Məhkəmə qərarları › İş №2(106)-52/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-52/2023

01.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-52/2023 01.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ağcabədi rayon Qaradolaq bələdiyyəsinə qarşı “həyətyanı torpaq sahəsinə gedişgəliş yolunun açılması və yolun üzərində çəkilmiş dəmir və şifer hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiasına dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(017)-28/2021 saylı qətnaməsindən (hakim E.Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ağcabədi rayon Qaradolaq bələdiyyəsinə qarşı “həyətyanı torpaq sahəsinə gedişgəliş yolunun açılması və yolun üzərində çəkilmiş dəmir və şifer hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində və faktiki sahibliyində olan torpaq sahəsinin arxa tərəfində bələdiyyə yolu olan gediş-gəliş yolunun açılması və həmin yolun üzərində cavabdeh tərəfindən çəkilmiş dəmir hasarın və şiferin onun öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsasladırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə (8 nəfərdən ibarət) Ağcabədi rayonu Qaradolaq kəndi ərazisindən 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına JN 132A kod 60814018 nömrəli şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi və üzərində olan yaşayış evi valideynlərinin vəfatından sonra faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır və şəxsi təsərrüfatında uzun illərdir ki, mal-heyvan saxlamaqla ailəsini dolandırır. Torpaq sahəsinin həm ön, həm də arxa hissəsindən yola çıxış vardır. Ön hissədə olan yoldan torpaq sahəsinin yaşayış olan hissəsinə giriş-çıxış kimi, arxa tərəfində yerləşən yoldan isə mal-heyvanın gedib-gəlməsi üçün istifadə etmişlər. Hər iki yol bələdiyyə yolu olmaqla onun və digər qonşuların ümumi istifadə etdiyi yoldur. Lakin cavabdeh həmkəndlisi və qonşusu Cavabdeh 2020-ci ilin qış ayından etibarən istifadəsində olan torpaq sahəsinin arxa tərəfində yerləşən və malheyvanın gediş-gəlişi üçün istifadə etdikləri yolu özbaşına bağlayaraq həmin yoldan istifadə etməyinə maneə yaratmış və yolu öz həyətyanı torpaq sahəsinə daxil etmək məqsədilə bağlamışdır. Cavabdeh qeyd edilən yolu dəmir hasarla və şiferlə hasarlamış və yolu tamamilə kəsmişdir. Sonuncudan yolu açmasını tələb edərək, mallarını həmin yoldan istifadə etməklə örüşə göndərmək istədiyini bildirsə də, cavabdeh onun tələbinə əhəmiyyət verməmiş və volun onun həyəti olmasını bildirərək açmaqdan imtina etmişdir. Bununla bağlı Qaradolaq kənd bələdiyyəsinə məlumat versə də, cavabdeh yolu bağlı saxlamağa davam etmişdir. Hazırda da yol bağlı vəziyyətdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib, izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Ağcabədi rayonu Qaradolaq kəndində yaşayır. Ona və ailəsinə Qaradolaq kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı ilə torpaq sahələri qonşuluqda yerləşsə də, onların torpaq sahələrinə gediş-gəliş yolları müxtəlif istiqamətdəndir. Başqa sözlə, onlar eyni yoldan istifadə etmirlər. Belə olan halda iddiaçının torpaq sahəsinə gedən yolu necə kəsə bilər. İddiaçının ona qarşı iddiası əsassızdır və həqiqətə uyğun deyildir. İddiaçının torpaq sahəsinə gediş-gəliş yolu mövcuddur və heç kim tərəfindən tutulmamışdır. Onun tərəfindən iddiaçıya qarşı evindən, torpaq sahəsindən və yoldan sərbəst istifadə etməsinə hər hansı bir maneçilik törədilməmiş, hər hansı bir qanuna zidd hərəkət etməmişdir. İddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur. İddiaçı tərəf həyətyanı torpaq sahəsinə, fərdi yaşayış evinə və gediş-gəliş yolundan istifadəyə qarşı onun tərəfindən maneələrin yaradılması hallarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(017)-28/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının Cavabdeh tərəfindən pozulması halı sübuta yetirilməmişdir. Konkret halda istər iş materialları ilə, istərsə də iddiaçının məhkəməyə göndərdiyi iddia ərizəsi, iddiaçının və cavabdehin məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin əsaslı olması sübuta yetməmişdir. Məhkəmə iclası zamanı iddiaçının iddia ərizəsində qeyd edilmiş xüsusatları konkret olaraq, Cavabdeh hüquqa zidd hərəkətlərinin olub-olmaması, ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən tutulması faktlarla əsaslandırılmamış, bununla əlaqədar iddiaçı hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qətnamədən narazıdır, hesab edir ki, qətnamə ləğv olunmalı iş üzrə yenidən obyektiv araşdırılma aparılmaqla ədalətli qətnamə çıxarılmalıdır. Belə ki, Ağcabədi Rayon Məhkəməsi işin həqiqi hallarını düzgün araşdırmamış, mübahisəli torpaq sahəsinə baxış keçirməmiş, cavabdehin ümumi yol kimi istifadədə olan bələdiyyə yolunu tutmaqla heyvanlarının mal tövləsinə daxil olmasına maneə yaratmasını müəyyən edərək obyektiv nəticəyə gəlməmişdir. Halbuki Ağcabədi rayon Qaradolaq bələdiyyəsinin məhkəməyə təqdim etdiyi arayışdan da görünür ki, cavabdehin zəbt edərək, hasarlayıb öz həyətyanı torpaq sahəsinə daxil etdiyi yol ümumi istifadə üçün nəzərdə tutulmuş bələdiyyə yoludur və həmin yolun cavabdeh tərəfindən tutulması qanuna ziddir. Məhkəmənin istinad etdiyi iş materiallarında olan 11 sentyabr 2020-ci tarixli 99 nömrəli mütəxəssis və 24 noyabr 2020-ci il tarixli 10/2732 nömrəli ekspert rəyini də özünə məxsus şəkildə qiymətləndirmiş və açıq aşkar cavabdehi müdafiə mövqeyində dayanmış və həmin müəmmalı rəyi cavabdehin xeyrinə yozmağa çalışmışdır. Halbuki həmin mütəxəssis və ekspert rəylərinin mübahisə predmeti olan və cavabdeh tərəfindən tutulmuş gediş-gəliş yolu ilə bağlı heç bir münasibət bildirilməməsinə də əhəmiyyət verməmişdir. Məhkəmə prosesi zamanı təkrar komisyon ekspertiza keçirilməsini və məhkəmənin yerli baxış keçirməsini tələb etsə də, hakim heç bir hərəkət etməmiş, tələbinə əhəmiyyət verməmişdir. Beləliklə də məhkəmə cavabdehin bələdiyyə yolunu qanunsuz olaraq zəbt etməsinə haqq qazandırmışdır. Yəni məhkəmə mübahisə predmeti olan gediş gəliş yolunun cavabdeh tərəfindən tutulub tutulmamasma heç bir hüquqi qiymət verməmişdir. Əksinə həyətinə digər yoldan daxil ola bilməyinə diqqət çəkmişdir. Hesab edir ki, iddia tələbinin əsaslı olmasının müəyyən edilməsi üçün mübahisə predmeti olan yolun cavabdeh tərəfindən tutulub-tutulmamasına hüquqi qiymət verilməlidir. Bunun üçün yenidən komisyan qaydada təkrar ekspertiza keçirilməli, həmçinin məhkəmə tərəfindən yerli baxış keçirilməklə həmin yolnun qanunsuz tutulması müəyyənləşdirilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. ç) apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev, Cavabdeh, S.Mayılov) 1 iyul 2021-ci il tarixli 2(106)-1615/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(017)- 28/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. d) kasasiya instansiya məhkəməsində icraat. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2022-ci il tarixli 2(102)-202/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1615/2021 saylı 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. e) kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiyasının Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur; İddia ərizəsində qoyulan tələb torpaq sahəsinin ön hissəsində yerləşən və yaşayış olan sahəyə giriş-çıxış kimi istifadə edilən yolun deyil, torpaq sahəsinin arxa tərəfində yerləşən və mal-heyvanın gedib-gəlməsi üçün istifadə edilən yolun cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlıdır, İş materiallarından görünür ki, 11 sentyabr 2020-ci il tarixli mütəxəssis və 24 noyabr 2020-ci il tarixli ekspert rəyində iddiaçı və ailə üzvlərinə (8 nəfərdən ibarət) məxsus Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin ümumi istifadədə olan yola sərbəst giriş-çıxışının olub-olmaması araşdırılmış və müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 132 A kod 60814018 nömrəli şəhadətnaməyə əsasən X5 və ailə üzvlərinin mülkiyyətində olan Qaradolaq kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Həmin torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunmur və başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 132 A kod 60814018 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonunun Qaradolaq kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin kəndarası ümumi yola çıxışı mövcuddur və həmin gediş-gəliş yolundan sərbəst istifadə olunmasına hər hansı bir maneə yoxdur, Bununla bağlı qeyd edilməlidir ki, iddia tələbi torpaq sahəsinin arxa tərəfində yerləşən və mal-heyvanın gedib-gəlməsi üçün istifadə edilən yolun cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlı olduğundan, hazırkı iş üzrə ekspertiza tətqiqatının predmetini iddiaçının cavabdehin zəbt etdiyini göstərdiyi torpaq sahəsinin ümumi istifadədə olan yol olubolmaması, cavabdeh tərəfindən zəbt edilib-edilməməsi və cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edildiyi halda belə zəbt etmənin iddiaçının torpaq sahəsinin arxa tərəfindən mal-heyvanın giriş çıxışına maneə yaradıb-yaratmadığı təşkil etməli idi, Göründüyü kimi həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddianın yönəldiyi tələbi düzgün müəyyənləşdirməmiş və iddia tələbi üzrə araşdırma aparmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ağcabədi rayonu Qaradolaq kənd bələdiyyəsi nümayəndəsi vasitəsilə məhkəmədə təmsil olunmamışdır. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı məcburi göstərişlər nəzərə alınmaqla iddiaçıya münasibətdə tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş JN-132A (kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə Ağcabədi rayonu, Qaradolaq kəndində 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon Qaradolaq bələdiyyəsinin 19 may 2020-ci il tarixli arayışına əsasən X3 mübahisələndirdiyi yer bələdiyyə tərəfindən yol kimi verilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2732 saylı 24 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 132 A kod 60814018 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonunun Qaradolaq kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin sərhədləri sənədlərdə göstərilən ölçülərə uyğundur. Həmin torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunmur və başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 132 A kod 60814018 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonunun Qaradolaq kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin kəndarası ümumi yola çıxışı mövcuddur və həmin gediş-gəliş yolundan sərbəst istifadə olunmasına hər hansı bir maneə yoxdur. Mülki işin hazırki apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5642 saylı 9 dekabr 2022-ci il tarixli rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar: JN 132 A kod 60814018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olmaqla Ağcabədi rayonunun Qaradolaq kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin arxa tərəfində yerləşən, iddiaçının mal-heyvanın gedib-gəlməsi üçün istifadə olunduğunu və cavabdehin istifadə etdiyini göstərdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu kimi ümumi istifadədə olan torpaq sahəsi olduğu müəyyən edilmişdir, Qeyd olunan yolun cavabdehin istifadəsində olduğu və onun tərəfindən şifer vasitəsilə kəndarası ümumi yola çıxışı bağlandığı üçün iddiaçının torpaq sahəsinin arxa tərəfindən mal-heyvanın giriş-çıxışına, eyni zamanda gediş-gəliş yolu kimi istifadə olunmasına maneə yaradılmışdır. İddiaçı iddia etdiyi ərazi onun xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir, İş üzrə əvvəlki rəydə İddiaçı iddia etdiyi ərazinin cavabdeh tərəfindən istifadə olunan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi göstərilsə də, iddiaçının həyətyanı torpaq sahəsinin arxa tərəfində yerləşən, mal heyvanın gedib-gəlməsi üçün nəzərdə tutulan ümumi istifadədə olan yol barədə suallar qeyd olunmadığı üçün, bu barədə rəy verilməmişdir. Aparılmış eksrertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllənin) 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir, 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər, 170.1.-170.4.-cü maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası iş materiallarını sadalanan qanunvericilik aktı normaları baxımından təhlil edərək iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır. Belə ki, tərəflər arasında mübahisə predmeti olmaqla, iddiaçının evinin arxa tərəfində yerləşən və sonuncu tərəfindən yol kimi istifadə olunan torpaq sahəsi, ümumi istifadədə olan bələdiyyə torpaq sahəsi olsa da, cavabdeh tərəfindən üzərində dəmir və şiferdən hasar çəkilməklə bağlanmış, bununla iddiaçının evinin arxa tərəfində olan yoldan istifadə imkanları məhdudlaşdırılmışdır. İddiaçı yol kimi istifadə etdiyi ümumi istifadədə olan bələdiyyə torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin yolun üzərində çəkilmiş hasarın sökülməsi tələbini irəli sürməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapdığından, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizaları tədqiqatlarının ümumi dəyərini təşkil edən 100 manat cavabdehdən tutularaq dövlət nəfinə keçirilməli, məhkəmədə iddia qadırılmasından ötrü ödənilmiş 30 manat dövlət rüsumu cavabdhdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(017)-28/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. JN 132 A kod 60814018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla Ağcabədi rayonunun Qaradolaq kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin arxa tərəfində yerləşən, bələdiyyə torpağı olaraq ümumi istifadədə olan gediş-gəliş yolu açılsın, həmin yolun üzərində Cavabdeh tərəfindən dəmir və şiferdən çəkilmiş hasar onun öz vəsaiti hesabına sökülsün. Məhkəmədə iddia qaldırmaqdan ötrü ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının ümumi dəyərini təşkil edən 100 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar