Məhkəmə qərarları › İş №2(106)-611/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-611/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-611/2023 10.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbinə dair” kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2(050)-3758/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2457,99 manat məbləğində əsas borcun, həmçinin ödənilmiş 44,60 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1256 saylı, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq bağlanmış güzəştli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2605,25 manat qalıq məbləği illik 1 % faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 2,24 manat, dörd il müddətində isə hər ay 55,41 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1***-******* nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə borcunun məbləği 2457,99 manat, faiz borcu üzrə 0 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 2457,99 manat təşkil edir. Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2(050)-3758/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ayaz Səlimov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2457,99 manat əsas borcun və 44,60 manat dövlət rüsumunun tutularaq "xxxx" MMM QBKT-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2(050)-3758/2022 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamənin qəbul edilməsini və onun zaminliyinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəli işə sadələşdirilmiş icraat qaydasında baxaraq səhv etmişdir. Ona iddia ərizəsinin surəti və məhkəmə bildirişi gəlmədiyindən, o, etiraz edə bilməmişdir. Əgər o, etiraz edə bilsəydi, işə iddia icraatı qaydasında baxılacaqdı. O, digər Cavabdeh2 2014-cü ildə zamin durmuşdur. Zaminlik müddəti 36 ay olmuşdur. Həmin müddət də 2017-ci ildə qurtarmışdır. 2017-ci il tarixindən sonra o, Cavabdeh2 zamin durmamış, nə də banka gedib hər hansı bir müqaviləyə imza etməmişdir. İşə baxan hakim mülki işi hərtərəfli və obyektiv araşdırsaydı, birmənalı şəkildə onun zaminliyinə xitam verəcəkdi. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(106)- 611/2023 saylı qərardadı ilə apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmış və məhkəmənin baxış iclası 10 may 2023-cü il tarixə, saat 15:00-a Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 çıxış edərək bildirdi ki, 22 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsini özü imzalamış, onu heç kəs müqaviləni imzalamağa məcbur etməmişdir. O, məhkəmə qarşısında dinlənilmək istədiyindən apellyasiya şikayətində zaminlik müqaviləsinə imza etmədiyini qeyd etmişdir. Əslində isə onun başqa kreditləri də olduğundan hesab edir ki, hazırkı kredit müqaviləsi üzrə onun zaminliyinə xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və onun zaminliyə xitam verilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə - Cavabdeh1 münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası Cavabdeh1 dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq kredit verən "xxxx" X3-Bank Kredit Təşkilatı ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, **********1256 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 2605,25 manat qalıq məbləğini ödəməsi məqsədilə 2605,25 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kreditin müddəti illik faiz dərəcəsi 1 faiz olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müəyyən olunur. Sonuncu ödəniş tarixi isə xx.xx.2024-cü il olaraq müəyyən edilmişdir. İşdəki kredit verən "xxxx" X3-Bank Kredit Təşkilatı ilə zamin Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, **********1256-862539 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1 xx.xx.2019-cu il tarixli, **********1256 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. İşdəki 21 noyabr 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 2605,25 manat məbləğində olan kredit öhdəliyi üzrə 228 manat ödəniş edilmişdir. Ödənilməmiş qalıq borc isə 2457,99 manat təşkil edir. İşdəki 25 noyabr 2022-ci il tarixli “ASAN Ödəniş” sistemi vasitəsilə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 44,6 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırkı iş üzrə iddiaçı cavabdehlər olan əsas borclu Cavabdeh2 və zamin Cavabdeh1 müştərək qaydada 2457,99 manat məbləğində əsas borcun və ödənilmiş 44,60 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh1 (zamin) qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin əsas dəlili olaraq isə göstərmişdir ki, o, Cavabdeh2 2014-cü ildə zamin durmuş, onun zaminliyinin müddəti 2017-ci ildə başa çatmış, bundan sonra isə o, Cavabdeh2 zamin olması ilə bağlı hər hansı müqaviləni imzalamamışdır. Lakin apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddiaçı ilə bağlanılmış 22 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsini özünün bağladığını, həmin müqavilənin imzalanmasına heç kəsin onu məcbur etmədiyini bildirmişdir. Bu isə onu göstərir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlili olaraq qeyd etdiyi zaminlik müqaviləsinin onun tərəfindən imzalanmaması ilə bağlı arqument əsassızdır. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, 22 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilməsi üçün Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsas da müəyyən edilmir. Mülki Məcəllənin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir:

1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;

2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;

3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;

4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası bildirir ki, 22 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsində onun verilmə müddəti konkret olaraq göstərilməmişdir. Lakin həmin müqavilə üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının 22 oktyabr 2024-cü ilədək olduğu görünür. Bu isə onu göstərir ki, zaminliyə xitam verilməsi üçün nəzərdə tutulmuş müddət də keçməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zaminin başqa kredit öhdəliklərinin olması onun zaminliklə təminat verdiyi kredit müqaviləsi üzrə öhdəliklərinin icrasından azad edilməsi və ya zaminliyinə xitam verilməsi üçün əsas ola bilməz. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh1 münasibətdə də iddia təmin edildiyindən məhkəmə ödənilmiş dövlət rüsumunun ondan da müştərək qaydada tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2(050)-3758/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2(050)-3758/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2(050)-3758/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Samir Mayılov

Hakimlər: İlham Əsədov

Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar