Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-549/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(032)-1312/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18956.76 manat məbləğində əsas kredit borcunun, 1924.26 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 90.06 manat məbləğində hesablanmış cərimənin (penyanın), cəmi 20971.08 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 152.92 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli “kreditin verilməsinə dair” Razılaşmaya əsasən Cavabdeh1 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 19500 manat məbləğdə kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən onun özünə, eləcə də öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (xx.xx.2023-cü il tarixli bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 18956.76 manat məbləğində əsas kredit borcu, 1924.26 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 90.06 manat məbləğində hesablanmış cərimə (peniya) olmaqla, cəmi 20971.08 manat məbləğində borcu qalmaqdadır. Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(032)-1312/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18956.76 manat əsas, 1924.26 manat faiz borcu, 9 manat cərimə borcu olmaqla, cəmi 20890.02 manat və dövlət rüsumuna görə ödənilmiş 152.92 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit götürən şəxs Cavabdeh1 onun anasıdır. Kredit müqaviləsi bağlanılan zaman maddi vəziyyətləri yaxşı idi və kredit öhdəliklərini tam şəkildə yerinə yetirirdilər. Lakin bir müddət sonra maddi vəziyyətləri çətinləşdiyi üçün kredit ödənişlərini ödəyə bilməmişlər. Bununla bağlı iddiaçıya müraciət edilmiş və müddətlə və aylıq ödənişlərlə bağlı güzəşt edilməsi xahiş edilsə də, iddiaçı şəraitin dəyişməsini nəzərə almadan məhkəməyə müraciət etmişdir. Borc məbləği də iddiaçı tərəfindən şişirdilmişdir. Birinci instansiya məhkəməsi həqiqi borcun müəyyən edilməsi ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları, şəraitin dəyişməsi ilə bağlı müqavilə şərtlərinə riayət edə bilməmələrini, eləcə də həqiqi borcun müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etmədən düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, 27 iyul 2023-cü il tarixli bildirişdən sonra cavabdehlər tərəfindən hər hansı ödəniş olmamış və hazırkı ekspert rəyinə etiraz etmir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(032)-1312/2023 saylı qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmadan görünür ki, Cavabdeh1 İddiaçı ASC 12 ay güzəşt müddəti olmaqla 48 ay müddətinə 19 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 19500 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 19500 manat pul vəsaiti bank tərəfindən Cavabdeh1 ödənilmişdir. İşdə olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 21DİZAM192936601 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İşdə olan kreditin ödəniş cədvəlindən görünür ki, borclu xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən hər ay 583.27 manat ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2026-cı il tarixə kimi ödəməli idi. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 18956.76 manat əsas, 1924.26 manat faiz borcu, 90.06 manat cərimə borcu, cəmi 20971.08 manat borcu vardır. İşdə olan cavabdehlərə ünvanlanmış 27 iyul 2023-cü il tarixli bildirişin və göndərilməsini təsdiq edən reyestrin surətindən görünür ki, iddiaçı cavabdehlərə mövcud kredit müqaviləsi ilə borcluların üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi barədə xəbarədar edilmiş, həmçinin öhdəliyin pozulması ilə bağlı müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə məlumatlandırılmışdırlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3558 saylı ekspert rəyi ilə müəyyən edilib ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli 21221***- *******01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 27 iyul 2023-cü il tarixə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 20.789.25 manat məbləğində, yəni əsas borc üzrə 18.912.69 manat, faiz borcu üzrə 1.876.56 manat məbləğ müəyyən edilir. Adıçəkilən rəydə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli 21221***-*******01 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cərimə borcu hesablanmamışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. MM-in 399.4-cü maddəsinə görə müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, MM-in həmin dövrdə qüvvədə olmuş 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İşdən də göründüyü kimi, İddiaçı ASC tərəfindən 27 iyul 2023-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bildiriş vasitəsilə (səh. 25) kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi barədə iradə ifadəsi çatdırılmışdır. Məhz buna görə də, həmin tarixə faiz borcu müəyyən edilmişdir. Habelə iş materiallarına əsasən cavabdeh tərəfindən sonrakı tarixlərdə hər hansı ödəniş həyata keçirilmədiyi üçün eyni tarixə əsas borc məbləği də müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlardan, habelə işin apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3558 saylı rəyindən görünür ki, Cavabdeh1 qızının xx.xx.2022-ci il tarixli “kreditin verilməsinə dair” Razılaşma üzrə İddiaçı ASC-yə 27 iyul 2023-cü il tarixə əsas borcu üzrə 18912 (on səkkiz min doqquz yüz on iki) manat 69 (altmış doqquz) qəpik, faiz borcu 1876 (min səkkiz yüz yetmiş altı) manat 56 (əlli altı) qəpik məbləğdə borcu vardır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli e-2(032)-1312/2023 saylı qətnaməsi kredit borcunun tutulması hissəsində qismən - əsas və faiz hissədə dəyişdirilərək əsas borc 18912 (on səkkiz min doqquz yüz on iki) manat 69 (altmış doqquz) qəpik, faiz borcu 1876 (min səkkiz yüz yetmiş altı) manat 56 (əlli altı) qəpik məbləğində müəyyən edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3558 saylı rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli e-2(032)-1312/2023 saylı qətnaməsi kredit borcunun tutulması hissəsində qismən - əsas və faiz hissədə dəyişdirilsin, əsas borc 18912 (on səkkiz min doqquz yüz on iki) manat 69 (altmış doqquz) qəpik, faiz borcu 1876 (min səkkiz yüz yetmiş altı) manat 56 (əlli altı) qəpik məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-549/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-549/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver