Məhkəmə qərarları › İş №2(106)-543/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-543/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-543/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən, məruzəçi), Hüseynov Fikrət Çilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(036)-1683/2024 saylı (hakim O.Mahmud) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan avtomobillərə, “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə 5285 manat və “Chevrolet Cruze” markalı **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobilə vurduğu zərərə görə 435 manat pulun, cəmi 5720 manat pulun və ödənilmiş 79 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu, Qaradonlu kəndində yaşayan Cavabdeh ilə xalası 2016-cı ildə faktiki nikah münasibətinə girərək ailə həyatı qurmuşdur. Onların ailə daxili münasibətləri düz gəlmədiyinə görə 02 avqust 2021-ci il tarixdə Cavabdeh döyərək xalasını evdən qovmuş və həmin vaxtdan xalası bu və ya digər yerlərdə kirayədə azyaşlı uşağı ilə yaşayır. Cavabdehla evli olarkən xalasının xəstəliyinə görə o, özünə məxsus olan “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında ona idarə etməyə vermişdir. Cavabdeh xalasını evdən qovduqdan sonra etibarnamə ilə verdiyi avtomobili sonuncu qaytarmaqdan imtina etmişdir və bildirmişdir ki, həmin avtomobil ona məxsusdur. Bununla bağlı qaldırdığı iddia ərizəsinə sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsində xx.xx.2024-cü il tarixdə baxılaraq “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili əsl sahibi İddiaçı qaytarılması qət edilmişdir. Ali Məhkəmənin qərarından sonra İmişli rayon İcra və Probasiya Şöbəsi tərəfindən İmişli Rayon Polis şöbəsinin əməkdaşları vasitəsi ilə İddiaçı məxsus “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh hazırda yaşadığı və birgə nikah dövründə onun tikdirdiyi evin altında yerləşən qaraj hissəsindən götürülüb polis şöbəsinə dayanacağa gətirilmiş və bundan sonra həmin avtomobil İddiaçı təhvil verilmişdir. Təhvil vermə zamanı icraçıların və polis əməkdaşlarının iştirakı ilə mütəxəssis çağırılaraq həmin avtomobilin texniki vəziyyəti yoxlanılmışdır. "xxxx" MMC-nin mütəxəssisləri, ustaları “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinin sıradan çıxması nəticəsində cəmi 5285 manat dəyərində zərər vurması müəyyən edilmişdir. Bundan əlavə kirayədə qaldığı vaxt o, xalası X3 idarə etmək üçün “Chevrolet Cruze” 77- AD-178 dövlət qeydiyyat nömrəli avtomobili də idarə etmək üçün ona vermişdir. Cavabdeh 08 sentyabr 2023-cü ildə qovulduğu evə gedib uşağının və özünə aid olan əşyaları götürmək istəyərkən Cavabdeh xalasını döyüb idarə etdiyi həmin avtomobili təpiklə vurub müxtəlif hissələrini əzmişdir. "xxxx" MMC-nin mütəxəssisləri, ustaları “Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobilə 435 manat zərər vurmasını müəyyən etmişlər. Cavabdeh ona məxsus olan avtomobillərə vurduğu 5720 manat pulu ondan dəfələrlə tələb etmiş, lakin sonuncu vurduğu zərəri ödəməkdən imtina etməklə boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 305 nömrəli arayışından görünür ki, “Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobilin qabaq sol qanad əziyi, arxa sağ stopun sındırılması, sol yan güzgünün qırılması müəyyən edilmiş və bunun nəticəsində həmin avtomobilə 435 manat zərər müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 170 nömrəli arayışından görünür ki, “Mersedes E-220” markalı 99- EP-689 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq banperi, qabaq sağ qanadı, arxa sağ qanadı, arxa sol qanadı, qabaq sol qanadı, arxa stopları, qabaq kapotu, arxa sağ qapı, arxa kapotu, arxa sol qapı, beli, rulevoyu (sükan idarə etməsi), alt şarovoyu sağ və sol hissələri, 2 ədəd stabilizatoru, nakaneçni tyaqaları, arxa raboçi (işlədici), motorun arxa salniki və görüləcək işlərə boya və sürtgü materialları, dəmirçi, malyar, elektrik və çilingər işlərinə görə 5285 manat zərər müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, maşını özü almış lakin banka kredit borcu olduğu üçün İddiaçı adına rəsmləşdirmişdir. Onun xalası X5 ilə yol gedə bilməmiş və ondan ayrılmışdır. Bundan sonra o, onu məhkəməyə verərək avtomobili “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ondan almışdır. Maşın ona məxsus olmuşdur. Nə cür istəmişdir o cür də sürmüşdür. Ona görə də təmir elətdirməmişdir. Buna görə də hazırda iddiaçı həmin maşına görə ondan ziyan tələb edə bilməz. “Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə heç bir ziyan vurmamışdır. Onun xalası X2 məxsusdur. Ondan ayrıldığı üçün onun evinə hücum çəkmişlər, video görüntüsü də mövcuddur. Həmin maşına o özü qapıya – darvazaya çırpmışdır. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(036)-1683/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 5285 (beş min iki yüz səksən beş) manat məbləğində pul vasaiti, ödənilmiş dövlət rüsumunun 72,85 (yetmiş iki manat səksən beş qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, onun iddiaçının avtomobilinə zərər vurmağı barədə əsaslı sübut yoxdur. İddiaçı təqdim etdiyi aktı onun iştirakı və xəbəri olmadan yazılmışdır. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutları araşdırmadan qəbul etmiş, avtomaşına vurulmuş zərərin onun tərəfindən vurulmamasını təsdiq edəcək şahidlərini dindirməmişdir. Maddənin tələbləri üzrə hüquqları pozulmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının sübutları saxta olsa da, məhkəmə tərəfindən qiymətləndərilməmişdir. Mülki Prosesual Məcəllənin işdə iştirak edən şəxslərin vəsatətlərinin həllinin ümumi qaydasını müəyyən edən 184.4-cü maddəsinə uyğun olaraq, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Məhkəmə isə onun avtomaşını saz halda təhvil verməyinin şahidlərinin dindirilməsi barədə vəsatətini müzakirə etməmişdir. Hesab edir ki, mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı Cavabdeh vermiş olduğu apellyasiya şikayətinə 04 mart 2025-ci il tarixdə yazılı etiraz verərək, birinci instansiya məhkəməsinin qanuni qərar çıxarmasını, Cavabdeh apellyasiya şikayəti verməkdə məqsədinin vaxtı uzatmaq olduğunu və qətnamənin qüvvəsində saxlanılmasını xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, onun təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Vətən Müharibəsi iştirakçısıdır. Bildirmişdir ki, mübahisəli avtomobili 2014-cü ildə almışdır. Lakin onun zamin kimi bank qarşısında 44 000 dollar kreditə görə öhədliyi olduğundan və avtomobilin üzərinə həbs qoyulmaması məqsədilə həmin avtomobili faktiki nikahda olan arvadı Könülün bacısı oğlu hazırkı İddiaçı adına keçirmişdir. Buna görə də öz avtomobilini Ramalın vermiş olduğu etibarnamə əsasında idarə etmişdir. Sonradan Könüllə münasibətləri korlandığından Ramal ona qarşı avtomobil tələbi ilə bağlı iddia qaldırmışdır. İmişli rayon məhkəməsi “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ondan alınaraq iddiaçıya verilməsini qət etmişdir. Şikayətlər versədə Apellyasiya və Kassasiya instansiya məhkəmələri İmişli rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bundan sonra 2022-ci ilin may ayında polislər və icra məmurları onun evinə gələrək avtomobilini işə salaraq sürüb aparmışlar. Həmin vaxt avtomobili saz vəziyyətdə və işlək olmuşdur. Mübahisəli avtomobillə bağlı tərtib edilmiş qüsur aktını qəbul etmir. O, özününkü olan avtomobili çalışdığı qədər saz saxlamışdır. Həmçinin qüsur aktı tərtib edilərkən ona məlumat verilməmiş, akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Bundan başqa əgər iddiaçı mübahisəli avtomobili ona sürmək üçün vermişdirsə həmin avtomobilin əvvəlki vəziyyəti ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Avtomobil özünə məxsus olduğundan həmin avtomobilə özününkü kimi baxmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının iştirakını təmin etmək məqsədilə məhkəmə iclası təkrar təxirə salınmış, lakin iddiaçı təkrar olaraq kollegiyanın iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməklə, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam olaraq apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nə¬ticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əm¬lakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödə¬nilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1619/2024 saylı qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan “Mercedes Benz E220 CDİ minik“ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 150 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1376/2022 nömrəli qətnaməsi ilə (hakim Ü.O.Qənbərov) iddia təmin edilmiş, İddiaçı məxsus olan “Mercedes Benz E220 CDİ minik“ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 145 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - P.T.Əhmədov (sədrlik edən və məruzəçi) S.İ.Mayılov və T.S.Kərimov) 1 iyun 2023-cü il tarixli, 2(106)- 609/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Şamayev (məruzəçi), E.Vəliyeva və A.Abbasov) 11 oktyabr 2023-cü il tarixli, 2(102)- 3500/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2(103)-609/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – T.X.Heydərov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) 2(106)-1898/2023 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, İmişli Rayon Məhkəməsinin 2(036)1376/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan İmişli Vaz təmir stansiyası MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli zərər aktdan görünür ki, “Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobilə 435 (dörd yüz otuz beş) manat ziyan dəymişdir. İş materiallarında olan İmişli Vaz təmir stansiyası MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli zərər aktdan görünür ki, “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nömrəli avtomobilə 5285 (beş min iki yüz səksən beş) manat ziyan dəymişdir. İş materiallarında olan foto şəkillərdən görünür ki, “Mersedes E-220” markalı **-EP- *** qeydiyyat nömrəli avtomobilin xaricində müxtəlif yerlərdə zədələr mövcuddur. İş materiallarında olan adın, ata adının və soyadının dəyişdirilməsi haqqında AZ İ 033221 saylı şəhadətnamənin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X1 adı və soyadı “Əsədova Təranə”-dən “Əsədli Könül”-ə dəyişdirilmişdir. İş materiallarında olan DVD diskdəki audio-video yazıya baxış zamanı “Mersedes E- 220” markalı **-EP-*** və Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobillərə həmin zaman hər hansı zərərin vurulması müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobil üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Elekton Məhkəmə Sistemindən çıxarışdan görünür ki, “Mersedes E-220” markalı 99- EP-689 dövlət qeydiyyat nömrəli avtomobil üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı cavabdehdən avtomobilə vurulmuş ziyanı tələb etmişdir. İmişli Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı məxsus “Mersedes E-220” markalı **- EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən 5285 (beş min iki yüz səksən beş) manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, iddiaçıya məxsus olan mübahisəli avtomobilə heç bir ziyan vurmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəmə prosessual hüquq normalarının tələblərini pozmuş, işin hallarının sübut edilməməsinə baxmayaraq, iddianı qismən təmin etmişdir. Belə ki, iddia tələbindən də göründüyü kimi iddia iddiaçıya məxsus avtomobilə cavabdeh tərəfindən vurulmuş ziyanla bağlıdır. Mülki qanunvericilikdə ziyan vurmanın üç növü fərqləndirilir. 1) Deliktdən yaranan ziyan vurma 2) müqavilədən əmələ gələn ziyan vurma və 3) əsassız varlanma nəticəsində yaranan ziyan vurma. Hazırkı işə nəzər saldıqda müəyyən edilir ki, iddiaçının iddia tələbinin əsasını deliktdən irəli gələn ziyan vurma təşkil edir. Lakin iddiaçı mübahisəli avtomobilinə cavabdeh tərəfindən ziyan vurulmasını sübuta yetirə bilməmişdir. İddiaçı İmişli Vaz təmir stansiyası MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli zərər aktı ilə “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nömrəli avtomobilə 5285 (beş min iki yüz səksən beş) manat ziyan dəyməsi ilə bağlı qüsur Aktını əlavə etsə də həmin qüsur aktı əsasında avtomobilə cavabdeh tərəfindən hansı şəraitdə ziyan vurulmasını əsaslandırmamışdır. Belə ki, iddiaçı avtomobili cavabdehə müqavilə üzrə icarəyə və yaxudda başqa əsasla verməmiş, mübahisəli avtomobil cavabdehdə hüquqi və qanuni əsas olmadan qalmamış, həmçinin cavabdehin avtomobilə ziyan vurulması müəyyən edilmir. İddiaçı mübahisəli avtomobili cavabdehə xalasının xəstə olması səbəbi ilə idarə etməsi üçün verməsini qeyd edir. Lakin xalası ilə cavabdehin münasibətləri korlandığından avtomobilini cavabdehdən geri tələb etmək məcburiyyətində qalmasını bildirir. Göründüyü kimi iddiaçı avtomobili idarə etmək üçün cavabdehə verərkən həmin avtomobilin hansı vəziyyətdə (saz, işlək və s.) olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı qeyd edir ki, mübahisəli avtomobil polis və icra məmurları tərəfindən cavabdehə məxsus qarajdan götürülərək polisin duracağına gətirilmiş və orada mütəxəssiz dəvət edilərək qüsur aktı tərtib edilmişdir. Göründüyü kimi avtomobil idarə edilərək duracağa gətirilmişdir. Bu isə avtomobilin işlək olmasına dəlalət edir. Qeyd edilən qüsur aktı tərtib edilərkən cavabdeh orada iştirak etməmişdir. Həmçinin iddiaçının avtomobili cavabdehin idarəetməsinə verərəkən avtomobilin hansı vəziyyətdə (saz, işlək və s.) olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən sonradan tərtib edilən qüsur aktına münasibətdə də məhkəmə tərəfindən hər hansı dəyərləndirmə aparılmamışdır. Həmçinin iddiaçı birinci instansiya məhkəməsinin iclası zamanı tərtib edilmiş qüsur aktına əsasən dəymiş ziyanla bağlı müvafiq əmtəəşünaslıq ekspertizasının təyin edilməsi vəsatəti ilə çıxış etməmiş, məhkəmə də belə iş üzrə müvafiq ekspertiza təyin etməmişdir. Kollegiyanın birinci baxışında tərəflər iştirak etməmiş, buna görə də kollegiya tərəflərin iştirakını təmin etmək üçün məhkəmə iclasını təxirə salmışdır. Lakin növbət məhkəmə iclasında cavabdeh iştirak etsə də iddiaçı təkrar olaraq kollegiyanın iclasında iştirak etməmiş, bununla da mübahisəli avtomobilin təmir edilib-edilməməsi, həmin avtomobilin hələ də iddiaçının mülkiyyətində olub-olmamasını aydınlaşdırmaq mümkün olmamışdır. Göründüyü kimi cavabdehin mübahisəli avtomobilə maddi ziyan vurulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsaslı olmasına dair məhkəməyə hər hansı əsaslı sübut təqdim edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmamışdır. Buna görə də Cavabdeh tərəfindən apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(036)-1683/2024 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “cavabdehin “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə 5285 manat dəymiş ziyan” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385.1.3, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(036)-1683/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “cavabdehin “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə 5285 manat dəymiş ziyan” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar