Məhkəmə qərarları › İş №2(106)-532/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-532/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-532/2024 23.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-115/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qərardadından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 oğlu ilə bağlanmış 28 oktyabr 2022-ci il tarixli, GARA-1876-21678 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçının xeyrinə ümumilikdə 6886,93 manat əsas borc, 244,12 manat cari faiz borcu və 174,38 manat cari dəbbə borcu olmaqla, cəmi 7305,43 manat kredit borcunun və 93,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(072)-115/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Tərlan Nüsrətov) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair” iddia ərizəsinin iddianın yolverilməzliyinə görə məhkəmə icraatına qəbulundan imtina edilmiş və iddia ərizəsinin sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçı tərəfə qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət etməklə, mübahisə edilən hüquq münasibətində “borclu” X1 oğlunun hüquqi varisinin müəyyən edilməsi üçün mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmək hüququ izah edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etmədən “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində mövcud olan məlumata əsasən cavabdeh X1 oğlu 24 sentyabr 2023-cü ildə ölmüşdür. Lakin iddiaçı "xxxx" MMC eyni zamanda “cavabdeh X1 oğlu ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə X1 oğlu öldükdən sonra Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, ilk əvvəl ölmüş “borclu” - X1 oğlunun hüquq varisi müəyyən edilməli, vərəsələri müəyyən edildiyi təqdirdə onların kredit öhdəliyini icra edib-etməməsi, eləcə də miras əmlakın həcmi, daha sonra “zamin” - Cavabdeh məsuliyyətinin həddi (tam və ya müştərək qaydada məsuliyyət daşıması) müəyyən edilməlidir. Halbuki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu səbəbdən də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Qərardaddan narazı qalan "xxxx" MMC şikayət vermiş, şikayətində Cəbrayıl Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(072)-115/2024 saylı qərardadının ləğv edilməsini və işin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC şikayətini onunla əsaslandırmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(072)-115/2024 saylı qərardadı əsassızdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, X1 oğlu vəfat etdiyindən Cavabdeh qarşı iddia qaldırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına əsasən, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Həmçinin, həmin Qərara əsasən, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Qeyd olunanlardan göründüyü kimi, vəfat etmiş borclunun vərəsələri müəyyən olunmadan zaminə qarşı iddianın qaldırılmasına hər hansı bir məhdudiyyət qoyulmamışdır. Belə olan halda hesab edir ki, birbaşa zaminə qarşı iddia qaldırılması tam əsaslıdır və buna görə də Cəbrayıl Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(072)-115/2024 saylı qərardadı ləğv edilməli və mülki iş məhkəmənin icraatına götürülməlidir. Həmçinin, borclunun ölümü zaminliyə xitam vermir, zaminin öhdəliyi miras əmlakla məhdudlaşmır. Zaminlik müqaviləsində borclu ilə birgə məsuliyyət müəyyən edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(072)-115/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(072)-115/2024 saylı qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(072)-115/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda "xxxx" MMC-nin ləğv edilməsini tələb etdiyi 28 oktyabr 2022-ci il tarixli, GARA-1876-21678 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə kredit verən "xxxx" MMC ilə borcalan X1 oğlu arasında bağlanmışdır. Həmin müqaviləyə əsasən kredit verən həmin müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 9000 manat məbləğində 36 ay müddətinə kredit vermişdir. Kreditin istifadəsinə görə borcalan illik 18,57 faiz ödəyir. İşdəki 28 oktyabr 2022-ci il tarixli, GARA-1876-21678+GARA-1878 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası kreditor "xxxx" ilə borclu X1 oğlu arasında bağlanmış və borcluya annuitet qaydada illik 18,57 faiz hesablanmaqla 36 ay müddətinə 9000 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixdə bağlanmış GARA-1876-21678 saylı kredit müqaviləsidir. Zamin Cavabdeh və borclu X1 oğlu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi halda kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarının 6-cı vərəqinə əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarılan məlumatdan görünür ki, X1 oğlu 24 sentyabr 2023-cü ildə ölmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Həmin Qərarda qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi yanaşması bundan ibarətdir ki, əsas borclunun ölümü halında onun öhdəlikləri miras qoyanın vərəsələri tərəfindən icra olunmalıdır. Bu səbəblə əsas borclunun hüquq varisləri müəyyən edilməli, onların miras əmlakı qəbul edib-etməməsi araşdırılmalı, öhdəliyin icrası onlardan tələb olunmalı, əgər əsas borclunun hüquqi varisləri öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, o, halda zaminə qarşı iddia irəli sürülməlidir, çünki sonuncu halda artıq zamin tam məsuliyyət daşıyacaqdır. Bənzər qayda əsas borclunun ölməsindən sonra vərəsələrin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi halında kreditorun birbaşa ipoteka predmetinə tutmanın yönəldilməsi tələbini irəli sürməsini özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında da müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə “borclu” X1 oğlu öldükdən sonra Cəbrayıl Rayon Məhkəməsinə müraciət etdiyi üçün iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina etməkdə və iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cəbrayıl Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(072)-115/2024 saylı qərardadı dəyişdirilmədən, "xxxx" MMC-nin şikayəti isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(072)-115/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar