Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-612/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçı, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2(050)-2935/2023 saylı qətnaməsindən (hakim H.Bəhmənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, 30 may 2008-ci il təvəllüdlü X1, 01 may 2010-cü il təvəllüdlü X2 və 11 iyul 2014-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Masallı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(050)1377/2021 saylı qətnaməsi ilə hər ay hər birinə görə sabit pul məbləğində müəyyən olunan 50 manat aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç övladları olmuşdur. Övladları 30 may 2008-ci il təvəllüdlü X6, 01 may 2010-cu il təvəllüdlü X7 və 11 iyul 2014-cü il təvəllüdlü X4r. Münasibətləri pozulduğundan Masallı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(050)-1377/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində qalmışdır. Uşaqların saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 50 manat, cəmi 150 manat aliment tutulmuşdur. Müəyyən olunmuş aliment məbləği ilə uşaqların tələbatını ödəyə, həmçinin xəstə olduğundan işləyə bilmir. Uşaqların bütün təlim-tərbiyəsi və təhsili ilə özü maraqlanır. Cavabdeh tərəfindən verilən aliment uşaqların tələbatını ödəmir. Cavabdeh özü fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə edir, maddi imkanı olduqca yüksəkdir. Dəfələrlə cavabdehdən alimentin miqdarının artırmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, hal-hazırda atası evində qalır. “OBA Market” mağazasında satıcı-nəzarətçi kassir vəzifəsində işləməklə, 345 manat əməkhaqqı alır. Əlavə gəliri yoxdur. Birinci instansiya məhkəməsində cavabdehin vəkili Vəkil1 iddiaçı ilə eyni əsaslardan çıxış edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2(050)-2935/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 30 may 2008-ci il təvəllüdlü X1, 01 may 2010cü il təvəllüdlü X2 və 11 iyul 2014-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 29 aprel 2021 tarixli 2(050)-1377/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən olunmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qeyriqanuni və əsassızdır, maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır, ləğv edilməlidir. İddiaçı ilə aralarında olan nikah Masallı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların cavabdehin himayəsində saxlanılması, hər ay sabit məbləğdə hər uşağa 50 manat miqdarında alimentin tutulması qət edilmişdir. Qeyd olunmalıdır ki, “Oba Market”-də satıcı işləyir, aldığı əmək haqqı təyin edilmiş alimentin ödənilməsindən sonra özünün maddi tələbatlarının ödənilməsinə belə çatmır. Tələb edilən miqdarda alimenti ödəmək iqtidarında deyil, qazancı aldığı əmək haqqından ibarətdir, başqa gəliri və qazancı yoxdur. Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə aliment müəyyən edildiyi vaxtdan maddi vəziyyətində hər hansı bir dəyişiklik, yaxşılaşma halı baş verməmişdir. 240 manat məbləğində aliment ödəməsi mümkün olmayacaqdır, bunun üçün qazancı yetərli deyildir, özünün maddi tələbatlarının ödənilməsi üçün maddi vəsaitə ehtiyacı vardır. Qanunun normasında tərəflərdən birinin maddi vəziyyətində dəyişiklik olduğu halda, alimentin miqdarının dəyişdirilməsi nəzərdə tutulmuşdur. Lakin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamış, yaxşılaşma halı baş verməmiş və alimentin miqdarının dəyişdirilməsi üçün əsas yaranmamışdır. İddiaçı faktiki olaraq işləyir, fərdi təsərrüfatla məşğul olaraq gəlir əldə edir və uşağın maddi tələbatlarının ödənilməsi onun da vəzifəsidir. Məhkəmə tərəfindən qeyd edilən faktlar nəzərə alınmamış, ətraflı araşdırma aparılmadan ədalətsiz qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin tələbləri pozulmuş, işə ədalətli baxılmamışdır. Məhkəmə tərəfindən mübahisəyə Ailə Məcəlləsinin 112.1-ci maddəsi tətbiq edilsə də, nəticədə düzgün qiymət verilməmişdir. Təyin edilən alimenti ödəmək qabiliyyətimin olmaması, maddi vəziyyətimdə dəyişiklik olmaması halları nəzərə alınmamışdır. Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsi tətbiq edilməli olduğu halda, tətbiq edilməmişdir. Aldığı əmək haqqının az olması və 240 manat aliment tutulduğu təqdirdə maddi tələbatlarının ödənilməsində ciddi çətinliklərin yaranacağı amilləri nəzərə alınmamışdır. Qeyd edilən hallar iş üçün mühüm əhəmiyyət kəsb etsə də, məhkəmə tərəfindən qiymət verilməmişdir. Aliment məbləğinin artırılması üçün maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı bir sübut olmadığı halda, 240 manat məbləğində aliment tutulması maddi vəziyyətinin tamamilə pisləşməsinə səbəb olacağı halı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə yalnız qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, göstərilən nəticə işin hallarına uyğun deyildir və səhv nəticəyə gəlmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabeh rəsmi nikahla yeni ailə qurub, 6 aylıq hamilədir, işlədiyi “OBA Market”dən işdən çıxmışdır. Aliment ödənişlərini edir, az miqdarda borcu vardır. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək izahatında göstərdi ki, əvəllər usta işləri ilə məşğul olurdu, 2 ayağı sınıqdır, iş qabiliyyəti yoxdur, indi işləyə bilmir, hələki əlillik təyin olunmayıb, amma 2 ekiprizi vardır. Adına 20 ha paybəlli torpaq sahəsi olduğuna görə aldığı sosial müavinəti ləğv edilmişdir. 80 manat alimentə hazırda uşaq saxlamaq mümkün deyil, yüngül iş taparsa işləyə bilər. Arada qardaşı maddi köməklik göstərir. Uşaqla 5, 9 və 10-cu sinif şagirdidirlər, böyük qız hazırlıq kursuna gedir və ayda 40 manat hazırlıq pulu ödəyir. Cavabdeh firmada mağazalara mal daşınmasında işləyir. Həmçinin cavabdeh 6 aydır ki, təyin edilən 240 manat alimenti vaxtında ödəyir. Cavabdeh əvvələr uşaqlarla görüş istəsə də, ərə getdikdən sonra uşaqlarla görüş istəməmişdir, əvvəllər valideynləri ilə yaşasa da, hazırda harda yaşaması barədə məlumatı yoxdur. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakıılar müəyyən olunur: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 30 may 2008-ci ildə, X7 01 may 2010-cu ildə, X8 11 iyul 2014-cü ildə doğulmuşdur. Uşaqların atası İddiaçı, anası Kazımova (Şirəliyeva) Jalə Abtalıb qızıdır; Masallı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(050)-1377/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, 31 mart 2021-ci il tarixdən başlayaraq cavabdeh X5 30 may 2008-ci il təvəllüdlü X1, 01 may 2010-cü il təvəllüdlü X2 və 11 iyul 2014-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 50 manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində alimentin alıanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsialiment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. Həmin Məcəllənin Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenum qərarları və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud artırılan hissədə alimentin məbləğinin dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Baş vermiş dəyişikliklər isə ondan ibarətdir ki, keçən müddət ərzində ərzaq məhsullarının və digər zəruri tələbat mallarının dəyərində nəzərə çarpacaq dərəcədə artımlar baş vermiş, yaşayış minimumu 2023-cü ildə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(050)1377/2021 saylı qətnaməsi ilə hər ay hər uşağa görə 50 manat manat aliment təyin olunan zaman ölkədə uşaqlar üçün qanunla müəyyən olunan yaşayış minimumu 175 manat təşkil edirdi ki, qətnamə ilə təyin olunan həmin məbləğ həmin dövr üçün yaşayış minimumunun 28% hissəsinə bərabər idi. Hazırda 2023-cü ildə uşaqlar üçün müəyyən olunan yaşayış minimumu 220 manat təşkil edir ki, artırılaraq hər uşağa görə müəyyən olunan 80 manat aliment yaşayış minimumunun 34% hissəsinə bərabərdir. Göründüyü kimi alimentin məbləğlərinin artım tempi zamanında qüvvədə olan yaşayış minimumlarına münasibətdə 28 faizdən 34 faizə dəyişmişdir. Kollegiya alimentin miqdarının artırılmasına dair iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdehin maddi imkanının aşağı olmasını, yeni ailə qurmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini və bunun da öz növbəsində qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas olmasını nəzərə alan birinci instansiya məhkəməsi, iddianı qismən təmin edərək, uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarını artırıb bir uşaq üçün ayda 80 (səksən) manat olmaqla hər ay 240 (iki yüz qırx) manat sabit pul məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv oluna, yaxud dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti (150X12=1800; 240X12=2880; 2880-1800=1080) 1080 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2(050)-2935/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Samir Həsənov
Məhkəmə qərarları › İş №2(106)-612/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-612/2024
03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver