Məhkəmə qərarları › İş №2(106)-540/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-540/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-540/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2(032)-1190/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları "xxxx" ASC ilə Səfiyev Elşən Ali oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********83 nömrəli istehlak krediti müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 17 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli kassa məxaric orderinə əsasən müəyyən olunur ki, Səfiyev Elşən Ali oğlu kredit müqaviləsində razılaşdırılmış 10000 manat məbləğində pulu almışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səfiyev Elşən Ali oğlu xx.xx.2020-ci il tarixdə bronxların və ya ağciyərin çatışmazlığı diaqnozu ilə Şirvan şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 460 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 1689 nömrəli məktubundan görünür ki, Səfiyev Elşən Ali oğlunun Şirvan şəhəri 1 saylı Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə iş açılmışdır. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Şirvan şəhəri 1 saylı notariat kontorunun notariusu şəhadətnamədə miras əmlakın – xx.xx.2020-ci il tarixdə vəfat etmiş- Səfiyev Elşən Alı oğlunun vərəsələri : ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: "xxxx" ASC-nin Şirvan şəhər filialında olan 947 manat 42 qəpik pul vəsaitindən ibarətdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Şirvan şəhəri 1 saylı notariat kontorunun notariusu şəhadətnamədə miras əmlakın – xx.xx.2020-ci il tarixdə vəfat etmiş- Səfiyev Elşən Alı oğlunun vərəsələri : ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin tabeliyində DSMF Maliyyə və mühasibatlıq üzrə Mərkəzi Filialında olan 793 manat 46 qəpik pensiya məbləğindən ibarətdir. Maliyyə arayışına əsasən cavabdeh Səfiyev Elşən Ali oğlunun xx.xx.2024-cü il tarixə "xxxx" ASCyə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 8486 manat 28 qəpik əsas, 02 qəpik faiz, cəmi 8486 manat 30 qəpik borcu vardır. "xxxx" ASC-nin Səfiyev Elşən Ali oğlunun vərəsəi Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən Səfiyev Elşən Ali oğlunun əsas kredit borcu üzrə 8486 manat 28 qəpik məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə bank tərəfindən borc tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Səfiyev Elşən Ali oğlunun vərəsəsi Cavabdeh 8486 manat 28 qəpik əsas, 0.02 manat faiz olmaqla, cəmi 8486 manat 30 qəpik borcun və 104 manat 87 qəpik məbləğində dövlət rüsumunun və 40 qəpik məbləğində xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şirvan” filialı ilə Səfiyev Elşən Ali oğlu arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli, BPM**********83 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 10000 (on min) manat məbləğində kredit verilmişdir. X4 Ali oğlu 05 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Şirvan şəhəri 1 saylı notariat ofisinin 30 dekabr 2023-cü il tarixli, 1689 nömrəli məktubu və ona əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə müəyyən edilmişdir ki, mərhum Səfiyev Elşən Ali oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş 14 may 2024-cü il tarixli maliyyə arayışa əsasən, Səfiyev Elşən Ali oğlunun vəfat etdiyi tarixə banka ödənilməmiş 8486.28 manat əsas, 0.02 manat faiz olmaqla, cəmi 8486.3 (səkkiz min dörd yüz səksən altı manat 30 qəpik) manat kredit borcu qalmışdır. Cavabdeh, mərhum Səfiyev Elşən Ali oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı tərəf hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh çatdırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Şəhər Məhkəməsinin e-2(032)-1190/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 1306.1, 1151, 1146, 1255, 1234.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə, Azərbaycan Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarının 1-ci bəndinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Ona mərhum həyat yoldaşından çatan pay ümumilikdə 1740 manat 88 qəpik məbləğindədir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X2 apellyaya şikayətini müdafiə edərək təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Göründüyü kimi, iddiaçı tərəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada iclas barədə məlumat verilmiş, lakin iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, hər hansı müraciəti daxil olmamışdır. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 385.1-ci maddəsinə görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mülki Prosessual Məcəllə: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Aydındır ki, mövcud qanunvericiliyə əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə, əvvəla qeyd etmək lazımdır ki, mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Apellyasiya şikayətində cavabdeh tərəf Mülki Məcəllənin 1306.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarına istinad edərək, ona mərhum həyat yoldaşımdan çatan payın ümumilikdə 1740 manat 88 qəpik məbləğində olmasını qeyd edir. Kollegiya qeyd edir ki, hazırkı halda miras qoyanın vərəsəsi olan cavabdeh Familə Səfiyev, mirasın mərhumun iddiaçı bank təşkilatına olan borcunun onun çatası miras payının dəyərindən çox olduğunu iddia etsə də, bu halı sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı hallar istisna olmaqla, miras qoyanın borclarının mirasın dəyərindən çox olduğunu sübutetmə yükü vərəsənin üzərinə düşür. Bu baxımdan, Cavabdeh apellyasiya şikayətində qeyd etmiş olduğu dəlili təsdiqləyən müvafiq sübutlar təqdim etmədiyindən, onun bu arqumenti əsaslı hesab edilə bilməz. Nəticə etibarilə, borcun ödənilməsi məsələsində məhkəmə mirasın dəyərinin borcu ödəməyə kifayət edib-etmədiyini sübut etməyi vərəsənin öhdəsinə qoyacaqdır. Əgər Cavabdeh miras qoyanın bank qarşısında olan borcunun ona çatan miras payından artıq olduğunu iddia edirsə, bu faktı məhkəməyə müvafiq sübutlarla təqdim etməlidir. Məhkəmə təcrübəsində sübutetmə yükü qaydaları belə hallarda mühüm rol oynayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf iddia etdiyi faktların əsaslılığını sübut etməlidir. Buna görə də:

1. Vərəsə iddia edirsə ki, borc mirasdan çoxdur, o, bunu rəsmi sənədlərlə təsdiqləməlidir (məsələn, mirasın dəyərini əks etdirən qiymətləndirmə aktları və s.).

2. Əgər bu sübutlar təqdim olunmasa, məhkəmə miras qoyanın borcunun vərəsənin miras payından artıq olduğunu qəbul etməyə bilər.

3. Sübut təqdim olunmadığı halda, vərəsə borcları miras çərçivəsində ödəməli olacaq. Bu səbəbdən Cavabdeh borcun mirasdan artıq olduğunu sübut edə bilmədiyi üçün birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsulla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmlakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə 1246;1256) rəsmiləşdirilməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301 -ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərar). Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qətetdi:

Cavabdeh nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2(032)-1190/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar