Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-613/2023 11.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Biləsuvar Rayon Məhkəməsinin (hakim Rəfayil Əliyev) 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(022)-598/2019 saylı qətnaməsi ilə (Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(102)- 3891/2020 saylı qətnaməsi ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 2 uşağın saxlanması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulması, habelə mediasiya xərci qismində ödənilmiş 55 manatın və vəkil xərci qismidə ödənilmiş 112 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasının rədd edilməsi, məhkəməyə iddia ərizəsi verilməzdən öncə mediasiya orqanına ödənilmiş 55 manatın və vəkilə ödənilmiş 112 manat məbləğində pul vəsaitinin İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh ilə İddiaçı 22 may 2014-cü il tarixdən birgə nikahda olmuşlar. Birgə nikahdan iki uşaq- 28 iyun 2013-cü il təvəllüdlü Murad, 31 mart 2015-ci il təvəllüdlü Həsən doğulmuşdur. Biləsuvar Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaqların ananın yanında qalmaları müəyyən edilmiş, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2020-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilmiş, alimentin məbləği hər uşaq üçün 140 manat müəyyən edilmişdir. Hazırkı tələbində iddiaçı Nəzərova X3 Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 2 uşağın saxlanması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulmasını, habelə mediasiya xərci qismində ödənilmiş 55 manatın və vəkil xərci qismində ödənilmiş 112 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəllər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların maddi ehtiyaclarını ödəməyə çatmır. Belə ki, boşanandan sonra valideynlərinin təkidi ilə heç yerdə işləmir və cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqların qayğısı ilə məşğul olur. Cavabdeh isə uşaqları ilə ümumiyyətlə maraqlanmır. İddiaçının atası nəvələri üçün ayrıca ev tiksə də, cavabdeh hətta həmin evin tikintisinə də hər hansı formada kömək etməkdən imtina etmişdir. Halbuki, cavabdeh işdən sonra ustalıq edir və hər ay maaşından əlavə 2000 manat qazanc əldə edir. Buna görə də hesab edir ki, birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün cavabdeh iddiaçıya hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində aliment ödəməyə borcludur. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, əvvəllər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Onun hazırda aldığı əmək haqqında artım yoxdur və onun mülkiyyətində daşınmaz əmlakı və avtomobili yoxdur. O, həftənin 6 günü səhər sübhdən axşam qaranlığınadək "Bakı Abadlıq Xidmətində” bağban işləyərək, aldığı 695 manat məbləğində əmək haqqının 280 manat məbləğində hissəsini aliment ödəyir, qalan 415 manat məbləğində vəsaitə həm Bakı şəhərində yaşadığı mənzilin kirayə haqqını, həm də öz dolanışığını təmin edir. Ailə Məcəlləsinin tələblərinə görə şəxsin sabit qazancı varsa, o, iki uşağın saxlanması üçün hər ay qazancının cəmi üçdə bir hissəsi miqdarında aliment ödəməlidir. O, isə faktiki olaraq hazırda öz aylıq maaşının təxminən qırx faizindən artıq məbləğdə aliment ödəyir. Aliment məbləğinin artırılması məhkəmə qətnaməsinin icrasız qalmasına və onun onsuz da ağır olan maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Onda olan məlumata görə iddiaçı həm də ünvanlı sosial yardım aldığına görə həm ondan aldığı aliment, həm də ünvanlı sosial yardım hesabına uşaqların maddi tələbatını ödəyə bilir. O, mülki işə məhkəmədə baxıldığı dövrdə iddiaçı ilə mülki mübahisəni sülh yolu ilə həll etməyə çalışsa da, iddiaçı razılaşmadığına görə o, məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilməsi və alimentin onun aylıq qazancının üçdə bir hissəsi miqdarında müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmiş və artıq mediasiya prosesindən keçmişdir. Hesab edir ki, müəyyən edilmiş aliment miqdarı nəinki artırılmalı, hətta azaldılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1, 112.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, cavabdeh hazırda rəsmi işləməklə yanaşı, həm də iş vaxtlarından sonra fərdi əmək fəaliyyəti ilə məşğuldur. Əmək haqqından əlavə olaraq ayda 2000 manatdan artıq qazancı olur. Fərdi qaydada işlədiyindən onun əmək haqqı barədə sənədinin iddiaçı tərəfindən təqdim edilməsi mümkün deyildir. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəflər izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, iddiaçı və cavabdeh 22 may 2014-cü il tarixdən birgə nikahda olmuşlar. Tərəflər arasında olan nikah Biləsuvar Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların ananın yanında qalmaları müəyyən edilmiş, həmin qətnamə ilə uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment müəyyən edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarı ilə alimentin məbləği hər uşaq üçün 140 manat müəyyən edilmişdir. Hazırkı tələbində iddiaçı alimentin məbləğinin artırılaraq hər uşaq üçün 200 manat müəyyən edilməsini xahiş etmişdir. Kollegiya iddiaçının tələbi ilə bağlı aşağıdakıları bildirir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı ərizəsində cavabdehin rəsmi işləməklə yanaşı fərdi əməklə məşğul olduğunu və aylıq 2000 manat pul qazandığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəf alimentin artırılmasının onun maddi vəziyyətinə təsir edəcəyini, 400 manat alimenti ödəməyə imkanının olmadığını, cəmi 695 manat əmək haqqı aldığını, həmin əmək haqqının 280 manat məbləğində hissəsini alimentə ödədiyini, qalan 415 manat məbləğində vəsaitə həm Bakı şəhərində yaşadığı mənzilin kirayə haqqını ödədiyini, həm də öz dolanışığını təmin etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almış, alimentin miqdarının artırılmasını zəruri hesab etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. İddiaçı apellyasiya şikayətində, cavabdehin rəsmi işləməklə yanaşı fərdi əməklə məşğul olduğunu və aylıq 2000 manat pul qazandığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşdə olan "Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 noyabr 2022- ci il tarixli, 16/11 saylı arayışından görünür ki, Cavabdeh 01 aprel 2017- ci il tarixdən "Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətində bağban vəzifəsində işləyir və onun aylıq əmək haqqı 695 manat təşkil edir. İşin hallarından o da görünür ki, əvvəlki məhkəmə aktları ilə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa hallar aşkar edilməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin həqiqi hallarına tam uyğundur, apellyasiya şikayətində göstərilənlər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil. Azərbaycan Respublikasının MPM-nin 404-1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(022)-1133/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-613/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-613/2023
11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver