Məhkəmə qərarları › İş №2(106)-612/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-612/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-612/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(050)-2890/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Masallı rayon Polis şöbəsində X2 verdiyi izahatdan görünür: “barəmdə daxil olan məlumatla tanış oldum. Bildirirəm ki, mən ondan pulu borca almışdım. Aramızda heç bir formada vəd olmamışdır. Mən həmin pulu təxminən 1 il qabaq bundan öncə ona ödəmişəm. Onun mənim barəmdə dedikləri şər böhtan xarakterlidir, heç bir əsası yoxdur”. Diskdə olan səs yazılardan müəyyən olunur ki, tərəflər arasında pul münasibətləri olmuş, cavabdeh B.Malıyev borcunu qaytaracağını bildirmişdir. İşə əlavə edilmiş foto şəkillərdə çayxanaya və avtomobilə ziyan dəyməsi müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Cavabdeh X1 370 manat borc pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2021-ci ilin yanvar ayında mülkiyyətində olan avtomobili idarə edərkən qəza törətmiş, yol kənarında olan çayxananı idarə etdiyi avtomobillə vurmuşdur. Bu zaman cavabdeh B.Malıyev ona sığorta şirkətində işlədiyini və ona sığorta məsələsində köməklik göstərəcəyini bildirmişdir. Həmçinin B.Malıyev ona bildirmişdir ki, sığorta çayxananın sahibi Əyyub Tahirovun adına yazılacaq, lakin pulu o özü alacaq, həmin pula həm çayxanaya, həm də maşınına dəymiş ziyanı ödəyə biləcəkdir. Çayxananın təmirinə 480 manat xərci çıxmış, 300 manat isə B.Malıyevə vermişdir. Daha sonra cavabdeh 2021-ci ilin mart ayında ona zəng vurmuş və sığortanın yazılması üçün əlavə 700 manat da verməli olduğunu bildirmişdir. Ümumilikdə 1480 manat xərc çəkmişdir. Lakin sonradan B.Malıyevin onu aldatdığını, ona heç bir sığorta yazılmadığını öyrənmiş və pulunu geri tələb etmişdir. Cavabdeh ayrı-ayrı vaxtlarda ona 330 manat, 450 manat və 250 manat olmaqla, ümumilikdə 1030 manat pul qaytarmışdır. Sonda məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Lakin cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddia tələbi əsassızdır. O həqiqətən iddiaçıdan borca pul almamışdır. Həmçinin iddiaçı xəbər vermədən gizli şəkildə onun səsini yazmışdır. Əslində isə o, İddiaçı sakitləşdirmək üçün onunla borcla bağlı mübahisə etməmişdir. İddiaçı ondan polisə də şikayət etmişdir. Masallı Rayon Polis şöbəsində araşdırma aparıldıqdan sonra şikayətin böhtan xarakterli olması səbəbilə şikayətə baxılmamışdır. Odur ki, iddia tələbinin əsassız olmasını nəzərə alaraq, həmçinin iddia müddətini tətbiq edərək, İddiaçı ona qarşı olan pul tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir Masallı Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Ellara Abbasova) 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.1, 21.1 və 21.2ci, Mülki Porsessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.2, 9.3-cü maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, İddiaçı cavabdeh B.Malıyevə 1400 manat məbləğində borca pul verdiyini və cavabdehin həmin puldan 370 manat borcunun qaldığını göstərmişdir. Lakin məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn münasibətlər olmamış, iddiaçı iddia etdiyi pul məbləğinin bir qismini cavabdehə ona sığorta pulunun alınmasında köməklik göstərilməsi üçün vermişdir. Lakin iddiaçıya hər hansı sığorta ödənişi edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda tərəflər arasında yaranmış münasibətlərə borc müqaviləsi üzrə qanunvericilik normaları əvəzinə yuxarıda sadalanan maddi zərərin vurulması ilə bağlı qanunvericilik normaları tətbiq edilməlidir. Bundan əlavə iddiaçı məhkəmə iclasında izahatında borc kimi cavabdehə verdiyini iddia etdiyi 1480 manatdan 480 manatı qəza nəticəsində çayxanaya vurduğu zərəri qarşılamaq üçün xərclədiyini, qalan 300 və 700 manat pulun cavabdeh B.Malıyevə verildiyini bildirmiş, əlavə olaraq cavabdehin ona 330 manat, 450 manat və sonuncu dəfə 2024-cü ilin yanvarında 250 manat, ümumilikdə 1030 manat pul qaytardığını etiraf etmişdir. Bu halda İddiaçı izahatına əsasən B.Malıyevə 1480 manat deyil, 1000 manat pulun verilmiş olması və cavabdehin İddiaçı 1030 manat geri qaytarması sübuta yetir. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilməsi cavabdeh B.Malıyevin hüquqlarının pozulması ilə yanaşı, İddiaçı əsassız varlanmasına səbəb olardı. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı tərəf apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə təqdim etmiş olduğu maddi sübutlara baxış keçirsə də, həmin sübutları yəni, videodisklərə məhkəmə iclasında dinləsə də onlara qiymət verməmişdir. Həmin disklərdə cavabdeh özü də deyir ki, onun Tahirə borcu var və borcu qısa müddətdə qaytaracaqdır. Həmin videodisk iş materiallarının içindədir. Məhkəmə zalda videodiskə qulaq asmasına baxmayaraq, müvafiq prosessual hərəkətlər etməmiş və qətnaməsində bunu əsaslandırmamışdır. Ümumiyyətlə məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddianı rədd edərkən, heç bir əsaslandırma aparmamışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı tərəfin apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsi borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası qətnaməni dəyişmədən apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hüquq sistemində ədalətin təmin olunmasının əsas vasitələrindən biri sübutetmə institutudur. Məhkəmə prosesində hər bir tərəf iddiasını və ya etirazını sübut etmək vəzifəsi daşıyır. Sübutetmə hüququ, hüquq mübahisələrinin obyektiv şəkildə araşdırılmasına və qərarların qanunauyğun verilməsinə zəmin yaradır. Sübutetmə isə, məhkəmə prosesində tərəflərin iddia və etirazlarını əsaslandırmaq məqsədilə təqdim etdikləri sübutlar vasitəsilə hakim tərəfindən faktların müəyyən edilməsi prosesidir. Hüquqi baxımdan sübutetmə həm prosessual fəaliyyəti, həm də bu fəaliyyətin nəticəsində istifadə edilən sübut vasitələrini əhatə edir. Sübutetmə hüquq mübahisələrinin ədalətli və obyektiv həllində əsas rol oynayır. Həm tərəflərin, həm də məhkəmənin bu institutun mahiyyətini və tələblərini düzgün başa düşməsi, hüquqi dövlət prinsipinin həyata keçməsində mühüm əhəmiyyət kəsb edir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə təqdim etmiş olduğu maddi sübutlara baxış keçirsə də, həmin sübutları yəni, videodisklərə məhkəmə iclasında dinləsə də, onlara qiymət verməmişdir. Həmin disklərdə cavabdeh özü də deyir ki, onun Tahirə borcu var və borcu qısa müddətdə qaytaracaqdır. Həmin videodisk iş materiallarına əlavə olunub. Kollegiya qeyd edir ki, iş materialarına əlavə edilmiş videodiskdə Cavabdeh İddiaçı borclu olduğunu etiraf etməsi, təkbaşına iddianın təmin edilməsi və əsaslı hesab olunması üçün kifayət deyildir. Mülki prosessual hüququn prinsiplərinə əsasən, sübutlar məhkəmə tərəfindən ayrı-ayrılıqda deyil, bir-biri ilə əlaqəli şəkildə, kompleks yanaşma ilə və ümumi hadisənin konteksti çərçivəsində qiymətləndirilməlidir. Tək bir sübuta əsaslanmaqla qərar qəbul edilməsi məhkəmə araşdırmasının obyektivliyini və ədalət prinsipini poza bilər. Bu yanaşmanın səbəbi ondan ibarətdir ki, hər bir sübut müəyyən dərəcədə subyektiv mənbəyə əsaslana bilər və bu sübutun təhrif olunması, yanlış şərh edilməsi və ya kontekstdən çıxarılması riski mövcuddur. Məhkəmə yalnız sübutların faktiki mövcudluğunu deyil, həmçinin onların bir-biri ilə qarşılıqlı əlaqəsini, hadisələrin ümumi gedişinə uyğunluğunu və məcmu olaraq sübut yükünü daşıyıb-daşımadığını nəzərə almalıdır. Bu baxımdan, sübutların qiymətləndirilməsi hakim tərəfindən daxili inam əsasında həyata keçirilməlidir. Bundan əlavə, iş materiallarında Masallı Rayon Polis Şöbəsində Cavabdeh verdiyi izahatdan açıq şəkildə görünür ki, cavabdeh iddiaçıya borclu olduğunu və borcunun qaytarmasını qeyd etmişdir. Həmçinin cavabdeh iddiaçıya borclu olmuş olduğu pulun miqdarını da konkret olaraq göstərməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin izahatı, borcun dəqiq məbləği, müddəti və qaytarılma şərtləri barədə konkret məlumatlar əks etdirmədiyindən, iddianın təmin edilməsi üçün əsaslı sübut hesab oluna bilməz. İddiaçının təqdim etdiyi digər sübutların da borcun mövcudluğunu şübhə doğurmadan təsdiq etmədiyi nəzərə alınaraq, Kollegiya cavabdehin iddiaçıya borclu olması ilə bağlı etibarlı və mötəbər sübutların iş materiallarında mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin göstərilən qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(050)-2890/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(050)-2890/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar