Məhkəmə qərarları › İş №2(106)-575/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-575/2023

12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-575/2023 12.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)- 3622/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cinayət əməli nəticəsində ona vurduğu maddi ziyana görə 20000 manat, həmçinin dövlət rüsumuna görə ödəmiş olduğu 135 manat, hüquqi xidmətə görə ödədiyi 300 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2014-cü ilin mart ayında onun etibarından sui-istifadə etməklə iddiaçıya Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, icarə qaydasında işlətdiyi mağazaya gündəlik istifadə olunan malların alınması üçün nağd pul lazım olmasını bildirərək, mağazada gedən alverin bir hissəsini maliyyələşdirməyi təklif edib əvəzində xeyrin 10 faizini iddiaçıya verəcəyini vəd edərək həmin ilin iyun ayında 10000 manat pulu, avqust ayında 6000 manat dəyərində müxtəlif əşyaları, noyabr ayında isə 6000 manat məbləğində pulu Xırdalan şəhərində iddiaçıdan alaraq ələ keçirmişdir. Daha sonra cavabdeh həmin pulun 2000 manatını qaytararaq iddiaçıya külli miqdarda, cəmi 20000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətlərinə, həmçinin başqa şəxslərin də etibarından sui-istifadə edərək onları aldadıb pullarını mənimsədiyinə görə, cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçıya cavabdehin törətmiş olduğu cinayət hadisəsi ilə maddi ziyan vurulduğundan o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh həmin cinayət əməlini törədərkən iddiaçı 20000 manat puldan məhrum olmuşdur. İstintaq zamanı iddiaçıya pulları qaytarılmamış, nəticədə ona vurulmuş maddi ziyan ödənilməmiş qalmışdır. Sonradan iddiaçı tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 15000 manatın, dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş vəsaitin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbin həcminin azaldılmasına dair ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh vurmuş olduğu ziyandan 5000 manatını əvvəllər ödəmiş, hazırda vurulmuş ziyana görə 15000 manat ödənilməmiş məbləğ qalmışdır. Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(050)-3622/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ayaz Səlimov) iddia təmin edilmiş, Cavabdeh 15000 manat ziyan məbləğinin, 136 manat dövlət rüsumunun və 300 manat hüquqi xidmət haqqının tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni Cinayət- Prosessual Məcəllənin 180.2-ci maddəsinə və Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1096.2-ci və 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(050)-3622/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü ildə iddiaçı ilə aralarında ticarət əlaqələri yaranmış, Xırdalan şəhərində işlətdiyi dükanda dövriyyəni yüksəltmək məqsədilə qarşılıqlı razılaşma əsasında (qazancın 10 faizini ödəmək şərti ilə) mal və pul vəsaiti ticari dövriyyəyə cəlb edilmişdir. Ümumilikdə iddiaçı dövriyyəyə 22000 manat vəsait (16000 manat nağd pul və 6000 manat dəyərində müxtəlif əşya və məmulat) daxil etmişdir. İddiaçı ilə ticarət münasibətləri 9 ay davam etmiş, həmin aylar ərzində razılaşdıqları kimi cavabdeh iddiaçıya hər ay 1000 manat (dövriyyədən gəlir əldə edilib-edilməməsindən asılı olmayaraq) ödəmişdir. Lakin sonradan devalvasiya nəticəsində manatın kəskin şəkildə ucuzlaşması, dolların kəskin şəkildə bahalaşması baş verdiyindən və dövriyyədə olan mal və məmulatların satışa çıxarılması üçün ilkin olaraq ABŞ dolları ilə alınması səbəbindən cavabdeh iflas həddinə çatmış və iddiaçıya pul ödəyə bilməmişdir. Bu səbəbdən də cavabdehin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi qaldırılmış və cavabdeh 2016-cı ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh məhkəmənin qətnaməsi ilə razı deyil. Məhkəmə sübutların qiymətləndirilməsi ilə bağlı obyektiv dəyərləndirmə aparmamış, bununla da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddiaçı ilə cavabdeh arasındakı ticarət münasibətləri zəminində 9 ay müddətində iddiaçıya yalnız 5000 manat ödənildiyini qəbul etmiş (məhkəmə prosesi zamanı iddiaçı həmin məbləğin istintaq zamanı ödənilməsi kimi qəbul etmiş, halbuki iddiaçıya ödənilən məbləğ 9000 manat olmuşdur), qalan 4 ay ərzində ödədiyi 4000 manatı nəzərə almamışdır. Bu hal da cavabdehin iddiaçıya 11000 manat deyil, 4000 manat əlavə olmaqla 15000 manat pul ödəməsini şərtləndirir. Məhkəmə mübahisə üzrə araşdırma apararkən tərəflərin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarla bağlı mövqeyində ardıcıl olmamış, yalnız tərəflərin ifadələrində göstərdiklərinə uyğun öz hüquqi mövqeyini formalaşdırmışdır. İddiaçının istinad etdiyi halları onun mövqeyini əsaslandıran qəti sübut kimi dəyərləndirən məhkəmə, cavabdehin arqumentlərindən də iddiaçının mövqeyini əsaslandırmaq üçün istifadə etmiş, bu zaman cavabdehin irəli sürdüyü və əsaslandığı dəlillərə mübahisənin yekun həllində mühüm əhəmiyyət kəsb etdiyindən birtərəfli deyil, obyektiv yanaşaraq ədalətli araşdırma aparmalı olduğu halda bunu etməmiş, natamam məhkəmə araşdırması və dəyərləndirmə apararaq yekun nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, hökm ilə təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxs İddiaçı 20000 manat məbləğində maddi ziyan vurmuş olduğu müəyyən edilmişdir. Belə olan halda mülki məhkəmə icraatı zamanı cavabdeh tərəfindən istintaq zamanı iddiaçıya 5000 manat ödənilməsi faktı məhkəmənin hökmünü şübhə altına alır. Faktiki olaraq, cavabdehin 9 ay ərzində hər ay iddiaçıya 1000 manat, cəmi 9000 manat ödəmə etməsi təsdiq olunur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və bildirdi ki, o, iddiaçıya vurulmuş 20000 manat maddi ziyanın 5000 manat hissəsini deyil, 9000 manat hissəsini iddiaçıya qaytarmışdır. Lakin onun əlavə olaraq 4000 manat məbləğində pulun ödənilməsi ilə bağlı hər hansı sübutu yoxdur və hər hansı sənəd təqdim edə bilmir. O, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş 4000 manat hissəsində mübahisələndirir və bildirir ki, onun iddiaçıya vurduğu 20000 manat ziyandan 11000 manat ödənilməmiş qalmışdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, cavabdeh tərəfindən ona vurulmuş 20000 manat ziyandan 4800 manatdan bir qədər artıq məbləğ ödənilmiş, iddiaçı həmin məbləği 5000 manat olaraq qəbul etmişdir. Həmin məbləğdən başqa cavabdeh tərəfindən ona hər hansı ödəniş edilməmiş, cavabdehin bildirdiyi 4000 manat məbləğində pul iddiaçıya verilməmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində 4000 manat məbləğində pula münasibətdə mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli, 1(101)-1223/2016 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmış, Cavabdeh həmin maddə ilə təqsirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin mart ayında İddiaçı etibarından sui-istifadə etməklə ona Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən icarə qaydasında işlətdiyi mağazaya gündəlik istifadə olunan malların alınması üçün nağd pul lazım olduğunu bildirərək mağazada gedən alverin bir hissəsini maliyyələşdirməyi təklif edərək əvəzində xeyirin 10 faizini ona verəcəyini vəd verməklə külli miqdarda pul vəsaiti əldə etmək məqsədilə aldadıb bu məqsədlə İddiaçı 2014-cü ilin iyun ayında 10000 manat pul, avqust ayında 6000 manat dəyərində müxtəlif əşyalar, noyabr ayında isə 6000 manat məbləğində pulu Xırdalan şəhərində alaraq ələ keçirib, daha sonra həmin pulun 2000 manatını İddiaçı qaytararaq zərərçəkmiş şəxsə vahid niyyətlə külli miqdarda – cəmi 20000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir... Həmin puldan Cavabdeh İddiaçı 5000 manat qaytarmışdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi ziyana görə əvvəlcə 20000 manat, sonradan isə tələbin həcmini azaldaraq 15000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmiş, öz tələbini Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli hökmü ilə cavabdehin maddi ziyan vurmaqla, ona qarşı dələduzluq etməsi faktının təsdiq olunması və cavabdehin vurulmuş 20000 manat məbləğində ziyandan cəmi 5000 manat pulun ödənilməsi, qalan 15000 manat pulun ödənilməmiş qalması ilə əsaslandırmışdır. Cavabdeh isə onun tərəfindən iddiaçıya 20000 manat məbləğində maddi ziyanın vurulduğunu qəbul etmiş, lakin həmin ziyandan 5000 manatdan əlavə 4000 manat məbləğində pulun da qaytarıldığını bildirmişdir. Cavabdeh öz etirazını onunla əsaslandırmışdır ki, onun tərəfindən iddiaçıya vurulmuş ziyandan cəmi 9000 manat qaytarıldığından, vurulmuş ziyana görə hazırda ödənilməmiş qalan məbləğ cəmi 11000 manat təşkil edir. Lakin hazırkı iş üzrə cavabdeh ödənildiyini bildirdiyi 4000 manat məbləği ilə bağlı hər hansı sənəd, qəbz, çek və s. təqdim edə bilməmiş, öz etirazının əsası kimi istinad etdiyi həmin halı sübut edə bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür, hazırkı iş üzrə iddiaçı isə cavabdeh tərəfindən ona 20000 manat məbləğində ziyanın vurulması faktını Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2016cı il tarixli hökmünün surətini təqdim etməklə sübut etmiş, cavabdeh tərəfindən həmin məbləğdən 5000 manatın ödənildiyini nəzərə alaraq, qalan 15000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh isə əlavə olaraq 4000 manat da ödədiyini bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq 4000 manat pulun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Cavabdeh həmin halın təsdiqi üçün 4000 manat məbləğində pulun iddiaçıya ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməli olsa da, hər hansı sübutunun olmadığını qeyd etmişdir. Beləliklə, cavabdeh məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. Sadalananlara əsasən, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyandan 5000 manatdan əlavə 4000 manat məbləğində pulun da ödənilməsi faktı iş materialları ilə öz təsdiqini tapmadığından, cavabdeh həmin halın təsdiqi üçün hər hansı mötəbər sübut təqdim etmədiyindən, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4000 manat olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(050)-3622/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar