Məhkəmə qərarları › İş №2(106)-572/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-572/2023

29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-572/2023 29.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli 2(050)-3181/2022 saylı qətnaməsindən (hakim H.Bəhmənov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, xəstə qaramalı ona satması nəticəsində həmin heyvanın ölümü ilə əlaqədar dəymiş 900 manat ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 28 avqust 2021-ci il tarixdə Masallı şəhəri mal-heyvan bazarında Bədəlan kənd sakini olan Cavabdeh bir ədəd qara rəngli, yanı balalı sağmal inəyi 900 manata almışdır. Heyvanı aldığı vaxt cavabdeh inəyin xəstə olması barədə ona məlumat verməmiş, heyvanın xəstə olmasını gizlətmiş, əksinə heyvanın sağlam olmasını və yaxşı süd verməsini bildirmişdir. Heyvanı aldıqdan bir həftə sonra xəstələndiyini görüb həkim çağırmış və həkim heyvanın qara ciyərində xəstəlik olmasını bildirmişdir. Heyvanı müalicə etsə də, heyvan xəstəlikdən ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edib, izahatında göstərmişdir ki, heyvanı alarkən inək balalı olmuş, nəzərdən keçirmiş, lakin həmin vaxt inəkdə heç bir xəstəlik müşahidə etməmişdir. Razılaşmaya əsasən Cavabdeh əvvəlcə 700 manat, təqribən iki gün sonra isə 200 manat pul vermişdir. Heyvanı alarkən hər hansı qarantiya müddəti müəyyən etməmişlər. Bir həftə ərzində heyvanın südü, yem yeməsi yaxşı olmuş, hətta pulu ödəyəndə razılıq etmişdir. Lakin təqribən bir həftə sonra heyvanın yem yemədiyini görmüş, xəstə olmasını müşahidə edib baytar həkim X2 müraciət etmişdir. O, inəyə baxaraq “Qaraciyər serrozu” diaqnozu qoymuş, müalicə yazmışdır. Həmin müalicəni etsə də, heyvan ölmüş, balasını bir müddət sonra 240 manata satmışdır. İnəyin ölməsi barədə akt tərtib edilməmiş, baytar-həkimə analiz nümunəsi verməmişdir. Hesab edir ki, heyvanı satarkən Cavabdeh inəyin xəstə olmasını bilmiş, ona qəsdən xəstə heyvan satmışdır. Ona görə də ona dəymiş 900 manat maddi ziyanı tələb edir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, o və atası uzun müddətdir mal bazarında heyvan al-veri ilə məşğul olurlar. Həmin heyvanı da atası almış və o, da üzərinə təqribən 100-150 manat pul qoyaraq satmışdır. Heyvanı özləri aldıqdan sonra bir neçə gün onlarda qalmışdır. Belə hallarda heyvanda xəstəlik müşahidə etdiklərində dərhal qaytarıb pullarını geri alırlar. Həmin vaxt heyvanda heç bir xəstəlik olmamışdır. 2021-ci ilin təqribən avqust-sentyabr aylarında İddiaçı inəyi balalı halda 900 manata satmışdır. İddiaçı heyvana baxmış və bəyənib almışdır. O, həmin gün 700 manat, qalan 200 manatı isə bir neçə gün sonra vermişdir. Hətta sonradan pulu alarkən İddiaçı ona razılıq etmiş, südünün gözlədiyindən daha yaxşı olmasını bildirmişdir. Heyvan satıldıqdan təqribən 10 ay sonra iddiaçı zəng edərək heyvanın ölməsini bildirmiş və pulunu tələb etmiş, hətta polis şöbəsinə müraciət etmişdir. İddianı əsassız hesab edir, ona görə ki, özü uzun müddət heyvan al-veri ilə məşğul olur, xəstə heyvanı heç vaxt alıb-satmır. İddiaçı da heyvanı alarkən yoxlamışdır, əgər heyvan xəstə olardısa, sonradan 200 manatı yəqin ki, ödəməzdi. Həmçinin inək xəstə olanda, yaxud öldükdən dərhal sonra onunla əlaqə saxlaya bilərdi. İddiaçının dediklərinin doğru olmasına inanmır, iddianı əsassız hesab edir. Masallı Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(050)-3181/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olnması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 8 dekabr 2022ci il tarixli 2 (050)-3181/2022 saylı qətnaməsini əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Qətnamə ilə razı deyil, çünki qətnamədə iddia tələbinə və sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, məhkəmə iclası zamanı dindirilmiş cavabdeh izahatında dolayı olsa da, iddia tələbini etiraf etmişdir. Həmçinin iş üzrə dindirilmiş şahid də, iddia tələbini təsdiq etmişdir. Şahid ifadəsində bir ildən artıq bir müddət öncə onun müraciəti əsasında bir baş inəyini müayinə etmiş və qaraciyər serrozu diaqnozu ilə 3 günlük müalicə yazmışdır. Burdan belə görünür ki, iddia tələbində qeyd etdiyi və cavabdehin izahatında qeyd etdiyi tarixlərlə şahidin ifadəsindəki tarixlər üst-üstə düşür. İnəyi həmin tarixdə cavabdehdən almışdı və bir həftədən sonra inəyin xəstə olduğunu görmüş, baytar həkimə müraciət etmiş, baytar həkimin heyvana qoymuş olduğu diaqnoza əsasən xəstəlik bir həftə ərzində yaranan xəstəlik deyildir. Demək inək cavabdehdə olduğu zaman artıq xəstə olmuşdur. Eləcədə əgər cavabdeh iddia tələbini etiraf etmirsə bu hal məhkəmə tərəfindən iddianın rədd olunması üçün əsas olmamalıdır. Bütün bu sadalananlar sübut edir ki, tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qərar qəbul edərkən yekiun nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunlu izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə iştirak etməmişdir və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görədə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, X7 Mərkəzinin Masallı rayon şöbəsində baytar-həkim işləyir. Təqribən bir ildən artıq müddətdə İddiaçı müraciətinə əsasən onun bir baş qaratəhər inəyinə baxmış, göz müşahidəsinə əsasən “Qaraciyər serrozu” diaqnozu ilə 3 günlük müalicə təyin etmiş, heç bir qan təhlili və ya digər analiz nəticəsi əldə etməmişdir. Müalicəni İddiaçı özləri həyata keçirmişdir. O, heyvanı müalicə edərkən yerdə yatmış vəziyyətdə görmüş, məsləhət görmüşdür ki, tövlədən kənara çıxarsınlar. Bundan sonra heyvanın ölməsi və ya qalması barədə məlumatı olmamış, İddiaçı ona və ya idarəyə müraciət etməmişdir. İş materiallarında olan 27 avqust 2022-ci il tarixli Masallı rayon Polis Şöbəsinin məktubundan görünür ki, Masallı rayon Həsənli kənd sakini İddiaçı müraciətinə cavab olaraq ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır; 1096.1. və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 588.1.-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Əvvəla ona görə ki, iddiaçı tərəfindən zərərə məruz qalmasına dair birinci instansiya məhkəməsinə hər hansı bir sübut verilməmişdir. İddiaçı cavabdehdən almış olduğu inəyin öldüyünü bildirsə də, bunu təsdiq edən akt, fotoşəkil və sair kimi sübut verilməmişdir. Bundan başqa iddiaçının almış olduğu inəyin dəqiq nə zaman öldüyünü də iş materialları ilə müəyyən etmək mümkün deyildir. Çünki iddiaçı inəyi aldıqdan bir həftə sonra xəstəliyinin üzə çıxdığını, müalicə etməsinə baxmayaraq sağalmayıb öldüyünü, cavabdeh isə inəyi satdığı vaxtdan 10 ay müddət keçəndən sonra iddiaçının ona zəng edərək inəyin öldüyünü bildirir. Cavabdehin qeyd olunan dəlili isə iş materiallarına əlavə olunmuş Masallı rayon Polis Şöbəsinin İddiaçı müraciətinə verilən cavab məktubu ilə təsdiqini tapır. Belə ki, məktubun məzmunundan görünür ki, İddiaçı aldığı inəyin ölməsi ilə bağlı şikayət ərizəsi ilə polisə, inəyi aldığı vaxtdan təxminən bir il sonra, 17 avqust 2022-ci ildə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 900 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(050)-3181/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar