Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-542/2024 07.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: maddi ziyan tələbi, sübut təqdim etməyib X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı (MMC-nin) Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin (hakim Telman Quliyev) 04 dekabr 2023-cü il tarixli, e- 2(036)-3009/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 3556,77 manat və ödənilmiş mediasiya xərclərinə görə 55 manat pul vəsaitinin tutulub iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 23-1 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 097 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il il tarixli 434 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin - OBA Xırdalan 20 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3398 (üç min üç yüz doxsan səkkiz) manat 63 (altmış üç) qəpik və həmçinin kassa kəsiri 158 (bir yüz əlli səkkiz) manat 14 (on dörd) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 3398 (üç min üç yüz doxsan səkkiz) manat 63 (altmış üç) qəpik çatışmazlıq və həmçinin 158 (bir yüz əlli səkkiz) manat 14 (on dörd) qəpik müəyyən edilmişdir. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3556 (üç min beş yüz əlli altı) manat 77 (yetmiş yeddi) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İşə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. İmişli Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(036)-3009/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə iddia müddəti tətbiq etməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayacan Respublikası Əmək Məcəlləsinin 3-cümaddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il Qərarında qeyd edilən tələbləri kobud şəkildə pozmuşdur. Həmin qərarda göstərilir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti yoxdur. Odur ki, yuxarıda qeyde dilən faktiki hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Eyni zamanda iddia tələbinin əsaslılığına dair məhkəməyə kifayət qədər sübutlar təqdim edilmişdir, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmuşdur və buna görə də iddia tələbi tam təmin edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 07 mart 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu cavabdehə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinin tələblərinə əsasən yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 296.5-ci hissə. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etəməmişdir. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC satış departamentinin satış şöbəsinə satıcı- kassir vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 23-1 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş və onunla "X3” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 097 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla "X3” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə "Oba Market” MMC-nin - OBA Xırdalan 20 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində onun Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə "İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3398 (üç min üç yüz doxsan səkkiz) manat 63 (altmış üç) qəpik və həmçinin kassa kəsiri 158 (bir yüz əlli səkkiz) manat 14 (on dörd) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Cavabdeh xx.xx.2022-ci il il tarixli, 434 saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə müqavilə müddəti bitdiyinə görə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 3398,63 manat çatışmazlıq və həmçinin 158,14 manat kassa kəsiri müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC audit yoxlaması aparılmadan daxili inventarizasiya yoxlaması aparmış və xx.xx.2022-ci il tarixdə işçi Cavabdeh ona maddi ziyan vurmasını müəyyən etmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanı tələbi etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etmiş, iddianı rədd etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi X1 qeyd olunan hüquqi mövqeyini nəzərə almamış və iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfindən ərizə verilmədiyi halda, iddia müddətini tətbiq etməklə pozuntuya yol vermişdir. İşçinin X3ini tənzimləyən Əmək Məcəlləsinin 199-cu maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə və sair. Kollegiya qeyd edir ki, vurulmuş ziyan tələb edildiyi halda, mövcud ziyan ortada olmalı, ziyan cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Qanunun tələbinə görə, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. (Əmək Məcəlləsi maddə 203). Kollegiya hesab edir ki, mövcud ziyanın cavabdeh tərəfindən vurulması, onun təqsirli hərəkətinin olması iddiaçı tərəfindən sübuta yetirilmir, Yəni iddiaçı cavabdehin onlara maddi ziyan vurması ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş və ya edə bilməmişdir. Buna görə də kollegiya hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi yeni əsasla- iddia tələbi sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. İddiaçının apellyasiya şikayəti qismən təmin olunsa da, mahiyyətcə iddiası təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti qanunvericiliyin müəyyən etdiyi 5000 manat məbləğindən az olduğundan, bu qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(036)-3009/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə iddia təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-542/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-542/2024
07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver