Məhkəmə qərarları › İş №2(106)-61/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-61/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-61/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X8 oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun qaytarılması və tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(017)-1768/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ağcabədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(017)-1768/2021 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 14777,52 ABŞ dolları məbləğində əsas kredit borcunun (ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsi ilə) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, tutmanın ilkin satış qiyməti 35000 manat olmaqla ipotekaya qoyulmuş “Mersedes Benz E 200” markalı ** BS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə (mühərrik:---, ban WDD2120341B121894, buraxılış ili: 2014, rəng: qara metalik) yönəldilməsi, həmin avtomaşının açıq hərracda satılması və əldə edilmiş vəsait hesabına kredit borcu ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, ödənişdən artıq qalan vəsaitin Cavabdeh qaytarılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə, qalan borc məbləğinin cavabdehdən alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. Cavabdeh Əhmədov X5 Rayon Məhkəməsinin 13 dekabr 2021-cü il tarixli 2(017)- 1768/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 14777,52 ABŞ dolları məbləğində əsas borcun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun alınması, tutmanın cavabdehə məxsus və ipoteka qoyulmuş “Mersedes Benz E 200” markalı ** BS *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit və ipoteka müqavilələrinə əsasən “Mersedes Benz E 200” minik markalı avtomobilin satın alınması məqsədilə Cavabdeh 60 ay müddətinə illik 14 faiz hesablanmaqla, 30200 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Eyni zamanda, müqavilə üzrə öhdəliklərin icra olunmasının təminatı olaraq Cavabdeh “Mersedes Benz E 200” minik markalı avtomobili banka ipoteka qoymuşdur. İpoteka qanunla müəyyən edilmiş qaydada tərtib və təsdiq olunaraq dövlət qeydiyyatından keçmiş və bu barədə müvafiq şəhadətnamə verilmişdir. Cavabdeh qrafik üzrə kreditə görə hesablanmış faizlə birlikdə hər ay kreditin müəyyən hissəsini qaytarmalı olduğu halda, kredit borcunu tam ödəməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixə əsas kredit borcu 14777,52 ABŞ dolları təşkil etmişdir. Bankın dəfələrlə xəbərdarlığına Cavabdeh ödənilməmiş borcun qaytarılması üçün zəruri tədbirlər görməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən edilmiş bütün ödənişlər qanunsuz olaraq faiz və cərimə borcuna silinmişdir və yalnız əsas borc qalmışdır. Məhkəmə hazırlıq iclası onun iştirakı olmadan keçirilmiş, o cümlədən, ekspertiza təyin edilməsinə dair vəsatət vermək hüququndan məhrum olmuşdur. Yol verilmiş prosessual pozuntular yekunda düzgün olmayan nəticəyə gəlmək üçün əsas olmuşdur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, borc məbləği üzrə ekspert rəyi ilə razıdır. O, Cavabdeh məxsus “Mersedes Benz E 200” markalı ** BS *** dövlət nömrə nişanlı avtomobilin likvid qiymətinin müəyyən edilməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə həvalə etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası nümayəndənin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(017)-1768/2021 saylı qətnaməsi ilkin satış qiyməti hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən illik 14 faiz olmaqla 60 ay müddətinə kredit və ona hesablanmış faizlərin hər ay ödənilməsi şərti ilə Cavabdeh 30200 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipotekanın predmeti “Mersedes Benz E 200” markalı mühərrik:---, ban WDD2120341B121894, buraxılış ili: 2014, rəng: qara metalik avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.1 və 3.1.1-ci bəndinə əsasən ipoteka predmeti Mersedes Benz E 200” markalı (mühərrik:---, ban WDD2120341B121894, buraxılış ili: 2014) avtomobilidir və ipoteka predmeti 35000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan AA 130024 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışın surətindən görünür ki, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxs Cavabdeh ilə “Mercedes Benz E 200” minik markalı ** GM *** dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka saxlayan şəxs İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsində qeydə alınmışdır. İşdə olan AD 090611 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, qeydiyyat nişanı ** BS *** “Mercedes Benz E 200” minik markalı mühərrik :---, ban: WDD2120341B121894, buraxılış ili: 2014, rəngi qara metallik olan nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. Qeydiyyat üçün əsas nömrə (** GM ***) və qeydiyyat şəhadətnaməsinin dəyişməsi olmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixinə xx.xx.2016-cı il tarixli müqavilə üzrə əsas borcu 14777,52 ABŞ dolları təşkil edir. İşdə olan Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh göndərilmiş bildirişindən görünür ki, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Cavabdeh xəbərdar olunmuşdur. İşdə olan Ləğv prosesində olan İddiaçı ASC-nin Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildirişin qeydə alınmasına dair ərizəsi xx.xx.2021-ci l tarixdə qeydə alınmışdır. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8835 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh 20 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borcu üzrə 14777,52 ABŞ dolları, faiz borcu üzrə 0,0 ABŞ dolları borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən ekspertiza xərclərinə dair bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-735/2023 saylı qərardadı ilə “Mercedes Benz E 200” minik markalı, ** BS *** dövlət nömrə nişanlı avtomobilin hazırkı ilkin satış qiyməti və real bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin rəyinə əsasən “Mercedes Benz E 200” minik markalı ** BS *** dövlət nömrə nişanlı avtomobilin real bazar dəyərinin 44500 manat və likvid qiymətinin 42000 manat məbləğində olması müəyyən olunmuşdur. İş üzrə nəqliyyat vasitəsinin qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 100 manat məbləğində təşkil etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin MM-in həmin dövrdə qüvvədə olmuş 739-cu maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşdə olan sübutlardan, habelə işin apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2023-cü il tarixli 9/8835 saylı ekspert rəyindən görünür ki, Cavabdeh iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2021-ci il tarixə borcu xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 14777,52 ABŞ dolları məbləğində əsas borcu və 0,0 ABŞ dolları məbləğində faiz borcu vardır. Cavabdehin apellyasiya şikayətinin dəlillərində istinad etdiyi hallar qətnamənin bu hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Habelə cavabdeh apellyasiya şikayətində istinad etdiyi dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməli və ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Kollegiya nəqliyyat vasitəsinin ilkin satış qiymətinə dair hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlili üzrə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə avtonəqliyyat vasitəsinin ilkin satış qiymətini ipoteka müqaviləsində göstərilən qiymətlə müəyyən etsə də, yuxarıda sadalanan normaların da tələblərindən görünür ki, ilkin satış qiyməti tərəflər arasında razılıq olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Avtomobilin ilkin satış qiyməti barədə hər hansı razılıq əldə olunmadığı üçün məhkəmə tərəfindən işin apellyasiya icraatı zamanı iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, müstəqil qiymətləndiricinin rəyi ilə “Mercedes Benz E 200” minik markalı ** BS *** dövlət nömrə nişanlı avtomobilin real bazar dəyərinin 44500 manat göstərilmiş, likvid qiyməti isə 26 fevral 2024-cü il tarixə 42000 manat məbləğində müəyyən olunmuşdur. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(017)-1768/2021 saylı qətnaməsi “Mercedes Benz E 200” minik markalı ** BS *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti olaraq müəyyən edilmiş 35000 manat hissəsində dəyişdirilərək həmin avtomobilin ilkin satış qiyməti 42000 manat olaraq müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. Eyni zamanda, kollegiya diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi digər hissələrdə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, habelə düzgün yekun nəticəyə gəlmişdir. Cavabdeh isə apellyasiya şikayətinin digər hissələrinə dair dəlillərini də hər hansı mötəbər sübutlarla və ya normalarla əsaslandırılmamışdır ki, bu səbəbədən də əsassızdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2023-cü il tarixli 9/8835 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 145 manat məbləğdə pul vəsaiti Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, eləcə də iş üzrə nəqliyyat vasitəsinin qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh "xxxx" MMC-nin hesabına ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(017)-1768/2021 saylı qətnaməsi qismən - “Mercedes Benz E 200” minik markalı ** BS *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti olaraq müəyyən edilmiş 35000 (otuz beş) manat hissəsində dəyişdirilərək həmin avtomobilin ilkin satış qiyməti 42000 (qırx iki min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 145 (yüz qırx beş) manat məbləğdə pul vəsaiti Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, nəqliyyat vasitəsinin qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti isə "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar