəri Xətt polis şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində, saat 17:08 radələrində 6013 saylı qatar Bakı-Xırdalan-Sumqayıt istiqamətində Keşlə stansiyasında ADY-yə məxsus EŞ2-018 markalı Bakı- Xırdalan-Sumqayıt xətti ilə hərəkət edən sürətli sərnişin elektrik qatarının sol qapısının şüşəsinə kənardan daş atılması nəticəsində qapının şüşə hissəsinə zərər verən şəxsin yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X3 olması müəyyən olunmuşdur. Bununla əlaqədar onun qanuni nümayəndəsi, valideyni Cavabdeh kif oğlu bölməyə dəvət olunmuş, onun iştirakı ilə X2 izahatı alınmışdır. X3 verdiyi izahatında qatarın sol qapısının şüşəsinə daş atdığını etiraf etmişdir. Həmçinin, qərardan görünür ki, hadisə nəticəsində ADY-yə 3001,58 manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Sözügedən qatar Bakı dairəvi yolu ilə hərəkətdə olaraq, o cümlədən sərnişin daşıma sahəsində müntəzəm hərəkət edərək paytaxt ərazisində həm sərnişinlərin mənzil başına vaxt itkisi olmadan çatmasına, həmçinin paytaxt ərazisində sıxlığın aradan qaldırılmasına böyük tövhə verir. Lakin baş vermiş hadisə nəticəsində qatarın hərəkət qrafikində ləngimə yaranmış və bu hal haqlı olaraq yüzlərlə sərnişin tərəfindən narazılıqla qarşılanmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X4 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, lakin cavabdehlə mobil telefon vasitəsilə əlaqə yaradılaraq məhkəmə baxışının vaxtı və yeri bərədə məlumat verilməsinə baxmaraq o, Bakı şəhərində olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Neftçala Rayon Məhkəməsinin (hakim Samir Quliyev) e-2(053)-968/2024 saylı, 01 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 21.3, 1096.1, 1097.1, 1104.2, Mülki Prosessual Məcəllənin 72.1, 84.2, 107, 119.1, 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, hazırkı iş üzrə məhkəmə dəymiş zərərlə əlaqədar yaranmış məsuliyyəti yalnız ona münasibətdə indeksləmiş, şəxsin digər valideyni öhdəlikdən kənar qalmışdır. Bundan əlavə, Neftçala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(053)-82/2023 saylı qətnaməsi ilə X2 yaşayış yerianasının yaşayış yeri üzrə müəyyən edildiyi və həmin qətnamə ilə müəyyən olunmuş rejim dəyişdirilmədiyi üçün hesab edir ki, mövcud situasiya ilə bağlı Hüseynin istinad olunan hərəkətlərində təqsirinin istisna olunması işin mübahisələndirilməyən halıdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, uşaq Hüseyn İsmayılzadə həmin gün onun yanında idi. Hadisə baş verən vaxt işdə olduğundan məlumatı olmamışdır. Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(053)-968/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(053)-968/2024 saylı qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək, dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən «başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delik!) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1104.2-ci maddəsinə əsasən «on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. 1104.4. Valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 84.2-ci maddəsinə əsasən «məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hüquq və vəzifələr hüquq münasibətlərinin subyektlərini qarşılıqlı surətdə bir-biri ilə bağlayır və əlaqələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülki hüquq pozuntusu -yəni delikt hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə -zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan əməldir, yəni hərəkət və ya hərəkətsizlikdir. Delikt- cəmiyyəti maraqlarına zidd olmaqla, cəmiyyətə ziyan vuran və qanunla cəzalandırılan təqsirli əməl qeyri-hüquqi hərəkət və ya hərəkətsizlik, yaxud səhv nəticəsində baş verir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarı). Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Hazırki iş üzrə xx.xx.2009-cu il təvəllüdlü Hüseyn İsmayılzadənin vurduğu maddi ziyan iddiaçı "xxxx" QSC-yə maddi ziyan vurması faktı 14 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən edilmişdir. Bu isə onu göstərir ki, uşağın hərəkətləri cinayət məsuliyyəti yaratmasa da, həmin hərəkətlər mülki hüquqi məsuliyyətin tətbiq edilməsinə əsas verir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin valideynin real nəzarət imkanlarının mövcudluğu istiqamətində bütün faktiki halları araşdırmadığını irəli sürmüşdür. Halbuki Cavabdeh apellyasiya baxışında verdiyi izahatda həmin vaxt uşağın onunla birlikdə yaşadığını bildirmişdir. Kollegiya qeyd edir ki, valideynlər uşaqların hüquq və mənafelərini qorumaqla yanaşı, onların hərəkətlərinə nəzarət etməyə də borcludurlar. Yuxarıda qeyd edilmiş hüquq normalarından müəyyən olunur ki, hüquqda belə bir yanaşma mövcuddur: əgər valideyn uşağın davranışına vaxtında müdaxilə və ya ona nəzarət etsəydi, həmin zərər baş verməyəcəkdi, dolayısı ilə, uşağın təqsirli hərəkətləri nəticəsində yaranan məsuliyyət valideynin üzərinə düşür. Bu nöqteyi-nəzərdən əgər valideyn Cavabdeh uşaq Hüseyn İsmayılzadəyə lazımi nəzarəti etsəydi, hadisə baş verməyəcək, dolayısı ilə zərər vurulmamış olacaqdı. Hüseyn İsmayılzadənin maddi ziyan vurması bilavasitə valideynin nəzarət etmə öhdəliyini lazımınca icra etməməsinin nəticəsidir. Bu isə valideynin Mülki Məcəllənin 1104.4-cü maddəsinə əsasən məsuliyyət daşıdığını göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi valideynlərin delikt məsuliyyəti və yetkinlik yaşına çatmayan şəxslərin vurduğu zərərə görə müəyyən hallarda onların cavabdehliyini açıq şəkildə müəyyən edir. (AR MM 1104.3, 1104.4). Bundan əlavə, Ailə Məcəlləsinin 58.1 və 58.2-ci maddələri valideynlərin uşaqların tərbiyəsinə, onların sağlamlığına, psixi və fiziki inkişafına görə məsuliyyətini təsbit edir. Bu isə valideynin təkcə uşağın qayğısına qalması deyil, həm də onun davranışlarına real nəzarət etməsi öhdəliyini özündə ehtiva edir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin öz qətnaməsində iddia tələbinin ona münasibətdə tam təmin olunması qənaətinə gələrkən zərər vurulmasına səbəb olan hadisənin onun iştirakı olmadan baş verməsini nəzərə almamışdır. Kollegiya qeyd edir ki, delikt münasibətlərində iştirak etmə faktoru yalnız birbaşa fiziki iştirakla məhdudlaşmır. Əsas olan səbəbli əlaqənin mövcudluğudur – yəni, cavabdeh zərərin qarşısını ala biləcək hüquqi öhdəliyə malik idimi və bu öhdəliyi icra etməməsi hadisənin baş verməsində rol oynamışdırmı? İşin hallarından müəyyən olunur ki, əgər cavabdeh uşağın hərəkətlərinə adekvat nəzarət etsəydi, hadisə baş verməyəcəkdi. Bu kontekstdə valideynin məsuliyyətini istisna etmək mümkün deyil, çünki məhz onun hərəkətsizliyi (yəni uşağa lazımi nəzarəti həyata keçirməməsi) ilə ziyanın baş verməsi arasında səbəbli əlaqə mövcuddur. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə məhkəmə dəymiş zərərlə əlaqədar yaranmış məsuliyyəti yalnız ona münasibətdə indeksləmiş, şəxsin digər valideyni öhdəlikdən kənar qalmışdır. Bundan əlavə, Neftçala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(053)-82/2023 saylı qətnaməsi ilə X2 yaşayış yeri anasının yaşayış yeri üzrə müəyyən edildiyi edilsə belə, (mülki iş üzrə həmin qətnamə təqdim olunmamışdır.) mövcud situasiya ilə bağlı Hüseynin istinad olunan hərəkətlərində təqsiri istisna olunmur. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsi ilə uşağın yaşayış yerinin anasının yanında müəyyən edilməsi formal hüquqi status yaratsa da, bu, faktiki vəziyyəti dəyişdirmir. Məsuliyyətin müəyyən edilməsi zamanı əsas götürülən amil rəsmi qərarın mövcudluğu deyil, real və faktiki nəzarətin kim tərəfindən həyata keçirilməsidir. Cavabdehin özü izahatında uşağın həmin vaxt onun yanında yaşadığını təsdiq etmişdir. Bu, o deməkdir ki, uşağa gündəlik nəzarət etmə və onun hərəkətlərinə cavabdehlik daşıma vəzifəsi faktiki olaraq valideyn olaraq atanın üzərinə düşür. Məhkəmə tərəfindən məsuliyyətin yalnız bir valideynə şamil edilməsi isə formal yanaşmadan irəli gəlir və məsuliyyət bölgüsünün faktiki vəziyyətə uyğun aparılmadığını göstərir. Yəni, yaşayış yerinə dair qətnamə məsuliyyət bölgüsünü müəyyən etmir, çünki məsuliyyət, məhz faktiki himayə və nəzarət imkanlarına əsaslanmalıdır. Nəticə olaraq, cavabdehin apellyasiya şikayətində məsuliyyətdən azad olunmasına dair gətirdiyi əsaslandırma işin real hallarına uyğun deyil. Məhkəmə qərarları formal hüquqi rejimi təsdiqləsə də, məsuliyyət məsələsində əsas olan real nəzarətin hansı valideyndə olmasıdır. Bu baxımdan, cavabdehin öhdəlikdən kənarda qalması mümkün deyil. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilən və dəymiş ziyanın məbləğini təsdiq edən sübut hesab olunan xx.xx.2024-cü il tarixli, EŞ2-018 qatarına dəymiş ziyanın aradan qaldırılması haqqında arayış yalnız iddiaçı tərəfin iradəsinə əsaslanmışdır. Hesab edir ki, iş üzrə qət edilən və iddia tələbinin göstərilən həcmdə təmin olunduğu məbləğ yalnız iddiaçı tərəfin mövqeyinə görə tərtib etdiyi arayışa əsasən müəyyən olunduğu üçün sözügedən sənəd qeyri-mötəbər sübut hesab edilməlidir. Kollegiya qeyd edir ki, hüquq sistemində, tərəflərin təqdim etdiyi sübutlar yalnız onların mövqeyinə uyğun olaraq qiymətləndirilə bilməz, çünki sübutların qiymətləndirilməsi obyektiv yanaşmanı tələb edir. İddiaçı tərəfindən təqdim edilən arayış, şübhəsiz, bir tərəfin mövqeyini təmsil edir, lakin bu, həmin arayışın etibarsız olduğunu göstərmir. 24 yanvar 2025-ci il tarixli EŞ2-018 qatarına dəymiş ziyanın aradan qaldırılması haqqında arayışda qeyd edilmiş məbləğ (3001.58 manat) ağlabatandır və real görünür, çünki arayışda təqdim olunan zərərin miqdarı hadisənin baş verdiyi şəraitə, zərərin ölçülməsinə və bazar qiymətlərinə uyğun şəkildə hesablanmışdır. Ağlabatandır ifadəsi, arayışda göstərilən məbləğin təxmini və obyektiv qiymətləndirmələr əsasında müəyyən edildiyini göstərir. Bu, hər hansı şişirdilmiş və ya əsassız bir məbləğdən fərqli olaraq, gerçək vəziyyətlə uyğunluq təşkil edir. Real görünməsi məsələsinə gəldikdə isə, bu, təqdim olunan arayışın praktik və hüquqi şərtlərə uyğun olduğunu göstərir. Arayışda əks olunan məbləğ, zərərin baş vermə şərtləri və təsiri nəzərə alınmaqla, zərərin ölçülməsi və ya dəyərləndirilməsi prosesində mövcud olan hüquqi və texniki standartlara uyğun gəlir. Həmçinin, real görünmə, arayışda istifadə olunan hesablamaların və metodların hüquqi normalara və iqtisadi şəraitə uyğun olduğunu bildirir. Bununla yanaşı cavabdeh dəymiş ziyanın məbləğini, mülki prosessual məcəllədə müəyyən edilmiş qaydaya uyğun olaraq, ekspertiza təyin edilməsi barədə əsaslandırılmış yazılı vəsatətlə məhkəməyə müraciət edə bilərdi. Bu səbəbdən, arayışda qeyd olunan məbləğ nə yalnız tərəflərin iddialarına uyğun olaraq təqdim edilən dəlil deyil, həm də hüquqi və iqtisadi baxımdan obyektiv yanaşmalarla, ağlabatan bir zərər məbləğini əks etdirir. Bu, məhkəmənin sübutları düzgün qiymətləndirməsi və ədalətli qərar qəbul etməsi üçün mühüm əsasdır. Məhkəmə işə baxarkən yalnız tərəflər tərəfindən təqdim olunmuş və işin mahiyyətinə aidiyyəti olan sübutları nəzərə alır. Sübutların məhkəməyə təqdim edilməsi kifayət etmir; onlar eyni zamanda işin halları ilə əlaqəli olmalı və onların həqiqiliyinə, mötəbərliyinə şübhə yeri qalmamalıdır. Sübutlar qanuni qaydada əldə edilməli və prosessual normalara uyğun təqdim olunmalıdır. Qətnamənin çıxarılması zamanı məhkəmə iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirir. Hakim sübutların dəyərini müəyyən edərək, iş üçün əhəmiyyətli olan halların təsdiqlənib-təsdiqlənmədiyini araşdırır. Eyni zamanda, məhkəmə tərəflərin hüquqi münasibətini müəyyən edir və mübahisənin həlli üçün tətbiq edilməli olan qanun normalarını dəqiqləşdirir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının 382, 384.0.1, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin e-2(053)-968/2024 saylı, 01 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar