Məhkəmə qərarları › İş №2(106)-603/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-603/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-603/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və X2 qarşı “kredit üzrə borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2(032)-1404/2023 saylı qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT 19 sentyabr 2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 2394,08 manat əsas borc, 1002,17 manat faiz borcu olmaqla, cəmi 3396,25 manat borcun və ödənilmiş 53,96 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “"xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC BOKT-yə keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh2 "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 17 oktyabr 2017-ci il tarixli, S-FK-SİR-106 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 3396,25 manat (əsas borc 2394,08 manat, faiz borcu 1002,17 manat) məbləğində borcu olmuşdur. Belə ki, "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli, 2744-xx.xx.2014-SM25 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 18 ay müddətinə illik 22 faizlə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 15 avqust 2014-cü il tarixli, 2744-xx.xx.2014-SM25 saylı zaminlik müqaviləsinə əsasən X3 zamin durmuşdur. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh2 tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlər gecikdirilmişdir. Bununla da, cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh2 iddiaçıya olan borcu 2394,08 manat əsas borc, 1002,17 manat faiz borcu olmaqla, cəmi 3396,25 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlər Cavabdeh2 və X2 (zaminə) dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC BOKT-nin ona və X2 qarşı qaldırdığı iş üzrə iddia müddətinin ötürülməsinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin e-2(032)-1404/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Etibar Hümbətov) iddia təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan İddiaçı QSC BOKT apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin e-2(032)-1404/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi ərizəyə istinad edib iddia müddətini tətbiq edərək iddiaçı tərəfindən məhkəməyə verilmiş iddianı əsassız olaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.1, 375.2 və 377.2-ci maddələrinə istinad etmişdir. Hesab edir ki, məhkəmə Mülki Məcəllənin yuxarıda göstərilən maddələrinə düzgün istinad etməmişdir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanının icrası ilə əlaqədar fiziki şəxslərlə güzəştli kredit müqavilələrinin bağlanması banklara tövsiyə olunmuş və həmin ilin sonuna kimi də banklara müqavilələrin bağlanması üçün möhlət verilmişdir. Güzəşt Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilən siyahılar əsasında tətbiq edilirdi. Qeyd olunan siyahı İddiaçı QSCyə 2019-cu ilin dekabr ayının sonunda daxil olduğu üçün İddiaçı QSC ilə borclular arasında güzəştli kredit müqavilələri 2020-ci ilin əvvəlindən başlayaraq davam etmişdir. 2020-ci ilin mart ayının əvvəllərində Azərbaycan Respublikasında “COVİD-19” koronavirus pandemiyası səbəbindən bu işlərin aparılmasında gecikmələr yaranmışdır. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərkən yuxarıda göstərilən halları nəzərə almamışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublkası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən isə həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı). Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə iddia müddəti bitdikdə başlanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublkası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci hissəsinə öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.3-cü maddəsinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Sözügedən Məcəllənin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 399.3, 399.4-cü maddələrinin tələblərinə görə həmin şərt onu göstərir ki, müqavilənin qüvvəsi bitməmişdir, hal-hazıradək davam edir. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməkdən imtina etməklə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəinki pozmuş, faktiki olaraq cavabdeh tərəfindən iddia tələbinin olmadığı və əqdin iştirakçıları arasında bu barədə hər hansı mübahisənin olmadığı halda kredit müqaviləsinin qaydalarına qiymət verməmiş, son nəticədə qeyri-obyektiv bir qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almamışdır. Həmin maddədə deyilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxarıda qeyd edilən əsaslardan göründüyü kimi, cavabdeh iddia müddətinn tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmə də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazimi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh öz vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmışdır. İş materiallarında olan 15 avqust 2014-cü il tarixli, 2744-xx.xx.2014SM25 saylı kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti və xitamı öz əksini tapmışdır. Orada göstərilir: Bu müqavilə aşağıdakı hallarda xitam olunur. Bu müqavilə üzrə Borcalanın öz üzərinə götürdüyü öhdəliklər Borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirilmədikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü, 399.4-cü və 405.1-ci maddələrinin tələblərinə görə cavabdehlə bağlanmış müqavilənin əsas və mühüm şərtinə görə müqavilənin qüvvəsi bitməmişdir, hal-hazıradək davam edir. Məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməməklə mülki qanunvericiliyin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlara obyektiv qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Lakin qətnamədən göründüyü kimi o, qanuni və əsaslı deyildir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin e-2(032)-1404/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 15 avqust 2014-cü il tarixli, 2744-xx.xx.2014-SM25 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Cavabdeh2 3000 manat məbləğində kredit verməyi, Cavabdeh2 isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalana kredit 18 ay müddətinə verilir. Kreditin müddəti 15 fevral 2016-cı il tarixində bitir. İş materiallarında olan 15 avqust 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2744xx.xx.2014-SM25 nömrəli kredit müqaviləsinə əsasən 3000 manat məbləğində 18 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi X3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, S-FK-SİR-106 nömrəli təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" ASC-nin Cavabdeh2 qarşı 2394,08 manat məbləğində əsas borc, 1002,17 manat məbləğində faiz borcu olmaqla, cəmi 3396,25 manat məbləğində borc üzrə tələb hüququ İddiaçı QSC BOKT-yə keçmişdir. İş materiallarında olan Cavabdeh2 İddiaçı SKT-ya 29 avqust 2023-cü il tarixinə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatın surətindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan əsas borcun qalığı 2394,08 manat, faiz borcunun qalığı isə 1002,17 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 53,96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verilməsi və iddia müddətinin tətbiqi barədə Cavabdeh2 tərəfindən ərizə verilməsi səbəbi ilə iddianı rədd etmişdir. İddiaçı da apellyasiya şikayətində iddia müddətinin ötürülmədiyini və müqavilə üzrə öhdəliklərin hazırda da qüvvədə olduğunu bildirmiş, bunu bir sıra dəlillərlə əsaslandırmağa çalışmışdır. İddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası bildirir ki, xx.xx.2014-cü il tarixli, 2744-xx.xx.2014-SM25 nömrəli kredit müqaviləsi üzrə iddia müddətinin axımı bütün öhdəliklər üzrə icra müddətinin bitdiyi 15 fevral 2016-cı ildən etibarən başlamışdır. Həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 15 fevral 2019-cu il tarixində başa çatmışdır. Hazırkı iş üzrə iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən isə göründüyü kimi, iddia ərizəsi 19 sentyabr 2023-cü il tarixində Şirvan Şəhər Məhkəməsinə elektron qaydada daxil olmuşdur. Bununla da, iddiaçı kredit müqaviləsi üzrə borcun tutulmasını tələb etmək üçün subyektiv hüquqa malik olsa da, iddia ərizəsi iddia müddəti 4 ildən də artıq ötürülməklə verilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, sözügedən 15 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüququ "xxxx" ASC tərəfindən İddiaçı QSC-yə ötürüldüyündən Mülki Məcəllənin 378-ci maddəsi də nəzərə alınmalıdır. Həmin maddəyə əsasən, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. İddiaçı apellyasiya şikayətində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanının icrası ilə əlaqədar müxtəlif tədbirlərin görülməsini, lakin 2020-ci ilin mart ayından “COVİD-19” pandemiyasının başladığını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, artıq həmin Fərman qəbul edildiyi vaxt 15 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddəti başa çatmışdır. Bu səbəbdən də iddiaçının həmin dəlili əsaslı sayıla bilməz. Bundan əlavə, iddiaçı öz hüquqlarının məhkəmə qaydasında müdafiəsini həyata keçirmək məqsədilə vaxtında iddia ərizəsi ilə müraciət etməməklə yanaşı, bu cür gecikmənin səbəbi kimi müddətin ötürülməsindən sonra baş vermiş hadisələrə istinad etmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddia müddətini belə izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq bildirir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu baxımdan iddiaçının apellyasiya şikayətində sadaladığı hallar iddia müddətinin ötürülməmiş hesab edilməsi üçün əsas kimi çıxış edə bilməz. Belə ki, hüquq münasibətlərinin iştirakçısı olan iddiaçının intizamsızlığı digər şəxslərin hüquqlarının pozulmasına gətirib çıxara bilməz. Bundan başqa, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, 15 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən, həmin müqavilə halhazıradək qüvvədədir. B.Mürsəlovun şikayəti üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi yanaşmalarına uyğun olaraq iddiaçının apellyasiya şikayətinin qeyd edilən dəlilini əsaslı saymır və bildirir ki, məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi nəticəsində iddiaçının tələb hüququ aradan qalxmamış, sadəcə bu hüququn məhkəmə vasitəsilə müdafiəsi imkanı itirilmişdir. Həmçinin, Mülki Məcəllənin 376-cı maddəsində qeyd edilir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Qeyd edilən müddəadan da göründüyü kimi, əsas tələb üzrə iddia müddəti keçdiyinə görə əlavə tələb (zaminlik) üzrə də iddia müddəti keçmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin iddia müddəti ötürülməklə verilməsi faktı təsdiq olunduğundan, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməklə iş üzrə düzgün nəticəyə gəlinmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin e-2(032)-1404/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin e-2(032)-1404/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar