Məhkəmə qərarları › İş №2(106)-551/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-551/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-551/2024 07.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan ‘‘AtaBank” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan ‘‘AtaBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023cü il tarixli, 2(032)-636/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən (hakim Ceyhun Mustafayev) verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Borclular Cavabdeh1 və Cavabdeh2 4175 manat əsas borc, 2298 manat faiz borcu olmaqla, ümumilikdə 6473 manat məbləğində pul tutularaq "Atabank” ASC-nin xeyrinə tutulması barədə Şirvan Şəhər Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli, 2(032)- 2899/2015 saylı məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh1 etirazla məhkəməyə müraciət edərək əmri ləğv edib iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-2899/2015 saylı, 10 mart 2023-cü il tarixli qərardadı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-2899/2015 saylı, 16 oktyabr 2015-ci il tarixli məhkəmə əmrindən verilmiş tələbə qarşı borclu Cavabdeh1 verilmiş tələbə qarşı etirazı baxılmadan geri qaytarılmışdır. Borclu Cavabdeh1 məhkəmə əmrində verilmiş tələbə qarşı etirazın verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Borclu Cavabdeh1 müddətin bərpasına dair ərizə ilə məhkəmə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin 2(032)-2899/2015 saylı, 16 oktyabr 2015-ci il tarixli məhkəmə əmrinin ləğv edib iddia icraatına keçirilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin borclu Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək 10 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsini, etiraz ərizəsini təmin edərək 16 oktyabr 2015-ci il tarixli məhkəmə əmrini ləğv edib iddia icraatına keçirilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-2899/2015 saylı, 30 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-2899/2015 saylı, 10 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 2899/2015 saylı, 16 oktyabr 2015-ci il tarixli əmrinin ləğv edilməsi, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "Atabank” ASC-nin tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "Atabank” ASC-nin Şirvan filailı ilə bağladığı xx.xx.2013-cü il tarixli 398-13 ABFŞ saylı kredit müqaviləsinə əsasən borcluya şəxsi ehtiyac üçün 36 ay müddətinə illik 24% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli 398-13 ABFŞ saylı kredit müqaviləsinin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazımınca icra etməmişdir. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə borcluya və zaminə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi borclulardan tələb olunmasına baxmayaraq qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı ləğv prosesində olan "AtaBank” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, bankdan kredit götürməklə bağlı "Atabank” ASC-də olmuş, lakin onunla hər hansı müqavilə bağlanmamış, heç bir sənədə imza etməmişdir. Onun qeyd edilən məhkəmə əmrindən məlumatı olmamışdır. Onun banka borclu olmasından 2023-cü il tarixdə icra şöbəsindən dəvət edildikdən sonra məlumatı olmuşdur. Bundan sonra o, məhkəməyə müraciət etmiş və məhkəmə əmri ona xx.xx.2023-cü il tarixdə qəbzə imza edilməklə təqdim edilmişdir. Onun tərəfindən verilmiş olan etiraz geri qaytarılarkən onun tərəfindən icra şöbəsində xx.xx.2015-ci il tarixdə izahatı alınmış olduğu qeyd edilsə də, o, həmin tarixdə icra şöbəsinə dəvət edilməmiş və onun tərəfindən hər hansı bir izahat verilməmiş və hər hansı bir izahata imza edilməmişdir. Hazırda ondan 6473 manat kredit müqaviləsi üzrə borc tələb edilir. Amma bildirdiyi kimi onun tərəfindən bankdan hər hansı bir kredit götürülməmişdir. Digər Cavabdeh2 birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Şirvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(032)-636/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO "AtaBank” ASC-nin xeyrinə 4175 manat əsas, 2298 manat məbləğində faiz borcu, cəmi 6473 manat pulun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmuşdur. Belə ki, o, Banka zamin kimi getmiş, ona məlum olmuşdur ki, kredit onun adına rəsmiləşdirilir. Buna görə də, müqaviləni imzalamaqdan imtina etmişdir. O, zamin kimi Banka getmişdir. Onun adından olan imzalar saxtalaşdırılmışdır. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir 2013-cü ildə banka Seymura zamin durmaq üçün getmişdir. Lakin Bankda onu əsas borc götürən şəxs kimi krediti onun adına rəsmləşdirmişlər. Kredit müqaviləsini və kassa məxaric orderini imzalamışdır. Lakin kassa məxaric orderi üzrə pul məbləğini o götürməmişdir. İddiaçının nümayəndəsi və digər Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini həmin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan "AtaBank” ASC-nin Şirvan filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 398-13 ABFŞ nömrəli kredit müqaviləsindən görünür ki, borcluya şəxsi ehtiyac üçün 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə "AtaBank” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli. 394-13 ABFŞ saylı zaminlik müqaviləsindən görünür ki, o, xx.xx.2013-cü il tarixli, 398-13 ABFŞ saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixə banka 4175 manat əsas, 2298 manat faiz, cəmi 6473 manat borcu vardır. Mülki işlə bağlı iş materiallarında olan əlyazmaların cavabdeh tərəfindən icra olunmasının müəyyən edilməsi zərurəti yarandığından Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-636/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1050 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş. "Atabank” ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış olan 18 aprel 2013-cü il tarixli ABFŞ seriyalı № 398-13 nömrəli kredit müqaviləsinin arxa tərəfində "Kredit alan” hissəsində "(imza)” qrafasındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. İddiaçı Bank cavabdehlərdən kredit borcunu tələb etmişdir. Cavabdeh1 kredit müqaviləsinin onun tərəfindən imzalanmadığını, müqavilənin saxtalaşdırıldığını bildirmişdir. Birinci instansiya məhkəməsində ekspertiza keçirilmiş və imzaların Cavabdeh1 tərəfindən imzalandığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh mübahisələndirir, şikayətinin əsas dəlili ondan ibarətdir ki, müqavilə onun tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir və maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin Cavabdeh1 tərəfindən imzalandığı da, ekspert rəyi ilə sübut edilir. Belə olan halda, kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı tələb üzrə iddianın qiyməti 5000 manatdan çox olduğundan prosessual qanunvericiliyə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402.2 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(032)-636/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar