Məhkəmə qərarları › İş №2(106)-590/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-590/2023

03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-590/2023 03.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X12, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun vəkili X2, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil, müstəqil tələb irəli sürməyən İİİ şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işi üzrə Neftçala Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(053)-953/2022 saylı qətnaməsindən (hakim Ə.Tağıyev) Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnamə qəbul edildi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 300.000 (üç yüz min) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Neftçala rayonu, Qırmızıkənd kəndində yerləşən "Ramil" şadlıq evi 2008-2010-cu illərdə onun tərəfindən tikilmişdir. Şadlıq evi tikilərkən bütün tikinti materialları onun tərəfindən alınmış, şadlıq evinin tikintisində işləmiş bütün ustaların əmək haqqı onun tərəfindən ödənilmişdir. Ümumiyyətlə bütün kənd sakinləri qeyd edilən şadlıq evinin onun tərəfindən tikilməsini təsdiq edə bilərlər. 2010-cu ildə şadlıq evi hazır olduqdan sonra 12 il ərzində şadlıq evini özü işlətmişdir. Lakin daha sonra 2022ci ilin mart ayından etibarən Neftçala rayonu, Qırmızıkənd kənd sakini Cavabdeh şadlıq evinin altında yerləşən torpaq sahəsinin bələdiyyə qərarı əsasında ona məxsus olmasını bəhanə edərək şadlıq evinin kilidlərini dəyişərək onu şadlıq evinə buraxmamış və ona məxsus əmlakı qəsdən mənimsəmişdir. Halbuki şadlıq evi inşa edildikdən sonra Cavabdeh 26 iyul 2018-ci ildə etibarnamə verərək özünə məxsus əmlakın, yəni şadlıq evinin yerləşdiyi torpaq sahəsinin onun adına özgəninkiləşdirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Lakin hal-hazırda Cavabdeh etibarından sui-istifadə edərək etibarnaməni ləğv etməklə külli miqdarda vəsait sərf edərək tikdiyi şadlıq evini mənimsəyərək ələ keçirmişdir. Qeyd edir ki, ümumilikdə şadlıq evinin tikintisinə 300.000 (üç yüz min) manat vəsait xərcləmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək eynilə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəkili X5 iddianı əsaslı hesab etdiyini bildirərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı onun baldızıdır. Onun oğlu Ramilin adını qoyduğu şadlıq sarayı Neftçala rayonu, Qırmızıkənd kəndi ərazisində yerləşir. Həmin şadlıq sarayı vaxtilə ərazidə fəaliyyət göstərən «28 May» adına kolxozun inzibati idarəsinin binası olmuşdur. Qeyd edilən bina X17 Komissiyasının müvafiq qərarı əsasında qiymətləndirilərək ona ailə üzvləri ilə birlikdə əmlak payı olaraq verilmişdir. İddia ərizəsində göstərilən və iddiaçı tərəfindən tələb edilən 300 000 (üç yüz min) manat və daha çox məbləğdə pulu iddiaçıdan hissəhissə almış və həmin vəsaiti şadlıq sarayının təmirinə sərf etmişdir. Bütün bunlar iddiaçı ilə aralarında olan razılıq əsasında həyata keçirilmişdir. Belə ki, həmin dövrdə onun maddi imkanı olmadığı üçün binanı onun vəsaiti hesabına təmir etdirib şadlıq evi təyinatı ilə istifadə etmək barədə razılığa gəlmişlər. Binanın təmirinə sərf edilən xərci Rusiyada işləyən bacanağı Ağabala həyat yoldaşı, yəni iddiaçı Yaqutun vasitəsilə ona göndərmişdir. Ona verilən bütün məbləğləri şadlıq evinin təmir-tikinti işlərinə sərf etmişdir. Artıq 13 ildir ki, həmin şadlıq sarayı fəaliyyət göstərmiş və bu müddətdə müəyyən qazanc vermişdir. Hesab edir ki, iddiaçı tələb etdiyi məbləğdən də çox qazanc əldə etmiş və pulunu götürmüşdür. Ona görə də özünə məxsus olan əmlakı heç kimə vermək niyyətində deyildir. İddiaçının ondan tələb etdiyi 300.000 (üç yüz min) manat xərci isə hissə-hissə ödəyəcəyinə söz verir. Neftçala Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(053)-953/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 300.000 (üç yüz min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Neftçala rayonu, Qırmızıkənd kəndində yerləşən “Ramil” şadlıq evinin 2008-2010-cu illərdə onun tərəfindən inşa edilməsi, şadlıq evi tikilən zaman bütün tikinti materiallarının onun tərəfindən alınması, şadlıq evinin tikintisində işləmiş bütün ustaların əmək haqqı onun tərəfindən ödənilməsi, kənd sakinləri həmin şadlıq evinin onun tərəfindən inşa edildiyini təsdiq edə bilmələri iş materiallarında təsdiqini tapmır. 2010-cu ildən etibarən, şadlıq evi hazır olduqdan sonra 12 il ərzində şadlıq evini özü işlədib, ancaq iddiaçının həmin zamandan başlamaqla nə qədər mənfəət, gəlir əldə etməsi məhkəmə zamanı vergi maliyyə sənədləri ilə öz təsdiqini tapmır. Şadlıq evinin tikintisinə 300000 manat vəsait xərclənməsi təsdiq edilmir. Tikilinin qiymətinin müəyyən edilməsi barədə texniki-tikinti ekspertizanın və ya mütəxəssis rəyi iş materiallarında yoxdur. Obyektin layihə-smeta xərcinə dair sənəd və sübut təqdim edilməyib. İllik balans və əmlak vergisinə dair hesabatlar təqdim edilməyib. Şadlıq sarayının 300.000 AZN dəyərində olmasını təsdiq edən heç bir sübut yoxdur. Binanın əsas divarları əvvədən tikili halda olub. Təmir və yenidənqurma işlərinə 300.000 AZN vəsait sərf edilməsi ağılasığmayan bir rəqəmdir. Binanın inventar dəyərinə dair, hazırkı bazar qiymətinə dair iş materiallarinda sübut yoxdur. Cavabdehin iddiaçıya borcu olması təsdiq edilmədiyi halda, işə baxan hakim cavabdehə öz vəzifə mövqeyindən istifadə edərək etirafedici izahat yazdırıb. Cavabdehin təkidi ilə həmin izahat əzilib atılıb və sonradan zibil qutusundan çıxarılaraq mötəbər olmayan sübut olduğu halda, etirafedici sübuta çevrilib. Hakim onu aldadaraq ona yazılı izahat yazdırmaqla ona iddianı qəsdən və bilərəkdən etiraf etdirib. Polisdə verdiyi izahatla məhkəmədə verdiyi izahatların arasındakı uyğunsuzluq qiymətləndirilməyib. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə prosesində iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı onun baldızıdır. X1 RF-sı vətəndaşı olmaqla əvvəllər Rusiyada yaşamışdır. Ağabalanın maddi durumu yaxşı olmuşdur. Təxminən 2008-ci ildə bacanağı Ağabala onun yanına gələrək kəndlərində olan keçmiş kolxozun idarə binasını alaraq təmir etdirib “Şadlıq” sarayı kimi istifadə etmək istədiyini ona demişdir. Ağabala ona demişdir ki, idarə binası onların kəndi olan Qırmızıkənd kəndində yerləşdiyindən kənd sakininin adına rəsmiləşdirilməsi mümkündür. Hazırda kolxoz binasını öz adına ala bilmir. Buna görə də binanı ilkin olaraq onun adına almaq istəyir. Ağabalanın bu təklifi ilə razılaşmış və həmin binanın ilkin sənədləşdirilməsi onun adına aparılmışdır. Həmçinin razılaşmışlar ki, Şadlıq sarayı işləyəndən sonra orada ona iş verilməklə müəyyən qazanc veriləcəkdir. Şadlıq sarayı Yaqutun oğlunun adına “Ramil” kimi adlandırılmışdır. Razılaşmalrına əsasən şadlıq sarayının tikintisinə o nəzarət etmişdir. Şadlıq sarayının tikintisinə xərclənən bütün pulları Yaqut ona vermişdir. O binanın təmirinə xərclənəcək bütün pul vəsaitlərini Yaqutdan almış və həmin pulları binanı “Şadlıq sarayı”-na çevrilməsi yönündə xərcləmişdir. Təxminən 2010-cu ildə Şadlıq sarayı işləniləcək vəziyyətə gətirilmişdir. Şadlıq sarayında inzibatçı işləmiş, hər keçirilən toydan ona 25-30 manat pul verilmişdir. Şadlıq sarayının açarları iddiaçıdadır. Ümumiyyətlə şadlıq sarayı hazırda iddiaçının istifadəsində və sahibliyindədir. Belə ki, hazırda iddiaçı tərəfindən orada toy və digər mərasimlər keçirilir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq göstərmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi pul vəsaiti qeyd edilən qeyriyaşayış binasına xərclənmiş və həmin qeyri-yaşayış binası olan şadlıq sarayı hazırda iddiaçı tərəfin istifadəsində və sahibliyindədir. Hazırda həmin bina cavabdehin mülkiyyətində deyildir və cavabdeh həmin binadan bu və ya digər şəkildə istifadə etmir. Cavabdehin iddiaçılara hər hansı borcu yoxdur. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı göstərmişdir ki, cavabdeh onun bacısının əridir. Münasibətləri həmişə yaxşı olmuşdur. Həyat yoldaşı Ağabala RF-sı vətəndaşı olmaqla əsasən Rusiyada yaşamış və işləmişdir. Həyat yoldaşı təxminən 2008-ci illərdə Neftçalada şadlıq sarayı əldə edərək onu işlətmək qərarına gəlmişdir. Uzun müzakirələrdən sonra Ağabala Neftçala rayonu Qırmızıkənd kəndində keçmiş kolxoz binasını bacanağı Loğmanın adına almışdır. Beləliklə də 2008-ildə Neftçala rayonu Qırmızıkənd kəndində keçmiş kolxoz binasını şadlıq sarayına çevrilməsi istiqamətində təmir-tikinti işlərinə başlanılmış və 2010-cu ildə yekunlaşaraq fəaliyyətə başlamışdır. Bildirmişdir ki, Şadlıq sarayında toy şənliklərinin keçirilməsinə nəzarəti Loğman həyata keçirmişdir. O, özü bəzi vaxtlarda RF-da həyat yoldaşının yanında olduğundan Loğman şadlıq sarayından əldə edilən qazancdan onlara hər hansı vəsait verməmişdir. Şadlıq sarayında keçirilən hər toy şənliklərindən təxminən 500 manat qazanc əldə edilmiş, həmin qazancdan bəzi xərclər (ofisantalara və Loğmana (80 manat) verilən pul) çıxıldıqdan sonra onlara 350 manat xalis gəlir qalmışdır. Bildirmişdir ki, hazırda şadlıq sarayının açarları ondadır və şadlıq sarayını onlar özləri işlədirlər. Həmçinin göstərmişdir ki, Loğmana borc kimi hər hansı pul vəsaiti verməmişlər və buna görə də Loğmanın onlara pul borcu yoxdur. İddiaçı vəkili X6 da məhkəmə iclasında oxşar məzmunda izahat vermiş və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətə borc kimi qiymət versə də əslində tərəflər arasında əsassız varlanma ilə bağlı münasibətlər yaranmış və cavabdeh iddiaçının hesabına varlanmışdır. Həmçinin qeyd etmişdir ki, bundan əvvəl Neftçala rayonu Qırmızıkənd bələdiyyəsinə müraciət edərək qeyd edilən mübahisəli binanın altında yerləşən torpaq sahəsinin onların adına rəsmləşdirilməsini xahiş etmişlər. Lakin Bələdiyyədən onlara demişlər ki, həmin torpaq sahəsi ilkin olaraq kənd sakini Cavabdeh adına rəsmləşdirildiyindən bunun mümkün deyildir. Buna görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs X8 da İddiaçı məhkəmə iclasında vermiş olduğu izahata oxşar olan eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qeyd edilən Neftçala rayonu Qırmızıkənd kəndində yerləşən keçmiş kolxoz binasını həmin kəndin sakininin adına rəsmiləşdirilməli olduğundan həmin binanın ilkin sənədlərini Loğmanın razılığı ilə onun adına rəsmiləşdirmişdir. Həmin kolxoz binasının bütün sənədləşdirmə və sonrakı təmir-tikinti işlərinin xərclərini özü çəkmişdir. Belə ki, o, təmir-tikintiyə çəkiləcək pul vəsaitini fasilələrlə RF-dan həyat yoldaşı Yaquta göndərmişdir. Qeyd edilən binanın sənədləşdirilməsinə və təmir-tikintisinə Loğman tərəfindən hər hansı vəsait xərclənməmişdir. Şadlıq sarayında keçirilən hər toy şənliklərindən təxminən 500 manat qazanc əldə edilmiş, həmin qazancdan bəzi xərclər (ofisantalara və Loğmana (80 manat) verilən pul) çıxıldıqdan sonra onlara 350 manat xalis gəlir qalmışdır. Bildirmişdir ki, hazırda şadlıq sarayının açarları ondadır və şadlıq sarayını onlar özləri işlədir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini tələbin əsaslı və sübut olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşmadığını, Neftçala Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(053)-953/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Neftçala Rayon Polis Şöbəsinin təhqiqatçısı X7 qəbul etdiyi «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 03 avqust 2022-ci il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı ünvan 1 ünvanında yaşayan İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda hər hansı bir cinayət hadisəsinin olması müəyyən edilməmiş, araşdırma zamanı İddiaçı ilə qohumu Neftçala rayonu, Qırmızıkənd kənd sakini Cavabdeh arasında mülki xarakterli münasibətlərlə bağlı mübahisənin olması müəyyən edilmiş, habelə HK-1/712 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi və şikayətçi İddiaçı Cavabdeh şadlıq evi tələbi ilə, eləcə də Cavabdeh İddiaçı pul tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. Qətnamədən və işin 23-cü vərəqəsindən görünür ki, cavabdeh 300 000 manat pulu, hətta daha çox pulu iddiaçıdan almasını bildirmişdir. İşdə olan Neftçala RİH Neftçala rayon Dövlət Arxivinin 05 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, Neftçala rayonu Qırmızıkənd kəndində kolxozun Aqrar İslahat Komissiyası ilə əlaqədar olaraq heç bir sənədləri Neftçala rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İşdə olan 13 saylı Şirvan Ərazi İdarəsinin 13 may 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına Neftçala rayonu Qırmızıkənd kəndində qeydə alınmış qeyriyaşayış binası aşkar edilməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə işin faktiki halına uyğun gəlmir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və hesab edir ki, onun çıxarmış olduğu qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddiası əsassızdır. Birincisi ona görə ki, iddiaçı bildirir ki, onlar bəhs edilən qeyri-yaşayış binasını şadlıq sarayına cevirmək üçün həmin binaya 300 000 manat pul vəsaiti xərcləmişlər. Həmin pul vəsaitini o cavabdehə vermiş və cavabdeh də verilən pulları binanın təmir-tikintisinə xərcləmişdir. Öz növbəsində cavabdeh də qəbul edir ki, iddiaçı tərəfindən ona verilən pulları mübahisəli binanın təmir-tikintisinə xərcləmişdir. Bu hal işin mübahisələndirilməyən halıdır. İkincisi, iddia ərizəsindən və birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunundan cavabdehin iddiaçıya məxsus olması qeyd edilən əmlakın mənimsəyərək ələ keçirməsi qeyd edilsə də kollegiyanın araşdırması zamanı iddiaçı bildirmişdir ki, hazırda şadlıq sarayı onun və iş üzrə İİİ şəxs olan həyat yoldaşı Ağabala Həmzəyevin istifadəsində və sahibliklərindədir. Həmin şadlıq sarayının açarları onlardadır və ondan hazırda özləri istifadə edirlər. Bu halı iş üzrə İİİ şəxs olan Ağabala Həmzəyev və cavabdehin özü də etiraf etmişdir. Bu hal da işin mübahisəsiz halıdır. Deməli iddiaçının onun deməsi ilə 300 000 manat pul vəsaiti sərf edərək təmir etdirdiyi Şadlıq sarayı hazırda cavabdehin deyil, iddiaçının sahiblik və istifadəsindədir. Belə olan halda iddiaçı həm şadlıq sarayını faktiki özündə saxlamaqla həm də şadlıq sarayının təmir-tikintisinə xərcləmiş olduğu pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı deyildir. Üçüncüsü, kollegiya hesab edir ki, iddiaçı hazırkı iddianı cavabdehə müəyyən təsir etmək üçün qaldırmışdır. Çünki iddiaçı belə hesab edir ki, bəhsi keçən binanın ilkin səndələri cavabdehin adına rəsmləşdirilmişdir. Lakin hazırda belə bir hal baş verməyib və cavabdeh qeyd edilən şadlıq sarayını öz adına dövlət qeydiyyatına aldırmamışdır. Buna görə də hazırda iddiaçı tərəfin qeyd etdiyi kimi cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmamışdır. Yəni, şadlıq sarayının hüquqi sənədləri olmadığından və həmin şadlıq sarayı cavabdehin adına rəsmləşdirilmədiyindən əsassız varlanma halı da hələ ki, baş verməmişdir. Buna görə kollegiya hesab edir ki, hazırkı halda iddiaçının cavabdehə qarşı hər hansı iddia qaldırmaqda hüquqi əsası yoxdur. Çünki pul və digər xərc qoymuş olduğu şadlıq sarayı hazırda iddiaçının maneəsiz istifadə və sahibliyindədir. Kollegiya qeyd edir ki, cavabdeh gələcəkdə qeyd edilən şadlıq sarayına mülkiyyət hüququ əldə edərsə, bu hüquq dövlət reyestrində qeydə alınarsa və onlar arasında müəyyən razılaşma əldə edilməzsə bu halda iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda hüquqi əsası olacaqdır. Lakin iddiaçının hazırda mübahisəli əmlakı öz sahiblik və istifadəsində saxlamaqla, həm də cavabdehdən 300 000 manat pul tələb etməsinin qanuni və hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. İddia təmin edilmədiyindən ödənilmiş 590.89 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(053)-953/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh 300.000 (üç yüz min) manat məbləğində pulun alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 590.89 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar