Məhkəmə qərarları › İş №2(106)-564/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-564/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-564/2025 18.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin cavabdehdən tutulması tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(041)-1434/2024 nömrəli (hakim M.Bayramov) qətnaməsindən Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, Kollegiya Müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(041)-1434/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh K2308 saylı kredit müqaviləsinə əsasən 319,376.48 (üç yüz on doqquz min üç yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat əsas borc, 52,608.88 (əlli iki min altı yüz səkkiz manat səksən səkkiz qəpik) manat faiz borcu, 4,653.70 (dörd min altı yüz əlli üç manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 376,639.06 (üç yüz yetmiş altı min altı yüz otuz doqquz manat altı qəpik) manat doxsan səəkkiz qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 110,101,103,105 ünvanda yerləşən 1 nömrəli mənzilə (Yeni qaydalarla: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti 105, M8, m1) yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 110,101,103,105 ünvanda yerləşən 1 nömrəli mənzilin (Yeni qaydalarla: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti 105, M8, m1) ilkin satış qiymətinin 436.000 (dörd yüz otuz altı min) müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 667 (altı yüz altmış yeddi) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Kürdəmir Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 10-1.3-cü maddəsinin tələblərinə əməl olunmadan elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası izah edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmuşdur. Buna görə də, apellyasiya şikayəti elektron qaydada verilməli idi. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kürdəmir Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(041)-1434/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayəti ilə birlikdə Kürdəmir rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar