Məhkəmə qərarları › İş №2(106)-610/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-610/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-610/2023 18.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi (vəkili), həmçinin Cavabdeh2 vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(071)- 650/2022 saylı qətnaməsindən (hakim F.Pənahov) cavabdehlər, onların vəkili və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 2.325 manat, Cavabdeh2 3.910 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, o, “Azərlotoreya" şirkətindən aldığı lotoreya biletlərinin satışı ilə məşğul olur və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə onun arasında lotoreya biletlərinin “Alqı-satqı" müqaviləsi bağlanmışdır (Cavabdeh2 ilə 02 saylı və Cavabdeh1 ilə 04 saylı müqavilə). Cavabdeh2 arasında bağlanmış 02 saylı müqaviləyə əsasən o, bir ay müddətinə yəni, 13 aprel 2022-ci ildən, 13 may 2022-ci il tarixinə qədər Cavabdeh2 3.325 manat dəyərində, digər Cavabdeh1 ilə bağlanmış 04 saylı müqaviləyə əsasən 13 aprel 2022-ci il tarixdən 13 may 2022-ci il tarixinə qədər ümumi dəyəri 4.910 manat dəyərində lotoreya biletini sataraq pulunu ona ödəmələri barədə razılığa gəlmişlər. O, ümumilikdə Cavabdeh2 3.325 manat dəyərində, Cavabdeh1 isə 4.910 manat dəyərində lotoreya bileti təhvil vermişdir. Cavabdehlər müqavilə ilə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər və aldıqları lotoreyanın dəyərini bu günə qədər tam məbləğdə ona ödəməmişlər. O, dəfələrlə cavabdehlərə aldıqları lotoreyaların dəyərini ödənilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. 2022-ci ilin aprel ayının 27-də, səhər saatlarında işə başlamamışdan əvvəl o, Cavabdeh1 fəaliyyət göstərdiyi Bakı şəhəri, 28 May Metrosunun (28 Mall) ətrafına gələrək ondan müqaviləyə əsasən aldığı lotoreya biletlərinə görə hesabat aparmasını xahiş etmişdir. Cavabdeh isə ona hesabat aparmaq üçün Bakı şəhəri, 20 Yanvar meydanı ətrafına getməyi məsləhət bilmişdir. Yola düşən zaman o, stolun üstündə olan çantanı götürsə də, Cavabdeh1 çantanı onun əlindən almışdır. O, hesabata getdiklərindən buna fikir verməsə də, yola düşəndən 20-30 metr sonra 28 May metrosu qarşısında çantanı Cavabdeh1 qaçırmış, o, cavabdehin arxasınca qaçsa da, cavabdeh gözdən itmişdir. Bundan sonra o, Cavabdeh1 qardaşı Cavabdeh2 zəng etmiş, lakin Cavabdeh2 telefonu sönülü olmuşdur. Daha sonra o, bu barədə DİN-nin 102 Qaynar xəttinə zəng edərək baş vermiş hadisəni onlara bildirmişdir. Bakı şəhəri, 22 №-li Polis İdarəsində araşdırılma aparılmışdır. Polis araşdırma nəticəsində cavabdehlərdən 2.000 manat pul alaraq ona verilmişdir. Beləliklə hazırda cavabdehlər Cavabdeh2 ona ödənilməmiş 2.325 manat, digər Cavabdeh1 isə 3.910 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hacıqabul Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(071)-650/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 2.325 manat, Cavabdeh2 3.910 manat pul və ödənilmiş 83 manat dövlət rüzumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 02 saylı müqaviləyə əsasən o, bir ay müddətinə yəni, 13 aprel 2022-ci ildən, 13 may 2022-ci il tarixinə qədər Cavabdeh2 3.325 manat dəyərində, Cavabdeh1 ilə aralarında bağlanmış 04 saylı müqaviləyə əsasən 13 aprel 2022-ci il tarixdən 13 may 2022-ci il tarixinə qədər Cavabdeh1 ümumi dəyəri 4.910 manat dəyərində lotoreya biletləri vermişdir. Daha sonra cavabdehlər müqavilə ilə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməyərək ona olan borclarını qaytarmaqdan yayınmışlar. Sonradan onun müraciəti əsasında Bakı şəhəri, 22 №-li Polis İdarəsində araşdırılma aparılmışdır. Polis araşdırma nəticəsində cavabdehlərdən 2.000 manat pul alınaraq ona verilmişdir. Hazırda cavabdehlər Cavabdeh2 ona ödənilməmiş 2.325 manat, digər Cavabdeh1 isə 3.910 manat borcu qalmışdır. Odur ki, iddia tələbini əsaslı hesab edib iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər, onların vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdehin qızıl-zinət əşyalarının mövcud olması lakin, onların cavabdehin özü ilə aparması barədə izahatındakı qeyd edilən dəlilləri məhkəmə araşdırmamışdır. Məhkəmə cavabdehin bu dəlillərini təsdiq edəcək sübutlarının olmamasına baxmayaraq onun bu etirafını nəzərə alıb, iddianı bu hissədə təmin etməmişdir. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, cinayət işinin rədd edilməsi barədə qərarlardakı izahat onun izahatıdır. Göstərmişdir ki, İddiaçıla onun və qardaşı Hümmət arasında lotoreya biletlərinin “Alqı-satqı" müqaviləsi bağlanmışdır (Cavabdeh2 ilə 02 saylı və Cavabdeh1 ilə 04 saylı müqavilə). Onunla bağlanmış 02 saylı müqaviləyə əsasən o, bir ay müddətinə yəni, 13 aprel 2022-ci ildən, 13 may 2022-ci il tarixinə qədər cavabdeh ona 3.325 manat dəyərində, digər cavabdeh qardaşı Cavabdeh1 ilə bağlanmış 04 saylı müqaviləyə əsasən 13 aprel 2022-ci il tarixdən 13 may 2022-ci il tarixinə qədər ümumi dəyəri 4.910 manat dəyərində lotoreya biletini sataraq pulunu ona ödəmələri barədə razılığa gəlmişlər. İlkin olaraq ana 3.325 manat dəyərində, qardaşı Cavabdeh1 isə 4.910 manat dəyərində lotoreya bileti təhvil vermişdir. Onlar təxminən 14 gün işləmişlər. 14-cü gün Zahid onlara şər-böhtan ataraq güya qardaşı ilə birlikdə onun 12000 manatdan satışdan əldə edilmiş pulunu mənimsədiklərini demişdir. Buna görə də aralarında sözdə mübahisə yaranmışdır. Zahid onları söydüklərindən özlərində olan loteraya biletlərini və pulu götürərək satış yerindən uzaqlaşmışlar. Çünki Zahid elə bir şərait yaradırmış ki, onlar Zahidi vursunlar və Zahid onları polisə şikayət etsin. Göstərmişdir ki, loteraya biletlərinin satışını hər gün axşam haqq-hesab edirmişlər. Sonuncu dəfə Zahid ona 3379 manatlıq loteraya biletləri vermişdir. Həmin biletlərdən də 1488 manatlıq satış pulunu Zahidə vermiş, onda 1891 manatlıq loteraya qalmışdır. Hazırda onun Zahidə 940 manat ödənilməmiş borcu qalmıpşdır. Cavabdeh1 nümayəndəsi (vəkili), həmçinin Cavabdeh2 vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş və göstərmişdir ki, həqiqətən də iddiaçı ilə cavabdehlər arasında lotoreya biletlərinin “Alqı-satqı" müqaviləsi bağlanmışdır (Cavabdeh2 ilə 02 saylı və Cavabdeh1 ilə 04 saylı müqavilə). Müqaviləyə əsasən bir ay müddətinə yəni, 13 aprel 2022-ci ildən, 13 may 2022-ci il tarixinə qədər cavabdeh Eminə 3.325 manat dəyərində, digər Cavabdeh1 4.910 manat dəyərində lotoreya bileti təhvil vermişdir. Onlar iddiaçı ilə təxminən 14 gün işləmişlər. Sonra aralarında narazılıq yaranmış və Zahid cavabdehləri polisə şikayət etmişdir. Polisdə araşdırma aparılmış və cavabdehlərdən 1170 manatlıq loteraya və ya onun satışından əldə edilmiş pul vəsaitini alaraq iddiaçıya vermişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdehlərin hazırda onlara 12899 manat pul verəcəkləri vardır. Göstərmişdir ki, cavabdehlərin hər birinə hər gün satmaq üçün loteraya biletləri vermişdir. Hər gün haqq-hesab etmişlər. Satış pulun almış qalan lotoreyaları onlarda saxlamış, həmçinin əlavə loterayalar vermişdir. Sonuncu dəfə hər ikisinə əlavə olaraq ayrı-ayrılıqda 3379 manatlıq bilet vermişdir. Lakin günün sonunda onlar onlarla haqq-hesaba gələndə onları yerilərində görməmişdir. Telefon əlaqəsi yaratsa da cavab verməmişlər. Buna görə də onlardan polisə müraciət etmişdir. Bildirmişdir ki, cavabdehlərdən əlavə olaraq 12000 manatdan çox alacağı vardır. Onlardan şikayətçidir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər, onların vəkili və nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya qaydasında mübahisələndirilərək, qətnamənin ləğv olunmasını xahiş etməklə, qətnamə tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Kostitusiyası: 24-cü maddəsinin İİİ-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan suiistifadıyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nə¬ticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əm-lakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödə¬nil¬məlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vur¬ma¬yan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçı, cavabdehi və onların vəkili və eyni zamanda nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından müəyyən edilir ki, onunla Cavabdeh2 arasında bağlanmış 02 saylı müqaviləyə əsasən o, bir ay müddətinə yəni, 13 aprel 2022-ci ildən, 13 may 2022- ci il tarixinə qədər Cavabdeh2 3.325 manat dəyərində, Cavabdeh1 ilə aralarında bağlanmış 04 saylı müqaviləyə əsasən 13 aprel 2022-ci il tarixdən 13 may 2022-ci il tarixinə qədər Cavabdeh1 ümumi dəyəri 4.910 manat dəyərində lotoreya biletləri vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Görünüdüyü kimi hazırki tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti hər bir cavabdehə münasibətdə 5000 manatdan yuxarı deyildir. Prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş birgə apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(071)-650/2022 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar