Məhkəmə qərarları › İş №2(106)-535/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-535/2024

13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-535/2024 13.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1960/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəyə götürdüyü obyektə vurduğu zərərin əvəzi olaraq 1336,75 manat, qiymətləndirmə rəyinə ödənilmiş 105 manat, notariat xərcinə ödənilmiş 20 manat və məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 40 manat olmaqla, cəmi 1501,75 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X6 16 fevral 2022-ci ildə notarial müqavilə ilə **********22 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə özünə məxsus ticarət obyektini cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsinə əsasən, obyektin forsmajor hadisələrindən sığortalanması, eyni zamanda icarə obyektində texniki təhlükəsizlik qaydalarına riayət olunması icarəçinin vəzifəsidir. İcarəyə verilən zaman obyektdə heç bir qüsur və nasazlıq olmamışdır. X10 28 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onu təmsil etmək iddiaçının hüququ olmuşdur. Bundan sonra o, icarəyə verən kimi hərəkət etmişdir. 05 avqust 2023-cü ildə cavabdeh icarəyə götürdüyü obyektdən çıxmış və icarə müqaviləsinə xitam vermişdir. İddiaçı icarəyə verilmiş obyekti təhvil götürərkən məlum olmuşdur ki, icarə müddətində obyektə böyük məbləğdə zərər dəymişdir. Belə ki, müqavilə şərtinə əməl etmədən cavabdeh obyektin döşəməsini və divara vurulmuş aqlay örtüyünü qırmışdır. Texniki təhlükəsizlik qaydalarına riayət etmədən cavabdeh obyektə normadan artıq mal yükləyərək obyektin döşəməsinin vurulduğu daşıyıcı milləri qırmışdır. Artıq yük vurmağa görə 10-dan artıq döşəmə mili qırılmışdır. Bundan başqa, yük gətirdikləri maşınları obyektə yaxınlaşdırarkən texniki təhlükəsizlik qaydalarına riayət etmədən hər dəfə maşını çox geri verərək obyektin divarına təmas etməsinə səbəb olmuş və nəticədə obyektin divarına vurulmuş aqlay örtüyü tamamilə qırılmışdır. Bundan başqa, obyektin üzərinə kafel vurulmuş pilləkəni tamamilə uçurulmuşdur. Hətta obyektin şüşələri də qırılmışdır. İddiaçı "xxxx" MMC ilə müqavilə bağlayaraq obyektinə dəymiş zərəri qiymətləndirmişdir. 22 sentyabr 2023-cü il tarixli, 72 nömrəli qiymətləndirmə rəyinə əsasən obyektə 1336,75 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən başqasının əmlakına ziyan vurulması məsuliyyət yaradır. Zərər vuran şəxs vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçı qiymətləndirmə rəyi üçün "xxxx" MMC-yə 105 manat ödəmişdir. Bundan başqa, notariat kontoruna 21 sentyabr 2023-cü il tarixdə 20 manat və məhkəməyə dövlət rüsumu olaraq 40 manat ödəmişdir. Bu xərclər cavabdehin vurduğu ziyanı ödəməməsi nəticəsində yarandığından onları da cavabdeh ödəməlidir. Beyləqan Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(020)-1960/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) iddia təmin edilmiş, Cavabdeh icarəyə götürdüyü obyektə vurduğu zərərin əvəzi olaraq 1336,75 manat ziyan, ziyanın müəyyən edilməsi üçün "xxxx" MMC-yə ödənilmiş 105 manat, notariat xərci üçün ödənilmiş 20 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat, ümumilikdə 1501,75 manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(020)-1960/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir ki, guya cavabdeh onun əri X2 obyektinə ziyan vurmuşdur. Bu iddiasını isə bununla əsaslandırmağa çalışır ki, guya cavabdeh həmin obyekt icarəsində olduğu dövrdə bu obyektə 1950 manat ziyan vurmuşdur. Əslində həmin yerdə iki obyekt vardır. Cavabdeh icarəsində olan obyekti icarəyə götürdüyü zaman orada öz hesabına təmir işləri aparmışdır. Hansı ki, bu obyekt istifadə üçün tam hazır olmayıb və cavabdeh şəxsi vəsaiti hesabına orada təmir işləri apararaq ondan sonra oradan istifadə etmiş və icarə müddətində oraya heç bir ziyan vurmamışdır. İddiaçının əri də sağlığında həmişə bu obyektə gəlib-getmişdir. Əgər belə bir hal baş versəydi, o, buna etiraz edərdi. Hansı ki, cavabdehin icarəsində olduğu dövrdə ona belə bir irad tutulmamışdır. İddiaçı da ona hər hansı irad tutmamış və etiraz verməmişdir. İddiaçı ərinin varisi olaraq bu işləri bəlkə də bilmir, cavabdeh o obyekti təmir etdirmişdir və bununla bağlı şəkilləri məhkəməyə təqdim edəcəkdir. İddiaçı orada qüsurlu tikinti işləri aparıbsa, o, cavabdehin günahı deyil. İddiaçı bildirir ki, cavabdeh ora həddindən artıq yük yığmışdır. Bu, tamamilə yalandır. Bu məhkəmə işi ilə əlaqədar olaraq Beyləqan Rayon Məhkəməsindən cavabdehə lazımi qaydada işlə bağlı məlumat verilməmiş və onun xəbəri olmadan 04 dekabr 2023-cü il tarixdə 2(020)-1960/2023 nömrəli qətnamə qəbul edilərək əsassız olaraq iddia tələbi tam təmin edilmişdir. Məhkəmə tərəfindən icarə müqaviləsi bağlanmış qeyri-yaşayış sahəsi müəyyən edilmədən, ekspertiza təyin edilmədən, məhkəmədə onun iştirakı təmin edilmədən və işin digər zəruri halları araşdırılmadan qərar qəbul edilmişdir. Digər bir məsələ, məhkəmə bu obyektin cavabdehə hansı şəkildə təhvil verilməsi və ondan hansı şəkildə təhvil alınması ilə bağlı iddiaçıdan heç bir sübut tələb etməmişdir. Məhkəmə sübut kimi "xxxx" MMC-nin qiymətləndirmə ilə bağlı rəyini nəzərə alaraq cavabdehdən dəymiş ziyan üçün 1336,75 manat, rəyin alınmasına ödənilmiş 105 manat, notariat xərci üçün ödənilmiş 20 manat və dövlət rüsumu olaraq isə 40 manat tutulmasını qət etmişdir. Bu qətnamə tamamilə əsassızdır. Məhkəmə tərəfindən tətbiq edilmiş maddi hüquq normaları işin hallarına münasibətdə düzgün tətbiq edilməmişdir. Eləcə də prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Hansı ki, iş üzrə icarə müqaviləsi və bununla bağlı hüquq normaları tətbiq edilməli idi. Cavabdehə bu ziyanla bağlı bir dəfə də olsun iddiaçı tərəfindən protest verilməmiş və ondan ziyan əvəzi tələb edilməmişdir. Bu mübahisənin icarə müqaviləsindən yaranmasına baxmayaraq ümumi məhkəmədə baxılmışdır. İşin hallarına münasibətdə Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1096.2-ci və 1097.1-ci maddələri düzgün tətbiq edilməmiş və ya düzgün şərh edilməmişdir. Tətbiq edilməli olan maddi hüquq normaları isə tətbiq edilməmişdir. İcarə müqaviləsinə isə ümumiyyətlə münasibət bildirilməmişdir. İcarə ilə bağlı maddi hüquq normaları isə ümumiyyətlə işin hallarına münasibətdə tətbiq edilməmişdir. Subyektiv hüququn olması ilə bağlı məsələyə münasibət bildirilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Birinci instansiya məhkəməsi isə qeyd olunan mülki prossesual qanunvericiliyin tələblərini pozmaqla, işin hərtərəfli araşdırılmasında maraqlı olmamış, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Mübahisə edilən qətnamədən də görünür ki, məhkəmə qətnaməni qanunvericiliyin normalarına uyğun ümumiyyətlə əsaslandırmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia tələbi üzrə işin hallarına düzgün qiymət verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə isə qətnaməsinin əsalandırma hissəsində işin hallarına münasibətdə maddi hüquq normasını düzgün tətbiq etməmiş və tətbiq etdiyi hüquq normalarını da işin hallarına münasibətdə düzgün şərh etməmişdir. Məhkəmə cavabdehin hansı obyektdə fəaliyyət göstərdiyini, icarə müqaviləsinin hansı obyektə dair bağlandığını, obyekti cavabdehin hansı vəziyyətdə icarəyə götürdüyünü, bu icarə ilə bağlı hər hansı bir etirazın edildiyini, obyektin hansı vəziyyətdə təhvil verildiyini və sair bunun kimi halları araşdırmamışdır. Məhkəmə təqdim edilmiş şəkilləri belə araşdırmamış və buna münasibət bildirməmişdir. Bu iş üzrə heç bir hal sübut edilmədiyi halda iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş, yaşlı və xəstə olduğunu, uzaq yol gedə bilmədiyini, bu səbəbdən səhhəti ilə əlaqədar olaraq Şirvan şəhərinə getmək və məhkəmə iclasında iştirak etmək imkanının olmadığını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdəki Beyləqan rayon Qeydiyyat şöbəsinin çıxarışından görünür ki, X5 və İddiaçı xx.xx.1978-ci ildə nikahlarını bağlamışlar. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli Çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1ndə yerləşən 0,015 ha torpaq sahəsi 23 iyun 2015-ci ildə xüsusi mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Ərazi İdarəsi tərəfindən 23 iyun 2015-ci ildə AA 004290 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuş, həmin sənədin notarial qaydada təsdiqlənmiş surəti iş materiallarına əlavə edilmişdir. İşdəki 16 fevral 2022-ci il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, icarəyə verən X1 şəhəri, Magistral küçəsi ünvanında yerləşən, tam mülkiyyət üzrə ona məxsus olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini icarəçi Cavabdeh icarəyə verir. İcarə müddəti 16 fevral 2027-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. İcarəyə verilən sahənin istifadəsinə görə icarəçi Cavabdeh icarəyə verən X3 aylıq 50 manat icarə haqqı ödəyir. Müqavilənin 6-cı bəndinə əsasən, fors-major hadisəsindən sığortalanma icarəçinin vəzifəsidir. Müqavilənin 9-cu bəndinə əsasən, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İşdəki AZ-İİ 326517 seriya nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 28 dekabr 2022-ci ildə ölmüşdür. İşdəki Beyləqan rayon 1 saylı notariat ofisinin 20 sentyabr 2023-cü il tarixli, 1096 nömrəli arayış məktubundan görünür ki, Beyləqan rayon 1 saylı notariat ofisində 28 dekabr 2022-ci ildə vəfat etmiş X2 adına vərəsəlik işi açılmış və İddiaçı vərəsə kimi tanınmışdır. İşdəki İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli müqavilədən görünür ki, sifarişçi İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən mağaza binasının strukturlarına icarəçinin fəaliyyəti nəticəsində dəyməsi iddia olunan ziyanın bazar dəyəri ilə qiymətləndirilməsini sifariş etmişdir. Qiymətləndirmə xidmətinin dəyəri qarşılıqlı razılaşmaya əsasən 105 manat təşkil edir. İşdəki 20 sentyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı "xxxx" MMC-nin hesabına 105 manat məbləğində xidmət haqqı ödəmişdir. İşdəki "xxxx" MMC-nin 72 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən mağaza binasının strukturlarına icarəçinin fəaliyyəti nəticəsində ziyan dəyməsi iddia olunan mağaza binasının təmirə ehtiyac yaranmış strukturlarının bərpası üçün aparılacaq təmir və bərpa işlərinin bazar dəyəri 1336,75 manat təşkil edir. İşdəki 29 avqust 2023-cü il və 19 sentyabr 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən cəmi 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum X10 ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2022-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə verən X7 şəhəri, Magistral küçəsi ünvanında yerləşən, tam mülkiyyət üzrə ona məxsus olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini icarəçi Cavabdeh icarəyə vermişdir. İcarəyə verən Əli Kərimov 28 dekabr 2022-ci ildə vəfat etmişdir. İddiaçı mərhum Əli Kərimovun vərəsəsi kimi tanınmışdır. İddiaçının bildirdiklərinə görə, cavabdeh icarə obyektindən 05 avqust 2023-cü ildə çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İddiaçının tələbinin əsası kimi istinad etdiyi 16 fevral 2022-ci il tarixli icarə müqaviləsinin mahiyyətindən göründüyü kimi, o, torpaq icarəsi müqaviləsidir. Mülki Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. MM-in 707.1-ci maddəsinə əsasən, icarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. Hazırkı işdən icarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən ilə icarəçinin icarəyə verilən torpağın təsvirini aparmaları, torpağın və orda olan hər hansı tikililərin icarəyə verilən zaman olduğu vəziyyəti həmin təsvirdə göstərmələri müəyyən edilmir. Qanunvericinin MM-in 707.1-ci maddəsini müəyyən etməkdə məqsədi həm də ondan ibarət olmuşdur ki, icarəyə verən icarəyə verilmiş torpaq sahəsində icarəçinin fəaliyyəti nəticəsində yaranmış zərərin kompensasiya edilməsi ilə bağlı ona qarşı tələb irəli sürən zaman məhz sözügedən təsvirə istinad etsin. Hazırkı 16 fevral 2022ci il tarixli icarə müqaviləsi bağlanılan zaman isə bu cür təsvir tərtib edilmədiyindən iddiaçının cavabdeh tərəfindən zərər vurulduğunu iddia etdiyi obyektə zərərin həqiqətən də torpaq sahəsinin cavabdehə icarəyə verilməsindən əvvəl, yaxud icarə müddəti ərzində vurulmasını müəyyən etmək mümkün olmur. İddiaçı da obyektə vurulduğunu iddia etdiyi zərərin məhz cavabdehin icarə müddəti ərzində vurmasını sübut edən hər hansı sübut təqdim etməmişdir. "xxxx" MMC-nin 72 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qiymətləndirmə rəyində İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən mağaza binasının strukturlarına icarəçinin fəaliyyəti nəticəsində ziyan dəyməsi iddia olunan mağaza binasının təmirə ehtiyac yaranmış strukturlarının bərpası üçün aparılacaq təmir və bərpa işlərinin bazar dəyərinin 1336,75 manat təşkil etdiyi qeyd olunsa da, həmin rəy sözügedən obyektə məhz Cavabdeh tərəfindən zərər vurulması faktını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin rəyin təyinatı ondan ibarət olmuşdur ki, mağazanın təmir və bərpasına nə qədər xərc çəkiləcəyini müəyyən etsin. Həmin rəy sadəcə barəsində qiymətləndirmə aparılan obyektin təmiri və bərpasına hansı miqdarda pulun tələb edildiyini özündə əks etdirə bilər və həmin rəylə zərərin məhz kim tərəfindən vurulmasını müəyyən etmək mümkün deyil. İddiaçı öz tələbini əsaslandırarkən icarə müqaviləsinə istinad edərək bildirmişdir ki, obyektin fors-major hadisələrindən sığortalanması, eyni zamanda icarə obyektində texniki təhlükəsizlik qaydalarına riayət olunması icarəçinin (cavabdehin) vəzifəsidir. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, obyektin icarəçi tərəfindən sığortalanması həyata keçirilməsə belə, hazırda bu hal onun məsuliyyətinin yaranmasına əsas verə bilməz. Belə ki, hazırda iddiaçının iddia etdiyi zərərin fors-major hallardan yaranması müəyyən edilmir. Bundan əlavə, iddiaçı cavabdehin icarə obyektində texniki təhlükəsizlik qaydalarına riayət etməməsini təsdiq edən hər hansı sübut da təqdim etməmiş, sadəcə formal mülahizələrlə çıxış edərək, texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində obyektə zərər vurulduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası onu da xüsusilə qeyd edir ki, icarə müqaviləsi üzrə cavabdehin icarəsinə verilmiş icarə obyekti hazırda zərərin vurulduğu iddia edilən tikili deyil, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona zərərin vurulmasını və zərərin məhz cavabdeh tərəfindən vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin əsaslılığına və iddiaçı tərəfindən tələbin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutların təqdim edilibedilməməsinə düzgün qiymət verməmiş, iddia tələbini təmin etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, bu zaman birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən icarə obyektinə 1336,75 manat məbləğində ziyanın vurulması faktı öz təsdiqini tapmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 manat dövlət rüsumunun, qiymətləndirmənin aparılması ilə əlaqədar ödənilmiş 105 manat xidmət haqqının və 20 manat notariat xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1960/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar