Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-556/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, podrat müqaviləsi, öhdəlik üzrə vəzifələri yerinə yetirməmək) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikmək üçün cavabdehlə danışıb razılığa gəlmişlər. Cavabdeh qonşu küçədə yerləşən yaşayış üçün tam hazır, sahəsi 195 kv.m olan ev göstərmişdir. Belə bir ev, həyətdə su hovuzu, nafes, manqal otağı (isti döşəmə və sökülüb yığılan şüşə ilə) tikmək, evi istifadə üçün tam hazır açar altında təhvil vermək və həyətdə abadlıq işləri görmək üçün 100000 manata razılaşmışlar. Evi 2022-ci ilin fevral ayına qədər yaşayış üçün tam hazır vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh 2021-ci ilin noyabr ayında tikintiyə başlamış, iddiaçı əvvəl iş gördükcə hissə-hissə pul vermişdir. Bir qədər sonra cavabdeh iddiaçının etibarını qazanmışdır. İddiaçı ümumilikdə cavabdehə 90000 manat pul vermişdir. Cavabdeh 2022-ci ilin mart ayında işi tamamlamış və iddiaçıya demişdir ki, “mən bu evi elə bu vəziyyətdə yaxşı qiymətə satacam. Narahat olma”. Bu vədini də yerinə yetirməmişdir. Sonra iddiaçı cavabdehə nə qədər zəng vursa da nə telefonuna, nə də məsajlarına cavab verməmişdir. Evi ucuz materiallardan istifadə etməklə tikmiş, artıq qısa müddət ərzində hasar divarlarında çatlar əmələ gəlmiş, kombi, mətbəx mebeli, su hovuzunun motoru quraşdılmamış, manqal otağına isti döşəmə çəkilməmiş, şüşə quraşdırılmamış, tavanı yararsız hala düşmüş, evin ətrafına aqlay döşənməmiş, həyətdəki sanitar qovşağın tavanı düzəlməmişdir. İddiaçı ona dəymiş ziyanın ödənilməsi barədə xx.xx.2022-ci il tarixində Xəzər rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin Xəzər rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis kapitanı Ruhan Adilbəylinin xx.xx.2022-ci il tarixli cavab məktubunda şikayət ərizəsindəki iddiasının təmin olunmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin iş № 2(036)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Z.Pirverdiyev) İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş və iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərcləri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə cavabdeh arasında podrat münasibətləri olmuş, həmin münasibətlərə əsasən cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikməyi və iddiaçıya təhvil verməyi, iddiaçı isə razılaşdırılmış 100.000 manat muzdu ödəməyi öhdəliylərinə götürmüşlər. Cavabdeh fərdi yaşayış evini tikib iddiaçıya təhvil vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında podrat münasibətləri olmuş, həmin münasibətlərə əsasən cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikməyi və iddiaçıya təhvil verməyi, iddiaçı isə razılaşdırılmış 100.000 manat muzdu ödəməyi öhdəliylərinə götürmüşlər. Cavabdeh fərdi yaşayış evini tikib iddiaçıya təhvil vermişdir.Podratın nəticəsində qüsurlar olduqda, onların aradan qaldırılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763-cü maddəsində öz əksini tapmışdır. Maddənin məzmunundan göründüyü kimi, məmulatın qüsuru podratçının hesabına aradan qaldırılır. Belə ki, məmulatda qüsur müəyyən edən sifarişçi onun aradan qaldırılması üçün podratçı tərəfindən əlavə icra tələb edə bilər. Əlavə icranın predmetini podratçı tərəfindən qüsurların aradan qaldırılması təşkil edir. Hazırki iş üzrə podratın nəticəsində qüsurların aradan qaldırılması ilə bağlı iddiaçının cavabdehdən əlavə icra tələb etməsi və bununla bağlı müəyyən vaxt verməsi məhkəmə tədqiqatı zamanı müəyyən olunmamış, habelə iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 763.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3,14.1,14.2,77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh öhtəliyi yerinə yetirmədiyi üçün əvvəl cavabdehin qanuna zidd əməlləri barədə Xəzər rayon Polis İdarəsinə şikayət etmiş, Polis İdarəsində araşdırma aparılmış və mübahisənin mülki xarekterli olduğu üçün mülki qaydada məhkəməyə müeraciət etmək tövsiyə olunmuşdur. O, sübut kimi Xəzər rayon Polis İdarəsinin qərarını və vurulmuş zərərin müəyyən olunması məqsədiilə Tikintinin çəkilmiş videosunu məhkəməyə təqdim etmişdir. Qeyd etmək istəyir ki, təhqiqatçı tərəfindən material üzrə araşdırma aparılarkən izahatında cavabdeh qeyd etmişdir ki ondan tikinti işləri üçün 90000 manat pul almışdır, aldığı pulun guya 77000 manatını evin tikintisinə, 13000 manatını isə əlavə tikililərə xərcləmindir. Cavabdeh etiraf etmişdir ki, ondan iddiada qeyd etdiyi tələb üzrə tikinti işlərinin aparılması üçün 90000 manat almışdır. Digər tərəfdən məhkəmə tikinti texniki ekspertiziyası təyin etmişdir. Məhkəmə Ekspert Mərkəznin iş üzrə ekspert rəyində (xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/880 saylı) qeyd olunur ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/360 saylı sahədə yerləşən 0,6 HA torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin məbləği 67307,00 manat təşkiledir. Göründüyü kimi cavabdeh ondan 90000 manat aldığı halda tikinti işlərinə 67307,00 manat xərcləmişdir. Məhkəmə qeyd etdiyi faktlara hüquqi qiymət verməmiş, iş üçün əhəmiyyətli halları araşdırmamışdır. Digər tərəfdən məhkəmə mübahisə predmetinə yerli baxış keçirməmiş, faktları yerində müəyyənləşdirməmişdir. Baxmayaraq ki, məhkəmə qətnaməsində də qeyd edir ki, (14-cü bənd) həqiqətən işlər qüsurlu görülmüşdür. Ona görə də İmişli rayon Məhkəməsinin 2(036)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, birinci instansiya məhkəməsi zamanı disk təqdim etsə də, həmin disk iş materiallarına əlavə edilməmiş, birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin mövqeyindən çıxış etmişdir. İşdə iki ekspert rəyi var və eyni zamanda, polisdə izahat alınan zamanı cavabdehin müvafiq etirafı var. Bu halların nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Həmin Məcəllənin 763.3-ci maddəsinə əsasən əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 764.2-ci maddəsinə əsasən sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 766-ci maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Həmin Məcəllənin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İmişli rayon Məhkəməsinin 2(036)- 39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi İmişli rayon Məhkəməsinin 2(036)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində mübahisələndirilən, iddia tələbinin 22.693 manat hissəsinə münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün təfsir etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İmişli rayon Məhkəməsinin 2(036)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi, iddianın təmin edilməyən 22.693 manat hissəsinə münasibətdə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikmək üçün cavabdehlə danışıb razılığa gəlmişlər. Cavabdehlə evin tikintisi üçün 100000 manata razılaşmışlar. Evi 2022-ci ilin fevral ayına qədər yaşayış üçün tam hazır vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh 2021-ci ilin noyabr ayında tikintiyə başlamış, iddiaçı əvvəl iş gördükcə hissə-hissə pul vermişdir. Bir qədər sonra cavabdeh iddiaçının etibarını qazanmışdır. İddiaçı ümumilikdə cavabdehə 90000 manat pul vermişdir. Cavabdeh üzərinə düşən öhtəliyi yerinə yetirməmişdir. Ona görə də cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında podrat münasibətləri olmuş, həmin münasibətlərə əsasən cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikməyi və iddiaçıya təhvil verməyi, iddiaçı isə razılaşdırılmış 100.000 manat muzdu ödəməyi öhdəliylərinə götürmüşlər. Cavabdeh fərdi yaşayış evini tikib iddiaçıya təhvil vermişdir. Podratın nəticəsində qüsurlar olduqda, onların aradan qaldırılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763-cü maddəsində öz əksini tapmışdır. Maddənin məzmunundan göründüyü kimi, məmulatın qüsuru podratçının hesabına aradan qaldırılır. Belə ki, məmulatda qüsur müəyyən edən sifarişçi onun aradan qaldırılması üçün podratçı tərəfindən əlavə icra tələb edə bilər. Əlavə icranın predmetini podratçı tərəfindən qüsurların aradan qaldırılması təşkil edir. Hazırki iş üzrə podratın nəticəsində qüsurların aradan qaldırılması ilə bağlı iddiaçının cavabdehdən əlavə icra tələb etməsi və bununla bağlı müəyyən vaxt verməsi məhkəmə tədqiqatı zamanı müəyyən olunmamış, habelə iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün təfsir etməmişdir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikilməyi barədə şifahi podrat müqaviləsinin bağlandığı şəksizdir. Bu işin mübahisə edilməyən halıdır. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıdan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikib, iddiaçıya təhvil verməsi üçün iddiaçıdan 90000 manat pul almışdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin məbləği bazar qiymətlərinə uyğun olaraq 67307 manat təşkil edir. Eyni zamanda müəyyən edilmişdir ki, hovuz üçün motor quraşdırılmamışdır, manqal otağında isti döşəmə ilə təchiz olunma müəyyən edilməmişdir, sanitar qovşaqların lazımı avadanlıqlarla təmin olunmamışdır, evin tavanı çökmüş vəziyyətdədir və təmirə ehtiyacı var. Birinci instansiya məhkəməsi isə özünün qərardadı əsasında keçirilmiş yuxarıda qeyd edilən ekspertiza rəyinə münasibət bildirməmiş, həmin rəyin sübut növü kimi qəbul edilib edilməməsinə qətnaməsində aydınlıq gətirməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi dəqiq göstərilməlidir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh ekspert rəyinin əsassız olduğunu bildirmiş, ancaq rəyin əsassızlığına dair sübutlar təqdim etməmişdir. Məhkəmə tərkibi izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Mülki Məcəllə: Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Göründüyü kimi iddiaçı mübahisəli fərdi yaşayış evinin tikilməsi üçün cavabdehlə aralarında bağlanmış şifahi podrat müqaviləsinin şərtlərinə əməl etmiş, fərdi yaşayış evinin tikilməsi üçün cavabdehə 90000 manat pul ödəmiş, cavabdeh isə aldığı 90000 manat pulun müqabilində iddiaçı üçün razılaşdıqları fərdi yaşayış evini tikib təhvil verməmiş, aldığı 90000 manat pulun müqabilində 67307 manat dəyərində yarımçıq fərdi yaşayış evi inşa etmişdir. Bundan başqa Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddiaya qarşı vermiş olduğu etirazının dəlilləri əsassız sayılmalıdır. Cavabdeh etirazında (izahatında) qeyd etmişdir ki, Evi tikməyə iddiaçı ilə 100.000 manata razılaşmışlar, lakin iddiaçı 90.000 manat vermiş, 10.000 manatı verməmişdir. Həmin evə 100.000 manatdan çox xərc çəkmişdir. İlk əvvəl qeyd edilməlidir ki, iddiaçı tərəfindən 10000 manat pulun cavabdehə verilməməsi iddiaçı tərəfindən cavabdehə verilmiş 90000 manat pulun müqabilində 67307 manat dəyərində yarımçıq fərdi yaşayış evinin tikilməsinə əsas ola bilməz. Ən azından cavabdeh aldığı 90000 manat pulun qarşılığında həmin məbləğdə dəyəri olan fərdi yaşayış evi tikməli idi. Eyni zamanda mübahisəli fərdi yaşayış evinin tikilməsi üçün cavabdeh tərəfindən 100000 manat xərc çəkilməsi iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2024-cü il tarixli ekspert rəyi ilə təkzib edilir. Eyni zamanda tərəflərin izahatlarından və iş materiallarından müəyyən edilir ki, cavabdeh mübahisəli fərdi yaşayış evini 2022-ci ilin fevral ayına kimi tikib hazır təhvil verməli idi. Ancaq cavabdeh üzərinə düşən öhtəliyi yerinə yetirməyərək evi təhvil verməmiş, iddiaçının müraciətlərinə cavab vermədiyi üçün iddiaçı Xəzər Rayon Polis İdarəsinə müraciət etmişdir. Yəni Birinci instansiya məhkəməsinin iddiaçının cavabdehdən əlavə icra tələb etməməsi və bununla bağlı müəyyən vaxt verməməsi barədə gəldiyi nəticə əsassız olmuşdur. Ona görə də məhkəmə tərkibi hesab edir ki iddia tələbi və apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərkibi iddia tələbinin 25000 manat maddi ziyanın indeksasiya olunaraq cavabdehdən alınıb ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi qanunverici məhkəməyə qəbul edilmiş qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirməsi hüququnu tanımışdır. Hazırkı halda isə iddiaçı iddia tələbində qeyd etdiyi 25000 manat maddi ziyanın indeksasiya olunaraq cavabdehdən alınıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tərkibinin qənaətinə görə iddiaçının bu tələbinə iddia icraatı çərçivəsində baxılması yolverilməzdir. Ona görə apellyasiya şikayəti və iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın tam rədd edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normaları düzgün təfsir edilməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İmişli rayon Məhkəməsinin 2(036)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi, iddianın təmin edilməyən 22.693 manat hissəsinə münasibətdə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumunun yarısı 82 manat 50 qəpik Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində ekspertiza xərclərinin yarısı 75 manat İddiaçı, 75 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli rayon Məhkəməsinin 2(036)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməyən 22.693 manat hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh 22.693 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumunun yarısı 82 manat 50 qəpik Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində ekspertiza xərclərinin yarısı 75 manat İddiaçı, 75 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-556/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-556/2025
06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver