Məhkəmə qərarları › İş №2(106)-565/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-565/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-565/2023 06.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: borcun tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(064)- 2060/2022 saylı qətnaməsindən (hakim Y.Həşimov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bankın xeyrinə müştərək qaydada 2.300 ABŞ dolları əsas borc, 1.293,86 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 330,56 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.673,72 ABŞ dolları cərimə borcu olmaqla, cəmi isə 5.598,13 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 392 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdeh X5 18 ay müddətinə illik 28 % ödəmək şərti ilə 2.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 392 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan borcu 5.598,13 ABŞ dolları təşkil edir. Ona görə də, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəməyə ərizə verərək iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(064)-2060/2022 saylı qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manatın ona aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə gəldiyi iddianın təmin olunmamasina dair nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf ilk dəfə iddia müddətinin bitməsinə (iddia ərizəsində qeyd olunan tarix-xx.xx.2020-ci il nəzərə alınarsa) 25 gün qalmış məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi baxılmamış saxlanıldıqdan sonra yenidən icraatın təzələnməsinə dair müraciət etməklə iddia müddətini artıq ötürmüşdür. Məhkəmənin gəldiyi bu nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və həmin nəticə işin hallarına uyğun olmamış və göstərilən səhv nəticəyə görə maddi və prosessual hüquq normaları pozulmuşdur. Füzuli Rayon Məhkəməsi 2(064)-2060/2022 saylı mülki iş üzrə xx.xx.20226-ci tarixdə qəbul etdiyi qətnamədə əsassız olaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Belə ki, qətnamədə qeyd olunur ki, iddiaçı ilk dəfə xx.xx.2020-ci il tarixdə (dəftərxanada rəsmən xx.xx.2020-ci il tarixdə qeydiyyata alinmışdır) iddia müddətinin bitməsinə 25 gün qalmış iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, xx.xx.2021-ci il tarixli qərardadla icraat təzələnməklə xx.xx.2021-ci il tarixində yenidən iddia ərizəsi baxılmamış saxlanılması haqqında qərardad qəbul edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qərardadların heç biri iddiaçıya rəsmi qaydada verilməmişdir. İşin nəticəsi ilə bağlı məhkəmə ilə telefon vasitəsi ilə əlaqə saxlanıldıqdan sonra iddiaçıya işin baxılmamış saxlanılması bildirilmiş və hər dəfə də etiraz olunaraq işə iddiaçının iştirakı olmadan baxılmasına dair ərizə göndərildiyi məhkəmənin diqqətinə çatdırılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixə saat 16:45-ə təyin edilmiş məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi barədə məhkəməyə xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixə saat 11:40-a təyin edilmiş məhkəmə iclasına isə xx.xx.2021-ci il tarixli ərizələr göndərilmişdir. Lakin həmin ərizələr məhkəmə tərəfindən nəzərə alınmamış və iş hər dəfə baxılmamış saxlanılmış sonradan verilən vəsatətlərə əsasən icraat təzələnmişdir. Qeyd olunanlardan göründüyü kimi işin baxılmamış saxlanılmasında iddiaçının təqsiri olmamış və iddiaçının iştirak etməməsi üzürlü hesab olunaraq icraat təzələnmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtləri nəzərə alınmamış və əsassız olaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlinmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddia müddətini ötürmədən məhkəməyə vermişlər. Məhkəməyə işə təqdim etdikləri sübutlar əsasında onların iştirakı olmadan baxılması barədə dəfələrlə yazılı müraciət etmələrinə baxmayaraq məhkəmə əsassız olaraq işə baxmamış və iddianı bir neçə dəfə baxılmamış saxlamışdır. Hər dəfə də onların müraciəti əsasında baxılmamış qərardadını ləğv edərək işin icraatını təzələmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və iddianın tam təmin olunmasını istəməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq olunan hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. MM-in 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(064)-2060/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmağa çalışmışdır. İddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehlərdən alınması barədədir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı Bankla cavabdehlər arasında müvafiq olaraq xx.xx.2015-ci il tarixli, İKM 392 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdeh X4 18 ay müddətinə illik 28 % ödəmək şərti ilə 2.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 ilə isə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşımağı öhdəsin götürmüşdür. Hazırda Cavabdeh1 kredit üzrə banka olan borcu 5.598,13 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəni tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etməkdə haqlı olmamışdır. Çünki iş materialları ilə müəyyən olunur ki, iddia ərizəsi məhkəməyə 06 aprel 2020-ci il tarixdə daxil olmuş və qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh arasında 18 ay müddətinə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bitmə tarixi xx.xx.2017-ci il, həmin müqaviləyə münasibətdə iddia müddətinin sonu isə xx.xx.2020-ci il tarixidir. Göründüyü kimi iddia ərizəsi 06 aprel 2020-ci il tarixdə məhkəməyə daxil olub qeydiyyata alındığından iddiaçı iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, İKM 392 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdeh X4 18 ay müddətinə illik 28 % ödəmək şərti ilə 2.300 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli, İKM 392 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşımağı öhdəsin götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, hazırda cavabdehlərin banka 5.598,13 ABŞ dolları borcları vardır. İşə əlavə edilmiş Problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, cavabdeh X5 ilə bağlanmış kredit müqaviləsi Fərmanın təsiri altına düşməmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçıASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində onun digər cavabdehlə birgə iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Maliyyə arayışına əsasən cavabdehin 2.300 ABŞ dolları əsas borc, 1.293,86 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 330,56 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.673,72 ABŞ dolları cərimə borcu olmaqla, cəmi isə 5.598,13 ABŞ dolları borcu olması göstərilmişdir. Bundan başqa, xx.xx.2015-ci il tarixli, İKM 392 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh2 borclu X3 öhdəliklərinin yerinə yetirilməməsinə görə kreditor bank qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. MM-in 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki işdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu zamin Cavabdeh2 qarşı yalnız 06.04 2020-ci il tarixdə iddia qaldırmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi zaminə qarşı iddia qaldırarkən qanunla müəyyənləşdirilmiş müddət keçməsinə baxmayaraq zaminliyə xitam verilməli olduğu halda bunu etməmişdir. Belə ki, zaminlərlə zaminlik müqaviləsi xx.xx.2015-ci ildə bağlanmışdır. Göründüyü kimi iddiaçı zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəlik götürmüş zamin Cavabdeh2 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməli, kredit müqaviləsi üzrə borcun Cavabdeh2 tutulması hissəsində iddia tələbi təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, 1.673,72 ABŞ dolları cərimə tənasübsüz olaraq yüksək hesablanmışdır. Buna görə də kollegiya hesab edir ki, cərimə məbləği azaldılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(064)-2060/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməklə Cavabdeh1 2.300 ABŞ dolları əsas borc, 1.293,86 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 330,56 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 150 ABŞ dolları cərimə borcu Mərkəzi Bankın ödəniş gününə manata münasibətdə müəyyən etdiyi məzənnəyə uyğun və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(064)-2060/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, İKM 392 saylı istehlak kredit müqaviləsi üzrə 2.300 ABŞ dolları əsas borc, 1.293,86 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 330,56 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 150 ABŞ dolları cərimə borcu Mərkəzi Bankın ödəniş gününə manata münasibətdə müəyyən etdiyi məzənnəyə uyğun və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanula müəyyən olunan qaydada kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar