Məhkəmə qərarları › İş №2(106)-616/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-616/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-616/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-17/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 yanvar 2017-ci il tarixində Cavabdeh ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 90000 manat borc pul almışdır. O, bu pulu hər ilin noyabr ayında 30000 manat olmaqla iddiaçıya qaytarmalı idi. Lakin cavabdeh bugünədək həmin məbləğdən cəmi 40000 manat vəsait qaytarmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı cavabdehdən borcunu qaytarmasını dəfələrlə tələb etmişdir. Buna baxmayaraq, cavabdeh yalan vədlər verərək həmin pulları qaytaracağını bildirsə də, bugünədək 50000 manat borcunu iddiaçıya qaytarmamışdır. Beyləqan Rayon Məhkəməsinin 2(020)-17/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilmiş, Cavabdeh 50000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 2(020)-17/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə 18 yanvar 2017-ci ildə Bakı şəhəri 46 saylı notariat kontorunda hədə-qorxu təsiri altında iddiaçının gələcəkdə (nəzərə alınmalıdır ki, həmin müqavilə cavabdehin qardaşının cinayət işi üzrə məhkəmə iclası (hökmün çıxarıldığı tarix) ilə bir gün fərqlə bağlanmışdır) cavabdehin qardaşına qarşı hər hansı şikayəti və tələbinin olmaması müqabilində ondan heç bir vəsait almadan formal kredit müqaviləsi bağlamağa məcbur qalmışdır. Bunun müqabilində isə iddiaçı cavabdehdən pulu tələb etməyəcəyini və qardaşı barəsində şikayət verməyəcəyini vəd etmişdir. Lakin həmin vaxt aralarında hər hansı borc münasibəti olmamışdır. Sadəcə görüntü üçün aralarında müqavilə bağlanmışdır. Müqavilənin bağlanmasına isə məcburiyyət qarşısında qalaraq razılıq vermişdir. Çünki həmin dövrdə cavabdeh üçün əsas olan törətmədiyi cinayətə görə ittiham olunan qardaşını xilas etmək idi. Həmin kredit müqaviləsinin sadəcə görüntü üçün bağlandığını sübut edən hallardan biri də ondan ibarətdir ki, eyni notariat ofisində eyni tarixdə iddiaçı tərəfindən qardaşına qarşı hər hansı şikayətinin olmaması barədə ərizə verilmişdir. Cavabdeh həmin dövrdə kimliyindən asılı olmayaraq istənilən sənədə qol çəkə və istənilən əmlakını qardaşına görə verməyə hazır idi. Lakin iddiaçının verdiyi iddia ərizəsi üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-17/2021 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, cavabdehdən 50000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Lakin məhkəmə qətnamənin çıxarılması üçün əsas kimi götürdüyü notarial borc müqaviləsini mütləq həqiqət kimi qəbul etmişdir. İş materiallarında olan tərəflərin izahatlarından da aydın şəkildə görünür ki, qeyd edilən borc müqaviləsi formal olaraq imzalanmış heç bir hüquqi əhəmiyyəti olmayan uydurma əqddir. Bundan irəli gələrək məhkəmənin qəbul etdiyi qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2022-ci il tarixli, 2(106)-1583/2022 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(020)- 17/2021 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(106)- 1583/2022 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırma üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2023-cü il tarixli, 2(102)-174/2023 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1583/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında öz hüquqi mövqeyini onunla izah etmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin bağlanması və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən həmin kredit müqaviləsi əsasında icra sənədinin (icra qeydi) verilməsi, Cavabdeh tərəfindən İddiaçı həmin kredit müqaviləsi üzrə 90000 manat borcdan 40000 manat hissəsinin ödənilməsi işin mübahisəsiz hallarıdır. Aşağı instansiya məhkəmələri tərəfindən işə baxılarkən notariusun icra qeydinin verilməsi halı məhkəmələrə bəlli olmuş, iş materiallarında icra icraatının hansı mərhələdə olması (davam etməsi və ya xitam olması) barədə hər hansı məlumat olmamışdır. İddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Notariusun icra qeydi mövcud olduğu (qüvvədə olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Qanunun 6.1.4-cü maddəsinə əsasən, notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.1-ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 23.1-ci maddəsində tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə notariusun icra qeydinin tələbkara qaytarılması qaydası müəyyən edilir. Lakin Qanunun 23.3-cü maddəsinə əsasən həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və həmin Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Təkrar apellyasiya baxışı zamanı məhkəmənin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırda onun tələbinin hüquqi əsasını cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi təşkil edir. Onun tələbi də məhz həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən pulun ödənilməmiş qalan hissəsinin ödənilməsi ilə bağlıdır. Bu səbəblə hesab edir ki, icra qeydinin mövcudluğuna baxmayaraq, hazırkı tələbə məhkəmə qaydasında baxılmalıdır. O bildirdi ki, cavabdehə kredit müqaviləsi əsasında 90000 manat borc vermiş, cavabdeh həmin borcdan yalnız 40000 manat qaytarmışdır. O, həmin kredit müqaviləsi üzrə 50000 manat pulu ödəməmişdir. Həmçinin qeyd etdi ki, o, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi əsasında verilmiş icra qeydinin ləğv edilməsi barədə onu vermiş Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etsə də, oradan ona bildirmişlər ki, həmin icra qeydi yalnız borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Odur ki, iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iş üzrə icraata xitam verilməsini və iş üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi xahiş edilməklə, qətnamə tam mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarında ifadə etdiyi hüquqi mövqeyi nəzərə alıb, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)-17/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İşdəki Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 18 yanvar 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 90000 manat məbləğində pulu borc vermiş, Cavabdeh krediti xx.xx.2019-cu il tarixədək hər ilin noyabr ayında 30000 manat olmaqla İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən 18 yanvar 2017-ci il tarixli kredit müqaviləsi əsasında 03 avqust 2018-ci il tarixində icra qeydi aparılmışdır. İcra qeydinə əsasən, İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 30000 manat pulun tutulması və borcludan tələbkar tərəfindən ödənilmiş 10 manat məbləğində haqqın tutulması təklif edilmişdir. İcra qeydi reyestrdə 8İ-1102 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası bildirmişdir ki, iddia tələbi icra qeydinin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Notariusun icra qeydi mövcud olduğu (qüvvədə olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir. MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin yerinə yetirilməsi üçün təkrar apellyasiya baxışı zamanı Bakı şəhəri 46 saylı notariat ofisinə və Beyləqan rayon İcra və Probasiya şöbəsinə sorğular verilmişdir. İşdəki Beyləqan rayon İcra və Probasiya şöbəsinin 05 may 2023-cü il tarixli, 111847 nömrəli məktubundan görünür ki, Bakı şəhəri 46 saylı notariat ofisinin 8İ-1102 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən Cavabdeh 90000 manat pul alınıb İddiaçı verilməlidir. İcraat zamanı icra sənədi üzrə 40000 manat borcludan alınaraq tələbkara ödənilmişdir. Daha sonra tələbkar İddiaçı ərizəsinə əsasən 28 avqust 2019-cu il tarixdə icra sənədi icra olunmadan geri qaytarılmışdır. İcra sənədi icra olunması üçün yenidən rayon icra və probasiya şöbəsinə göndərilməmişdir. “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən (əvvəlki redaksiya üzrə) icra işinin icraatı dayandırılmışdır. İşdəki Bakı şəhəri 46 saylı notariat ofisinin 27 aprel 2023-cü il tarixli, X/710 saylı məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 3M-43 reyestr nömrəli kredit müqaviləsi ilə bağlı 03 avqust 2018-ci il tarixdə aparılmış, reyestrdə 8İ-1102 nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə Bakı şəhəri 46 saylı notariat ofisinə heç bir məhkəmə qətnaməsi daxil olmamışdır. 03 avqust 2018-ci il tarixdə aparılmış, reyestrdə 8İ-1102 nömrə ilə qeyd edilmiş icra qeydi qüvvədədir. İşdəki Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 07 iyun 2023-cü il tarixli, X/963 nömrəli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə onun arasında bağlanmış 3M-43 reyestr nömrəli kredit müqaviləsi üzrə 03 avqust 2018ci il tarixdə aparılmış, reyestrdə 8İ-1102 nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə onun müraciətinə baxılmış və İddiaçı nəzərinə çatdırılmışdır ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən 18 yanvar 2017-ci il tarixli kredit müqaviləsi əsasında 03 avqust 2018-ci il tarixində həmin müddət üçün vaxtında ödənilməmiş 30000 manat pulun, 24 iyun 2019-cu il tarixində isə 90000 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə icra qeydi verilmişdir. Bakı şəhəri 46 saylı notariat ofisinin 27 aprel 2023-cü il tarixli, X/710 saylı məktubundan göründüyü kimi, 03 avqust 2018-ci il tarixdə aparılmış, reyestrdə 8İ-1102 nömrə ilə qeyd edilmiş icra qeydi qüvvədədir. Beyləqan rayon İcra və Probasiya şöbəsinin 05 may 2023-cü il tarixli, 111847 nömrəli məktubundan isə göründüyü kimi, Bakı şəhəri 46 saylı notariat ofisinin 8İ-1102 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən Cavabdeh 90000 manat pul alınıb İddiaçı verilməlidir. İcraat zamanı icra sənədi üzrə 40000 manat borcludan alınaraq tələbkara ödənilmişdir. Daha sonra tələbkar İddiaçı ərizəsinə əsasən 28 avqust 2019-cu il tarixdə icra sənədi icra olunmadan geri qaytarılmışdır. İcra sənədi icra olunması üçün yenidən rayon icra və probasiya şöbəsinə göndərilməmişdir. “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən (əvvəlki redaksiya üzrə) icra işinin icraatı dayandırılmışdır. Beyləqan rayon İcra və Probasiya şöbəsinin qeyd edilən məktubu ilə müəyyən edilir ki, 18 yanvar 2017-ci il tarixli kredit müqaviləsi əsasında Bakı şəhəri 46 saylı notariat ofisinin 8İ-1102 saylı, xx.xx.2019-cu il tarixli icra qeydi üzrə icraata xitam verilməmiş, onun dayandırılması üçün əsas tələbkarın müvafiq ərizəsi olmuşdur. Bu isə həmin icra qeydinin də hazırda qüvvədə olduğunu göstərən haldır. Kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, notariusun icra qeydi qüvvədə olduğuna görə həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir və bu səbəbdən də MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Qanunun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Qanunun 23.1-ci maddəsində tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə notariusun icra qeydinin tələbkara qaytarılması qaydası müəyyən edilir. Lakin Qanunun 23.3-cü maddəsinə əsasən həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və həmin Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Hazırda iddia tələbi notariusun icra qeydinin verilməsi üçün əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlı olduğundan və notariusun həmin icra qeydinin hazırda qüvvədə olduğu müəyyən edildiyindən, hazırkı tələb üzrə işə baxılaraq məhkəmə aktının qəbul edilməsi yolverilməzdir. Belə ki, qəbul ediləcək məhkəmə aktı da özlüyündə icra sənədi hesab ediləcəyindən, notariusun hazırda qüvvədə olan icra qeydi də icra sənədi hesab olunduğundan, eyni öhdəlik üzrə iki icra sənədinin mövcudluğu halı meydana gələcəkdir. Bu səbəblə də, hazırkı iş üzrə icraata məhz MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Lakin birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi üçün MPM-də müəyyən edilmiş əsas olduğu halda işə mahiyyəti üzrə baxmaqla, prosessual hüquq normalarının tələblərini pozmuşdur. MPM-in 387.2.8-ci maddəsinə görə, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Bu yerdə məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı iş üzrə icraata xitam verilməsini və iş üzrə müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, hazırkı iş üzrə ona məxsus olan torpaq sahəsinə həbs qoyulmuşdur. Həmin müvəqqəti təminat tədbiri barədə qərardad hazırkı iş üzrə icraata xitam veriləcəyi halda ləğv edilməlidir. İş materiallarından görünür ki, hazırkı iş üzrə Beyləqan Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(020)-1485/19 saylı qərardadı ilə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən 4,2786 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. MPM-in 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. MPM-in 162.3-cü maddəsi baxımından məhkəmə kollegiyası bildirir ki, Beyləqan Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(020)-1485/19 saylı qərardadı ilə cavabdehin mülkiyyətində olan Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən 4,2786 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması hazırkı məhkəmə qərardadı qanuni qüvvəyə minənə qədər saxlanılmalıdır. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanlara əsasən və MPM-in 261.0.2, 382, 384.0.5, 387.2.8, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-17/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Beyləqan Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(020)-1485/19 saylı qərardadı ilə Cavabdeh mülkiyyətində olan Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən 4,2786 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması hazırkı məhkəmə qərardadı qanuni qüvvəyə minənə qədər saxlanılsın. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar