Məhkəmə qərarları › İş №2(106)-520/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-520/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-520/2024 22.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 2(047)113/2021 saylı, 29 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh2 qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASCnin Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Laçın Rayon Məhkəməsinin 2(047)-113/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cavad İbrahimov) iddia tələbi təmin edilmiş, Cavabdeh2 əsas borca üzrə 883.24 (səkkiz yüz səksən üç manat iyirimi dörd qəpik) manat məbləğində borc və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə Cavabdeh2 qeyd olunan qətnamədən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayətindən və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsindən görünür ki, cvabdeh 2(047)-113/2021 nömrəli mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilərək, təqdim edilmiş apellyasiya şikayətini apellyasiya qaydasında baxılmasından ötrü Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(047)-113/2021 saylı qərardadı ilə (hakim C.İbrahimov) Laçın Rayon Məhkəməsinin 2(047)-113/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə əlaqədar Cavabdeh2 tərəfindən verilmiş ərizənin əsassız olduğundan rədd edilməsi və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin isə Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 14 dekabr 2023-cü il tarixdə ərizə və şikayət ilə məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(047)-113/2021 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və həmin qərardadın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2(047)-113/2021 saylı qərardadı ilə (hakim C.İbrahimov) ərizə təmin edilməmiş, iddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(047)-113/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş “qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəsi əsassız olduğundan rədd edilmişdir. Laçın Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2(047)-113/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən şikayət verilmişdir. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “iş materiallarında olan reyestrdən görünür ki, Laçın Rayon Məhkəməsinin 10 noyabr 2022ci il tarixli, 2(047)-113/2021 saylı qərardadının surəti tərəflərə çatdırılması üçün xx.xx.2022-ci il tarixli reyestr ilə göndərilmiş və poçt göndərişlərinin izlənilməsinə dair məlumata əsasən xx.xx.2022-ci il tarixdə cavabdehə çatdırılmışdır. Lakin Cavabdeh2 Laçın Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(047)-113/2021 saylı qərardadının mövcud olması barədə 2022-ci ilin noyabr ayının 23-dən məlumatı olsa da həmin qərardaddan qanunla müəyyən edilmiş müddətdə şikayət verməmiş, qeyd edilən qəradadın ona çatdırılmasından qanunla müəyyən edilmiş müddəti üzürsüz səbəbdən buraxaraq 1 (bir) ildən çox vaxt ötürməklə şikayət vermişdir”. Qanunvericiliyin tələbinə görə məhkəmə qərardadı tərəflərə rəsmi qaydada, yəni sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmalı, həmin məktubun alınması barədə xəbərnamə tərəfindən imzalandıqdan sonra məhkəməyə geri qaytarılmalı və mülki işin materiallarına əlavə edilməlidir. İş materiallarında onun tərəfindən Laçın Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsinin alınması barədə xəbərnamə mövcud deyil. Ona görə də hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin mövqeyi tamamilə əsassızdır. Qanunvericilik məhkəmə aktlarının tərəfə rəsmi qaydada təqdim edilməsinin konkret üsulunu müəyyən etmişdir və həmin normalar imperativ xarakter daşıyır. Həmin qaydadan kənar yolla tərəfin həmin qətnamənin mövcudluğundan xəbər tutması onun rəsmi qaydada alınması hesab edilə bilməz. İşə baxan birinci instansiya məhkəməsi daha öncə ona göndərdiyi məktubda həmin qərardadın surətini ona təkrar göndərilməsini və guya onun həmin qətnaməni həmin vaxt aldığını qeyd etsə də bu tamamilə yalandır. Buradan görünür ki, işə baxan birinci instansiya məhkəməsi özü də etiraf edir ki, məhkəmə qətnaməsi ona rəsmi qaydada təqdim olunmamışdır. Belə ki, rəsmi qaydada təqdim edilmiş məhkəmə qətnaməsinin təkrar surətinin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 8-ci maddəsinə əsasən 10 manat ödənilməli olması qeyd edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi qətnamənin surətini dövlət rüsumu ödəmədiyi halda ona təkrar göndərdiyini bildirirsə deməli özü də qətnamənin ona rəsmi qaydada təqdim edilmədiyini etiraf edir. Göstərilənlərə əsasən Laçın Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2(047)-113/2021 saylı qərardadının ləğv edilməsini və tərəfindən verilmiş şikayət vermə müddətinin bərpasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(047)-113/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Laçın Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2(047)113/2021 saylı qərardadından verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(047)113/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, belə hesab edir ki, Cavabdeh2 şikayətinə əsasən Laçın Rayon Məhkəməsinin 10 noyabr 2023-cü il tarixli qərardadının ləğv olunaraq mülki işin yenidən məhkəmə baxışına çıxarılmasına heç bir qanuni əsas yoxdur. Belə ki, iş materiallarında olan 10 noyabr 2022-ci il tarixli məktubdan və reyestrdən görünür ki, Laçın Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(047)-113/2021 saylı qərardadının surəti tərəflərə çatdırılması üçün xx.xx.2022-ci il tarixli reyestr ilə göndərilmişdir. İş materiallarında olan (i.v.107) poçt göndərişlərinin izlənilməsinə dair məlumata əsasən qərardadın surəti xx.xx.2022-ci il tarixdə cavabdehə çatdırılmışdır. Lakin Cavabdeh2 Laçın Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(047)- 113/2021 saylı qərardadının mövcud olması barədə 2022-ci ilin noyabr ayının 23-dən məlumatı olsa da həmin qərardaddan qanunla müəyyən edilmiş müddətdə şikayət verməmiş, qeyd edilən qəradadın ona çatdırılmasından 1 (bir) ildən çox vaxt ötürməklə şikayət vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, şikayət təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 268-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi Cavabdeh2 Laçın Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(047)-113/2021 saylı qərardadının surətini 23 noyabr 2022-ci il tarixdə almış, həmin qərardaddan qanunla nəzərdə tutulmuş 10 gün müddətində şikayət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin normalarından göründüyü kimi Cavabdeh2 tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3 Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4 Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(047)-113/2021 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi Laçın Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərardadı ilə əsaslı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı madddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X1 şikayəti ilə əlaqədar AR Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Azərbyacan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiiyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin etdilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Laçın Rayon Məhkəməsinin 2(047)113/2021 saylı, 29 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi qanunvericilikdə hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Laçın Rayon Məhkəməsinin 2(047)113/2021 saylı, 29 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 2(047)113/2021 saylı, 29 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Zaur Allahyarov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar