Məhkəmə qərarları › İş №2(106)-603/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-603/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-603/2025 01.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: borcun (pul) ödənilməsi. Şirvan şəhəri, 01 may 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2(071)-17/2025 saylı qətnaməsindən (hakim O.Bayramov) cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən xx.xx.2022-ci il tarixli, xx.xx-2023/03 nömrəli borc müqaviləsi üzrə yaranmış 162.000 manat əsas borc, 46.755,26 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 498,75 manat olmaqla, ümumilikdə 209.254 (iki yüz doqquz min iki yüz əlli dörd) manat məbləğində pul alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyətilə bağladığı borc müqaviləsi əsasında sonuncuya borc pul vermiş, lakin cavabdeh indiyədək həm əsas məbləği tam qaytarmamış, həm də borc üçün hesablanmış faizləri ödəməmişdir. Bu səbəblərdən də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdehlə 28 iyul 2022-ci il tarixdə xx/xx-2022/03 №li Borc Müqaviləsi imzalamışdır. Müqaviləyə görə 362.053,08 (üç yüz altmış iki min əlli üç manat səkkiz qəpik) manat borc pul məbləği cavabdehə verilməli idi. Müqavilə tərəfindən qismən icra olunmuş, 19 avqust 2022-ci il tarixdə cavabdehə bank köçürməsi ilə 40.000, 150.000, 110.000 olmaqla ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində borc pul vermişdir. Borc pulun cavabdehin hesabına köçürülməsi bankın təqdim etdiyi sənədlə təsdiq olunur. Müqaviləyə görə borc məbləğinin verildiyi vaxt həmin məbləğin “Borc alan”ın bank hesabına köçürüldüyü və ya nağd şəklində aldığı vaxt hesab olunur. Həmin borc 1 (bir) il müddətinə qaytarmaq şərtilə verilmiş, yəni 28 iyul 2023-cü il tarixədək geri qaytarılmalı idi. Bundan başqa müqaviləyə görə borc məbləğinə illik 12.5% həddində gündəlik faiz hesablanır. Borc məbləğinin 138.000 (bir yüz otuz səkkiz min) manat məbləği 14 fevral 2023-cü il tarixli, № 140223 saylı öhdəliklərin ötürülməsi haqqında müqavilə əsasında öhdəlik ötürülüb, yəni borcun bir hissəsinin iddiaçıya digər şəxsin ödəməsi barədə razılığa gəlinərək müqavilə imzalanmışdır. Beləliklə hazırda cavabdehdən 162.000 (bir yüz altmış iki min) manat ödənilməmiş əsas borcu tələb edir. Həmçinin, cavabdehin iddiaçıya faiz borcu da var, yuxarıda da göstərdiyi kimi borc üçün gündəlik faiz hesablanır. Birinci 300.000 borc pulun cavabdehin hesabına köçürüldüyü 19 avqust 2022-dən tarixdən öhdəliyin ötürüldüyü 14 fevral 2023-ə qədər olan 177 günlük dövr, ikinci isə 14 fevral 2023cü il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixədək olan dövr nəzərə alınmalıdır. Birinci dövr üçün faizlər 18.188,21 (on səkkiz min bir yüz səksən səkkiz manat iyirmi bir qəpik) manat təşkil edir (300.000 x 12,5%= 37.500; 37.500/365 gün =102,73; 177 gün x 102,73 manat = 18.188,21 manat). İkinci müddət isə 14 fevral 2023-cü il tarixli müqavilə imzalandıqdan sonra hazırki tələblə məhkəməyə müraciət olunduğu günədək hesablanmalıdır, bundan ötrü ki, əsas borcun 132.000 manat məbləğində hissəsinin öhdəliyi ötürüldüyündən, faizlər də qalan 162.000 manat borc üzrə hesablanmalıdır. Belə ki, borc müqaviləsi imzlandığı gündən qüvvəyə minməklə «Borc alan» tərəfindən borcun tam həcmdə «Borc verən»ə geri qaytarıldığı günədək qüvvədə qalır. Bu səbəbdən ikinci dövr yəni 515 gün üzrə faiz borcu 28,567,05 (iyirmi səkkiz min beş yüz altmış yeddi manat beş qəpik) manat təşkil edir (162.000 x 12,5%= 20.250; 22.250/365 gün =55,47; 515 gün x 55,47 manat = 28.567,05 manat). Ümumilikdə isə faiz borcları hər iki dövr üçün 46.755,26 (qırx altı min yeddi yüz əlli beş manat iyirmi altı qəpik) manatdan ibarətdir (18.188,21 + 28.567,05). Əsas borc və faizlə birlikdə cavabdehin mənə olan borcu 208,755,26 (iki yüz səkkiz min yedii yüz əlli beş manat iyirmi altı qəpik) manatdır (162.000 + 46.755,26). Borcun və hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməyinin nəticəsi olmamışdır. Bu səbəbdən də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddiaya qiyabi icraat qadasında baxılmasına heç bir etirazının olmamasını bildirmiş, və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyini öyrənmək mümkün olmamışdır. Hacıqabul Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2(071)-17/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC-dən xx.xx.2022-ci il tarixli, xx.xx-2023/03 nömrəli borc müqaviləsi üzrə yaranmış 162.000 manat əsas borc, 46.755,26 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 498,75 manat olmaqla, ümumilikdə 209.254 (iki yüz doqquz min iki yüz əlli dörd) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və İddiaçı Cavabdeh ASC-yə qarşı qaldırdığı iddianın korporativ tələb xarakteri daşıması və kommersiya məhkəməsinin səlahiyyətinə aid olması nəzərə alınaraq, işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini, əks halda, yəni işin kommersiya məhkəməsinin səlahiyyətinə aid olmadığı müəyyən edildiyi təqdirdə, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətində irəli sürülən dəlillər əsasında iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin təsisçilərindən və Müşahidə Şurasının üzvlərindən biridir. Bağlanmış borc müqaviləsinin məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin aktivlərinin 5%-dən çox olduğu üçün həmin borc müqaviləsi xüsusi əhəmiyyətli əqd hesab olunur. Digər tərəfdən, bu əqd aidiyyəti şəxslə bağlandığından, onun bağlanması üçün tələb olunan müvafiq razılıqların alınıb-alınmaması işə baxılarkən araşdırılmamış və nəzərə alınmamışdır. Bağlanmış borc müqaviləsinin (əqdin) Mülki Məcəllənin 49-1-ci maddəsinin tələblərinə uyğun olub-olmaması işə baxılarkən araşdırılmamış və nəzərə alınmamışdır. Cavabdeh tərəfindən mübahisənin kommersiya xarakterli olması və işin baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatət verilsə də, məhkəmə həmin vəsatətə əhəmiyyət verməmiş, onunla bağlı qərardad qəbul edilməmiş və işə baxılaraq qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq göstərmişdir ki, cavabdeh tələb edir ki, işin mahiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, işin Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılsın. Bununla bağlı qeyd etmişdir ki, iddiaçı əvvəlcə eyni iddia ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə işə baxaraq, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq işə Hacıqabul Rayon Məhkəməsində baxılmalı olduğu barədə qərardad qəbul etmişdir. Həmin qərardad iş materiallarında mövcuddur və qarşı tərəf bu qərardadı bilməsinə baxmayaraq, prosesi əsassız şəkildə uzatmaq məqsədilə bu cür tələblər irəli sürmüşdür. Həmçinin qeyd etmişdir ki, şikayətin dəlili borc müqaviləsinin etibarlılığı ilə bağlıdır.. Cavabdeh iddia edir ki, guya borc müqaviləsi qanunvericiliyin təİəbinə uyğun olaraq aidiyyəti şəxslə bağlandığı və "xxxx" ASC-nin aktivlərinin 5%-dən çox hissəsini əhatə etdiyi üçün şirkət üçün risk yaratmaq potensialı daşımış və bu səbəbdən xüsusi şərtlərlə bağlanmalı olduğu halda, bu şərtlərə əməl edilmədiyi üçün müqavilə etibarsız hesab olunmalıdır. Bu iddiaları da əsassız olduğunu bildirmişdir. Müqavilə bağlandığı 2022-ci ildə "xxxx" ASC-nin aktivləri audit rəyi ilə təsdiqlənmiş aktivlərinin həcmi 14 389 546 AZN təşkil etmişdir. Bu halda isə müqavilənin dəyəri isə aktivlərin 2.1%-dən də aşağı olmuşdur (Mənbə:Cavabdeh-nin RSM beynəlxalq audit şirkətini tərəfindən hazırlanmış müstəqil auditor hesabatı səh 4, 07 İyul 2022-ci il). İkincisi: Qərar verərək müqavilələr bağlayan və daha sonra 138 000 AZN məbləğində borcun üçüncü şəxslərə ötürülməsi barədə xx.xx.2023 tarixli, 140223 saylı borcların ötürülməsi müqaviləsini imzalayan şəxslər X3 (həmin dövrdə İdarə Heyətinin sədri) və X1 (həmin dövrdə Müşahidə Şurasının sədri və şirkətin 70%-dən çox səhmlərinə sahib olan şəxs) olmuşlar. Nizamnaməyə və qanunvericiliyə əsasən, aktivlərin 5%-dən az hissəsini təşkil edən müqavilələrin İdarə Heyəti və ya Müşahidə Şurası tərəfindən bağlanması kifayətdir və əlavə müstəqil audit rəyi tələb olunmur. Bundan əlavə, həmin dövrdə İsmayılovlar ailəsi şirkətin 70%-dən çox səhmlərinə sahib idi və hətta müqavilə 5%-dən yuxarı olsa belə, sərbəst şəkildə qərar vermək səlahiyyətinə malik idilər. Daha sonradan səhm əldə edən şəxslərin həmin dövrdə bağlanmış müqavilələrə dair iddia qaldırması əsassızdır və sadəcə öhdəliklərin icrasından yayınmaq məqsədi güdür. Üçüncüsü: Hətta müqavilənin dəyəri aktivlərin 5%-dən yuxarı olsaydı, və müqavilə bağlanılan zaman bağlanma qaydalarına əməl olunmasaydı, bu və ya başqa hansısa səbəbdən müqavilə etibarsız hesab edildiyi təqdirdə belə tərəflər aldıqları əşyaları və ya məbləğləri qarşılıqlı qaydada geri qaytarmalı idilər. Buna görə də cavabdehin öhdəliklərin icrasından yayınmaq və ya icranı uzatmaq məqsədilə irəli sürdüyü iddialar tamamilə qanunsuz və əsassızdır. Qətnamənin ləğvi üçün hər hansı bir əsas da mövcud deyildir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar kollegiyanın iclasında iştirak etməmişlər. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək hüquqlarının müdafiəsi üçün yeni vəkillə müqavilə bağlanana kmi baxış iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişlər. Kollegiya qeyd edir ki, cavabdeh təşkilat xx.xx.2025-ci il tarixdə də məhkəməyə ərizə ünvanlayaraq hüquqlarının Vəkil2 tərəfindən müdafiə olunacağını bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhz bu səbəbdən məhkəmə iclası təxirə salınmış, Vəkil2 055 *** ** ** mobil nömrəsinə zəng edilərək iclasının vaxtı və günü razılaşdırılmaqla iclas təyin edilmişdir. Lakin cavabdeh tərəf kollegiyanın iclasında təmsil olunmamışlar. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi, əks halda isə iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2(071)-17/2025 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında yazılı qaydada bağlanmış və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx-2023/03 nömrəli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 12,5 faiz dərəcəsi ilə 362.053,08 manat borc verməli idi. Lakin iddiaçı bildirmişdir ki, müqavilə onun tərəfindən qismən icra olunmuş, 19 avqust 2022-ci il tarixdə cavabdehə bank köçürməsi ilə 40.000, 150.000, 110.000 olmaqla, ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində borc pul vermişdir. Həmin borc məbləği xx.xx.2023-cü il tarixinədək tam həcmə geri qaytarmağı cavabdeh üzərinə öhdəlik kimi qəbul etmişdir. Borc məbləğinin 138.000 (bir yüz otuz səkkiz min) manat məbləği 14 fevral 2023-cü il tarixli, № 140223 saylı Öhdəliklərin ötürülməsi haqqında müqavilə əsasında öhdəlik ötürülüb, yəni borcun bir hissəsinin iddiaçıya digər şəxsin ödəməsi barədə razılığa gəlinərək müqavilə imzalanmışdır. Beləliklə, hazırda iddiaçı cavabdehdən 162.000 (bir yüz altmış iki min) manat ödənilməmiş əsas və 46.755,26 manat faiz borcunu tələb edir. Lakin cavabdeh aldığı borc məbləğini və ona hesablanmış faizləri qaytarmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının iddiası təmin etmişdir. Cavabdeh qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlillərindən biri ondan ibarət olmuşdur ki, mübahisə kommersiya xarakterli mübahisədir və iş baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Kollegiya şikayətin qeyd edilən dəlili ilə bağlı bildirir ki, işdən müəyyən edilir ki, iddiaçı özü işin kommersiya xarakterli olmasını güman edərək ilk olaraq müvafiq iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Lakin həmin iddia Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-2472/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)- 2472/2024 saylı qərardadı cavabdeh tərəfindən mübahisələndirilməmiş və hazırda qanuni qüvvəsini almışdır. Bundan başqa müəyyən edilir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul deyil, o iddia etdiyi borc məbləğini məhz fiziki şəxs kimi cavabdeh təşkilata borc olaraq vermişdir. Belə olduğu halda da işin kommersiya mübahisəsi olması istisna edilir. Şikayətin ikinci dəlili kimi qeyd edilmişdir ki, bağlanmış borc müqaviləsinin məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin aktivlərinin 5%-dən çox olduğu üçün həmin borc müqaviləsi xüsusi əhəmiyyətli əqd hesab olunur. Digər tərəfdən, bu əqd aidiyyəti şəxslə bağlandığından, onun bağlanması üçün tələb olunan müvafiq razılıqların alınıbalınmaması işə baxılarkən araşdırılmamış və nəzərə alınmamışdır. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir. Belə ki, cavabdeh iddiaçı ilə razılaşaraq öz aralarında könüllü və azad şəkildə xx.xx.2022-ci il tarixli, xx.xx-2023/03 nömrəli borc müqaviləsi imzalamışlar. İddiaçı müqaviləyə əsasən cavabdehə illik 12,5 faiz dərəcəsi ilə 362.053,08 manat borc verməyi öhdəsinə götürsə də 19 avqust 2022-ci il tarixdə cavabdehə bank köçürməsi ilə 40.000, 150.000, 110.000 olmaqla, ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində borc pul vermişdir. Cavabdehin qeyd edilən borc məbləğini alması təkzib olunmur. Mövcud borc müqaviləsi X3 (həmin dövrdə İdarə Heyətinin sədri) və X1 (həmin dövrdə Müşahidə Şurasının sədri və şirkətin 70%-dən çox səhmlərinə sahib olan şəxs) tərəfindən imzalanmışdır. ASC-nin Nizamnaməsinə və qanunvericiliyə əsasən, aktivlərin 5%-dən az hissəsini təşkil edən müqavilələrin İdarə Heyəti və ya Müşahidə Şurası tərəfindən bağlanması zamanı əlavə müstəqil audit rəyinin alınması tələb olunmur. Bundan əlavə, həmin dövrdə müqaviləni imzalayan şəxslər (İsmayılovlar ailəsi) ASC-nin 70%-dən çox səhmlərinə malik olmuşlar ki, bu da hətta müqavilə 5%-dən yuxarı olsa belə, müqaviləni sərbəst şəkildə qərar verərək imzalamaq səlahiyyətinə malik olmuşdurlar. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında könüllü və azad şəkildə borc müqaviləsi imzalamışlar. İddiaçı müqaviləyə əsasən cavabdehə illik 12,5 faiz dərəcəsi ilə ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində borc pul vermişdir. İddiaçı fiziki şəxs olsa da həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh verilmiş borc məbləğinə görə illik 12.5% həddində gündəlik faiz hesablanması ilə razı olmuşdur. Buna görə də kollegiya hesab edir ki, iddiaçı cavabdehdən eyni zamanda müqavilə üzrə razılaşdırılmış faiz borcunu tələb etməkdə də haqlı olmuşdur. Buna görə də Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2(071)-17/2025 saylı qətnaməsi cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar