Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-561/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı V Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Açar sözlər: nisyə alqı-satqı üzrə pul tələbi, sübut edilmir. X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı V Cavabdeh qarşı pul tələbinə dair mülki mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(017)-938/2021 saylı (hakim Etibar Quliyev) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: V iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 118456,90 manat əsas borcun, 29614 manat gecikmə faizinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin "Engin LTD” MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi sahibkar X8 ilə şirkət arasında imzalanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 094158 nömrəli; xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 094159 nömrəli; xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 093990 nömrəli; xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 093991 nömrəli və xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 093992 nömrəli qaimə-fakturalar əsasında mallar təqdim edilmişdir. Qaimə-fakturalara fərdi sahibkar X4 rəsmi işçisi olaraq Cavabdeh imza atmış və qaimə-faktura üzrə mallar onun tərəfindən qəbul edilmişdir. Lakin mallar üzrə borc məbləği X8 tərəfindən tam ödənilməmişdir. Borcun ödənilməsi məhkəmə qaydasında X3 tələb edilsə də, iddia tələbləri təmin edilməmişdir. Məhkəmələr tərəfindən X2rşı irəli sürdükləri iddia tələbləri rədd edilərkən malları qəbul edən Cavabdeh hər hansı səlahiyyətin (etibarnamə) verilməməsi halına istinad edilmişdir. Eyni zamanda malların bir qismi Cavabdeh tərəfindən X7 təhvil verildiyi üçün onların dəyəri sonuncu tərəfindən ödənilmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən qəbul edilən, lakin X7 təhvil verilmədiyi iddia edilən malların dəyəri onun tərəfindən ödənilməmişdir. Belə olan halda malların bir qismi Cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq X7 təhvil verilməmiş və özü tərəfindən realizə edilmişdir. Dəyəri ödənilməmiş mallara görə ödənişin edilməsi tələbi ilə bağlı Cavabdeh iki dəfə pretenziya məktubu göndərilməsinə baxmayaraq, borcun ödənilməsi onun tərəfindən təmin edilməmişdir. Ona görə də 118456,90 manat əsas borc, 29614 manat gecikmə faizi məbləği, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "Engin LTD” MMC-nin xeyrinə tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsi Cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə "Engin LTD” MMC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh 118456,90 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 119456,90 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 24 manat məbləğində pulun alınaraq iddiaçı "Engin LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat. İşə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2023-cü il tarixli (hakim İlham Əsədov, Tofiq Heydərov, Samir Mayılov) qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat. İşə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər Zəki Babayev, Əhməd Nurməmmədov, Abiddin Hüseynov) 18 dekabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: ç)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi işlə bağlı heç bir nüansı araşdırmadan, cavabdehin məlumatı olmadan iş üzrə çəkişmə prinsipinin pozulması ilə qətnamə qəbul etmişdir. Hazırkı şəraitdə onun iddiaçı qarşısında heç bir öhdəliyi mövcud olmamaqla bərabər təqdim olunan qaimələr üzrə mallar da məhz alqı-satqı premdeti olaraq mağazada satılan mallardır. İşçi kimi gələn malları qəbul etmişdir. Bundan əlavə isə həmin mallar mağazada satışda olmuşdur. Həmin malların alınması tarixindən sonrakı tarixlərdə də uzun müddət o, həmin iş yerində çalışmışdır və işçi kimi öz funksiyalarını yerinə yetirmişdir. Məhkəmə tərəfindən işə baxılarkən Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Cavabdeh olaraq onun məhkəmə iclasında iştirak etməməsi, yəni məhkəmə iclasında məlumatlı olmaması hazırkı gündə hüquqlarının kobud pozuntusuna gətirib çıxarır. Məhkəmə iclasından məlumatsız olmağı çəkişmə prinsipinin kobud pozuntusudur. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Bakı şəhərində yerləşən №1 Supermarketin anbarında işləmişdir. Vəzifəsi malları qəbul edib anbara təhvil vermək olmuşdur. Digər şirkətlərdən də olduğu kimi Engin LTD-dən də mallar qəbul edib anbara təhvil vermişdir. Anbara təhvil verilmiş mallar sonradan marketdə satışa çıxarılmışdır. Malların satışında iştirak etməmişdir. Mallar anbardan başqa şəxslər tərəfindən götürülüb mağazada satışa çıxarılmışdır. O bu işlərə qarışmamışdır. Onun işi sadəcə malları qəbul edib anbara təhvil vermək olmuşdur. Əgər o malları qəbul edib anbara təhvil verməsəydi müdiriyyət tərəfindən onun barəsində ya araşdırma aparılmalı idi və yaxud da hüquq-mühafizə orqanlarına müraciət olunmalı idi. Lakin onun barəsində belə bir müraciət edilməmişdir. Düşünür ki, hazırkı işə görə müdiriyyət məsuliyyət daşımalıdır. O bu işdə cavabdeh ola bilməz. Qeyd etmişdir ki, 2016-cı ildə Engin LTD-dən öz ərizəsinə əsasən işdən çıxmışdır. Əgər o malları Engin LTD-yə təhvil verməsə idi onu işdən öz ərizəsinə əsasən çıxarmazdılar. İşdən çıxdıqdan sonra taksi fəaliyyəti göstərmək üçün xx.xx.2017-ci ildə VÖEN açdırmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdiyindən qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. İşdə olan fərdi sahibkar X8 ilə "Engin LTD” MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə uyğun olaraq xx.xx.2015-ci il tarixdə tərtib edilmiş AEO № 094158 qaimə-fakturaya əsasən 38.608,70 manat məbləğində, AEO № 094159 qaiməfakturaya əsasən 88.651,23 manat məbləğində, AEO № 093990 qaimə-fakturaya əsasən 15.985,89 manat məbləğində, AEO № 093991 qaimə- fakturaya əsasən 14.769,82 manat məbləğində, AEO № 093992 qaimə-fakturaya əsasən 2.147,08 manat məbləğində məhsullar, həmin qaimə-fakturaların yuxarı hissəsində "Kimdən” qeydinin qarşısında "Engin LTD” MMC tərəfindən "Kimə” qeydi qarşısında X7 göstərilsə də, qaimə fakturaların sonunda "Təhvil alan” qeydi qarşısında məhsulların Cavabdeh təhvil verilməsi müəyyən edilir. "Engin LTD” MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Fərdi sahibkar X7 məxsus mağazada operator kimi işləyən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a” bəndinə əsasən xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "Engin LTD” MMC-nin cavabdeh X2rşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X3 118.456,9 manat əsas borc, 2.500 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat, cəmi 120.981,9 manat məbləğində pul tutularaq MMC-yə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-169/2017 nömrəli, 12 aprel 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)- 364/2017 nömrəli, 19 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)- 169/2017 nömrəli, 12 aprel 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-755/2017 nömrəli, 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)- 215/2018 nömrəli, 01 may 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)- 755/2017 nömrəli, 08 dekabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-491/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv olunaraq, iddia 141.101,40 manat vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)- 156/2019 nömrəli, 24 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)- 491/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)- 429/2019 nömrəli, 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)- 446/2019 nömrəli, 16 oktyabr 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)- 429/2019 nömrəli, 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı mülki iş kassasiya instansiyası məhkəməsi tərəfindən yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya intansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun tam və obyektiv qiymət verilmədiyindən, qətnamə qanuni və əsaslı sayıla bilməz. Belə ki, kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından müəyyən edilir ki, iddiaçı "Engin LTD” MMC-nin cavabdeh X2rşı pul tələbinə dair iddiası, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə, qismən təmin edilərək, cavabdeh X3 118.456,9 manat əsas borc, 2.500 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat, cəmi 120.981,9 manat məbləğində pul tutularaq MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-169/2017 nömrəli, 12 aprel 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)- 364/2017 nömrəli, 19 sentyabr 2017-ci il tarixli qərarı ilə qismən ləğv edilərkən, Rəşid Əhmədovun xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktında olan imzanın ona məxsus olmadığını bildirdiyi halda, apellyasiya instansiya məhkəməsinin həmin imzanın həqiqiliyini yoxlamadığı qeyd olunmuşdur. Həmin iş üzrə daha sonra qəbul edilmiş məhkəmə aktlarında da, xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktına məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Göründüyü kimi cavabdehin xx.xx.2015-ci il tarixdə qaimə fakturaları imzalamasından sonraki tarixdə iddiaçı "Engin LTD” MMC ilə X8 arasında xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktının mövcud olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiqini tapsa da, apellyasiya instansiya məhkəməsi 118.456,9 manat məbləğlə bağlı olan xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktının həqiqətən də iddiaçı "Engin LTD” MMC-nin cavbabdehə təhvil verdiyi mallara aid olub- olmamasını araşdırmamış, bu məqsədlə yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qəbul edildiyi işin materiallarını tələb edib öyrənməmiş, xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktının hazırki iş üzrə mötəbərliliyini tədqiq etməmiş və həmin sübuta hər hansı hüquqi qiymət verməmiş, mülahizələrinə əsasən cavabdehin malları özü üçün deyil, satış üçün mağazaya təqdim etməsi, satışa çıxarılmasına, malların nə qədər hissədə satılması qalığının müəyyən edilməməsinə, üzləşmə aktının olmamasına dair formal nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kassasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki işə aid hallarla bağlı cinayət təqibi qaydasında hər hansı araşdırmanın aparılıb-aparılmaması da apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. Kassasiya instansiyası Məhkəməsinin yuxarıda qeyd edilən göstərişləri üzrə İddiaçı MMC-nin cavabdeh X2rşı olan 2-2(103)-429/2019 saylı (kassasiyanın göstərişində 2-2(103)-169/2017 və 2-2(103)-364/2017 saylı işlər kimi qeyd edilmişdir) işi Bakı Apellyasiya Məhkəməsindən sorğu edilərək əldə edilmiş və qeyd edilən göstərişlər öyrənilmişdir. İddiaçı öz tələbini əsaslandırmaq üçün xx.xx.2015-ci il tarixli müxtəlif qaimə fakturaları məhkəməyə təqdim etmişdir. Həmin qaimə-fakturalardan görünür ki, orada sadalanan mallar "Engin LTD” MMC tərəfindən fiziki şəxs X7 ünvanlanmışdır. Qaimə fakturalarda malları “təhvil verən” yazısı qarşısında Nəsirov Ruslan adlı şəxsin imzası, "təhvil alan” yazısı qarşısında isə Cavabdeh imzası çəkilmişdir. İddiaçı yalnız həmin qaimə fakturalara əsasən borcu hesablayaraq anbara təhvil verilmiş malların dəyərini hazırkı cavabdehdən tələb etmiş və birinci instansiya məhkəməsi də bu iddianı təmin etmişdir. Cavabdeh məhkəmə iclasında həqiqətən də həmin qaiməfaktura üzrə malları marketin anbarına təhvil verildiyini bildirmişdir. Dolayısı ilə malları fiziki şəxs X4 sahiblik etdiyi marketin anbarına yığılmışdır. Belə olan halda həmin malların dəyərinin cavabdehdən tələb edilməsi sual doğurur? Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İzahatlardan və iş materiallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh malların nisyə alqı-satqısı üzrə hüquq münasibətində olmamışlar, onların arasında müqavilə (yaxud hər hansı yazılı və ya şifahi razılaşma) olmamışdır. İddiaçının istinad etdiyi müqavilə MMC ilə fiziki şəxs X4 arasında olmuşdur. Əhmədov Rəşid sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir. Vergi ödəyicisidir. İzahatlardan və təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, Cultanov Cavid sahibkar Əhmədov Rəşidin işçisi olmuşdur. Fərdi sahibkar X5 Cavabdeh əmək münasibətlərində olmuş, onların arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Cavabdeh ərizəsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfin izahatına görə Cavabdeh fərdi sahibkar X4 tapşırığı əsasında malları qəbul etmişdir, onların arasında tapşırıq münasibətləri olmuşdur. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin müddəalarına əsasən işçi olaraq Cavabdeh vurulmuş ziyan və ya digər əsaslarla işəgötürən fiziki şəxs X1rşısında məsuliyyət daşıya bilərdi. Yəni Cavid qəbul etmiş olduğu malları anbara təhvil verməmiş olsaydı onda Rəşid Əhmədov Cavabdeh qarşı iddia qaldıra və ya polisə müraciət edə bilərdi. İddiaçının nümayəndəsinin və cavabdehin izahatları ilə müəyyən olunmuşdur ki, fiziki şəxs X8 tərəfindən Cavabdeh barəsində belə müraciətlər edilməmişdir. Yəni Cavabdeh tərəfindən malların anbara təhvil verilməməsi ilə bağlı X8 tərəfindən hər hansı hüquq mühafizə orqanlarına müraciət olunmamış və belə bir araşdırma aparılmamışdır. Kassasiya instansiyası məhkəməsinin göstərişlərindən də biri ondan ibarət olmuşdur ki, hazırkı işə aid hallarla bağlı cinayət təqibi qaydasında hər hansı araşdırmanın aparılıbaparılmaması da apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. Göründüyü kimi İddiaçı MMC-nin cavabdeh X2rşı olan 2-2(103)-429/2019 saylı iş Bakı Apellyasiya Məhkəməsindən sorğu edilərək kassasiya instansiyası məhkəməsinin göstərişləri baxımından öyrənilmiş və müəyyən edilmişdir ki, hazırkı işə aid hallarla bağlı cinayət təqibi qaydasında hər hansı araşdırma aparılmamışdır. Müəyyən edilir ki, "Engin LTD” MMC ilə Əhmədov Rəşid arasında kommersiya hüquq münasibətləri olmuşdur. Onların arasında verilmiş nisyə mala görən borc tələbinə dair məhkəmə mübahisəsi (kommersiya mübahisəsi) olmuşdur. Belə ki, "Engin LTD” MMC Cavabdeh deyil, Əhmədov Rəşiddən müqavilə üzrə borcunu tələb etmişdir. Lakin malların təhvil alınması və borcun miqdarı barədə sübut təqdim edilmədiyindən iddia təmin edilməmişdir. Cavabdeh isə işəgötürən Əhmədov Rəşidin tapşırığı əsasında mağazaya daxil olan malları qəbul etmişdir. Həmin mallar Cavabdeh özü üçün deyil, satış üçün mağazaya təqdim edilmiş, satışa çıxarılmışdır. Malların nə qədər hissədə satılması, qalığı müəyyən edilməmişdir, üzləşmə aktı isə yoxdur. Kassasiya məhkəməsinin göstərişinə əsasən Engin LTD” MMC-nin cavabdeh X2rşı olan 2-2(103)-429/2019 saylı iş Bakı Apellyasiya Məhkəməsindən sorğu edilərək kassasiya instansiyası məhkəməsinin göstərişləri baxımından öyrənilmiş və müəyyən edilmişdir ki, qeyd edilən işdə üzləşmə aktı tərtib edilmiş, lakin həmin üzləşmə aktı Cavabdeh tərəfindən imzalanmamışdır. Həmin üzləşmə aktının surəti qeyd edilən iş materiallarından kserosurəti çıxarılaraq hazırkı işə əlavə edilmişdir. Kollegiya hesab edir ki, Cavabdehlə hər-hansı müqavilə münasibəti olmadığı halda ondan müqavilə üzrə verilmiş malın pulunu tələb etməyin hüquqi əsası yoxdur. Ona görə də iddia bu əsasla təmin edilə bilməz. Bununla yanaşı cavabdeh tərəf həm də iddia müddətinin ötürülməsinin tətbiq edilməsini də xahiş etmişdir. Lakin kollegiya hesab edir ki, hazırkı iddia əsassız olduğundan bu münasibətə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, mülki qanunvericilik sahəsində formalaşmış mövqeyə görə iddia müddəti o zaman tətbiq oluna bilər ki, iddia əsaslı olsun, hazırkı işdə isə iddia əsaslı deyildir. İddiaçı tələbində cavabdehdən əsassız varlanmaya görə vurulmuş ziyanı tələb etdiyini qeyd etmişdir. Belə halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-1092-ci maddələri təşkil edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1 -ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllnin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında varlanma obyektinə dair hər-hansı qanuni razılaşma baş vermir, əldə edən qanunla və ya müqavlə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Əsassız varlanma: zərəçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və s.) yollarla baş verə bilər. Kollegiya hesab edir ki, hazırkı halda iddiaçıların tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilmir, cavabdeh əsassız varlanan şəxs deyil. İddiaçı həm də Mülki Məcəllənin 21 -ci maddəsinə istinad etmişdir. Lakin bu halda da ziyan vurulma faktı ortada olmalı, cavabdehin qanunazidd əməli, yəni hərəkəti və ya hərəkətsizliyi olmalı, onun qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Belə hal da müəyyən edilmir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı MMC-nin cavabdehdən verilmiş mala görə pul tələbi, eləcə də vurulmuş ziyanla bağlı pul tələbi əsassızdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan çox olduğundan qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(017)-938/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı V Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 15 (on beş) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-561/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-561/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver