Məhkəmə qərarları › İş №2(106)-564/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-564/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-564/2023 18.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (LPO İddiaçı ASC-nin ləğvedicisi əvvəl “X1 Company” MMC olmuşdur) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(064)-1712/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh arasında bağlanmış 30 aprel 2010-cu il tarixli M-18 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9173.87 manat 87 qəpik əsas borc, 2185.30 manat 30 qəpik faiz borcu, 200 manat dəbbə pulu, cəmi 13359.17 manat 17 qəpik məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(064)-1712/2022 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia təmin edilməmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Füzuli Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(064)-1712/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin iddiası onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(iqt)-2410/2012 saylı qətnaməsi ilə İddiaçı ASC-nin müflis elan edilməsi, "xxxx" ASC-nin ləğvedicisi qismində “X2 Company” MMC-nin təyin edilməsi qət olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 30 aprel 2010-cu il tarixli M-18 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə illik 32 faiz dərəcəsi olmaqla, 11200 manat məbləğində kredit verilmişdir. Cavabdeh bu günədək sözügedən kreditin əsas məbləğindən 2026,13 manat, faiz məbləğindən 1842,50 manat olmaqla, cəmi 3868,63 manat məbləğində qismən ödəniş edərək kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən Cavabdeh müraciətlər edilmiş, lakin cavabdeh verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bunun nəticəsi olaraq Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə 9173.87 manat əsas borc, 2185,30 manat faiz borcu, 2000 manat dəbbə pulu olmaqla, cəmi 13359,17 manat borcu mövcuddur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən boralan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından və hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması mütemadi olaraq davam etmişdir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Odur ki, iddiaçı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(064)-1712/2022 saylı qətnaməsi ilə ləğv prosesində olan İddiaçı ASC-nin iddia ərizəsi təmin edilməmişdir. Cavabdehə qarşı iddia ərizəsi ilə 2015-ci ildə müraciət edilmiş və iddia ərizəsi üzrə Füzuli Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnamə qəbul etmişdir. Qeyd edilən illər ərzində və məhkəmə qətnaməsinin icrası mərhələsində cavabdehin iddia ərizəsindən və qətnamədən xəbərdar olmaması və qətnamə qəbul edildikdən 2 il sonra onun ləğv edilməsi ilə bağlı müraciəti əsassızdır. Eyni zamanda Füzuli Rayon Məhkəməsi iddia tələbimizi rədd edərək, iddiaçının mənafeyini və cavabdeh tərəfindən onun hüquqlarının pozulub-pozulmamasını nəzərə almamış və mühüm əhəmiyyət kəsb edən bu halı qiymətləndirməmişdir. Məhkəməyə təqdim edilən mötəbər sübut hesab olunan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, borclu tərəfindən ödənişlərin davamlılığının pozulmasına və ödənilməmiş borcun olmasına baxmayaraq məhkəmə formal mülahizələr və borclunun qeyri-adekvat fikirlərinə əsaslanmışdır. Həmçinin məlumdur ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Lakin hazırki iş üzrə tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 18 aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. Bundan əlavə mübahisə edilən qətnamə ilə razılaşmalı olsaq, sözügedən pul məbləğinin cavabdehdə qalması iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Görünüyü kimi, hələ də borclu tərəfindən kredit öhdəliklərinin tam yerinə yetirilməsi təmin edilməmişdir. Lakin məhkəmə yuxarıda gösterilən halları araşdırmadan əsassız qərar qəbul etmişdir. Məhkəməyə iddianın əsaslı olmasına dair kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin sübutlara və iddiaçının nümayəndəsinin izahatlarına qiymət vermədən əssasız qərar qəbul etmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir (təmsil olunmamışdır). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin (nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və Füzuli Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(064)- 1712/2022 saylı qətnaməsi dəyişdirilmdən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan 30 aprel 2010-cu il tarixli M-18 saylı kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh istehlak məqsədilə qaytarma şərtləri daxilində 18 ay müddətinə, illik 32 faiz dərəcəsi olmaqla 11200 manat məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən təqdim olunmuş maliyyə arayışdan görünür ki, alınmış kreditdən bu günədək kreditin əsas məbləği üzrə 2026.13 manat, faiz məbləğindən 1842.50 manat ödəniş olunmuşdur. xx.xx.2015-ci tarixə Cavabdeh banka 9173.87 manat əsas borcu, 2185.30 manat faiz borcu və 2000 manat məbləğdə dəbbə pulu, cəmi 13359.17 manat məbləğdə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı ASC, digər tərəfdən isə Cavabdeh olmaqla 30 aprel 2010-cu il tarixli M-18 saylı kredit müqaviləsi bağlanmış və bununla da, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İş materiallarında olan sənədlərə görə Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmişdir. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, borclu Cavabdeh qanunun yuxarıda göstərilən tələblərini pozaraq müqavilə şərtlərinə əməl etməmişdir. Beləliklə, mülki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında 30 aprel 2010-cu il tarixli M-18 saylı kredit müqaviləsi bağlanılmaqla İddiaçı ASC Cavabdeh kredit verilməsi ilə öhdəliyini icra etməsinə baxmayaraq, iddiaçı həmin hüququndan qanunla müəyyən edilmiş müddətdə istifadə etməmişdir. İddiaçı cavabdehin iddia müddətinin tətbiq edilməklə kredit borcunun qaytarılması tələbinin təmin edilməməsinə dair vəsatətinə qarşı əks arqument olaraq məhkəməyə iddia müddətinin tətbiqini istisna edən heç bir mötəbər sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarlarının tələblərinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. MM-in 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının möhkəmlənməsinə kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 30 aprel 2010-cu il tarixli M-18 saylı kredit müqaviləsi 18 ay müddətinə (30 oktyabr 2011-ci ilədək) bağlanmış, iddia ərizəsi isə məhkəməyə yalnız 01 iyul 2015-ci il tarixdə daxil olmuşdur. Cavabdeh 30 aprel 2010-cu il tarixli M-18 saylı kredit müqaviləsi üzrə iddiaçının kredit borcunun qaytarılması tələbinə qarşı öhdəliyin icrasından imtina edərkən, həmin müqavilənin 18 ay müddətinə bağlanması, lakin həmin müddətin başa çatmasına baxmayaraq, iddiaçının üç il ərzində, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etməli olduğu halda, iddiaçı 01 iyul 2015-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Nəzərə alınmaldır ki, MM-in 380.1-ci maddəsinin tələbinə əsasən müəyyənləşdirimiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən qərarda eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393, 400 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(064)-1712/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar