Məhkəmə qərarları › İş №2(106)-586/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-586/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-586/2023 02.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 2(047)-698/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1999,50 manat əsas məbləğ üzrə, 0,60 manat faiz və 31,84 manat komisyon haqqı olmaqla, cəmi 2031,94 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 40,72 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 995sAHM/20 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29 faiz olmaq şərtilə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh yazılı qaydada etiraz verərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə müxtəlif vaxtlarda mütəmadi olaraq kredit müqavilələri bağlayaraq müxtəlif məbləğlərdə pul götürmüş və həmin kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri daim vaxtında yerinə yetirərək qrafik üzrə ödənişləri etmişdir. 05 avqust 2021-ci il tarixdə onun mobil telefonunda olan "xxxx" proqramına daxil olub balansını yoxlayarkən hesabından 2000 manat pulun çıxarıldığını aşkar etmişdir. Dərhal Bakı şəhərində “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" filialına müraciət edərək orada olan məlumatları almış və ona bildirilmişdir ki, bankdakı hesabından pul "xxxx" ASC-nin 416974******7553 saylı hesabına köçürülmüşdür. Bu barədə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə və iddiaçının özünə dəfələrlə müraciət etmişdir. İddiaçı onun ərizələrinə cavab vermir, şifahi olaraq isə hələ də araşdırma aparıldığını bildirir. Laçın Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(047)-698/2022 saylı qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Laçın Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(047)-698/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Cavad İbrahimov) iddia tələbi təmin edilmiş, Cavabdeh 1999,50 manat əsas, 0,60 manat faiz, 31,84 manat komisyon haqqı, cəmi 2031,94 manat borc pulun və 40,72 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Laçın Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(047)-698/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə aralarında bağlanmış 995sAHN/20 saylı, 21 fevral 2020-ci il tarixli müqaviləyə əsasən 30 iyun 2021-ci il tarixdə BPM662151P nömrəli qəbzlə AZ33UBAZ**********1010AZN001 nömrəli hesaba 2021,92 manat məbləğində pul köçürərək banka olan borcunu tam ödəmişdir. Lakin 05 avqust 2021-ci il tarixdə mobil telefonunda olan "xxxx" proqramına daxil olub balansını yoxlayarkən hesabından 2000 manat pulun çıxarıldığını aşkar etmişdir. O, dərhal Bakı şəhərində “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" filialına müraciət edərək orada olan məlumatları almış və ona bildirilmişdir ki, bankdakı hesabından pul "xxxx" ASC-nin 416974******7553 saylı hesabına köçürülmüşdür. Bu barədə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə və iddiaçının özünə dəfələrlə müraciət etmişdir. İddiaçı onun ərizələrinə cavab vermir, şifahi olaraq isə hələ də araşdırma aparıldığını bildirir. Cavabdeh bunları məhkəməyə göndərmiş olsa da, məhkəmə bu halları araşdırmadan düzgün nəticəyə gəlməmiş və əsassız qətnamə qəbul etmişdir. Üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz etmiş, etirazında apellyasiya şikayətinin təmin edilməməsini və Laçın Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(047)-698/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak etmiş Cavabdeh çıxış edərək bildirmişdir ki, o, 2000 manat məbləğində borcu qəbul etmir, çünki həmin borc məbləğini 30 iyun 2021-ci il tarixində ödəmişdir. Hazırda tələb edilən pul məbləği dələduzluq yolu ilə onun kartından başqa karta köçürülmüşdür. Bununla yanaşı, o bildirdi ki, “Ozon” taksi xidmətində taksi sürücüsü kimi xidmət göstərir. Ona 31 iyul 2021-ci il tarixində sifariş gəlmişdir ki, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığından telefon adapterini götürüb sifariş edilən ünvana çatdırsın. Həmin sifarişi verən müştəri onunla telefon vasitəsilə əlaqə saxlayaraq xahiş etmişdir ki, əgər kartında pul varsa, onun əvəzinə müştərinin bildirdiyi karta 44 manat ödəsin. Sifariş olunmuş telefon adapterini qəbul edərkən həmin 44 manatı da qaytaracağını bildirmişdir. O, buna etiraz etməmiş və öz kredit kartından müştərinin bildirdiyi hesab nömrəsinə 44 manat pul köçürmüşdür. Müştəri ona təkrarən zəng edərək guya pulu çıxara bilmək üçün ona “SMS” vasitəsilə gəlmiş təhlükəsizlik kodunu da istəmişdir. Müştəriyə etibar edərək o, həmin təhlükəsizlik kodunu da vermiş, lakin bundan sonra müştərinin telefonuna zəng çatmamış, hətta telefon adapterini çatdırmalı olduğu ünvana da müştəri gəlməmişdir. Sonradan telefonuna gələn bildirişlərdən ona məlum olmuşdur ki, həmin müştərinin bildirdiyi hesab nömrəsinə ümumilikdə 1600 manata yaxın pul onun kredit kartından köçürülmüşdür. Həmin ərəfədə özünün kredit kartı üzrə təxminən 400 manata yaxın borcu olmuşdur. Bu faktla bağlı o, hüquq-mühafizə orqanlarına müraciət etsə də, polis orqanları tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini, Laçın Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(047)-698/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilən qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 995sAHM/20 nömrəli müqavilədən görünür ki, bu müqaviləyə əsasən Bank borcalana 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) 10000 manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xətti yalnız borcalanın kartda olan şəxsi vəsaitindən sonra istifadə olunur. Bu zaman istifadə olunmuş kredit xəttindən istifadəyə görə minimum 1 faiz, maksimum 5 faiz, nağdsız əməliyyatlar üzrə isə 0 faiz komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Taksitli alış-veriş üçün komissiya haqqı tətbiq edilə bilər. Ödəniş kartının istifadə müddəti 60 aydır. İşdəki Cavabdeh tərəfindən "xxxx"KB ASC-nin 10 saylı filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2021-ci il tarixində Banka yaxınlaşıb onun əməkdaşına özünə məxsus olan “Albalı” kartın ləğv və bloklanması haqqında bildirmiş, əməkdaş ona kartın blok olunduğunu bildirmişdir. Onun müraciətindən 1 ay sonra xx.xx.2021-ci il tarixində ona məxsus olan bu kartdan 2000 manat pul çəkilmişdir. O, onun səs yazısına və video çəkilişlərə baxılmasını xahiş etmişdir. İşdəki "xxxx" KB ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışından görünür ki, sonuncuya məxsus xx.xx.2020-ci il tarixli, 995sAHM/20 saylı kredit müqaviləsinə bağlı 524375******3536 nömrəli kartdan dələduzluq yolu ilə aparılan əməliyyatlar zamanı yaranan borca görə hesablanmış gecikmə günləri müştərinin məsuliyyətində deyil. İşdəki xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan Cavabdeh 995sAHM/20 saylı kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə borc 1999,5 manat, faiz üzrə borc 0,6 manat, komisyon haqqı 31,84 manat olmaqla, cəmi 2031,94 manat. İşdəki xx.xx.2021-ci il tarixli, BPM662151P nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən AZ33UBAZ**********1010AZN001 nömrəli hesaba 2024,92 manat pul köçürülmüşdür. İşdəki "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus 524375******3536 saylı kartdan "xxxx" ASC-yə məxsus 416974******7553 saylı karta xx.xx.2021-ci il tarixində saat 23:18:48-də 44 manat, saat 23:21:40-da 44 manat, saat 23:23:02-də 45 manat, 23:23:35-də 55 manat, 23:24:31-də 500 manat, saat 23:25:54-də 500 manat, saat 23:28:22-də isə 500 manat məbləğində “card to card” əməliyyatları (kartdan karta köçürmə) həyata keçirilmişdir. İşdəki "xxxx" ASC-nin 31 may 2023-cü il tarixli məktubundan görünür ki, 416974******7553 nömrəli plastik kart hesabına "xxxx" ASC-yə məxsus plastik kart hesabından mədaxil əməliyyatı bankdaxili sistemdə aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. MM-in 956.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Həmin Məcəllənin 957.1-ci maddəsinə əsasən, hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Mülki Məcəllənin 957.3-cü maddəsinə əsasən, müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. MM-in 957.4-cü maddəsinə əsasən, əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Mülki Məcəllənin 960.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. MM-in 960.2-ci maddəsinə əsasən, tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Həmin Məcəllənin 961.1-ci maddəsinə əsasən, müştəri hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəyir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh üçün bankda hesab açılmış, ona kredit limiti ayrılmış və ödəniş kartı təqdim edilmişdir. xx.xx.2021-ci il tarixində həmin hesab üzrə 2024,92 manat borcunu ödəmişdir. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə etirazın əsasını təşkil edən 2024,92 manat məbləğində borcun ödənilməsi ilə iddiaçıya hər hansı borcunun qalmaması ilə bağlı dəlil əsassızdır. Belə ki, hazırda iddiaçı tərəfindən tələb edilən borc məbləği cavabdehin iddiaçıya 2024,92 manat məbləğində borcunu ödədikdən sonra yaranmış borcu ilə əlaqəlidir. İş materialları ilə isə cavabdehin məhz sonradan yaranmış borcunu ödəməsi halı müəyyən olunmur. Bundan sonra, xx.xx.2021-ci il tarixində onun kartından başqa karta cəmi 1688 manat məbləğində “card to card” əməliyyatları (kartdan karta köçürmə) həyata keçirilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh ona məxsus təhlükəsizlik kodunu özü başqasına verdiyini bildirmişdir. İş materiallarından görünür ki, cavabdeh onun hesabından həmin pulun dələduzluq yolu ilə köçürüldüyünü qeyd etmişdir. Lakin iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 995sAHM/20 nömrəli müqavilənin 4.3.15-ci maddəsinə əsasən, borcalan kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə bu müqavilənin 2.12-ci maddəsində göstərilmiş qaydada Bankı, yaxud Banka xidmət göstərən X1 dərhal məlumatlandırmalıdır. Borcalan tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır. Göründüyü kimi, cavabdeh öz təqsiri ucbatından özünə məxsus gizli təhlükəsizlik kodunu üçüncü şəxsə verməklə, həmin şəxsin kartdan istifadə edib əməliyyat aparmasına şərait yaratmışdır. Bu halda isə tərəflər müqavilə əsasında bankın məsuliyyət daşımadığını razılaşdırmışlar. Mülki Məcəllənin 957.4-cü maddəsi baxımından da, hesab sahibi olan cavabdehin həqiqi iradəsini ifadə etməyən, lakin cavabdehin hesabından onun öz təqsiri üzündən sərəncam verilməsi əsasında pul vəsaiti silindiyindən (köçürüldüyündən) bank həmin köçürmə üçün məsuliyyət daşımır. Bundan başqa, cavabdeh apellyasiya məhkəməsinin iclasında onun kartından başqa karta “card to card” əməliyyatı ilə köçürülmələrin həyata keçirildiyi zaman özünün də həmin kredit kartı üzrə təxminən 400 manat borcunun olduğunu qəbul etmişdir. Məhkəmə kollegiyası onu da bildirir ki, cavabdeh onun hesabından başqa karta köçürmələrin dələduzluq yolu ilə edildiyini, bu barədə hüquq mühafizə orqanlarına müraciət etdiyini qeyd etmişdir. İş materiallarında olan Xətai RPİ-nin İstintaq şöbəsinin 12 may 2022-ci il tarixli qərarından göründüyü kimi, Cavabdeh şikayət ərizəsi üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, cavabdehə həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququnun olması izah edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin bank hesabından 1688 manat məbləğində pul onun təqsiri ucbatından köçürüldüyündən, həmin köçürmə üçün iddiaçı bank məsuliyyət daşımadığından, cavabdeh özünün də bank hesabında olan pulun təxminən 400 manat hissəsindən istifadə edib xərclədiyini qəbul etdiyindən, iddiaçı öz tələbinin əsasını təşkil edən halları təsdiq edərək cavabdehin hesabından çıxarışı və maliyyə arayışını təqdim etdiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas kimi çıxış etmir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələbləri baxımından məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ödənilmiş 40,72 manat dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mötəbər sübutlara əsaslanmamaqla formal mülahizə xarakteri daşıyır. Beləliklə, yuxarıda sadalananlara uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(047)-698/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar