Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-598/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(020)-1485/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 02 iyun 2023-cü il tarixli, **********878 qeydiyyat nömrəli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 909,88 ABŞ dolları əsas, 462,30 ABŞ dolları faiz, 1455,11 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 137,28 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2964,57 ABŞ dolları kredit borcu və iş üzrə ödənilmiş 70,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Beyləqan filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 470003801/ZM nömrəli, 24 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 545/15 nömrəli, 31 iyul 2015-ci il tarixli əlavə sazişlərə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 3283,17 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti 31 avqust 2017-ci il tarixədək təyin olunmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli, 12 iyun 2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 3979,42 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 12 iyun 2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilməli idi. Zamin Cavabdeh3 bu əlavə sazişi imzalamaqla ********* nömrəli, 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 02 saylı, 12 iyun 2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 04 may 2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2964,57 ABŞ dolları təşkil edir. Bundan 909,88 ABŞ dolları əsas, 462,30 ABŞ dolları faiz, 1455,11 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 137,28 ABŞ dolları faiz borcu təşkil edir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1485/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 1546,79 manat kredit borcunun və iş üzrə ödənilmiş dövlət rüsumuna görə 35,46 manatın alınıb ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, dövlət rüsumuna görə 34,94 manatın iddiaçıya aid edilməsi, iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 2(020)-1485/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin təmin olunmuş hissədə ləğv edilməsini və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ilə razı deyil, məhkəmə iddia müddətini tətbiq etməməkdə haqlı olmamışdır. Eyni zamanda, o, kreditin restrukturizasiyası ilə bağlı heç bir müqaviləyə qol çəkməmiş, xx.xx.2017-ci ildə əlavə saziş bağlamamış, kreditin ödəniş müddətini uzatmamışdır. Həmin müqavilələrdə olan imza ona və zaminlərə məxsus deyil. Beyləqan Rayon Məhkəməsi maddi və prosesual hüquq normalarını düzgün tətbiq etməmiş, sonda düzgün olmayan nəticəyə gəlmişdir. İşin hallarından göründüyü kimi, Beyləqan Rayon Məhkəməsi işin hallarını düzgün araşdırmamış, kreditin verilməsi ilə bağlı müqaviləyə əlavə sazişin onun tərəfindən imzalanmamasına, iddianı əlavə sazişin olmasını əsas götürərək təmin etmişdir ki, bu hal qətnamənin ləğv edilməsi üçün əsasdır. İş materiallarından da göründüyü kimi, iddiaçı məhkəməyə 3 il müddət keçdikdən sonra müraciət etmiş, lakin məhkəmə iddia müddətinin keçməməsi əsası ilə iddianı qismən təmin etmişdir. İddia müddətinin keçməməsini iddiaçı tərəfindən təqdim edilmiş qəbzə əsasən müəyyən etmişdir. Lakin həmin qəbzlərdən göründüyü kimi, çatdırılmanı həyata keçirən Beyləqan poçt şöbəsinin həmin qəbzdə möhürü yoxdur, Beyləqan Rayon Məhkəməsi bu halı araşdırmaq üçün Beyləqan poçtuna sorğu verərək həmin halı dəqiqləşdirməli olduğu halda, bunu etməmiş, mötəbər olmayan sübut əsasında idda müddətinin keçmədiyi nəticəsinə gəlmişdir. Beyləqan Rayon Məhkəməsi mülki iş üzrə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq etməli olduğu halda, etməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmişdir. O, iddia müddətinin tətbiq edilməsi barədə ərizə versə də, məhkəmə iddia müddətini tətbiq etməmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçının iddiasının əsası kimi məhkəməyə təqdim etdiyi sənədlər üzrə uzun bir müddət keçmişdir. Əlavə saziş onun tərəfindən imzalanmamış, iddiaçı tərəf onu iddia müddətinin keçməməsi görünüşü yaratmaq üçün özləri saxtalaşdıraraq mülki iş materiallarına əlavə etmişlər. Həmin əlavə saziş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməli olduğu halda, məhkəmə bunu etməmiş, nəticədə düzgün nəticəyə gəlməmişdir. İş materiallarından göründüyü kimi, Beyləqan Rayon Məhkəməsi onun iddia müddəti barədə ərizəsini və əlavə saziş bağlamadığı ilə bağlı dəlilini nəzərə almadan onun hüquq və mənafeləri ilə bağlı Konstitusiya ilə qorunan təminatlarını pozmuşdur. Mülki iş materiallarından da göründüyü kimi, məhkəmə hamının qanun qarşısında bərabərlik prinsipini həyata keçirməmiş, onun əmlak mənafeyi əsas mübahisə obyekti olduğu halda, onun dəlillərini araşdırmadan yekun nəticəyə gəlmişdir ki, bu hal qətnamənin ləğv edilməsi üçün əsasdır. Beyləqan Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bir sıra halları araşdırmamışdır. Belə ki, məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinin poçta hansı tarixdə verilməsi, Beyləqan rayonuna nə vaxt daxil olması, məhkəməyə nə vaxt daxil olması, kim tərəfindən qəbul olunması barədə araşdırma aparmamış, nəticədə əsassız olaraq iddia müddətinin keçməməsi ilə bağlı nəticəyə gəlmişdir. Eyni zamanda, əlavə sazişlə bağlı araşdırma aparmamış, həmin sənədin həqiqiliyini araşdırmamışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini, mülki iş üzrə verilmiş vəsatətin və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Belə ki, iddiaçı bank Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması tələbinə dair **********878 nömrəli, 02 iyun 2023-cü il tarixli iddia ərizəsini iddia müddətini ötürmədən Beyləqan Rayon Məhkəməsinə çatdırması üçün 06 iyun 2023-cü il tarixdə AZ1025 indeksli poçt şöbəsinə təhvil vermişdir. İddiaçı cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmiş və MPM-də nəzərdə tutulmuş normalara əməl edərək iddia ərizəsini vaxtında vermişdir. Bundan başqa, iş üzrə vəkil qismində iştirak edən Vəkil tərəfindən verilmiş vəsatət cavabdehin mülki məsuliyyətdən, yəni kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq məqsədi daşıyır. Cavabdeh1 vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsinin məhkəməyə göndərilməsini təsdiq edən poçt qəbzinin surətini təqdim etmiş, həmin qəbzin Beyləqan rayon poçtuna daxil olması və geriyə dönməsi barədə qəbzin üzərində Beyləqan rayon poçtunun möhürü olmamış, məhkəmə bu halı araşdırmadan iddia müddətinin keçməməsi əsası ilə iddianı qismən təmin etmişdir. Eyni zamanda həmin poçt qəbzindən müəyyən olunur ki, məktub poçta iyun ayının əvvəllərində verilsə də, məhkəməyə çox gec daxil olmuşdur. Həmin poçt göndərişinin göndərilmə vaxtı ilə məhkəməyə daxil olması arasında uzun müddətin keçməsi ona dəlalət edir ki, həmin poçt qəbzi ilə göndərilən başqa iddia ərizəsi olmuş, sadəcə müddətin keçməsi barədə ərizə təqdim edildikdən sonra iddiaçı tərəf başqa bir iddianın göndərilməsi ilə bağlı qəbzi məhkəməyə təqdim etmişdir. Həmin qəbzlə göndərilmiş poçt göndərişinin izlənilməsi barədə Beyləqan rayon poçt şöbəsinə, iddiaçının isə iyun-iyul aylarında başqa bir cavabdehə qarşı Beyləqan Rayon Məhkəməsinə iddia ilə müraciət edib-etməməsi, edibsə, hansı tarixlərdə müraciət etməsi barədə məlumat alınmasını təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı yuxarıda göstərilən ərizəsində məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili Vəkil isə ərizə ilə müraciət edərək, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində X1 Azərbaycan Respublikası CMnin 182.2.2-ci maddəsi ilə təqsirlədirilməsi ilə bağlı istintaqı aparılan cinayət işi üzrə təxirəsalınmaz istintaq hərəkətləri və təqsirləndirilən şəxslə konfidensial görüşlə bağlı Bakı İstintaq Təcridxanasında olduğuna görə məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, verdiyi vəsatət təmin edilməklə məhkəmə baxışının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə yalnız Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmuş hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası yalnız Cavabdeh1 apellyasiya şikayəti verdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsasında ona aid hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarından görünür ki, həmin qərarla İddiaçı ASC müflis elan olunmuş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İşdəki İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank borcalana illik 24 faiz şərtilə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verir. İşdəki İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış ********* saylı kredit müqaviləsinə 31 iyul 2015-ci il tarixli, 545/15 nömrəli əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3283,17 ABŞ dolları təşkil edir. Müqavilənin müddəti 31 avqust 2017-ci il tarixədək təyin olunur. İşdəki İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış ********* saylı, 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 02 nömrəli, 12 iyun 2017-ci il tarixli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 3979,42 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 12 iyun 2020-ci il tarixədək təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 qarşı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi 24 dekabr 2014-cü il tarixdə 24 ay müddətinə bağlanmış, 31 iyul 2015-ci il tarixli əlavə saziş ilə kreditin müddəti 31 avqust 2017-ci il tarixədək təyin edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 12 iyun 2020-ci il tarixədək təşkil etmişdir. Müqavilənin son müddəti 12 iyun 2020-ci il tarix təşkil edir. İddiaçının məhkəməyə təqdim etdiyi poçt qəbzindən görünür ki, hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə göndərilməsindən ötrü 06 iyun 2023-cü il tarixdə poçt şöbəsinə təhvil verilmişdir. Ona görə də hazırkı iddia üzrə iddia müddətinin keçmədiyi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas Cavabdeh1 qarşı qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş problemli keditlərin kompensasiyası haqqında məlumatdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissədə Cavabdeh1 restrukturizasiya olunması təklif olunan kredit borcunun məbləği 1546,79 manat təşkil edir. İşdəki ********** nömrəli, 06 iyun 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddianın qaldırılması üçün iddiaçı tərəfindən 70,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı da Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Bununla yanaşı, o, apellyasiya şikayətində də birinci instansiya məhkəməsinin iddia müddətinin keçib-keçməməsi məsələsinə düzgün hüquqi qiymət vermədiyini bildirmişdir. Məhkəmə kollegiyası iddia müddətinin ötürülüb-ötürülməməsi barədə aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddia müddətini belə izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırkı iş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin müddətinin bitməsi 26 dekabr 2014-cü ilə təyin edilmiş, həmin müqaviləyə 31 iyul 2015-ci il tarixli, 545/15 nömrəli əlavə sazişlə müqavilənin müddəti 31 avqust 2017-ci il tarixədək təyin olunmuş, daha sonra ********* saylı, 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 02 nömrəli, 12 iyun 2017-ci il tarixli əlavə saziş ilə restrukturizasiya edilmiş kreditin müddəti 12 iyun 2020-ci il tarixədək müəyyən olunmuşdur. Belə olan halda isə İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti 12 iyun 2020-ci ildə başa çatmış və həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 12 iyun 2020-ci ildən etibarən başlamışdır. Cavabdeh1 iddiaçının 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyini bildirmişdir. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi iddia ərizəsində onun 02 iyun 2023-cü il tarixli, **********878 qeydiyyat nömrəli olması qeyd edilmişdir. İddia ərizəsinin üzərində onun məhkəməyə daxil olma tarixi isə 17 iyul 2023-cü il olaraq qeyd edilmişdir. Mülki Məcəllənin 371.2-ci maddəsinə görə, müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Hazırda iddiaçı 02 iyun 2023-cü il tarixli, **********878 qeydiyyat nömrəli iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin 06 iyun 2023-cü il tarixində rabitə təşkilatına təhvil verildiyini əks etdirən 06 iyun 2023-cü il tarixli göndərişlərin reyestrini və poçt xəbərnaməsini təqdim etmişdir. SS847253446AZ seriyalı poçt xəbərnaməsinin arxa hissəsindən görünür ki, **********878 nömrəli iddia ərizəsi AZ1025 indeksli poçt orqanı tərəfindən 06 iyun 2023-cü ildə qəbul olunmuş, bununla bağlı müvafiq möhür vurulmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə iddia ərizəsi iddia müddətinin başa çatmasına 6 gün qalmış rabitə təşkilatına təhvil verildiyindən, iddiaçı tərəfindən iddia müddəti ötürülmədən məhkəməyə müraciət olunmuşdur. Cavabdeh1 vəkili Vəkil vəsatətində qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin qəbzin Beyləqan rayon poçtuna daxil olması və geriyə dönməsi barədə qəbzin üzərində Beyləqan rayon poçtunun möhürü olmamışdır. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, qeyd edilən məsələ ilə bağlı iddiaçı sadəcə iddia ərizəsinin rabitə təşkilatına vaxtında verilməsini sübut etmək vəzifəsini daşıyır və iddiaçı bu vəzifəsini icra etmişdir. Cavabdeh tərəf isə öz etirazlarını əsaslandıran hər hansı mötəbər sübut təqdim etmədən, sadəcə formal mülahizələrlə çıxış edərək, sübutetmə yükünü öz üzərindən məhkəmənin üzərinə keçirməyə çalışmışdır. Bundan başqa, 06 iyun 2023-cü ildə rabitə təşkilatına təhvil verilmiş iddia ərizəsinin üzərində məhkəmənin daxilolma möhüründə 17 iyul 2023-cü il olaraq qeyd edilməsi də iddiaçının təqsiri ilə baş verən hal kimi çıxış etmir. Qeyd edilənlərə görə Cavabdeh1 vəkili Vəkil verdiyi vəsatət əsaslı hesab edilə bilməz. Bundan başqa, Cavabdeh1 kreditin müddətinin uzadılması ilə nəticələnən əlavə sazişlərin onun tərəfindən imzalanmamasını və bunun müəyyənləşdirilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməli olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinin əsassız olması qənaətinə gəlir və bununla bağlı qeyd edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin iclaslarının bir neçəsində həm özü iştirak etmiş, həm də nümayəndəsi Vəkil ilə təmsil olunmuş olsa da, onlar tərəfindən işdəki əlavə sazişlərdəki imzaların Cavabdeh1 məxsus olmamasına dair hər hansı dəlil irəli sürülməmişdir. Bundan başqa, Cavabdeh1 nümayəndəsi olan Vəkil iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinə ünvanladığı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilən ərizəsində qeyd etmişdir ki, “iddiaçı öhdəliyin icra müddətinin bitməsindən 3 il keçdikdən sonra, yəni 2023-cü ilin iyun 12-dən sonra sonra məhkəməyə müraciət etmiş, üç illik iddia müddətini keçirmiş, bu vəziyyət mənim tərəfimdən ödənişlər barədə sübutların məhkəməyə təqdim edilməsini mümkünsüz etmişdir”. Göründüyü kimi, apellyator öhdəliyin icra müddətinin 12 iyun 2023-cü ildə başa çatmasını qəbul etmiş, iddiaya etirazını ödənişlərin edilməsi, lakin iddia müddəti ötürüldüyündən həmin sübutların təqdim edilməsinin mümkünsüzlüyü ilə əsaslandırmışdır. Həmçinin, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməli olduğunu qeyd edən Cavabdeh1 qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, apellyasiya məhkəməsinin 03 aprel 2024-cü il tarixli və 24 aprel 2024-cü il tarixli iclaslarında iştirak etməməsi də onun həmin dəlilə istinad edərək, sadəcə məhkəmə icraatının ləngiməsinə nail olmağa çalışdığını göstərir. Buna görə də apellyasiya şikayətinin həmin dəlili əsaslı hesab edilə bilməz. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinin tərəflər arasında müqavilə münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, müəyyən olunur ki, iddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə iddia müddətini ötürmədən məhkəməyə müraciət etmiş, iddiaçının ona qarşı hazırkı tələblə çıxış etmək üçün subyektiv hüququ mövcud olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh1 tutulmasını qət etdiyi kredit borcunun məbləği (1546,79 manat) ilə də razılaşır. Belə ki, Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə borcu əsas kredit borcu qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 1546,79 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından əldə edilmiş qeyd edilən məlumatlarda Cavabdeh1 adında 1546,79 manat kredit borcu olduğu, onun kredit öhdəliyinin problemli kredit borcları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyü müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna dair hissədə də iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1485/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1485/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-598/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-598/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver