Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-524/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun, Cavabdeh1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(056)-1281/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(056)-1281/2022 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli №2242-14AYİB saylı kredit müqaviləsindən yaranmış borc üzrə 549,16 (beş yüz qırx doqquz dollar, 16 sent) ABŞ dolları əsas, 201,17 (iki yüz bir dollar, 17 sent) ABŞ dolları faiz 10 (on) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 84,56 (səksən dörd dollar 56 sent) ABŞ dolları faiz borcu, cəmi 844,89 (səkkiz yüz qırx dörd dollar səksən doqquz sent) ABŞ dolları məbləğinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin və ödənilmiş dövlət rüsumu əvəzində iddianın təmin olunmuş hissəsinə münasib olaraq 15 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. Cavabdeh1 tərəfindən Sabirabad Rayon Məhkəməsinin 18 avqust 2022-cii il tarixli 2(056)-1281/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, ”DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh1 arasında bağlanmış N2242-İ4AYİB nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 33 faiz dərəcəsi ilə ödəmək şərtilə 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında N2242-14 AYİB/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditora qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələrinə əsasən xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 1397,56 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit restrukturizasiya olunmuşdur. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1615,29 ABŞ dolları hesablanmışdır. (1 USD=1,40 AZN) Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********370 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, onlar borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəliklərini yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1699,18 ABŞ dolları təşkil edir ki, bunun 549,16 ABŞ dolları əsas, 201,17 ABŞ dolları faiz, 864,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 84,56 ABŞ dolları faiz borcu təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Buna görə də, iddia müddəti ötürüldüyündən iddia tələbi təmin edilə bilməz. Cavabdeh1 məhkəmədə apellyasiya şikayətinin dəlilinə uyğun verdiyi izahatında bildirmişdir ki, ona birinci instansiya məhkəməsində məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, sağlamlıq vəziyyəti ilə əlaqədar iştirak etməmişdir. Belə ki, işdə olan Sabirabad rayonu ünvan 1 ünvana gəlmiş məhkəmə bildirişlərini qəbul etmişdir. Ancaq səmimi olaraq bildirməlidir ki, məhkəmədə iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməsi mümkün deyildir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların ( və ya səlahiyyətli nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etməmişdir. Belə ki, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin araşdırılması və onlara lazımi hüquqi qiymət verilməsi zəruridir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan "DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh1 arasında bağlanmış №2242-14AYİB nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas vəsaitin artırılması məqsədilə cavabdehə 18 ay müddətinə illik 33% dərəcəsi ilə ödəmək şərtilə 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ZM/420008307 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit xətti açılarkən Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan kredit və zaminlik müqavilələrinə əsasən xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 1397,56 ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən kredit restrukturizasiya olunmuşdur. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1615,29 ABŞ dolları hesablanmışdır. (1 USD=1,40 AZN) kreditin müddəti xx.xx.2019-cu il tarixdək uzadılmışdır. İş materiallarından görünür ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə götürdüyü pul vəsaitini faizlə birlikdə qaytarmamaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun təqdim etdiyi arayışdan görünür ki, xx.xx.2014-cü il tarixli №2242-14AYİB saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə сəmi borcu 1699,18 (bir min altı yüz. doxsan doqquz dollar, 18 sent) ABŞ dolları- bundan 549,16 (beş yüz qırx doqquz dollar, 16 sent) ABŞ dolları əsas, 201,17 (iki yüz bir dollar, 17 sent) ABŞ dolları faiz, 864,29 (səkkiz yüz altmış dörd dollar, 29 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 84,56 (səksən dörd dollar, 56 sent) ABŞ dolları faiz borcu borcu təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli № 2242- 14AYİB saylı kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Mülki işin apellyasiya baxışı zamanı problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışdan müəyyən olunur ki, hazırkı mübahisənin predmetini təşkil edən kredit müqaviləsi üzrə yaranan borc Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarix 551 nömrəli Fərmanının təsiri altına düşmüş, 01 mart 2019-cu il tarixə mövcud 1229.32 manat əsas borc məbləği 295.75 manat həddində azaldılaraq, qalıq borcunun məbləği 933.57 manat (hazırkı iddia ilə tələb olunan əsas borc məbləği) müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam hərtərəfli araşdırılmaması, mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, nəzərə alınır ki, MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 İddiaçı ASC ilə bağlamış olduğu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının irəli sürdüyü adıçəkilən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasından ibarət tələbi yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından qanuni və əsaslıdır. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Adıçəkilən Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Həmin Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682000000,0 manat məbləğədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Bundan başqa, həmin Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış hazırkı kredit üzrə borcu Fərmanın təsiri altına düşmüş borcun azaldılmasına yönələn məbləğ çıxılmaqla qalıq əsas borcun məbləği 933 manat 57 qəpik məbləğ müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırkı iş üzrə cavabdehlərə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, borcun məbləğinin azaldılması nəzərə allınmalı və iddia tələbi yalnız azaldılan borc məbləği həddində təmin edilməlidir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Habelə, məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki hallarının tam aydınlaşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalıdır. İş üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair Cavabdeh1 apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya hesab edir ki, hazırkı mərhələdə iddia müddətinin tətbiqi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarına əsasən məhkəmə tərəfindən Cavabdeh1 göndərilmiş bildiriş 20 iyul 2022-ci il tarixində cavabdehə təqdim edilmiş (xəbərnamə; iş materilların- 54-cü vərəq), cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmənin bildirişini şəxsən aldığını və buna baxmayaraq məhkəmə iclasında iştirakının səhhətində olan problemlərlə əlaqələndirsə də, buna dair heç bir sübutunun olmadığını da bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında, habelə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Göründüyü kimi cavabdehin mübahisə predmeti üzrə iddia müddətinin tətbiqinə dair apellyasiya şikayətinin dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən o zaman qəbul oluna və tətbiq edilə bilərdi ki, cavabdeh birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatsız olsun. Lakin iş materiallarında olan xəbərnamədən müəyyən olunur ki, birinci instansiya məhkəməsindəki icraatdan Cavabdeh1 20 iyul 2022-ci il tarixində xəbərdar olmuşdur. Məhkəmənin mübahisələndirilən qətnaməsi isə 18 avqust 2022-ci il tarixdə çıxarılmışdır. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, habelə maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam şəkildə araşdırılmamışdır. Ona görə də, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 18 avqust 2022-cii il tarixli 2(056)-1281/2022 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(056)-1281/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit borcu qismində 933 (doqquz yüz otuz üç) manat 57 (əlli yeddi) qəpik məbləğdə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 (on beş) manat məbləğdə pul vəsaitləri tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-524/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-524/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver