Məhkəmə qərarları › İş №2(106)-561/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-561/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-561/2023 12.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1267/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə 23529,67 manat məbləğində əsas borcun, 3498,85 manat məbləğində faiz borcunun, 633,03 manat məbləğində cərimə borcunun, cəmi 27661,55 manat borcun və 174 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən, bank borcluya 36 ay müddətinə, illik 24 faiz olmaqla 25000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən, kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Beyləqan Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(020)-1267/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23529,67 manat əsas, 3498,85 manat faiz borcu, 60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27088,52 manat məbləğində kredit borcunun və 160 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 14 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(020)-1267/2022 saylı qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməsinə, onun banka olan əsas və faiz borcunun real qalıq məbləğinin müəyyən edilməsinə və 60 manat cərimə borcuna aid hissədə qətnamənin ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qismən əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ona 36 ay müddətinə illik 24 faiz olmaqla 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müəyyən gecikmələr olsa da, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəmələr həyata keçirilmişdir və onun banka 23529,67 manat məbləğində əsas borcunun qalması mümkünsüzdür. Belə ki, bank tərəfindən kredit müqaviləsi üzrə qalıq borc və faiz düzgün hesablanmamış, məbləğlər şişirdilmiş və bu amil məhkəmə tərəfindən araşdırılmamış, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı və digər sənədlərlə kifayətlənmiş, qalıq borc məbləğinin konkret olaraq nə qədər olması aydınlaşdırılmamışdır. Ödənişlər edilərkən məbləğlər şişirdilmiş faiz borclarına və əsassız cərimələrə silinmiş, əsas borca hesablanmamışdır. Bütün bunların aydınlaşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi vacib idi. Həmçinin, kredit müqaviləsinin müddəti bitməmiş, borcun ödənilməsi üçün müəyyən vaxt qalmışdır. Cavabdeh heç bir vaxt borcun ödənilməsindən yayınmaq məqsədi güdməmiş, onun ödənilməsinə təşəbbüs göstərmişdir. Məhkəmə tərəfindən qeyd edilən faktlar nəzərə alınmamış, ətraflı araşdırma aparılmadan ədalətsiz qətnamə qəbul edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X2 çıxış edərək apellyasiya şikayətinə etiraz etdi və əlavə olaraq bildirdi ki, Cavabdeh1 banka cəmi 3 dəfə olmaqla, ümumilikdə 3336 manat pul ödəmişdir. Belə ki, xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə 1000 manat və xx.xx.2021-ci ildə 1336 manat məbləğində ödəniş icra olunmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq, həmçinin bu məbləğlər gecikmələrlə ödənildiyinə görə 1470,33 manat əsas borcdan, 1775,01 manat faiz borcundan və 90,66 manat isə cərimə borcundan silinmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilən qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası işə MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdehlərdən yalnız Cavabdeh1 birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən qismən narazı qaldığını bildirərək qətnaməni borc məbləğinə dair hissədə mübahisələndirmiş, qətnamənin əsas və faiz borcuna dair hissədə dəyişdirilməsini, cərimə borcuna aid hissədə ləğv edilməsini xahiş etmişdir. Ona görə də Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyi nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 avqust 2021-ci il tarixli, MK/40568/82/15 saylı kredit sazişindən görünür ki, bu saziş İddiaçı ASC-nin Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir. Kredit müqaviləsinə əsasən, Bank Cavabdeh1 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 25000 manat məbləğində nağd pul krediti verilməsini, Cavabdeh1 isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, kredit xətləri üzrə ödənişləri, faizləri, komisyon haqları və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini və Bankın xidmət şərtləri və tariflərindən irəli gələn xidmət haqlarını Banka ödəməyi öhdəsinə götürmüşdür. Şərtlərin 8.4-cü bəndinə əsasən, kredit üzrə müştəri tərəfindən ödənilən məbləğ ilk növbədə banka dəyən zərərin, sonra hesablanmış cərimənin və kredit üzrə hesablanmış faizlərin və komisyon haqların, ən nəhayət kreditin ödənilməsinə yönəldilir. Sazişə əsasən 250 manat komisyon haqqı nəzərdə tutulmuş, cərimənin məbləği isə 1 faiz müəyyən edilmişdir. Müqavilə həmçinin zamin Cavabdeh2 tərəfindən də imzalanmış, o, zamin kimi Bank qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdəki 24 avqust 2021-ci il tarixli kredit müqaviləsinə 1 nömrəli Əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 24 sentyabr 2021-ci ildən 26 avqust 2024-cü ilədək hər ay cəmi 980,82 manat, 26 avqust 2024-cü il tarixində isə 995,73 manat ödəməlidir. İşdəki İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli, **********204 nömrəli ödəniş tapşırığından görünür ki, həmin tarixdə 25000 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdür. İşdəki 22 dekabr 2021-ci il tarixli Razılaşmadan görünür ki, ödəniş cədvəli tərəflərin iştirakı ilə dəyişdirilmişdir. Dəyişikliyə əsasən ödəniş cədvəli sonrakı ödənişlər üçün dəyişdirilmiş, Cavabdeh1 17 yanvar 2022-ci ildən 15 avqust 2024-cü ilədək hər ay 980,82 manat, 26 avqust 2024-cü il tarixində isə 1596,10 manat ödəməyi qəbul etmişdir. İşdəki İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən borclunun İddiaçı ASC-yə 23529,67 manat əsas, 3498,85 manat faiz və 633,03 manat məbləğində cərimə borcu var. İşdəki İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış kredit müqaviləsini ləğvetməyə dair bildirişlərdən görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 23529,67 manat əsas, 2981,08 manat faiz və 633,03 manat cərimə borcunun olması və həmin borcun ödənilməli olması, əks halda, müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi və müqavilənin ləğv edildiyi barədə xəbərdarlıq edilmişdir. İşdəki xx.xx.2022-ci il tarixində icra edilmiş ********* nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 174 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdəki İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh1 hesabına dair təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixində hesaba Bank tərəfindən 25000 manat köçürülmüş, həmin tarixdə 250 manat kreditin rəsmiləşdirilməsinə görə komissiya hesaba mədaxil edilmişdir. xx.xx.2021-ci il tarixində 1000 manat hesaba mədaxil edilmiş, bunun 500,10 manatı kredit üzrə faiz borcunun ödənilməsinə, 499,90 manatı kredit üzrə əsas borcun ödənilməsinə yönəldilmişdir. xx.xx.2021-ci il tarixində 1000 manat hesaba mədaxil edilmiş, bunun 506,49 manatı kredit üzrə faiz borcunun ödənilməsinə, 493,51 manatı kredit üzrə əsas borcun ödənilməsinə yönəldilmişdir. xx.xx.2021-ci il tarixində 1336 manat hesaba mədaxil edilmiş, bunun 768,42 manatı kredit üzrə faiz borcunun ödənilməsinə, 476,92 manatı kredit üzrə əsas borcun ödənilməsinə, 90,66 manatı kredit üzrə cərimə borcunun ödənilməsinə yönəldilmişdir. Hesabdan çıxarışdan göründüyü kimi, kredit müqaviləsi üzrə cəmi 3336 manat ödəniş edilmiş, bunun 1470,33 manat hissəsi kredit üzrə əsas borcun, 1775,01 manat hissəsi kredit üzrə faiz borcunun və 90,66 manat hissəsi kredit üzrə cərimə borcunun ödənilməsinə yönəldilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tələbini Cavabdeh1 iddia edilən məbləğdə əsas və faiz borcunun yaranması, cərimənin hesablanmasının müqavilədə nəzərdə tutulması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün maliyyə arayışını və hesabdan çıxarışı təqdim etmişdir. Cavabdeh1 isə apellyasiya şikayətində tələb edilən borc məbləğinin şişirdildiyini və onun tərəfindən edilmiş ödənişlərin faiz və cərimə borclarına hesablandığını bildirmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasından xəbərdar olmuş, o, 04 noyabr 2022-ci il tarixində teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Həmin teleqrama uyğun olaraq məhkəmə iclası təxirə salınmış, lakin məhkəmənin növbəti – 28 noyabr 2022-ci il tarixli iclasında da Cavabdeh1 iştirak etməmiş, öz etirazlarını bildirməmişdir. O, bunun üçün imkanı olsa da, iddia tələbinə apellyasiya şikayətində irəli sürdüyü etirazlarını birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən bildirməmiş, bundan sonra apellyasiya şikayətində borc məbləğinin düzgün hesablanmamasına dair formal mülahizələrini ifadə etmiş, lakin öz mülahizələrini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, o, apellyasiya məhkəməsinin iclasında da iştirak etməmişdir. Apellyasiya şikayətinin ödənilmiş məbləğlərin yalnız faiz və cərimə borcuna hesablanması ilə bağlı dəlilinə dair məhkəmə kollegiyası bildirir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 avqust 2021-ci il tarixli kredit sazişində nəzərdə tutulmuş Şərtlərin 8.4-cü bəndində tərəflər müştəri tərəfindən ödənilən məbləğin ilk növbədə banka dəyən zərərin, sonra hesablanmış cərimənin və kredit üzrə hesablanmış faizlərin və komisyon haqların, ən nəhayət kreditin ödənilməsinə yönəldilməsinə dair razılığa gəlmişlər. Həmin müddəaya uyğun olaraq, kredit müqaviləsi üzrə edilmiş ödənişlər yalnız əsas borca hesablanmamış, həm də Cavabdeh1 ödəməli olduğu faiz və cərimə borcunun da ödənilməsinə hesablanmışdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, Cavabdeh1 apellyasiya şikayətində tərəfindən ödənişlərin həyata keçirildiyini bildirsə də, kredit müqaviləsi üzrə ödənişlərin edilməsi faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, ödənişlərin edildiyini özündə əks etdirən çek, qəbz və ya digər sənədlə öz etirazını əsaslandırmamışdır. Əksinə, Cavabdeh1 iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini tələb etməklə, sübutetmə yükünü öz üzərindən atmağa çalışmışdır. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışda isə cavabdeh tərəfindən edilmiş ödənişlər aydın şəkildə əks olunduğundan, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Həmçinin, hazırkı iş üzrə iddiaçı tərəfindən əsaslı olaraq tələb edilən əsas və faiz borcu məbləğinin azaldılması iddiaçının mülkiyyət hüququnun pozuntusu hesab olunacaqdır. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi ilə qanunverici məhkəmələrə yalnız dəbbə pulunun azaldılması səlahiyyətini vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini cərimə borcuna aid hissədə də mübahisələndirərək həmin hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə 633,03 manat cərimə borcunun tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə, tənasübsüz surətdə yüksək dəbbə pulunun həcmini azaldaraq cərimə borcuna aid hissədə iddianı cəmi 60 manat məbləğində təmin etmişdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş 60 manat məbləğində cərimə işin halları nəzərə alındıqda tənasübsüz surətdə yüksək hesab edilə bilməz. Borclu müqavilə ilə gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməyi öhdəsinə götürdüyündən, cərimə borcunun daha da aşağı salınması və ya ümumiyyətlə ləğv edilməsi kreditor olan iddiaçının əmlak mənafelərinə zərər vurmuş olacaqdır. Odur ki, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi cərimə borcuna aid hissədə də düzgün nəticəyə gəlmişdir. Qeyd edilən müddəalardan da göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən əsas və faiz borcunun tam, cərimə borcunun isə qismən təmin edilməsi maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, Cavabdeh1 kredit üzrə ödənişləri, faizləri, komisyon haqları və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməyi öhdəsinə götürməsi, kredit müqaviləsi üzrə onun tərəfindən öhdəliklərin lazımınca icra edilməməsi və ödənilməmiş qalan əsas borcun 23529,67 manat, faiz borcunun isə 3498,85 manat olması iş materialları ilə öz təsdiqini tapdığından, 60 manat cərimə borcu işin halları nəzərə alındıqda tənasübsüz surətdə yüksək hesab edilmədiyindən, Cavabdeh1 tərəfindən isə borcun lazımınca ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qətnamə qəbul etmiş, düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(020)-1267/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar