Məhkəmə qərarları › İş №2(106)-550/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-550/2025

06.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-550/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-550/2025 Açar sözlər: alimentin miqdarının artırılması tələbi. X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(073)-3216/2024 saylı qətnaməsindən (hakim V.Cəbrayılov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(018)-668/2021 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər uşaq üçün təyin edilmiş 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi və Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə onun cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. 2022-ci ildə Cavabdeh ona alimentdən imtina etməsi barədə ərizə yazmasını bildirmiş və onu Rusiya Federasiyasına gedib işləyib alimenti ödəyəcəyinə inandırmışdır. O, cavabdehə inansa da, lakin cavadeh Rusiya Federasiyasına getməmiş və alimenti də ödəməmişdir. Hazırda Astara rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment uşaqların saxlanılması üçün kifayət etmir. Uşaqları saxlamaq üçün özü işləyir. Lakin aldığı əmək haqqı uşaqları saxlamaq üçün kifayət etmir. Uşaqların qayğıları gündən-günə artmaqdadır, aldığı əmək haqqı isə uşaqların həm maddi ehtiyaclarının ödənilməsinə, eləcə də müalicə və məktəb xərclərinə kifayət etmir. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Astara rayon məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə onun cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. 2022-ci ildə Cavabdeh ona alimentdən imtina etməsi barədə ərizə yazmasını bildirmiş və onu Rusiya Federasiyasına gedib işləyib alimenti ödəyəcəyinə inandırmışdır. O, cavabdehə inansa da, lakin cavadeh Rusiya Federasiyasına getməmiş və alimenti də ödəməmişdir. Hazırda Astara rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment uşaqların saxlanılması üçün kifayət etmir. Uşaqları saxlamaq üçün özü işləyir. Lakin aldığı əmək haqqı uşaqları saxlamaq üçün kifayət etmir. Uşaqların qayğıları gündən-günə artmaqdadır, aldığı əmək haqqı isə uşaqların həm maddi ehtiyaclarının ödənilməsinə, eləcə də müalicə və məktəb xərclərinə kifayət etmir. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Astara rayon məhkəməsinin qətnaməsi ilə iddiaçıyla birgə nikahlarından doğulmuş X4 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat alimentin ondan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı məhkəmədə ona qarşı alimentin artırılması tələbi üzrə iddia qaldırmışdır. İddia ilə tanışdır. Onun maddi imkanı zəifdir və iddiaçı tərəfindən hər ay hər uşaq üçün tələb edilən 235 manat məbləğində alimenti ödəmək iqtidarında deyil. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(073)-3216/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(018)-668/2021 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017- ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləğində təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat müəyyən edilməsi, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməli olan 60.80 (altmış manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tairxli, 2(018)-3216/2024 saylı qətnaməsinin qismən ləğv edilməsini, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017- ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün məhkəmə tərəfindən təyin edilmiş hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin 150 (yüz əlli) manat məbləğinə salınması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqları saxlamaq hər bir valideynin borcudur. Məhkəmə uşağın saxlanması üçün ədalətli şəkildə aliment müəyyən etməli idi. Cəlilabad Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il, 2(073)-3216/2024 saylı qətnaməsində nəzərdə tutulmuş aliment miqdarı ona bir sıra problemlər yaşadır. İşsiz və ailənin yeganə qazanc gətirəni olmağı qətnamə üzrə öhdəliklərini yerinə yetirməkdə çətinlk yaradır. Bu halın məhkəmə tərəfindən araşdırılmalı olması məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq məhkəmə nəzərə almayıb. Məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini qismən təmin etmişdir. Həmçinin cavabdeh sonradan məhkəməyə ərizə ünvanlayara göstərmişdir ki, apellyasiya şikayətində uşaqlar üçün məhkəmə tərəfindən təyin edilmiş hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsinin qeyd edilməsində texniki səhvə yol vermişdir. Əslində onun istəyi alimentin ümumiyyətlə artırılmamasıdır. Buna görə də qətnamənin ləğv edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdeh bildirmişdir ki, apellyasiya şikayətində uşaqlar üçün məhkəmə tərəfindən təyin edilmiş hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin azaldılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsinin qeyd etməkdə texniki səhvə yol vermişdir. Əslində onun istəyi alimentin ümumiyyətlə artırılmamasıdır. Buna görə də qətnamənin ləğv edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, heç bir yerdə işləmir. 20 sot torpağı var, lakin həmin torpaqdan istifadə etmir. Yenidən ailə qurmamışdır. Fəhləlik edərək günə 15 manat qazanc əldə edir. İddiaçı apellyasiya şikayətini qəbul etməmiş, onu əsassız hesab etmişdir. Qeyd etmişdir ki, birgə yaşadıqları dövrdə cavabdeh fəhləlik edərək günə 15 manata işləmişdir. Həmçinin cavabdeh ona demişdir ki, RF-na gedib işləmək istəyir. Buna görə də yiğilıb qalmış 2500 manat alimenti ərizə yazaraq sildirmişdir ki, cavabdeh RF-na gedə bilsin. Lakin cavabdeh RF-na getməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdehin vermiş olduğu apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tairxli, 2(018)-3216/2024 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə mahiyyətcə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını qanunauyğun hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda (ər-arvadın razılığı olduqda) nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Ailə Məcəlləsinin 22.1 və 22.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldıqlarını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitini ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardı “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün minimum əmək haqqı 345, 2025-ci ildə isə 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin alimentin tutulması hissəsində dəyişdirilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan AZ-İİİ № 523978 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 fevral 2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV № 056677 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 dekabr 2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(018)- 668/2021 saylı qətnaməsinin surətindən görünür ki, 22 aprel 2021-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 24 oktyabr 2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı alimentin məbləğinin artırılması tələbi üzrə ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiyanın keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödəmişdir. Lakin digər tərəf Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəllənin 384.0.3-cü mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. Apellyasiya Kollegiyası “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyi əsas götürərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(073)- 3216/2024 saylı qətnaməsi alimentin tutulması qaydasının müəyyən edilməsi hissəsində dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017- ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı atrımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ayrıayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,42 misli həddində sabit pul məbləğində aliment tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Hazırkı iş üzrə alimentin artırılması hissədə iddianın qiyməti 5000 manatdan çox deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0, 384.0.3, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(073)-3216/2024 saylı qətnaməsi alimentin tutulması qaydasının müəyyən edilməsi hissəsində dəyişdirilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı atrımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,42 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar