Məhkəmə qərarları › İş №2(106)-597/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-597/2023

13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-597/2023 13.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21154 minik” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi 2958 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 90 faiz hissəsini təşkil edən 27 manat, hüquqi yardım üçün ödənilmiş 100 manat vəsaitin 90 faizini təşkil edən 90 manat, ümumilikdə isə 3075 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, 9/9201-8/3268 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 90 faiz hissəsi – 90 manatın Cavabdeh, 10 faiz hissəsi olan 10 manatın isə iddiaçılar İddiaçı1 və İddiaçı2 tutulub ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsinin surəti 25 aprel 2022-ci il tarixli göndəriş məktubu ilə tərəflərə göndərilmişdir. İş materiallarının 65-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsinin surəti 22 iyul 2022-ci il tarixində Cavabdeh tərəfindən şəxsən imzalanaraq qəbul edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh 25 avqust 2022-ci il tarixində Sabirabad Rayon Məhkəməsinə təqdim edilməsi üçün apellyasiya şikayətini poçt xidmətinə təqdim etmişdir. Sabirabad Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, cavabdehə apellyasiya şikayətinin geri qaytarılmasına əsas olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti, həmçinin apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edə biləcəyi izah olunmuşdur. Apellyasiya şikayətinin geri qaytarılması onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyildir. Cavabdeh 15 dekabr 2022-ci il tarixində ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş, ərizədə müddətin bərpa edilərək apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin qətnaməsinin rəsmi olaraq poçt vasitəsi ilə ona göndərilməsinə baxmayaraq, Sabirabad rayon Şəhriyar kənd poçt məntəqəsinin məsul şəxsləri həmin məktubu ona çatdırmamışlar. Cavabdeh həmin qətnamədən Sabirabad rayon İcra və Probasiya şöbəsinə dəvət olunduqdan sonra xəbər tutmuş və poçt məntəqəsinə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixində rəsmi olaraq qətnamənin surətini almışdır. Həmin zərfin üzərində məktubun göndərilmə və alınma tarixləri göstərilməmişdir. Sabirabad Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair iş üzrə Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qərardadından narazı qalan Cavabdeh şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilib, apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, əvvəlcə verdiyi apellyasiya şikayəti nöqsanlar olması səbəbindən geri qaytarılmışdır. O, həmin nöqsanları aradan qaldırmış, yenidən apellyasiya şikayəti vermişdir. Lakin məhkəmə bunu müddətin ötürülməsi kimi qiymətləndirmişdir. Halbuki, vətəndaş apellyasiya şikayətini yeni qaydada tərtib etməyə bilər. Sabirabad Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(056)-61/2022 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qərardadından iş üzrə Cavabdeh verdiyi şikayət təmin edilməmiş, şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-61/2022 saylı, 30 dekabr 2022-ci il və 10 fevral 2023-cü il tarixli qərardadları ləğv edilməli, Cavabdeh apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsinin surətini 22 iyul 2022-ci il tarixində imzalayaraq qəbul etmiş, 25 avqust 2022-ci il tarixində Sabirabad Rayon Məhkəməsinə təqdim edilməsi üçün həmin qətnamədən verdiyi apellyasiya şikayətini poçt xidmətinə təqdim etmişdir. Sabirabad Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılarkən yeganə əsas kimi apellyasiya şikayətinin MPM ilə müəyyən edilmiş formaya uyğun olmaması göstərilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülmüş olması ilə bağlı hər hansı qeyd edilməmişdir. Həmin qərardadla cavabdehə apellyasiya şikayətinin geri qaytarılmasına əsas olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti, həmçinin apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edə biləcəyi izah olunmuşdur. Cavabdeh apellyasiya şikayətinin geri qaytarılmasına əsas olmuş halları aradan qaldırmış, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş olsa da, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməməsi əsası ilə ərizəni təmin etməmişdir. Halbuki, apellyasiya şikayətinin birinci dəfə qaytarılması ilə bağlı qərardadda qeyd edilən əsas göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 361.1.1 və 361.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, apellyasiya şikayətinin qaytarılması üçün əsas olmuş halların aradan qaldırıldıqdan sonra şəxsin yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməsi hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu cür imkanın qanunvericilikdə nəzərdə tutulmasına, eləcə də apellyasiya şikayətinin geri qaytarılması üçün əsas olan yeganə hal kimi onun forma ilə bağlı tələblərə uyğunsuzluğunun göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi 30 dekabr 2022-ci il tarixli qərardadında qeyd edilənləri nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməlidir. MPM-in 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Cavabdeh tərəfindən Sabirabad Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qərardadından verilmiş şikayətə Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti də əlavə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsini təmin etməməklə, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, şikayət təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363, 385.1, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-61/2022 saylı, 30 dekabr 2022-ci il və 10 fevral 2023-cü il tarixli qərardadları ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-61/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar