Məhkəmə qərarları › İş №2(106)-529/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-529/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-529/2024 30.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, X3 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(056)-1858/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kreditor bankın xeyrinə 7383,47 manat əsas, 1159,29 manat faiz, 1435,96 manat cərimə, cəmi 9978,72 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 120 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(056)-1858/2023 saylı qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia qismən təmin edilərək Cavabdeh 7383,47 manat əsas, 1159,29 manat faiz, 400 manat cərimə, cəmi 8942,76 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsi, cavabdehdən iddianın təmin olunmuş hissəsinə münasib olaraq 112 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0084075AZN38216 nömrəli Kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 8000 manat məbləğdə kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə sözügedən kredit müqaviləsi üzrə 7383,47 manat əsas, 1159,29 manat faiz, 1435,96 manat cərimə, cəmi 9978,72 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə verərək borclu Cavabdeh kreditor bankın xeyrinə 7383,47 manat əsas, 1294,76 manat faiz, 2010,89 manat cərimə, cəmi 10,689,12 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 123 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində iddia ərizəsinə əlavəyə münasibət bildirməmiş və bununla düzgün olmayan nəticəyə gəlmişdir. Qətnamədən də göründüyü kimi, məhkəmə qanunvericiliyin bu normalarını nəzərə almamış və qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Həmçinin cavabdehin müqavilə üzrə yaranmış cərimə borcunun müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 370 gün olduğundan cərimə məbləğinin 400 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də, qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar yaxud nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(056)- 1858/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 0084075AZN38216 nömrəli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında istehlak məqsədləri üçün 24 ay müddətinə illik 16 faizədək olmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 7383,47 manat əsas, 1159,29 manat faiz, 1435,96 manat cərimə, cəmi 9978,72 manat kredit borcu vardır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı ASC-nin apellyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(056)-1858/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, tənasübsüz surətdə yüksək dəbbə pulunu məhkəmə tərəfindən azaldıla bilinməsi müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarına və qanunla müəyyən edilmiş dəbbə pulunun miqdarının tərəflərin razılaşması ilə artırıldığı hallara aiddir. Belə ki, bu hallarda dəbbə pulunun miqdarı öhdəliyin əhəmiyyəti və onun pozulduğu hallarda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə almaqla tərəflərin razılaşmaları əsasında müəyyən edilir. Belə razılaşma zamanı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi istisna olunmur. Buna görə də, mülki qanunvericilik tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilməsi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını və eyni zamanda kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən həmin məbləğin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək cəriməni 400 manat həddinədək azaltmağı ədalətli hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Həmçinin MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətində İddiaçı ASC tərəfindən iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizəyə münasibət bildirilməməsinə dair dəlilə qiymət verilməsini zəruri sayır. Bu zaman qeyd edilməlidir ki, işdə olan 22 iyun 2023-cü il tarixli Bildirişdən görünür ki, cavabdehdən banka 16 avqust 2023-cü il tarixə 7383,47 manat əsas, 1159,29 manat faiz, 1435,96 manat cərimə, cəmi 9978,72 manat kredit borcu mövcuddur. Apellyasiya şikayətində göstərilən və işdə olan (səh. 65) iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə isə daha sonra – mülki iş məhkəmənin icraatında olduğu dövrdə - 22 sentyabr 2023-cü il tarixdə (elektron kabinet vasitəsilə) məhkəməyə daxil olmuşdur. Həmin ərizədə isə göründüyü kimi, faiz və cərimə borcunun məbləği artırılmışdır. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Beləliklə, İddiaçı ASC tərəfindən müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) barədə iradə ifadəsi qarşı tərəfə 22 iyun 2023-cü il tarixli Bildirişlə çatdırılmış və daha sonrakı tarixə faizin hesablanması əsaslı sayıla bilməz. Eyni zamanda, apellyasiya şikayətinin təyin edilmiş cərimə məbləğinin daha yüksək olmasına dair dəlili ilə də kollegiya razılaşmır. Belə ki, hazırkı qətnamə ilə təyin edilmiş cərimə tutulması xahiş edilən cərimə məbləğlərinə münasibətdə mövcud qanunvericiliyin tələbləri və vahid məhkəmə təcrübəsi, eləcə də dispozitivlik prinsipi baxımından (apellyasiya şikayətini iddiaçı vermişdir) doğru qənaət hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Nəzərə alınmaldır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(056)-1858/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün konkret əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(056)-1858/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar