Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-574/2024 01.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(032)-1137/2023 saylı qətnaməsindən (hakim S.Məmmədova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, 3300 manat pulun və ödənilmiş 53 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağladığı 20 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 1 ay müddətinə, yəni 20 mart 2023-cü il tarixinədək geri qaytarmaq şərtilə 3300 manat məbləğində borc vermişdir. Belə ki, cavabdehlə bağlanmış kredit müqaviləsinin 2-ci bəndinə əsasən “Borc alan” krediti 20 mart 2023-cü tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci bəndinə görə “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və faizləri ödəmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin cavabdeh müqavilənin qeyd edilən şərtlərini pozaraq kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin ona hazırki tarixə 3300 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı vəkili Nümayəndə iddianı müdafə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərəe təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, əvvəllər "xxxx" MMC şirkətində sürücü işləmişdir. İddiaçı heç bir borc almamış, sadəcə digər sürücülərə münasibətdə olduğu kimi onunla da ağır tonnajlı yük avtomobilinin (tır) təhvil verilməsi zamanı gətirəcəyi yükün həcmi məbləğində borc müqaviləsinin bağlanmasına məcbur edilmişdir. Müqaviləyə iddiaçının tanış notariusunda imza etmiş, pul iddiaçıda olmuş və müqavilə imzalandıqdan dərhal sonra yük avtomobili ona təhvil verilmiş və Gürcüstana yola düşmüşdür. O əsasən Rusiya, Gürcüstan və Türkiyə ərazilərinə işləmişdir. Lakin bütün bu dövrdə ona maaş verilməmiş, o da məcbur olub Azərbaycan-Gürcüstan sərhəddində avtobusu qoyub qayıtmışdır. Onlar arasında iş münasibətlərinin olmasını bank ödəniş sənədinə əsasən Vüqara Gürcüstan ərazisindən 1297 dollar pul göndərməsi də sübut edir. Həmçinin Vüqala telefonla danışığında sonuncu ona deyil, şirkətə borcunun olmasından danışır. Bu halı digər sürücülər də təsdiqləyə bilərlər. Şirvan Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(032)-1137/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni cavabdehin pulu notarial qaydada müqavilə bağladıqdan sonra bankdan rəsmi şəkildə almasını, məhkəməyə müraciət edilənə qədər cavabdehin müqavilə ilə bağlı və pulun alınması ilə bağlı heç bir şikayətinin olmamasını aydınlaşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamamsını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddiasının tam edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, faktiki olaraq Rəmiş Cəfərovun rəhbəri olduğu "R Group Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətində ağır tonnajlı nəqliyyat vasitələrini idarə edir. İşə qəbul edildikdən sonra onunla formal olaraq Rəmişin işçisi İddiaçı arasında borc müqaviləsi bağlanmışdır. Bunun səbəbi isə guya başqa ölkələrə daşınılmalı olan malların gələcəkdə təhvil verilməsində və alınmış vəsaitlərin qaytarılmasında problemlərin olmaması üçün qabaqlayıcı tədbir kimi olmuşdur. X10 şirkətində sürücü kimi işə başlayarkən işin xüsusiyyəti ondan ibarət olmuşdur ki, xarici ölkələrə yüklər daşımalı idilər. Lakin onlar guya sürücüyə daşıdıqları yükləri aparılan ölkədə təhvil veribverməyəcəklərinə, təhvil verdikdən sonra alacaqları pulları geri gətirəcəklərinə əmin olmadıqları üçün belə formal müqavilə bağlamışlar. Sonradan öyrənmişdir ki, belə müqavilə yalnız onunla deyil, xeyli sayda digər şəxslərlə də bağlanmışdır. Hətta onun və digər sürücülərin ölkədən çıxışına dair məlumatlara baxılarsa, bunu aydın şəkildə görmək mümkündür ki, borc müqavilələri bağlandıqdan sonra ölkədən çıxış edilmişdir. Sonradan eşitmişdir ki, Rəmiş Cəfərov başqa şəxsləri də belə aldadaraq onların adlarına müqavilələr imzalatmışdır. Hazırda bununla bağlı müxtəlif orqanlara şikayətlər etmişdir və araşdırma aparılır. Əslində isə nəinki onun Vüqara və ya Rəmişə, onların malların daşınması nəticəsində ona borcu vardır. Borclarını ödəməmək üçün belə yollara əl atırlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində cavabdehin məhkəməyə təqdim etdiyi audio səs yazısı dinlənilmiş, iddiaçının nümayəndəsi tərəfindən səs yazısında danışan şəxsin iddiaçı olması ilə əlaqədar hər hansı bir etiraz daxil olmamış və səs yazısının dinlənilməsi zamanı iş üçün əhəmiyyətli hallar müəyyən edilmişdir. Səs yazısında Vüqar adlı şəxslə cavabdeh arasında dialoq baş verir. Dialoqda : - cavabdeh Vüqar adlı şəxsə “ düzünü de, Vüqar sən mənə notariusda pul vermisən? - Sənə şirkətin pullarını vermişəm, sənin bir qəpiyin mənə lazım deyil, gəl şirkətə otçotunu elə, 1 aya Rəmiş çıxacaq, hamimiz oturub söhbət edərik, səbrli ol, nə almısan, nə xərcləmisən, hesabatını verərsən, bu söhbət də bağlanar” (Vüqar) - Sən mənə pul verməmisən qardaş bir qəpik də olsun - Sən niyə narahat olursan ki, otçot aparılacaq, bu söhbət də bağlanıb gedəcək, narahat olma. (Vüqar) - Sən notariusda mənə pul vermisən? (Fərhad) - sən şirkətin pulunu götürüb getmisən məni də qoymusan pis vəziyyətdə, gəl otçot edək. Gəl pulun otçotunu ver söhbət bağlansın. (Vüqar) - Fərhad sən yükün pulunu ordan götürüb getmisən, pulu gətir qaytar. (Vüqar) İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur : xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc vermiş, Cavabdeh krediti xx.xx.2023-cü il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixdə Cavabdeh ünvanlanmış pretenziyanın surətindən görünür ki, borclu Cavabdeh 3300 manat məbləğində borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borcunun ödənilməsi ilə əlaqədar məlumatlandırılmışdır; xx.xx.2023-cü il tarixli “Zolotaya Karona” qaiməsinin sürətindən görünür ki, Gürcüstan- Tbilisinin bankı olan “JSC Liberty Bank” vasitəsilə Cavabdeh 1290 ABŞ dolları məbləğində pulu İddiaçı göndərmişdir.; Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-484/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh X1 3400 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 manat pul və vəkil xərcinin əvəzi kimi 243.50 manat pul alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın isə rədd olunması qət edilmişdir; Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1124/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Şahid1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməmişdir; Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Rəcəbov X8 rayon 1 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə əsasında Şahid1 (xx.xx.2021-ci il tarixdə "Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmişdir), xx.xx.2023-cü il tarixli müqavilə əsasında Cavabdeh (xx.xx.2023-cü il tarixdə "Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmişdir) və xx.xx.2023-cü il tarixli müqavilə əsasında X3 (xx.xx.2023-cü il tarixdə "Samur” dövlət sərhədindən buraxılış məntəqəsindən Rusiya Federasiyası ərazisinə keçmişdir) borc vermişdir; Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMCdə sürücü işləyir; Dövlət Vergi Xidmətinin saytından çıxarışdan görünür ki, sonuncu dəyişiklik xx.xx.2023cü il tarixdə edilməklə "R Group Azerbaijan” MMC-nin qanuni təmsilçisi X5 əmisi oğlu X6r; X9 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh müraciəti əsasında Xidmətin Abşeron Xızı Regional Şöbəsində araşdırma aparılır. Mülki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki hallarına əsasən İddiaçı ilə Cavabdeh arasında borc (kredit) müqaviləsi bağlansa da, əslində hazırkı iş üzrə iddiaçı cavabdehə borc pul verməmiş, sadəcə olaraq sürücü kimi ona etibar olunmuş malın aidiyyəti üzrə çatdırılmasını sığortalamaq üçün yük avtomobilinin ona təhvil verilməsindən əvvəl onunla borc müqaviləsi məzmununda müqavilə bağlanmışdır. Kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlandıqdan sonra cavabdeh bildirdiyi kimi xx.xx.2023-cü il tarixdə Gürcüstana yola düşmüşdür. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıya Tbilisi şəhərindən 1290 dollar məbləğində pul göndərməsi isə tərəflər arasında davamlı maddi məsuliyyətdən irəli gələn münasibətlərin olmasına dəlal edir. Cavabdehin təqdim etdiyi səs yazısında Vüqar adlı şəxsin cavabdehə yükün pulunu qaytarmamasını, həmin pulu gətirib qaytardıqdan sonra, hesabat aparılacağını, cavabdehdən özünün heç bir məbləğdə pul tələb etmədiyini və yalnız şirkətin pulu ilə əlaqədar hesabat aparıldıqdan sonra bununla da söhbətin bağlanacağını bildirir. Həmçinin İddiaçı digər şəxslərə qarşı eyni məzmunlu iddia tələbi irəli sürməsi, həmin şəxslərlə bağlanan “kredit” müqavilələrinin eyni notariat kontorunda rəsmiləşməsi, müqavilə bağlandıqdan qısa müddət sonra “cavabdeh” qismində cəlb edilmiş şəxslərin ölkə hüdudlarını tərk etmələri, həmin cavabdehlərin məhkəmə instansiyalarında etdikləri etirazların da eyni məzmunlu olması, tərəflərin mübahisələndirilən “kredit” müqaviləsini imzalamaqda əsil məqsədlərinin, cavabdehin sürücü kimi işlədiyi şirkətin mallarını xarici ölkələrə daşıyarkən sadəcə yüklərin maddi məsuliyyətinin təminatı olmasıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Kollegiya işin müəyyən olunan faktiki hallarını yuxarıda sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlir ki, tərəflər arasında rəsmi şəkildə kredit müqaviləsinin bağlanmasına baxmayaraq, həmin əqd tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və həqiqi niyyətlərini əks etdirmir. İşin müəyyən olunan faktiki halları üzrə birinci instansiya məhkəməsi tərəfindən aparılan dəyərləndirmə düzgün olmuşdur. Belə ki, tərəflər arasında borc (kredit) müqaviləsi bağlansa da, əslində hazırkı iş üzrə iddiaçı cavabdehə borc pul verməmiş, sadəcə olaraq sürücü kimi ona etibar olunmuş malın aidiyyəti üzrə çatdırılmasını sığortalamaq üçün yük avtomobilinin ona təhvil verilməsindən əvvəl onunla borc müqaviləsi məzmununda müqavilə bağlanmışdır. Hərçənd ki, cavabdehin bir sürücü kimi işləmiş olduğu şirkətə maddi ziyan vurma ehtimalı mövcud olmuşdur və belə olan halda işəgötürən işçisi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlamalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədə kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(032)-1137/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Pərviz Əhmədov Samir Həsənov
Məhkəmə qərarları › İş №2(106)-574/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-574/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver