Məhkəmə qərarları › İş №2(106)-609/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-609/2023

01.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-609/2023 01.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Feyzullayev Sərraf Eldar oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Mercedes Benz E220 CDİ Minik“ markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alınıb özünə verilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı avtomobilin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “Mercedes Benz E220 CDİ Minik“ markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin və 150 manat dövlət rüsumunun alınıb verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia təmin edilmiş, İddiaçı məxsus olan “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin və 145 (yüz qırx beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 09 fevral 2021ci il tarixdə qohumu Təranə Əsədova ilə faktiki nikahda olan Cavabdeh etibarnamə əsasında idarə etmək məqsədi ilə vermiş və 04 oktyabr 2021-ci il tarixdə etibarnaməni ləğv edərək, həmin avtomobili geri tələb etsə də, indiyədək ala bilməmişdir. Ona görə də, “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və 150 manat məbləğdə dövlət rüsumunun Cavabdeh məcburi qaydada alınaraq İddiaçı verilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə razı deyildir. Belə ki, sözü gedən avtomobil onun olsa da, formal olaraq cavabdehin adına sənədləşmişdir. Belə ki, “Mercedes Benz E220 CDİ” minik markalı ** EP *** nömrə nişanlı avtomobili 2013-cü ildə Mehdiyev Zaur Rza oğlundan 14000 ABŞ dolları məbləğində pul ödəyərək, baş etibarnamə əsasında almış və indiyədək heç bir mübahisə olmadan idarə etmişdir. 2017-ci ildə maşını aldığı şəxs, yəni Mehdiyev Zaur Rza oğlu ona bildirmişdir ki, banka borcu var və maşını onun adından çıxarsın. O, da həmin vaxt bankda zamin durduğu üçün maşını öz adına keçirə bilməmiş və nəticədə, arvadı Əsədova Təranənin qardaşı oğlu hazırkı iş üzrə İddiaçı adına sənədləşdirmişdir. 2020-ci ildə arvadı Əsədova Təranədən ayrılandan sonra İddiaçı ondan avtomobili tələb etmişdir. Məhkəmə avtomobilin pulun tam olaraq onun tərəfindən ödənilməsinə baxamaraq, heç bir araşdırma aparmadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli avtomobili 2013-cü ildə Mehdiyev Zaur Rza oğlundan pulunu ödəyərək almış və həmin vaxt o, etibarnamə vermişdir. Həmin etibarnamə də sübut edir ki, sözü gedən avtomobilin pulunu o, ödəmiş və avtomobil əsl həqiqətdə onundur. Əgər sözü gedən avtomobil iddiaçının dediyi kimi həqiqətən ona məxsus idisə, niyə indiyə qədər avtomobili ondan tələb etməmiş, onun bibisi Əsədova Təranədən ayrılandan sonra avtomobili tələb etmişdir. Sözü gedən avtomobilin pulunu o, İmişli rayon sakinləri Xalid və Qorxmazın iştirakı ilə ödəmişdir. Ona görə də, hesab edir ki, ədalətli qərar qəbul edilməsi üçün sözü gedən şahidlər də məhkəmə iclasında dindirilməlidilər. Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 2013-cü ildə o, Mehdiyev Zaur Rza oğlundan 14000 ABŞ dolları ödəyərək etibarnamə əsasında almış və indiyədək heç bir mübahisə olmadan idarə etmişdir. 2017-ci ildə Mehdiyev Zaur Rza oğlu ona zəng edərək başqa şəxslərə borcu olduğuna görə tələbin əmlakına yönələ bildiyini bildirmiş və maşını adından çıxarmasını tələb etmişdir. Həmin vaxt başqa şəxsin borcuna görə zamin olduğu üçün həmin avtomobili öz adına rəsmiləşdirmək istəmədiyindən arvadı Təranə Əsədovanın qardaşı oğlu və qızının əri İddiaçı adına keçirmişdir. Belə ki, özünün xahişi ilə 2017-ci ilin may ayında Mehdiyev Zaur Rza oğlu İddiaçı adına etibarnamə vermişdir. Həqiqətən də, Mehdiyev Zaur Rza oğlu ilə şəxsən görüşməmiş və Mehdiyev Zaur Rza oğlu ancaq İddiaçı görmüşdür. Həmin vaxtdan bir neçə gün sonra isə mübahisəli avtomobil İddiaçı adına alqısatqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. 2020-ci ildə Təranə Əsədovanın xəyanətinə görə ondan ayrıldıqdan sonra İddiaçı ondan avtomobili tələb etmişdir. O, bildirmişdir ki, Təranə Əsədova ilə ikinci ailə olaraq evlənmişdir. Eyni zamanda, Təranə Əsədova da onunla evlənməmişdən başqa şəxslə ailəli olmuş və onun əvvəlki ailəsindən iki qızı olmuşdur. İddiaçı isə həm də Təranə Əsədovanın qızlarından birinin əridir. Bundan başqa, apellyasiya şikayətində şahid qismində dindirilməsi xahiş edilən və adları çəkilən şəxslərin məhkəmədə iştirakının təmin edilməsinə nail ola bilmir. Çünki həmin şəxslərin soyadını, ata adını, habelə yaşadıqları ünvanları dəqiq bilmir. Habelə, avtomobil 12 iyun 2013-cü il tarixdən 12 iyun 2015-ci il tarixədək Mehdiyev Zaur Rza oğlunun adına gikrovda olduğu vaxt kredit ödənişini özü və ya onun tapşırığı ilə ayrı-ayrı şəxslər, habelə tanış taksi sürücüləri ödəmiş, bütün qəbzlərin də əsli hazırda özündədir və məhkəməyə təqdim edəcəkdir. Belə ki, Səlahəddin, Səbuhi, Məhəmməd və Mirxalid taksi sürücüləridir. Elməddin Şükürov isə mübahisəli avtomobilin əvvəlki sahibidir ki, satmaq istədiyi üçün həmin avtomobili Qorxmaz adlı şəxsin avtosalonuna qoymuş, o da avtomobili Qorxmaza aid avtosalondan almışdır. İddiaçı və onun nümayəndəsi vəkil Feyzullayev Sərraf Eldar oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də, apellyasiya şikayətinin təmin edilmədən, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı izahatına əlavə olaraq göstərmişdir ki, Mehdiyev Zaur Rza oğlu ilə Xəzər rayonu Buzovna qəsəbəsində yaşadıqları üçün uzun illər əvvəldən tanıyır. Ondan birinci instansiya məhkəməsində ərizə alıb, məhkəməyə təqdim etmişdir. Ancaq onun hazırkı məhkəmədə iştirakının təmin edə bilməz. Mehdiyev Zaur Rza oğlu ilə yaxın dost olmasına baxmayaraq, mübahisəli avtomobilin əvvəllər bankda girovda olmasından və buna görə onun əvəzinə kreditin Cavabdeh tərəfindən ödənilməsindən heç bir məlumatı olmamışdır. Hazırkı vaxta kimi həmin avtomobili idarə etməmiş və onun adına hər hansı cərimə və s. olmamışdır. Cavabdeh həmin avtomobili sənədsiz, yəni sürücülük hüququ olmadan idarə etmişdir. Eyni zamanda, Təranə Əsədova ilə Cavabdeh əvvəllər ailəli olmuş və 2021-ci ildə ayrılmışlar. Cavabdeh verilmiş etibarnaməyə də onlar ayrıldıqdan sonra – 04 oktyabr 2021-ci ildə xitam vermişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, iş üzrə İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı avtpmobil xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan ƏN-Vİİ 619307 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən İddiaçı AD T98873 nömrəli Qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətində olan 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 1 il müddətində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, barəsində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və həmin tapşırığın həyata keçirilməsi ilə bağlı olan bütün hərəkətləri etmək səlahiyyətləri ilə Cavabdeh vermişdir. İşdə olan "xxxx" ASC-nin 26 may 2023-cü il tarixli məktubuna əsasən 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi bankda girovda olub, avtokredit 12 iyun 2013-cü il tarixdə Mehdiyev Zaur Rza oğluna verilmiş və 12 iyun 2015-ci il tarixdə kredit borcu tam bağlanmışdır. İş materiallarında olan 25 iyun 2018-ci il tarixli Nəqliyyat vasitələrinin alqı-satqı müqaviləsinə əsasən Mehdiyev Zaur Rza oğlu tərəfindən 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı avtomobil 25 iyun 2018-ci il tarixdə İddiaçı (qiymət göstərilmədən) satılmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilib-edilməməsi baxımından məhkəmə tərəfindən iş üzrə tərəflər arasında mövcud qarşılıqlı münasibətləri düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Buna görə də, qeyd edilməlidir ki, MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin qanuni əsası kimi MM-in 157.2-ci maddəsinə istinad edərkən həmin maddə üzrə bütün dispozisiya şərtlərini yoxlamamışdır. Belə ki, adıçəkilən maddə özündə üç şərti birləşdirir: iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, cavabdeh əşyanın sahibi olmalıdır və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Ancaq mübahisəli avtomobilin 2013-cü ildən etibarən Cavabdeh faktiki istifadəsində olması halının qanunsuz baş verməsi iş üzrə təsdiqini tapmamışdır. Həmin avtomobilin Cavabdeh qanuni sahibliyinə verilməsi, hazırkı mübahisənin meydana gəlməsinin habelə tərəflər arasında qohumluq münasibətlərinin pozulmasından törəməsi halı tərəflərin izahatları, eləcə də, iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq edilir. Bununla da, hazırkı iddia tələbinin MM-in 157.2-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir. Belə ki, məhkəmə kollegiyası işdə olan, habelə iddiaçının izahatları əsasında toplanmış sübutları araşdıraraq, tərəflər arasında mövcud münasibətlərin əsl mahiyyətinə nəzər salanda müəyyən edir ki, işdə olan "xxxx" ASC-nin 26 may 2023-cü il tarixli məktubuna əsasən 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi bankda girovda olub, avtokredit 12 iyun 2013-cü il tarixdə Mehdiyev Zaur Rza oğluna verilmiş və 12 iyun 2015-ci il tarixdə kredit borcu tam bağlanmışdır. İşə əlavə edilmiş mədaxil qəbzlərinə əsasən qeyd edilən zaman çərçivəsində Mehdiyev Zaur Rza oğlunun adına olan adıçəkilən kredit ödənişi Cavabdeh və onun izahatına əsasən öz tapşırığı üzrə tanıdığı taksi sürücüləri və digər şəxslər tərəfindən ödənilmişdir. Kollegiya iddia ərizəsində və apellyasiya şikayətində göstərilən dəlillər, iddiaçının izahatında göstərilən məlumatlar, eyni zamanda, İddiaçı eyni ünvanda, yəni Xəzər rayonu Buzovna qəsəbəsində yaşadığı və özünün dost olduğunu bildirdiyi Mehdiyev Zaur Rza oğlunun 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ”Muğanbank” ASC-də girovda olması üzrə avtokreditin Cavabdeh və onun tapşırığı ilə digər şəxslər tərəfindən ödənilməsi və əksər ödəniş qəbzlərinin əsllərinin onun özündə saxlanılması, Mehdiyev Zaur Rza oğlunun öz dostu olduğunu bildirməsi halında İddiaçı bunlardan məlumatsız olması, mübahisəli avtomobilə dair etibarnamənin Cavabdeh İddiaçı qaynanası Təranə Əsədova ilə ayrıldıqdan sonra - 04 oktyabr 2021-ci ildə xitam verilməsi və digər hallar iş üzrə tərəflər arasında mübahisəli avtomobil üzrə qarşılıqlı münasibətlərin əsl mahiyyətinin və onların həqiqi niyyətinin birinci instansiya məhkəməsində tam və hərtərəfli araşdırılmadığını göstərir. Bundan əlavə, mübahisəli avtomobilin özündən əvvəlki sahibinin Şükürov Elməddin Xəlil oğlu olması barədə cavabdeh izahatında göstərilənlərə dair qeyd edilməlidir ki, iş materiallarına görə Mehdiyev Zaur Rza oğlu tərəfindən Şükürov Elməddin Xəlil oğluna da mübahisəli avtomobilə istifadə hüququna dair 02 mart 2014-cü il tarixdən 17 mart 2018-ci il tarixə kimi etibarnamə verilmişdir. Kollegiya iş üzrə yekun qənaətə gələrkən eyni zamanda, mübahisəli - 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin əsl sahibinin həqiqətən də Cavabdeh olmasına təsdiqləyən kifayət qədər birbaşa və dolayısı sübutların mövcud olmasını nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, işin faktiki hallarını təsdiq edən mühüm sübutların birinci instansiya məhkəməsində tələb edilərək işə əlavə edildiyi təqdirdə, həqiqətə nail olmaq üçün iş hərtərəfli, tam və obyektiv tədqiq edilərək düzgün araşdırma aparılmamışdır. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan halların kifayət qədər araşdırılmaması mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddianın rədd təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin “G.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanınır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Beləcə, müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (MM-in 324.5 və 404.1-ci maddələri). Həmin Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (MM-in 337.1, 337.4 və 337.5-ci maddələri). MM-in 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarlar). Habelə, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir; Habelə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 10 mart 2020-ci il və X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Kollegiya işin müəyyən olunan faktiki hallarını yuxarıda sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlir ki, Mehdiyev Zaur Rza oğlu tərəfindən satılan 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı avtomobilin 25 iyun 2018-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilməsinə baxmayaraq, işin müəyyən edilmiş faktiki hallarına əsasən avtomobilin alıcısı qismində faktiki olaraq Cavabdeh çıxış etmişdir. Buna görə də, 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı avtomobilinin alqı-satqısı barədə Mehdiyev Zaur Rza oğlu və İddiaçı arasında bağlanan əqd yalan əqd olmaqla, əhəmiyyətsizdir. Qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Habelə, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin, 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bundan əlavə, MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Qeyd edilməlidir ki, MM-in 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hazırkı mülki işin faktiki hallarına uyğun hesab edir ki, 25 iyun 2018-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilərək, Cavabdeh 2013-cü ildən sahibliyinə keçmiş və hazırkı vaxta kimi istifadəsində olan mübahisəli avtomobil üzrə qanuni gözləntiyə malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər (“Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Habelə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “Mercedes Benz E220 CDİ Minik“ markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alınıb özünə verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “Mercedes Benz E220 CDİ Minik“ markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alınıb özünə verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar