Məhkəmə qərarları › İş №2(106)-546/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-546/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-546/2025 15.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə Masallı Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borca görə 10350 manat və dövlət rüsumuna görə 122 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır: Cavabdeh qohumları vasitəsi ilə tanımış və aralarında yaxın münasibət yaranmışdır. Yaxın münasibətə görə cavabdeh ondan borc istəmiş, o da cavabdehə xx.xx.2024-cü il tarixdə 8.750 (səkkiz min yeddi yüz əlli) manat və xx.xx.2024-cü il tarixdə 4000 (dörd min) manat borc pul vermişdir. Cavabdeh 8750 manat pulu 5 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək qaytarmağı, 4000 manat pulu isə 2 ay, yəni xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş, borcundan 1400 və 1000 manat olmaqla, cəmi 2400 manat qaytarmış, qalan 10.350 manatı qaytarmamışdır. Cavabdeh 8.000 manatdan hər ay 750 manat qaytarmağı, 4000 manatdan isə hər ay 375 manat qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini vaxtaşırı icra etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbi cavabdehlə aralarında bağlanmış borc müqaviləsinə əsaslanır və borcun əsasını cavabdehin öz xətti ilə yazmış olduğu qəbzlər təşkil edir. Cavabdehə borcun qaytarılması barədə dəfələrlə xəbərdarlıq etmiş, lakin cavabdeh borcu qaytarmamışdır. Sonra iddiaçı tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdehə əlavə olaraq 1000 manat da verdiyini qeyd etməklə Cavabdeh borca görə cəmi 11.350 (on bir min üç yüz əlli) manat və dövlət rüsumuna görə 122 (bir yüz iyirmi iki) manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Artırdığı tələbini belə əsaslandırmışdır ki, cavabdeh bəzi əşyalarını onda girov qoyub borca 1000 manat almışdır. Səma girov əşyalarını ondab tələb etdiyinə görə, o da əlavə verdiyi 1000 manatını tələb edir. Bundan başqa, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, girov kimi ondan alınan ACER markalı qırmızı rəngdə noutbukun (kompyuter), 2 ədəd qızıl sepin (üzərində buğa burcu və N hərfi olan kulonlar), reket qolbağın (körpə uşaq üçün), ərinə məxsus Alyans üzüyün, qara Pandora qolbağın, 2 ədəd halqa sırğanın, 1 ədəd uşaq qolbağının cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tələbini əsaslandırarkən göstərmişdir: İddiaçı iddiasını qismən qəbul edir və qeyd edir ki, onun İddiaçı cəmi 5150 manat borcu qalmışdır. O, əvvəllər də İddiaçı borca pul götürmüşdür. Həmişə verilən puldan əlavə ona faiz ödəmişdir. İlk iddia üzrə iddiaçının ərizəsində qeyd etdiyi 8750 manat pul ona verilməmişdir. İddiaçının istinad etdiyi qəbzdə 8750 manat qeyd olunsa da, çıxılmaz vəziyyətdə qalıb ona imza etmişdir. Ona məxsus **********643898 nömrəli karta xx.xx.2024-cü il tarixdə Fərqiyyənin kartından 5000 manat pul daxil olmuşdur. Bu bir daha onun xx.xx.2024-cü il tarixdə imza etdiyi qəbzdə göstərilən 8750 manat pulun tam olaraq verilmədiyini və yerdə qalan 3750 manat pulun faizi olaraq hesablandığını əyani olaraq sübut edir. Qalan 3750 manata dair iddiaçı məhkəməyə sübut təqdim etməyib. Həmin 5000 manat borcdan (950+1400) 2350 manat pulu özünə məxsus **********643898 nömrəli kartdan iddiaçının **********969810 nömrəli kartına göndərməklə ona qaytarmışdır. xx.xx.2024-cü il tarixdə imza edilən qəbzə gəldikdə isə eyni qaydada qəbzdə məbləğ 4000 manat göstərilmiş lakin, ona məxsus **********468807 nömrəli kartına 2500 manat İddiaçı məxsus kartdan göndərilmişdir. Həmin məbləğdən isə Fərqiyyəyə heç nə qaytara bilməmişdir. 1500 manat faiz olaraq qəbzdə göstərilmişdir. Əgər 1500 manatın da ona verilməsi ilə bağlı sübutu varsa məhkəməyə təqdim edilməsini tələb edir. Ümumilikdə ona (5000+2500) cəmi 7500 manat pul verilmişdir ki, onun da 2350 manatını qaytarmışdır. Hazırda İddiaçı cəmi 5150 manat borcu qalmışdır. Həmçinin qeyd edir ki, onun tərəfindən həmin qəbzlər imzalanarkən girov olaraq özünə məxsus əşyaları cavabdehə təhvil vermişdir və həmin əşyalar ona qaytarılmamışdır. Əşyaların ona qaytarılmasını İddiaçı tələb edir. Həmin əşyaların girov olaraq ondan götürülməsini və hal-hazırda da onda olmasını mesajlaşma şəbəkəsində İddiaçı tərəfindən ona göndərilmiş səs yazısı sübut edir. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçı qarşı tərəfin tələb olunan borcun bir hissəsinin əsas borca hesablanmış əlavə faiz borcu olması barədə etirazına münasibətdə qeyd etmişdir ki, cavabdehin özü tərəfindən yazılmış əlyazmada və məhkəməyə təqdim edilmiş səs yazılarda faizlə bağlı heç bir sübut, tərəflər arasında razılaşma olması müəyyən edilmir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə əşyaların 1000 manat borcun qarşılığı kimi alındığını, pulun ödənildiyi halda həmin əşyaların geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində ilk iddia üzrə cavabdehin nümayəndəsi iddiaçı tərəfindən təqdim edilmiş audiodiskdəki səsin, eləcə də məhkəməyə təqdim edilmiş əlyazmadakı imzanın Cavabdeh məxsus olduğunu inkar etməmiş, cavabdehin çıxılmaz vəziyyətdə qalıb qəbzə imza etdiyini qeyd etmiş, izahatında cavabdehin İddiaçı əvvəllər də borc aldığını, faizi ilə qaytardığını bildirmişdir. Bundan əlavə, cavabdeh 1000 manat məbləğdə borca münasibətə bildirmişdir ki, həmin pul vəsaiti Cavabdeh məxsus kart hesabına deyil, digər şəxsə məxsus kart hesabına atılmışdır. Bu səbəbdən etirazını belə əsaslandırmışdır ki, iddia tələbi 1000 manata münasibətdə digər şəxsə qarşı irəli sürülməlidir. Masallı Rayon Məhkəməsinin (hakim E.Abbasova) 22 noyabr 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh 11350 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 122 manat İddiaçı xeyrinə tutulması qət edilmiş, eyni zamanda qarşılıqlı iddia təmin edilmiş, ACER markalı qırmızı rəngli kompüter, 2 ədəd qızıl sep (üzərində buğa bürcü və “N” hərfi olan kulonlar), uşaq üçün reket qolbaq, alyans kişi üzüyü, qara rəngli Pandora qolbaq, 2 ədəd halqa sırğa, 1 ədəd uşaq qolbağının İddiaçı alınaraq Cavabdeh qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi hər iki iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2, 329.1, 337.1, 337.5-ci maddələrinə istinad etmişdir. Qətnamədən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməsinə dair hissəsinin ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, ilkin iddianı qismən qəbul edir, belə ki, onun iddiaçıya cəmi 5150 manat borcu qalmışdır. Əvvəllər də o iddiaçıdan borca pul götürmüşdür. Həmişə verilən puldan əlavə ona faiz ödəmişdir. Şikayətə görə, iddiaçının ərizəsində qeyd etdiyi 8750 manat pul cavabdehə verilməmişdir. 8750 manat borcunun olması barədə qəbzi çıxılmaz vəziyyətdə qalıb ona imza etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının kartından onun kartına 5000 manat pul daxil olmuşdur. Bu da onun xx.xx.2024-cü il tarixdə imza etdiyi qəbzdə göstərilən 8750 manat pulun ona tam olaraq verilmədiyini və yerdə qalan 3750 manat pulun faiz olaraq hesablandığını təsdiq edir. Həmin 5000 manat borcdan (950+1400) 2350 manat pulu özünə məxsus **********643898 nömrəli kartdan iddiaçının istifadəsində olan **********969810 nömrəli kartına göndərməklə ona qaytarmışdır. xx.xx.2024cü il tarixdə imza edilən qəbzə gəldikdə- məbləğ 4000 manat göstərilmiş, lakin onun kartına 2500 manat göndərilmişdir. Həmin məbləğdən iddiaçıya heç nə qaytara bilməmişdir. 1500 manat faiz olaraq qəbzdə göstərilmişdir. 2500 manat xx.xx.2024-cü il tarixdə ona göndərilmişdir. Ona cəmi 7500 manat pul verilib ki, onun da 2350 manatını qaytarmışdır. Hazırda iddiaçıya 5150 manat borcu var. Cavabdeh apellyasiya şikayətində onu da göstərmişir ki, iddiaçı tərəfindən xx.xx.2023cü il tarixdə 1000 manat pul məbləği onun kart hesabına köçürülməmişdir. Bundan başqa, məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borclu olduğu halda bunu da etməmişdir. İzahatlar Apellyasiya baxışında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- ilkin iddiaya dair hissədə ləğv edilməklə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdeh 8750 manat barədə qəbzi imza etsə də bu qəbz üzrə onun kartına 5000 manat, imzaladığı 4000 manat barədə qəbz üzrə isə kartına 2500 manat pul köçürülmüşdür. Qalan məbləğ faiz olmuşdur. Cavabdeh qəbzlərin onun tərəfindən imzalandığını inkar etmir. Cavabdehin iddiaçıya cəmi 5150 manat borcu qalmışdır. 1000 manat alması onunla bağlı olmuşdur ki, onun qardaşını həbs etmişdilər, ona görə pul lazım olmuşdur. Lakin 1000 manat pul onun kartına köçürülməyib. Başqa şəxsin kartına köçürülüb, ona görə həmin şəxsə qarşı iddia sürülməlidir. Qəbzlərdə yazılan məbləğ cavabdehə tam verilməyib, sübut yoxdur. Çətin vəziyyətə düşdüyünə görə qəbzlərə imza atmağa məcbur olub. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, qəbzlərdə yazılan məbləğ cavabdehə tam verilmişdir. Pulun bir hissəsinin cavabdehin kartına vurulması, qalan hissəsinin ona verilməməsi demək deyil, belə ki, pulun bir hissəsi cavabdehin kartına köçürülmüş, bir hissəsi isə ona nağd verilmişdir. Cavabdeh qəbzləri imzalamaqla pulu qəbul etdiyini etiraf etmişdir. Qəbzlərdə faiz sözü yazılmayıb. 1000 manatı cavabdeh səs yazısında etiraf etmişdir. 1000 manat verəndə cavabdeh qızılları girov qoymuşdu, sonra o, qızılları tələb etdiyindən iddiaçı da həmin 1000 manatı tələb etmişdir. Cavabdehin səs yazıları olan disk birinci instansiya məhkəməsində təqdim edilmişdir, həmin səs yazısında cavabdeh ona 1000 manatın verilməsi faktını da etiraf etmişdir. Cavabdeh səs yazısının ona məxsus olmadığını bildirməmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh qətnamənin ilkin iddianın təmin edilməsinə dair hissəsini mübahisələndirmişdir. Kollegiya işə cavabdehin apellyasiya şikayəti həddində baxır. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı tələbində borc olaraq cavabdehə verdiyi cəmi 11350 manat məbləğində pulun qaytarılmasını tələb etmişdir. İddiaçı sübut olaraq cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzləri və cavabdehin səsi olan audio diski təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh adından imzalanmış əlyazma qəbzdə Cavabdeh xx.xx.2024-cü il tarixdə 8750 manat almasını və 5 ay müddətinə qaytaracağını, hər ayın 18-də 750 manat verəcəyini qeyd etmişdir. Digər əlyazmaya görə, Cavabdeh xx.xx.2024-cü il tarixdə 4000 manat almasını və 2 ay müddətinə qaytaracağını, hər ayın 6-da 375 manat verəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Apellyasiya məhkəməsinin mövqeyi Hər iki tərəfin izahatlarından bəlli olur ki, tərəflər arasında borc münasibətləri olmuşdur. Lakin onların arasında qanunla müəyyən edilmiş qaydada yazılı (müqavilənin şərtləri, müddəti, faizlər və s. göstərilən) kredit müqaviləsi imzalanmamışdır. Tərəflər arasında qanunla müəyyən edilmiş formada yazılı borc müqaviləsi tərtib edilməsə də iddiaçı tərəfindən cavabdehə müəyyən miqdarda pul məbləğinin verildiyi müəyyən edilir. Ona görə də iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-1092-ci maddələrinə əsasən cavabdehdən verdiyi pulu geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf cavabdehin adından imzalan əlyazma qəbzləri təqdim etmişdir. Həmin qəbzlərə görə, cavabdeh iddiaçıdan 8750 manat və 4000 manat aldığını etiraf etmişdir. Cavabdeh, onun adından yazılmış qəbzləri imzaladığını inkar etməmişdir. Lakin qeyd etmişdir ki, yazılan məbləğ ona tam verilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərin onun tərəfindən imzalandığını cavabdeh etiraf etdiyindən məhkəmə həmin qəbzləri sübut olaraq qəbul edir. Həmin qəbzlərə görə cavabdeh iddiaçıdan cəmi 12750 manat pul aldığını etiraf etmişdir. Bunun əksini sübuta yetirmək, yəni ona qəbzdə göstərilən məbləğdən az pul verildiyini sübut etmək cavabdehin üzərindədir. Cavabdeh isə bunu sübut edə bilməmişdir. Cavabdeh karta köçürülən məbləğdən başqa nağd şəkildə ona pul verilmədiyini, qalan məbləğin faiz olduğunu bildirsə də qəbzdə göstərilən məbləğdə iddiaçıdan pul aldığını və həmin məbləğin iddiaçıya qaytarmalı olduğunu təsdiq etmişdir. İddiaçı həm də cavabdein səs yazı olan audio diski təqdim etmişdir. Cavabdeh həmin səsin ona məxsusluğunu da inkar etməmişdir. Audiodiskdə cavabdeh iddiaçıdan ayrıca 1000 manatı aldığını etiraf etmişdir. Göstərilənlər onu deməyə imkan verir ki, iddiaçı öz tələbini sübuta yetirə bilmişdir. Cavabdeh tərəf öz etirazını, pul vəsaitinin ona qəbzdə göstərilən məbləğdən (etirafdan) az verildiyini sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgündür. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2(050)-2166/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına Qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar