Məhkəmə qərarları › İş №2(106)-527/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-527/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-527/2025 27.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X15 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(049)-3070/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 27 Fevral 2025-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Əfrail oğlundan 10500 manat pulun və 121 manat 50 qəpik dövlət rüsumunun, cəmi 10621 manat 50 qəpik pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Əfrail oğlu onun qardaşı oğludur, aralarında minasibətləri yaxşı olmuşdur. 10500 manat miqdarında pulu ona xx.xx.2023-ci il tarixdən bir neçə ay əvvəl vermişdir. Cavabdeh ondan pulu alanda ona demişdir ki, iki ay müddətinə qaytaracaqdır. Lakin iki ay keçəndən sonra pul ona qaytarmamışdır. O, onu məcbur etmişdir ki, pulunu qaytarsın. Cavabdeh ona biraz möhlət verilməsini xahiş etmişdir. Cavabdeh ona bildirmişdir ki, əyər ona inanmırsan gedib notarusa ona yazılı etraf edəcək ki, ona borcludur və tez bir zamanda qaytaracaqdır. Sonra o, məcbur qalıb onunla razılaşıb Notariat ofisində gedib xx.xx.2023-ci il tarixdə **********123 saylı ərizəni təsdiq etdirmişlər. Ərizədə cavabdeh 10500 manat ona borclu olduğunu etraf etmiş və bildirmişdir ki, 15 ay müddətində hissə-hissə qaytaracaqdır. Bəlkə birazda tez bir zamanda qaytaracaq. Lakin üstündən bir il keçsə də pulu qaytarmır. Cavabdeh həmin pulları ona qaytarmaqdan imtina edir. Ona görə də məcburiyyət qarşısında qalıb, məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı “pul tələbi haqqında” iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı onun bibisidir. O, ondan heç vaxt 10500 manat məbləğində pul almamışdır. O, 10500 manat məbləğində pulu iddiaçı olan bibisi İddiaçınm kürəkəni Şükür Allahverdizadədən 2022-ci ildə almışdır. Həmin vaxt pula ehtiyacı olduğu üçün qeyd olunan məbləğdə pulu o, onu aldadaraq almış və fikri olub ki, gələcəkdə pulu olanda ondan aldığı pulu ona qaytarsın. Bundan başqa həm də onlar yaxın qohumları olduğu üçün onların şikayət etməyəcəklərinə əmin olmuşdur. Buna görə də o, 2022-ci ilin may ayında bibisi Mənzərin evində qonaq olarkən onun qızı Rüqəyya və kürəkəni Şükür də onlarda orada olmuşlar. Söhbət zamanı bibisi Mənzər kürəkəni Şükürün işsiz olduğunu və ailəsini dolandırmaqda çətinlik çəkdiyini, qızı Rüqəyyanin hər il imtahan versədə pullu kollecə düşdüyü üçün imkanı olmadığına görə oxutdura bilmədiyini bildirmişdir. Bibisi Mənzər də bu işdə onlara köməklik göstərməsini ondan xahiş etmişdir. Həmin vaxtı maddi sıxıntıda olduğu üçün pula ehtiyacı olmuşdur. Ona görə də Şükürə onu 6000 manata işə düzəldəcəyinə söz vermişdir. Şükür ondan onu hansı işə düzəldəcəyini soruşduqda ilk ağlına gələn Astarada gəmiçiliyə, hərbi komissarlıqda mülki işə və qaz idarəsində mühafizəyə düzəldə biləcəyini demişdir. Həmçinin Şükürə arvadı Rüqəyya üçün diplom alacağını və bundan sonra onu da müəllim kimi işə düzəldəcəyini bildirmişdir. Bu işin də başa gələməsi üçün 4500 manat pulun lazım olduğunu ona demişdir. Beləliklə də, o, hissə-hissə olmaqla Şükür Allahverdizadədən hər iki işə görə cəmi 10500 manat məbləğində pul almışdır. Sonradan onların işini düzəldə bilmədiyi üçün onlar öz pullarını ondan tələb etməyə başlamışlar. Maddi imkanı olmadığına görə həmin vaxt onlardan aldığı 10500 manat pulu qaytara bilməmişdir. Bundan sonra Şükür Allahverdizadə ondan Lənkəran ŞRPŞ-nə şikayət etmişdir. Orada araşdırma aparıldıqdan sonra ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bundan sonra o, məcburiyyət qarşısında qalaraq Şükür Allahverdizadədən aldığı 10500 manat pulu ona qaytarmış və sonuncu bu barədə notarial qaydada ərizə yazaraq ona vermişdir. Bundan əlavə onun onlara heç bir məbləğdə borcu qalmamış və həmçinin İddiaçı heç bir məbləğdə pul almamışdır. Göstərdiyi halları İddiaçı Lənkəran ŞRPŞ-nin TBnin təhqiqatçısı Orucəli Mürşüdzadəyə izahat verərəkən də təsdiq etmişdir. Belə ki, həmin vaxtı İddiaçı izahatında qeyd etmişdir ki, X3 onun doğma övladıdır. X6 izə onun qızının əridir. 2 ildir ki, ailə həyatı qurublar. Cavabdeh Əfrayil oğlu onun qardaşı oğludur. 2022-ci ilin may ayında qızı Rüqəyya və yeznəsi Şükür ilə birlikdə yaşadıqları Lənkəran rayonu, Separadi kəndində yerləşən evinə qonaq gəlmişlər. Həmin gün qardaşı oğlu Fazil Gülvediyev də onlara qonaq gəlmişdir. Cavabdeh Lənkəran rayonu, Tükəvilə kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Evdə olduqları zaman qardaşı oğlu Fazilə yeznəsi Şükürün işsiz olduğunu deyərək iş olanda ona deməsini bildirmişdir. Fazil ona tanışının olduğunu, başqa şəxsləri də işə düzəltdiyini, danışıb Şükürü də işə düzəldə biləcəyini bildirmişdir. Şükür də işə düzəlmək istədiyini deyərək razılıq vermişdir. X14 işə düzəltmək qarşılığında nə verəcəklərini soruşmuş, Fazil Şükürə başqaları üçün 8000 manata, onlar üçün isə 6000 manata işə düzəldəcəyini bildirmişdir. Fazil yeznəsi Şükürə Astara rayonunda gəmiyə, qaz idarəsinə, mühafizə idarəsinə və hərbi komissarlığa işə düzəldə biləcəyini demişdir. Bu söhbətdən sonra Fazilə, qızı Rüqayyəni kollecə daxil olduğunu, lakin ödənişli olduğu üçün oxuya bilmədiyini demişdir. Fazil də kolleci oxumamış qızına, bir dəfə imtahan verməklə diplom alacağını bildirmişdir. Qarşılığında 4500 manat pul istəmişdir. Şükür Fazilə işə düzəltmək üçün 6000 manat pul vermişdir. X7 diplomunun alması üçün Fazilə 4500 manat da pul vermişdir. Ümumilikdə Fazilə 10500 manat pul vermişlər. X16 aldadaraq pulunu mənimsəmişdir. Daha sonra verilmiş suala cavab olaraq izahata heç bir əlavəsinin olmadığını qeyd etmişdir. Yuxarıda qeyd etdiyi kimi qeyd olunan 10500 manat məbləğində pulu da onun işi polis şöbəsində araşdırılarkən tam şəkildə İddiaçı kürəkəni Şükür Allahverdizadəyə qaytarmışdır. O, da öz növbəsində bu barədə ona notaril qaydada təsdiq edilmiş ərizə vermişdir. Həmin ərizəni o, etirazına əlavə etmişdir. Eyni zamanda İddiaçı Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Orucəli Mürşüdzadəyə verdiyi izahatı da etirazına əlavə etmişdir. İddiaçı ondan tələb etdiyi 10500 manat məbləğində pul da onun yeznəsi Şükürün ona verdiyi puldur. Sadəcə olaraq o, vaxtı onlar ondan şikayəti geri götürsünlər deyə onlarla razılaşmışdır ki, bu barədə ərizə versin. Ona görə də notariat ofisinə gedərək bu barədə ərizə vermişdir. İddiaçı iddia ərizəsində qeyd etdikləri hamısı yalandır və ona qarşı böhtandır. Onun qeyd etdiklərinin heç bir məntiqi əsası yoxdur. Çünki, o, onun yeznəsi Şükürdən 2022-ci ildə 10500 manat pulu aldıqdan sonra və həmin pulu ona qaytarmadığına görə onun yeznəsi Şükür ondan polis şöbəsinə bununla bağlı şikayət etmiş və bununla bağlı onun barəsində cinayət işi üzrə araşdırma polis şöbəsində gedə- gedə necə olur ki, 2023-cü ilin iyul ayında İddiaçı yenidən ona 10500 manat məbləğində borca pul verir ? Buradan aydın görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri yalandır və ona qarşı böhtandır. İddiaçı ondan tələb etdiyi 10500 manat məbləğində pul onun yeznəsi Şükür Allahverdizadənin ona verdiyi 10500 manat puldur və həmin 10500 manat pulu da o, artıq onun yeznəsi Şükürə qaytarmış və sonuncu bu barədə xx.xx.2024-cü il tarixdə ona notarial qaydada ərizə vermişdir ki, o, ondan aldığı 10500 manat pulu tam olaraq ona qaytarmış və onun ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İndi isə onlar ondan qisas almaq məqsədi ilə hazırki ərizəni ortaya ataraq aldıqları 10500 manat pulu yenidən tələb edirlər. Eyni zamanda onu da qeyd edir ki, iddiaçı ruhi və əsəb dispanserində qeydiyyatdadır və buna görə də, pensiya alır. Ona görə ola bilsin əsəbi olduğu üçün belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin barəsində olan cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasında iddiaçı, həm də onun yeznəsi Şükür Allahverdizadə bildirmişlər ki, o, onlardan aldığı 10500 manat pulu tam şəkildə onlara qaytarmış və onların gələcəkdə ona qarşı heç bir iddia və tələbləri olmayacaqdır. Qanunvericiliyin tələbinə görə bütün məhkəmə iclasları video ilə çəkilir və cinayət işinə əlavə olunur. Göründüyü kimi iddia ərizəsinin məzmunundan bəlli olunur ki, iddia ərizəsində göstərilən tələb yanlış və əsassız tələbdir. Ona görə də, İddiaçı ona qarşı “10500 manat məbləğində pul tələbi haqqında” iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etiraza münasibət bildirilməsinə dair ərizəsini məhkəməyə təqdim edərək həmin ərizəsində göstərmişdir ki, cavabdeh etirazında qeyd etmişdir ki, güya o, ondan pul almayıb, pulu işə düzəltmək adı ilə onun kürəkənindən və qızından almışdır. Sonra qeyd etmişdir ki, həmin pulla bağlı Lənkəran polis şöbəsinə şikayət edilib. Bu pulunu ona geri qaytarmamağına görə bəhanələridir. Cavabdeh kürəkənini və qızını aldadaraq güya onlara diplom və Astara rayonunda işə düzəldəcək adı ilə, onlardan 10500 manat pulu almışdır. Yeznəsi ilə qızı cavabdeh barəsində polisə şikayət ərizəsi vermişlər. Lənkəran ŞRPŞ-si tərəfindən cavabdeh barəsində cinayət işi açılmışdır. Həmin cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılan zaman cavabdeh ondan xahiş etmişdir ki, kürəkəni və qızı onu tutdururlar. O, bir bibi kimi ona köməklik etsin. O, kürəkəni və qızından xahiş etmişdir ki, cavabdehə kömək etsinlər. Lakin onlar onun xahişini qəbul etməmişlər. Ona bildirmişlər ki, pullarını qaytarsın, onda ondan əl çəkəcəklər. Buna görə də cavabdehə bildirmişdir ki, onlar onu “eşitmirlər”. Cavabdeh ona bildirmişdir ki, o ona 10500 manat borc versin, 6 ay müddətində həmin borcu qaytaracaqdır. Onların pulunu qaytarsın ki, onlar onu tutdurmasınlar. Görəndə ki, polis cavabdehi tutub buraxmır, məcbüriyyət qarşısında qalıb cavabdehə 10500 manat pulu borc vermişdir ki, kürəkəninə və qızına olan 10500 manat pulu qaytarsın ki, polis onu həbs etməsin. O ona pullu notariusun vasitəsi ilə vermişdir ki, o da pulu aparıb qızına və kürəkəninə versin, canını onların əlindən qurtarsırn. Polisdən cinayət işini Lənkəran Rayon Məhkəmə göndərilmiş, cavabdeh pulu qaytardığı üçün məhkəmə ona yüngül cəza vermişdir. Cavabdeh başqa-başqa şəxslərlə xəbər göndərir ki, o, ondan aldığı pulu ona geri qaytarmayacaq. Hesab edirə ki, onun etiraz ərizəsində yazdıqları cavabdehin uydurmalarıdır, yalanıdır, məhkəməni aldadmaqdır və xahişi əsassızdır, iddiası təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verib onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixdə, məhkəmə iclas zalında o göstərmişdir ki, kürəkəni verdiyi pulu Fazil tərəfindən qaytarılmadığını görüb kürəkəni polisə şikayət etmiş, bundan sonra Fazil 2023-cü ilin dəqiq xatırlamadığı 06 və ya 07 iyun və ya iyul ayında onun yanına gələrək ona bildirmişdir ki, kürəkəni onu tutdurmaq istəyir, buna görə də ona 10500 manat pul versin ki, o da həmin pulu onun kürəkəninə qaytarsın. Fazil, kürəkəni ilə onun yanıda danışdığı, kürərkən Fazilə 10500 manat pul verdiyi və sonuncu işi düzəltməyib pulu qaytarmadığı üçün kürəkəninin qarşısında “pis” olmuş, buna görə də kürəkəninə qaytarmaq məqsədilə Fazilə 10500 manat borc pul vermişdir. O, həmin pulu Fazilə verməsəydi, sonuncunu tutacaqdırlar. Fazil ondan aldığı pulun bir hissəsini kürəkəninə qaytarsa da, digər hissəsini qaytarmamış və buna görə də Fazil barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmə zamanı Fazil qalan pulu da kürəkəninə verdiyindən, sonuncu ərizə yazaraq bildirmişdir ki, Fazilin ona vurduğu ziyan ona tam olaraq ödənilmişdir. Hazırki məhkəmə iclasında isə əlavə olaraq göstərmişdir ki, 2023-cü ilin iyun və ya iyul aylarında, qısa bir müddət ərzində Fazilə borc olaraq əvvəl 6000 manat, daha sonra isə 4500 manat olmaqla, ümumilikdə 10500 manat borc pul vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Fazil barəsində olan cinayət işinə baxılan zaman o, şahid qismində dindirlmiş və həmin məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir. O, orada “bizdə ona hissə-hissə pul verdik. Həmin pul 10500 manat təşkil etmişdir... Daha mənim ondan şikayətim yoxdur... 10500-mü verib də...10500 manatı zərərçəkmiş şəxsin pulunu ödəyib... İnanmışdım, vermişdim də ” sözlərini deməklə, 10500 manat pulun kürəkəni tərəfindən onun yanında aparılmış danışıqlara görə verildiyinə görə dediyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyib, iddiaya qarşı verdiyi etirazda göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmamasısını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ondan 03 nəfər şikayət etmiş, onlardan biri də iddiaçı olmuşdur. İddiaçı ona bildirmişdir ki, şikayətlə bağlı fərqi yoxdur kimə pulu qaytaracaqsan. Buna görə də notariat ofisində ərizə yazaraq iddiaçıdan 10500 manat aldığını göstərmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, iddiaçının kürəkəni Şükürdən 10500 manat pulu hissə-hissə almış, onu bankdan götürmüş kredit və s. pullar vasitəsilə xx.xx.2024-cü il tarixdə tam olaraq ona qaytarmışdır. Qaytardığı pulun əldə edildiyi məndə barəsində sübutu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(049)-3070/2024 saylı qətnaməsi ilə (Hakim: Muradağa Qasımov), iddianın təmin edilməsi, Cavabdeh 10500 manat, iddianın verilməsi üçün ödənilmiş 121.50 manat məbləğində dövlət rüsumu, cəmi 10621.50 (on min altı yüz iyirmi bir) manat 50 qəpik tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Muradov X8 Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(049)-3070/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı cavabdehin bibisidir. Cavabdeh iddiaçının kürəkəni Şükürü aldadaraq ondan əvvəl 4500 manat, sonra isə 6000 manat məbləğində pul almış, bundan sonra cavabdeh barəsində cinayət işi açılmış, ona hökm oxunmuşdur. Hələ cinayət işi zamanı cavabdeh ondan şikayət edilməsin deyə notariusa gedərək iddiaçı ilə aralarında borc müqaviləsi imzalamışdır. Lakin iddiaçı şikayəti geri götürməmiş, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tamamilə əsassızdır. Necə ola bilər ki, cavabdeh Şükür adlı şəxsə 10500 manat məbləğində pul borclu ola-ola gedib yenidən iddiaçıdan həmin məbləğdə borc pul alsın? 10500 manat məbləğində pul Şükürə ödənilmişdir. Şükür borcunun ödənilməsini notariusda imzaladığı ərizədə ifadə etmişdir. İddiaçı cinayət işi zamanı ifadəsində bildirmişdir ki, cavabdeh pulu məhz Şükürdən almışdır. Həmin pul ona hissə-hissə verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3070/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirdi ki, apellyasiya şikayəti tamamilə əsassızdır. Belə ki, 2022-ci ildə kənddə olduqları zaman qardaşının oğlu olan hazırkı cavabdeh kürəkəni Şükürü işlə təmin etməyə görə, həmçinin öz qızı Rüqəyya üçün diplom hazırlatmağa görə müvafiq olaraq 6000 manat və 4500 manat olmaqla, ümumilikdə 10500 manat məbləğində pul almışdır. Həmin məbləği kürəkəni Şükür onun ailəsinin yanında cavabdehə vermişdir. Bir müddət sonra Şükür işlərin alınmadığını görüb cavabdehdən pulu tələb etdikdə, sonuncu pulu qaytarmamış, onlar da məcbur qalaraq polisə müraciət etmişdir. Bundan sonra cavabdeh barədə cinayət işi açılmış, barəsində hökm oxunmuşdur. Cavabdeh məhkəmə iclası zamanı həbs edilməsin deyə Şükürün borcunu bağlamaq üçün 10500 manat məbləğində ona borc pul verməsini xahiş etmiş, o da notariusa gedərək cavabdehə həmin məbləğdə borc pul vermişdir. Cavabdehə həmin məbləğdə pulu el-oba onları qınadığı üçün, habelə həbs edilməsin deyə vermişdir. O, pulu cavabdehə verdikdən sonra sonuncu həmin məbləğin 7000 manatı ilə Şükürə olan borcunu ödəmiş, lakin qalan borcunu Şükürə daha sonra verəcəyini bildirsə də borcunu qaytarmamışdır. Pulu cavabdehə 2023-cü ilin yay aylarında, təxminən iyul ayının sonu, avqust ayının əvvəlləri vermişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3070/2024 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2024cü il tarixli, 2(049)-3070/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(049)-3070/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş ərizənin surətində qeyd edilmişdir ki, Cavabdeh İddiaçı bir neçə ay əvvəl 10500 manat məbləğində borc pul almış, maddi imkanı olmadığından həmin məbləği həmin vaxta qədər ödəyə bilməmiş, həmin məbləği İddiaçı 15 ay müddətində hissə-hissə ödəyəcəkdir. Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəsini alımış xx.xx.2024-cü il tarixli 1(049)-74/2024 saylı hökmündən görünür ki, Cavabdeh 2022-ci ilin may ayının ortalarında Lənkəran rayonu, Separadi kəndində bibisi İddiaçı yaşadığı evində olarkən, sonuncunun kürəkəni X6 ilə söhbət əsnasında Şükür Allahverdizadə ona özünə iş axtarmasını və arvadı X4 üçün diplom əldə edib işə düzəltmək istədiyini deməsindən sonra etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda pul vəsaitindən ibarət əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə Şükür Allahverdizadəyə onun üçün 6000 manat müqabilində Astara rayonunda gəmiçiliyə, Lənkəran rayonunda Qaz İstismarı İdarəsinə və Mühafizə idarəsinə bu kimi yerlərdən birinə işə düzəldəcəyini, həmçinin 4500 manat müqabilində isə sonuncunun arvadı Rüqayyə Allahverdizadə üçün diplom əldə edib müəlliməlik işi ilə təmin edəcəyi barədə yalan vəd verərək ümumlikdə bu işləri hamısını 10500 manat müqabilində görəcəyini bildirib etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Ş.Allahverdizadən onun üçün düzəldəcəyi iş ilə bağlı razılaşdığı 6000 manatdan 3000 manatını 2022-ci ilin iyun ayının əvvəllərində Lənkəran rayonun Separadi kəndində görüşüb ondan almış, qalan 3000 manatı isə 2022-ci ilin iyun ayının ortalarında Lənkəran şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında, özünə məxsus avtomobildə Ş.Allahverdizadədən alaraq qəbul etmiş, bundan sonra 4500 manat müqabilində Ş.Allahverdizadənin arvadı Rüqayyə Allahverdizadə üçün diplom alıb işlə təmin edəcəyi barədə verdiyi yalan vədlə bağlı 2022-ci ilin iyul ayının əvvəllərində Lənkəran rayonun Separadi kəndində Ş.Allahverdizadənin yaşadığı evdə Rüqayyə Allahverdizadənin vasitəsi ilə 4500 manatın 3000 manatını ondan alaraq qəbul etmiş, qalan 1500 manatını 2022-ci ilin iyul ayının ortalarında X11 rayonunun Separadi kəndində yerləşən yanacaq doldurma məntəqəsində işləmiş və şəxsiyyəti məlum olmayan şəxsə verdiyi 1500 manatı həmin şəxsdən alaraq vahid niyyətlə dörd dəfəyə ümumilikdə 10500 manat pulu qəbul edib ələ keçirməklə zərərçəkmiş şəxsə Şükür Allahverdizadəyə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Şükür Allahverdizadənin xx.xx.2024-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş ərizənin surətində qeyd edilmişdir ki, Cavabdeh tərəfindən ona vurulmuş 10500 manat məbləğində maddi ziyan sonuncu tərəfindən ona tam ödənilmiş və onlar barışmışlar. Ona görə də Cavabdeh barəsində heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə həmin işlə əlaqədar heç bir məhkəmə iddiası olmayacaqdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)3070/2024 saylı qərardaddan görünür ki, məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə, saat 10.30-a təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 121.90 manat dövlət rüsumu ödəmişdir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, iş üzrə Cavabdeh Əfrail oğlu iddiaçının qardaşı oğludur, aralarında borc münasibətinin yaranmasına səbəb kimi, iddiaçı izah edir ki, Cavabdeh 2022-ci ilin may ayının ortalarında Lənkəran rayonu, Separadi kəndində onun yaşadığı evində olarkən, kürəkəni X5 işə düzəldəcəyi, onun arvadı X2 isə diplom almaqla işə düzəldəcəyini vəd edərək onlardan ayrı-ayrı vaxtlarda 10500 manat pul vəsaiti alaraq mənimsəməklə dələduzluq əməli törətmişdir. X6 və X1 şikayəti əsasında Cavabdeh Əfrail oğlu barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq barəsində Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə iki il altı ay müddətinə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin baxılması ərəfəsində Cavabdeh Əfrail oğlu ona müraciət edərək kürəkəni və qızından şikayətlərinin geri götürməsini xahiş etmiş, bununla bağlı qızı və kürəkəninə bildirdikdə onlar yalnız pulları qaytarıldığı halda şikayətlərini geri götürəyini bildirmişdir. Cavabdeh Əfrail oğlu ondan 10500 manat məbləğində pul borc istəmiş və bildirmişdir ki, şikayətçilərə borclarını qaytardıqdan sonra ona olan borcunu 15 ay müddətində qaytaracaqdır. Cavabdeh bu barədə onda borc pulun qaytarılmasına inam yaratmaq üçün Notariat ofisində gedib xx.xx.2023-ci il tarixdə **********123 saylı ərizə təsdiq etdirmişdir. Həmin ərizədə cavabdeh 10500 manat ona borclu olduğunu etiraf etmiş və bildirmişdir ki, 15 ay müddətində hissə-hissə qaytaracaqdır. O, kənd camaatının qınağından qurtamaq (kəndə hamı danışırdı ki, Mənzərin qızı və kürəkəni pula görə öz qardaşı oğlunu tutdurur) üçün məcbur olub Cavabdeh 10500 manat borc pul vermiş, lakin verilən borc pul vaxtında qaytarılmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia tələbinə etirazından müəyyən edilir ki, İddiaçı onun bibisidir. O, heç vaxt bibisindən borc pul almamış, tələb olunan 10500 manat məbləğində pul vəsaitini onun kürəkəni Şükür Allahverdizadədən 2022-ci ildə aldadaraq almış və aldığı pul məbləğidir hansı ki, həmin pulu zəruri ehtiyaclarına xərcləmişdir. Sonradan isə Şükür və onun arvadı Rüqayyənin şikayəti əsasında onun barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıldığını görüb, məcburiyyət qarşısında qalaraq Şükür Allahverdizadədən aldığı 10500 manat pulu ona qaytarmış və o, ondan şikayətinin olmaması barədə notariat ofisində ərizə (ərizənin təsdiq edildiyi tarix xx.xx.2024-cü il tarixi kimi qeyd olunur) yazaraq təsdiqləmişdir. Göründüyü kimi iddiaçı cavabdehə 10500 manat məbləğində borc pulun verilməsini cavabdehin xx.xx.2023-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində imzaladığı və notarial qaydada təsdiq edilmiş ərizəsi ilə əsaslandırır. Həmin ərizədən görünür ki, Cavabdeh İddiaçı bir neçə ay əvvəl 10500 manat məbləğində borc pul almış, maddi imkanı olmadığından həmin məbləği həmin vaxta qədər ödəyə bilməmiş, həmin məbləği İddiaçı 15 ay müddətində hissə-hissə ödəyəcəyini öhdəsinə götürür. Cavabdeh isə iddianı qəbul etməyib, iddiaçının tələb etdiyi 10500 manat məbləğində pul ilə iddiaçının kürəkəni Şükürdən aldığı 10500 manat məbləğində pul ilə eyni pul olduğunu, həmin pulu Şükürə qaytardığını bildirərək, iddiaçıya borclu olmadığını bildirir. Məhkəmə kollegiyası həm iddiaçının həm də, cavabdehin iddia tələbi ilə bağlı məhkəməyə bildirdikləri ilə bağlı qeyd edir ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdehin borcunun olmasını etirafı yazılı sənəddə, yəni Notariat ofisində təsdiq olunmuş ərizədə ifadə olunur ki,bu da MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilər. Belə ki, cavabdeh notariat ofisində iddiaçıdan 10500 manat borc aldığını etiraf etmiş, aldığı həmin pulla iddiaçının kürəkəni Şükürdən aldığı 10500 manat məbləğində pul ilə eyni pul olduğunu göstərsə də, bunu təsdiqləyən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin 02 sentyabr 20224-cü il tarixdə iddia tələbinə (nəzərə almaq lazımdır ki, cavabdehin iddia tələbinə etirazında qeyd etdikləri, cavabdeh nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlililəri ilə eynilik təşkil edir) etirazında göstərdiyi “Çünki mən onun yeznəsi Şükürdən 2022-ci ildə 10500 manat pulu aldıqdan sonra və həmin pulu xərlədiyimə görə qaytara bilmədiyimdən o, mənim barədə polisə şikayət etdiyi və mənə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlandığından məcbur olub aldadılmaqla aldığım 10500 manat pul qaytardım və Şükür bu barədə notariat ofisində ərizə yazaraq mənə vermişdir.” fikirləri məhkəmədə sual döğurur, cavbdehin bildirdiyi kimi Şükürdən aldığı 10500 manat pulu xərclədiyinə görə qaytara bilmədiyi halda, onda Şükürə qaytarılan 10500 manat pul məbləğinin necə və kimdən əldə etdiyi barədə məhkəməyə hər hansı məlumat vermir, yalnız cavabdeh notariat ofisində iddiaçıdan 10500 manat pul məbləğinin aldığını etiraf etmiş, aldığı həmin pulun iddiaçının kürəkəni Şükürdən aldadılaraq aldığı 10500 manat məbləğində pulun eyni pul olduğunu bildirməklə kifayətlənmişdir. Kollegiyanın diqqətini çəkən hallardan biri də ondan ibarətdir ki, əgər cavabdeh iddiaçıdan 10500 manat məbləğində pul almamışdırsa və iddia etdiyi kimi Şükürdən aldığı 10500 manat pul ilə bibisi Mənzərin qarşısında borc alması barədə öhdəlik götürdüyü 10500 manat pul eyni pul idisə, onda cavabdeh nə üçün Şükürdən aldığı 10500 manat pulun qaytarılmaması səbəbindən onun barəsində cinayət işi başladıqdan sonra cinayət nəticəsində ona vurulan ziyanı aradan qaldırılması üçün pulu sahibi Şükürə deyil, bibisi Mənzərin qarşısında borc ödhdəliyi kimi rəsmiləşdirmişdir. Kollegiya cavabdehin iddia tələbinə etirazını həm də, ona görə əsaslı saymır ki, Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs kimi izahatı alınmış Şükür Allahverdizadə izahatında göstərmişdir ki, “ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, buna görədə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur”. Göründüyü kimi, Cavabdeh İddiaçı bir neçə ay əvvəl 10500 manat məbləğində borc pul alması, maddi imkanı olmadığından həmin məbləği həmin vaxta qədər ödəyə bilməməsi, həmin məbləği İddiaçı 15 ay müddətində hissə-hissə ödəyəcəyini öhdəsinə götürməsi, cinayət işi üzrə zərərçəkmiş şəxs olan Şükürün ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsi anlamına gəlmir. Başqa sözlə cavabdehin başqa şəxs hazırki işdə İddiaçı qarşısında borc öhdəliyinin götürməsi, cinayət işi üzrə dəymiş ziyanın tam olaraq zərərçəkmiş şəxsə ödənilməsi kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərəkən həmçinin nəzərə almışdır ki, iddiaçının cavabdehə verdiyi 10500 manat borc pul məbləğinin verilmə tarixi xx.xx.2022-ci ilə təsədüf etdiyindən və cavabdehin aldadılaraq aldığı Şükürə qaytardığı 10500 manat pul məbləği xx.xx.2024-cü ilə təsədüf etdiyindən, iddiaçının bildirdikləri daha inandırıcı və tələbində haqlı olmasına dəlalət edən hal olmaqla, alınan borc pulun tarixi ilə aldadılaraq alınmış və sonradan qaytarılması iddia olunan 10500 manat pulun qaytarılma tarixi iddiaçının verdiyi borc pulun müqabilində həyata keçirilməsinin mümkün ola bilməsinin təsdiqidir. Çünki cavabdeh cinayət nəticəsində vurulmuş ziyanı məhz iddiaçıdan borc aldığı və aldığını xx.xx.2023-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş ərizəsi ilə təsdiq etdikdən sonra, yəni 02 sentyabr 2024-cü il tarixdə ödəməklə aradan qaldırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə iddianın təmin edilməsi, Cavabdeh 10500 manat, iddianın verilməsi üçün ödənilmiş 121.50 manat məbləğində dövlət rüsumu, cəmi 10621.50 (on min altı yüz iyirmi bir) manat 50 qəpik tutularaq, İddiaçı verilməlidir qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(049)-3070/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(049)-3070/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar