Məhkəmə qərarları › İş №2(106)-568/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-568/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-568/2024 20.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1018/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(041)-1018/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia qismən təmin edilərək, Cavabdeh vurduğu maddi zərərə görə 9635 manatın və ödənilmiş dövlət rüsumuna görə 131 manatın alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(041)-1018/2023 saylı qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Apellyasiya şikayəti Cavabdeh vəkili və nümayəndəsi kimi qeyd edilmiş Vəkil2 tərəfindən elektron imza vasitəsilə imzalanmış, Cavabdeh tərəfindən elektron imza vasitəsilə imzalanmamışdır. İş materiallarına sadəcə Şirvan Apellyasiya Məhkəməsində hüquqi yardım üçün xx.xx.2024-cü il tarixli vəkil orderi əlavə olunmuş, Cavabdeh adından məhkəmə aktlarından şikayətlərin verilməsi və imzalanması səlahiyyətlərinin də Vəkil2 verilməsini özündə əks etdirən hər hansı etibarnamə isə iş materiallarında mövcud olmamaqla yanaşı, verilmiş apellyasiya şikayətinə də əlavə edilməmişdir. Halbuki, MPM-in 74.2-ci maddəsinin tələblərinə görə, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırda “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini cavabdehin nümayəndəsi və vəkili olaraq qeyd etməklə Vəkil2 elektron imza vasitəsilə imzalamış olsa da, məhkəmə aktlarından şikayət verilməsi (imzalanması) səlahiyyətinin Cavabdeh tərəfindən Vəkil2 verilməsini təsdiq edən etibarnamə iş materiallarında aşkar olunmamışdır. Bu səbəbdən də, Vəkil2 nümayəndə kimi Cavabdeh adından apellyasiya şikayəti vermək və onu imzalamaq səlahiyyəti müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1018/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar