Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-541/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, vəkili və eyni zamanda nümayəndəsi Vəkil1, Cavabdeh, vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(055)-620/2024 saylı qətnaməsindən (hakim M.Sadıqov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, 155000 ABŞ dolları pulun və 554 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşı ilə tələbə yoldaşı olmuş və qardaşı vasitəsilə münasibətləri yaranmışdır. Daha sonra cavabdeh ona məxsus şirkətdə hüquqşünas kimi çalışmışdır. Sonrakı dövrlərdə şirkətin və onun özünün hüquqi problemləri yaranmışdır. Cavabdeh ondan hüquqi yardım göstərmək və onun problemlərini həll etmək məqsədilə ilk dəfə 2021-ci ilin dekabr ayında 130000 ABŞ dolları, 2022-ci ilin aprel ayında isə 25000 ABŞ dolları olmaqla, cəmi 155000 ABŞ dolları pul almışdır.Lakin cavabdeh vədinə əməl etməyərək onu aldatmışdır.Cavabdehin ondan qeyd edilən məbləğdə pul alması onun barəsində Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan zamanı cavabdehin verdiyi izahatı ilə, eləcə də aralarındakı yazışmalarla təsdiq olunur. Lakin hal-hazıradək cavabdeh pulu qaytamamışdır Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, müsbət nəticə əldə etməmişdir. Odur ki, məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(055)-620/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı vəkilinin iştirakı ilə tərtib olunmuş iddiadan imtina etməsi barədə ərizə verərək iş üzrə icraata xitam verilməsini xahiş etdi və iddiadan imtinanın doğuracağı hüquqi nəticələrin ona izah olunduğunu bildirdi. Məhkəmədə cavabdeh və onun vəkili iddiadan imtinanın qəbul edilməsinə etirazlarının olmadığını bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbdən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti verilir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 384.0.5, 400, 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X1 iddiadan imtinası qəbul edilsin. Saatlı Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(055)-620/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada verildiyi gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-541/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-541/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver