Məhkəmə qərarları › İş №2(106)-582/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-582/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-582/2025 04.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(036)-1224/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi olaraq İddiaçı mağazanın sökülməsi ilə bağlı dəymiş 60.000 (altmış min) manat dəyərində ziyanın, 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilən 320 (üç yüz iyirmi) manat məbləğində pulun İmişli Rayon İcra Hakimiyyətindən tutularaq X4 vərəsəsi olaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(036)-1224/2024 saylı qərardadı ilə (hakim Telman Quliyev) iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İmişli Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(036)-1224/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə mühəndistexniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. İmişli Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(036)-1224/2024 saylı qərardadı ilə (hakim Orxan Mahmud) İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 İmişli Rayon Məhkəməsinin 19 dekabr 2024cü il tarixli 2(036)-1224/2024 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(036)-1224/2024 saylı qərardadında iş üzrə icraata xitam verilməsinin səbəbi kimi iddianın inzibati orqana yəni İmişli rayon İcra Hakimiyyətinə yönəldilməsi ilə əlaqədar olaraq inzibati iş olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, mübahisəyə mülki məhkəmə icratı qaydasında rayon məhkəməsində deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Lakin qeyd etmək lazımdır ki, məhkəmə tələbin dəymiş zərərlə bağlı olduğunu nəzərə almamışdır. Mübahisə predmetini pul təşkil edir və hesab edir ki, işə inzibati icraat qaydasında baxılmalı deyil. Bu səbəbdən də hesab edir ki, 19 dekabr 2024-cü il tarixli 2(036)-1224/2024 saylı qərardadı ləğv edilməlidir. İmişli Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2(036)-1224/2024 saylı qərardadı ilə, İmişli Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(036)-1224/2024 saylı qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin rədd edilməsi, İmişli Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(036)-1224/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. qərara alınmışdır. Azərbaycan Respublikasi İmişli Rayon İcra Hakimiyyəti etiraz göndərərək, etirazında qeyd etmişdir ki, apellyasiya şikayətində qərardadın əsassız olması ilə bağlı göstərilənlər düzgün deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.7-ci maddələrinə görə isə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, şikayətin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(036)-1224/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş İmişli rayon XDS icarəyə komitəsinin xx.xx.1979-cu il tarixli 20 saylı çıxarışının surətindən görünür ki, İmişli şəhərinin H.Aslanov küçəsi ilə Kommunis küçəsinin kəsişməsindən şimalda baş planla 38-ci kvartalda olan boş ərazidən yerləşən mehmanxana binasının tikintisi üçün 0,28 hektar torpaq sahəsinin ayrılması təsdiq edilsin. Rayon icrayə komitəsinin memarlıq-tikinti şöbəsinə tapşırılsın ki, həmin yerin baş plana uyğun olaraq ayrılıb sənədləşməsini təmin etsin. İş materiallarına əlavə edilmiş xx.xx.1986-cı il tarixli 208 saylı qərarın surətindən görünür ki, İmişli rayonunda tikintiləri nəzərdə tutulmuş dörd ədəd komission mağazası üçün şəhərin baş planının mərkəzi hissəsindən 0,014 hektar, İİ-ci kvartalından 0,014 hektar, 16-cı kvartalından 0,014 hektar, 38-ci kvartalından 0,014 hektar torpaq sahəsinin ayrılması təsdiq edilsin. Həmin sahənin ayrılıb sənədləşdirilməsi İmişli rayon XDS İcraiyyə Komitəsinin tikinti-memarlıq şöbəsinə tapşırılsın. İş materiallarına əlavə edilmiş qərarın suətindən görünür ki, İmişli şəhəri, H.Aslanov küçəsi ilə Kommunis küçəsinin kəsişməsindən şimalda baş planla 38-ci kvartalda olan boş ərazidən yeni mehmanxana binasının tikintisi üçün 0,28 hektar torpaq sahəsinin ayrılması təsdiq edilmiş və rayon icrayə komitəsinin memarlıq-tikinti şöbəsinə tapşırılsın ki, həmin yerin baş plana uyğun olaraq ayrılıb sənədləşməsini təmin edilmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli çıxarışın surətindən görünür ki, X6 İmişli şəhəri, H.Əliyev prospektində yerləşən qeyri - yaşayış binası məxsusdur. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X4 vərəsələri İmişli şəhəri, H.Aslanov küçəsi, ev 26, mənzil 10 ünvanında qeydiyyatda olan arvadı İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin 2(36)-10/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin olunmuş, AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 4172 nömrəli ekspert rəyinə əlavə edilmiş plana əsasən «İmişli-Mehmanxana» ATSC-nin yerləşdiyi (İmişli şəhəri, H.Aslanov küçəsi 12) 0,2719 ha torpaq sahəsində inşa edilmiş X6, X12, X11 məxsus olan tikililər və AR DT və XK-nin İmişli rayon şöbəsi tərəfindən tərtib edilmiş plana əsasən ölçüləri (2m x 12m) müəyyən edilmiş X7 məxsus daş hasar onların öz hesabına sökülməsi, ərazi boşaldılaraq torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılması, qalan hissədə iddia tələbinin təmin edilməməsi, savabdehlər, X3, X9, X8 və X5 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 350 (üç yüz əlli) manat və dövlət rüsumuna görə 30 (otuz) manat tutulub dövlət büdcəsinə keçirilməsi, cavabdehlər, X3, X9, X8 və X5 müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat tutulub iddiaçı «İmişli Mehmanxana» ATSC-ə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli 156 saylı sərəncamından görünür ki, İmişli şəhər sakini X1 müraciəti nəzərə alınsın və İmişli şəhəri, H.Əliyev prospektinin sağ hissəsindəki bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsindən ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 420 kv.m torpaq sahəsində yerləşən mağaza binasında müasir tələblərə uyğun təmir və rekonstruksiya işlərinin aparılmasına icazə verilsin. Təmir və rekonstruksiya işlərinə obyektin layihəsi hazırlanıb Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi ilə razılaşdıqdan sonra başlansın. X2 tapşırılsın ki, obyektdə təmir ve rekonstruksiya işləri aparılarkən qanunla müəyyən edilmiş qaydalara riayət olunmasını təmin etsin. Sərəncamın icrasına nəzarəti İmişli RİHB Aparatı memarlıq və tikinti şöbəsinə həvalə edilsin. İş materiallarına əlavə edilmiş İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı çıxarışından görünür ki, İmişli şəhər sakini H.Aslaııov küçəsi, ev 26, mənzil 10 saylıünvanda yaşayan X2 vaxtı ilə öz vəsaiti hesabına şəhərin H.Əliyev prospektinin sol tərəfində, Mehmanxananın yanında tikdirdiyi mağaza binasının tikintisi altındakı 420 kv.m. (dörd yüz iyirmi) kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə ona satılsın. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon şöbəsindən xahiş edilsin ki, torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi üçün lazımi sənədlərin tərtibatını təmin etsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.7-ci maddələrinə görə isə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqan hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 7.1-ci bəndinə əsasən, inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.2-ci bəndinə əsasən, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Məhkəmə kollegiyası ərizəçinin hüquqi marağını təhlil edərək belə qənaətə gəlir ki, tərəflərin iştirakçısı olduğu münasibət üzrə hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqan yalnız ona xas olan fəaliyyəti həyata keçirir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının hazırkı iddiası inzibati orqan olan Cavabdehnə qarşı yönəldiyindən həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında rayon məhkəməsində deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. İddiaçı hazırki iddia tələbi ilə İddiaçı mağazanın sökülməsi ilə bağlı dəymiş 60.000 (altmış min) manat dəyərində ziyanın, 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilən 320 (üç yüz iyirmi) manat məbləğində pulun İmişli Rayon İcra Hakimiyyətindən tutulması üçün hazırki iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz. Odur ki, iddiaçı İmişli Rayon İcra Hakimiyyətinə qarşı pul tələbi ilə bağlı və iddianın faktiki əsasını mağazanın sökülməsi ilə bağlı dəymiş 60.000 (altmış min) manat dəyərində ziyanın, 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilən 320 (üç yüz iyirmi) manat məbləğində pulun alınması ilə bağlı inzibati orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini mübahisələndirməlidir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə ərizəyə məhkəmə aidiyyəti qaydaları ilə bağlı prosessual qanunvericilik baxımından düzgün qiymət vermiş və iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də İmişli Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(036)- 1224/2024 saylı qərardadı qanuni və əsaslıdır. Bu baxımdan iddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(036)-1224/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar