Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-535/2025 20.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(064)-269/2025 saylı qərardadından İddiaçı MM QBKT tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı MM QBKT Cavabdeh Adışirin qızına qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə cəmi 2217,62 manat pulun və 42,18 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(064)-269/2025 saylı qərardadı ilə İddiaçı MM QBKT-nin Cavabdeh Adışirin qızına qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı MM QBKT Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,2(064)- 269/2025 saylı qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin əsasla iddia ərizəsi iki halda qaytarıla bilər 1) Qanunla pretenziya qaydası nəzərdə tutulduğu hallarda 2) müqavilə ilə pretenziya qaydası nəzərdə tutulduğu hallarda. Hazırkı mübahisə vətəndaşla kredit təşkilatı arasında mülki xarakterli mübahisə olmaqla açıq şəkildə müəyyəndir ki, qanunla bu kateqoriya işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası ümumiyyətlə nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş və mübahisənin yaranmasına əsas olan müqavilədə də nəinki pretenziya qaydası nəzərdə tutulmamışdır, hətta bu qəbildən olan şübhələrə yol verməmək üçün Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göründüyü kimi nə müqavilə ilə, nə də qanunla məhkəməyəqədər mübahisələrin həlli qaydası nəzərdə tutulmamışdır. Qeyd edilənləri nəzərə alaraq və bu halın iri vergi ödəyicisi və tam xarici investisiyalı hüquqi şəxs kimi sahibkarlıq fəaliyyətimizə ciddi əngəl törətdiyini və mahiyyəti bir mülki işin qaytarılması ilə bağlı olan yuxarıdakı hüquq pozuntusundan daha kənara çıxır. Füzuli Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(064)-269/2025 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-269/2025 nömrəli qərardadından İddiaçı MMQBKT tərəfindən verilmiş şikayət təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-269/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və həmin şikayətin 7 (yeddi) gün müddətində mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Füzuli Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(064)-269/2025 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsinə iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilməmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini hazırkı əsaslarla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. xx.xx.2023-cü il tarixli, № **********0372 nömrəli kredit müqaviləsinin 6.2 bəndinə əsasən Kredit verən tərəfindən Kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 (on) iş günü ərzində Krediti və (və yaxud) ona aid digər ödənişləri ödəmədikdə, Kredit Verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənə dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasına məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Qüvvədə olan Mülki Məcəllə (MM) müqaviləyə rəsmi anlayış vermişdir (maddə 389.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (maddə 389.2.). Eyni zamanda qanunun tələbinə görə, əgər qanunda ayrı qayda nəzərdə tutulmadığı hallarda müqavilədən əmələ gələn öhdəliklərə öhdəlik haqqında ümumi müddəalar tətbiq edilir (maddə,389.3.). Qanun müqavilə azadlığını müəyən etmişdir, yəni fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya, onun məzmununu müəyyənləşdirə bilər, onlar qanunda nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilər (maddə 390.1.). Bununla belə, qanun bu prinsipdən istisnalar da nəzərdə tutumuşdur, belə ki, könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduqda və qanunda birbaşa nəzərdə tutulmuş hallarda müqavilə bağlamaq vəzifə olaraq məcburi olur (maddə 390.3.). Müqavilənin formasına gəldikdə, MM-nin 406-cı maddəsinə əsasən, müqavilələr əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bir şətlə ki, qanunda həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin, 329.2-ci maddəyə görə isə əqdlər şifahi və yazılı (sadə və notariat) formada bağlanır, şifahi bağlanabilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olsun (maddə 329.3.), susmaq qanunda və tərəflərin razılaşmasında nəzərdə tutulduğu halda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır (maddə,329.4.). Göründüyü kimi müqavilənin şərtlərində tərəflər razılaşmışlar ki, 10 günlük xəbərdarlıq müddətinin müəyyən edilməsi iddiaçının birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasına məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X4rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). Hazırkı işin hallarını nəzərə alan məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı halda iddiaçıya münasibətdə onun məhkəmə müdafiə hüququndan istifadə edə bilməsi hüququnu məhdudlaşdırmışdır. Belə olan halda, məhkəmə tərkibi şikayətin Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)- 269/2025 saylı qərardadının ləğv edilməsinə dair hissəsini əsaslı hesab edir. Eyni zamanda, məhkəmə tərkibi şikayətin “işin icraata qəbul edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə şikayət təmin edilməməlidir. Belə ki, apellyasiya məhkəməsinin iddia ərizəsini icraata qəbul etmək kimi səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(064)-269/2025 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MM QBKT tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(064)-269/2025 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. İddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-535/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-535/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver